Rəssamlıq sənətinin tarixi inkişafı və dövlətin rolu...

 

 

 

Azərbaycanda rəssamlıq sənətinin tarixi çox qədimdir. Ayrı-ayrı dövrlərdə Azərbaycan torpağında çox qüdrətli rəssamlar yetişib və rəssamlıq məktəbləri yaradılıb. Deyərdik ki, Azərbaycan rəssamları heç bir mənada dünyanın adlı-sanlı rəssamlarından geridə qalmır, əksinə, öz yenilikləri ilə çoxlarından öndə gedir. Bilirik ki, Azərbaycanda rəssamlıq sənətinin inkişafı, rəssamların sosial rifahının yaxşılaşdırılması üçün dövlət səviyyəsində böyük tədbirlər görülür.

Bəllidir ki, Azərbaycan mədəniyyətinin qorunması və inkişafına dövlət qayğısı göstərilir.

 

Rəssamlar İttifaqı və İlham Əliyev...

 

Rəssamların yaradıcılığının inkişafı üçün ölkə başçısının həyata keçirdiyi qayğı siyasəti müsbətdir. Onu da bildirək ki, 2006-cı il 27 dekabr tarixində Azərbaycan Rəssamlar İttifaqının 65 illik yubileyi ilə əlaqədar ölkə başçısı tanınmış rəssamlarla görüş keçirib. Xatırladaq ki, həmin mərasimdə Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Azərbaycanda sənətə göstərilən diqqət örnəkdir: "Keçmiş SSRİ respublikalarının heç birində bu cür işlər görülmür. Dövlət səviyyəsində qəbul olunan qanunları, o cümlədən yaradıcılıq emalatxanalarının xərclərinin ev xərcləri ilə bərabərləşdirilməsi, kommunal xərclərin azaldılması xarici qonaqlar tərəfindən də böyük maraqla qarşılanıb, onlar bunu yaradıcılığa verilən ən yüksək qiymət hesab edirlər... Cənab Prezident, ulu öndərdən qalan gözəl ənənələr bu gün də yaşadılır. Siz bu gün sübut etdiniz ki, ölkəmizdə rəssamlara, sənətkarlara nə qədər böyük diqqət və qayğı vardır. Bizim 65 illik yubileyimizlə əlaqədar yüksək səviyyəli qərarın verilməsi böyük sevinc hissi ilə qarşılanıb... Sizin simanızda ulu öndərin qoyub getdiyi ənənə uğurla davam etdirilir, daha da genişləndirilir və bunun gələcəyinə inanırıq. Bütün rəssamların, sənət adamlarının dostu olan Heydər Əliyevi biz heç vaxt yaddan çıxara bilmərik. Biz bu salonda onunla dəfələrlə görüşmüşük, bizlərə dəfələrlə yaxşılıqlar edib. Tanınmış sənətkarlara, ehtiyacı olan istedadlı rəssamlara daim maddi və mənəvi kömək göstərilib. Ulu öndər bu sənəti daxilən sevirdi. Biz bunun canlı şahidləri olmuşuq. Siz bu yolu davam etdirirsiniz".

Qeyd edək ki, 2006-cı ildə keçirilən görüşdə Rəssamlar İttifaqının idarə heyəti ölkə başçısını qızıl medalla təltif edib. Həmin yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Rəsmi mətbuata istinadən o fikirləri sizin də diqqətinizə çatdırırıq":...Bu gözəl medala görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu medal mənim üçün əzizdir. Rəssamlar İttifaqı bu il 65-ci ildönümünü qeyd edir. Sizi bu gözəl yubiley münasibətilə ürəkdən təbrik edirəm. Bu yubileylə əlaqədar burada nümayiş etdirilən sərgi də çox gözəl təəssürat bağışlayır. Bu bir daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, çox dərin köklərə əsaslanır və eyni zamanda, indi artıq gənc nəsil də öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Rəssamlar İttifaqının fəaliyyəti və peşəkarlığı nəticəsində, rəssamların gördüyü işlərin nəticəsində Azərbaycanda bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti də görürxarici mütəxəssislər də qeyd edirlər. İndi biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və şübhəsiz ki, bu, bütün sahələrə həm müsbət, həm də bəzi hallarda mənfi təsirini göstərir. Biz çalışırıq ki, mənfi təsirlərin dərəcəsini maksimum səviyyədə azaldaq. Azərbaycanda görülən işlər, həyata keçirilən sosial proqramlar da məhz bu məqsədi daşıyır ki, bazar iqtisadiyyatı şəraitində insanların bəzi təbəqələrinin çətinliklərinin qarşısı dövlət tərəfindən alınsın və dövlət öz dəstəyini göstərə bilsin. Əlbəttə, rəssamların da bu vəziyyətlə uyğunlaşması asan məsələ deyildir. Siz bu çətin sınaqdan çox şərəflə çıxa bilmisinizbu gün Azərbaycan rəssamları dünyada tanınır. Müxtəlif şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan rəssamlarının işləri vardır. Siz bizdən də yaxşı bilirsiniz ki, Azərbaycan rəssamları bu gün doğrudan da çox böyük beynəlxalq şöhrət qazanıblar. Bu, çox sevindirici haldır və onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Düzdür, biz indi daha çox iqtisadi uğurlardan danışırıq və hər bir dövlətin, hökumətin fəaliyyəti müəyyən meyarlarla ölçülür: iqtisadi artım, siyasi məsələlərin həlli, təhlükəsizlik məsələlərinin təşkil olunması. Ancaq bununla bərabər, hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır. Bütün cəmiyyətlərin və ölkələrin inkişafı müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə də mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda qalır. İqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa bir konkret xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır, əməllər yadda qalır. Azərbaycanın çox nadir imkanları, çox nadir şansı var ki, biz ölkəmizi hərtərəfli inkişaf etdirək, müasirləşdirək. Öz milli ənənələrimizə sadiq qalaraq, dünyada gedən proseslərə açıq gözlə baxaq və ən müsbət, ən mütərəqqi yenilikləri Azərbaycanda tətbiq edək. Bu baxımdan bütövlükdə ölkənin mədəni həyatına çox böyük diqqət göstərilməlidir. Mən Prezident kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın. Bu sahəyə daim diqqət verilməlidir və son müddət ərzində Azərbaycanın iqtisadi imkanları artdıqca, əlbəttə, biz bunu daha da sürətlə həyata keçiririk. Xoş niyyət ola bilər və bu, bizdə həmişə vardır. Amma bunu həyata keçirmək üçün imkanlar olmalıdır. Azərbaycan zənginləşməlidir, iqtisadi potensial möhkəmlənməlidir və möhkəmləndikcə, bütün başqa məsələlər öz həllini asanlıqla tapa bilər. Fərhad müəllim qeyd etdi ki, Azərbaycanın bölgələri də inkişaf edir. Siz də bölgələrdə olursunuz və Azərbaycan rəssamlarının əsas ilham mənbəyi Azərbaycanın təbiətidir, dağlarıdır, Xəzər dənizidir, meşələrimizdir, çaylarımızdır, mənzərələrdir. Əlbəttə, siz bölgələrə tez-tez gedirbu dəyişiklikləri görürsünüz. Mən də tez-tez oluram, mən də görürəm və çox sevinirəm. Çünki Azərbaycanın inkişafı məhz bölgələrin inkişafından keçir. Ən müasir texnologiyalar Azərbaycanda olmalıdır. Mən istəyirəm ki, dünyada olan ən yüksək səviyyə Azərbaycanda tətbiq edilsin. Azərbaycan xalqı buna layiqdir. Ən qabaqcıl meyarlar və səviyyə Azərbaycanda olmalıdır. Ona görə, o cümlədən mədəniyyət sahəsində indi görülən işlər artan iqtisadi potensialın əsasında daha da sürətlə gedir.

Bir müddət bundan əvvəl mən Azərbaycanın iki muzeyinin bərpası ilə əlaqədar göstəriş verdim və artıq bu işlər uğurla gedir. Azərbaycan Tarixi Muzeyində və Azərbaycan Ədəbiyyatı Muzeyində ikinci ildir təmir-bərpa işləri çox yüksək səviyyədə aparılır. Yəqin ki, gələn il hər iki muzey öz qapılarını açacaqdır. Mən Tarix Muzeyinin bərpası ilə əlaqədar verilmiş qərarı özümə mənəvi bir borc hesab edirdim. Çünki bilirsiniz, o binanı, evi məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdir. Mən bu binaya iki prizmadan yanaşırdım. Bir tərəfdən, ora Azərbaycan Tarixi Muzeyidir, gərək ən yüksək səviyyədə təmir olunsun və istifadəyə verilsin. Digər tərəfdən, mən buna Hacı Zeynalabdinin evi kimi yanaşırdım və hesab edirdim, Azərbaycanın borcudur ki, onun evi bərpa edilsinbiz buna nail oluruq..."

 

Rəssam və heykəltəraşlara emalatxanalar verilib

 

Bildirək ki, dövlətimiz rəssamların emalatxanalarla təmin olunması istiqamətində də böyük işlər görüb. Respublika rəssam və heykəltəraşlarının böyük əksəriyyəti emalatxana ilə təmin olunub.

Qeyd edək ki, baş nazir Artur Rəsizadənin imzası ilə 25 may 2007-ci ildə "Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib. Həmin sənəddə bildirilirdi: "Azərbaycan Rəssamlar İttifaqının üzvləri üçün yeni emalatxanaların tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 1842 nömrəli Sərəncamının 2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir".

Məlumat üçün deyək ki, rəssam və heykəltəraşlar üçün yeni emalatxanaların istifadəyə verilməsi qaydaları təsdiq olundu. Bu qərara əsasən, Azərbaycanın bir çox yerlərində rəssam və heykəltəraşlar emalatxanalarla təmin olundu. Sözsüz ki, bu, ölkə başçısının qayğısı və sənətə sevgisi ilə əlaqədardır.

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qayğı

 

Dövlətin rəssamlara qayğısı bununla məhdudlaşmır. Bilirik ki, 7 mart 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu tikilərək istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə inşa olunan yeni korpus böyük əhəmiyyət daşıyır. Rəsmi mətbuatın yazdığına görə, ölkə başçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilən yeni korpusunda yaradılan şəraitlə tanış olub.

Dövlət başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilib. Bu Akademiya 2002-ci ildə Prezidentin Fərmanı ilə yaradılıb. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitarictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.- 2014.- 19-21 dekabr.- S.12.