Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Yollar bizi
hara aparmır ki... Dünyanın istənilən yerinə yol
vasitəsilə gedirik. Bu dəfə Qaradağa apardı
etibarlı yollar məni. Bakının ən böyük
rayonu olan Qaradağ bütün göstəricilərinə
görə diqqət mərkəzindədir. Xəzərin
sahilində salınan və özündə böyük tarixi
həqiqəti daşıyan rayon inzibati ərazi vahidi kimi
Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar
yaradılıb.
Bakının
mərkəzindən xeyli aralı yerləşən rayona
gediş-gəliş elə də çətin deyil. Məlum
olduğu kimi,
Qaradağ
rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə
daxildir. Qaradağ rayonunun mərkəzi isə Lökbatan qəsəbəsidir.
Bu rayon ərazisi qədim insan məskəni kimi tarixdə
öz yerini tutub. Bundan başqa, bura ta qədimlərdən bir
ticarət yeri olub. Təsadüfi deyil ki, Lökbatan
adının tarixi hazırkı Xocəsən və Səngəçal
qəsəbələri arasında olan karvan yolu ilə
bağlıdır. Bayaq qeyd etdiyimiz kimi, vaxtilə qəsəbənin
ərazisində dəvə karvanlarının dayanacaqları
olub və dəvələr bataqlıqlara batdıqlarından,
ərazi Lökbatan (dəvə batan) adlandırılıb.
Lökbatan
qəsəbəsində olarkən orada qəsəbənin
tarixi ilə də maraqlandım. Tarixi mənbələrdən
aydın olur ki, Lökbatan qəsəbəsinin əsası
1931-1934-cü illərdə ərazidə 45 saylı neft
quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar
qoyulub. Həmin dövrdə qəsəbənin indiki S.Orucov
küçəsində qamış tipli evlərdən ibarət
olan ilk yaşayış massivi salınıb. Təbii, zaman
içərisində orada yaşayış olub, sadəcə,
bir az əldən-ayaqdan uzaq olduğu üçün insanlar
orada yaşamağa elə də meyl göstərməyib.
Ancaq neftin üzə çıxarılması, yeni iş yerlərinin
açılması insanları bura cəlb edib. Lökbatan bu
gün ən abad qəsəbələrdən biri kimi yüzlərlə
insana qucaq açıb. Lökbatan qəsəbəsində həm
bina, həm də həyət evləri var. Burada insanların
yaşaması üçün hər cür şərait
yaradılıb. Bu qəsəbədə həm kənd, həm
də şəhər həyatının ətri duyulur. Qəsəbənin
həyət evlərində yaşayan sakinləri bildirdi ki,
maldarlıqla və qoyunçuluqla məşğul olaraq ailələrini
dolandırırlar. Onu da bildirim ki, Lökbatanda yerli sakinlərlə
yanaşı, erməni zorakılığına məruz
qalan, öz dədə-baba yurdlarından didərgin
düşən vətəndaşlarımız da
yaşayır. Onlarla söhbətdən məlum oldu ki, yerli
icra hakimiyyəti orqanından hər zaman özlərinə
hörmət görürlər.
Qaradağ
rayonu daim inkişaf edən və öz sosial-iqtisadi göstəricilərinə
görə seçilən rayonlardandır. Rayon ərazisində
görülən işlər, həyata keçirilən layihələr
haqda mütəmadi olaraq rayon rəhbərliyi ictimaiyyətə
hesabat verir.
Bu ilin
oktyabr ayında Qaradağ Rayon İcra Hakimiyyətinin
2014-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi
inkişafının yekunları üzrə hesabatı və
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin Nazirlər Kabinetinin 08 oktyabr 2014-cü il tarixli
iclasındakı nitqindən irəli gələn vəzifələrə
həsr olunan hesabat yığıncağı keçirilib.
Qaradağ
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov respublikamızda aparılan uğurlu sosial-iqtisadi
siyasət nəticəsində Bakı şəhərinin ən
böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli
inkişafı üçün böyük işlər
görüldüyünü və bu işlərin hazırda
da uğurla davam etdirildiyini qeyd edib.
Ötən doqquz ayın yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonda orta aylıq əməkhaqqı 765,0 manat olub. Cari dövrdə əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülüb. Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilib. Bundan əlavə, «BP-Azərbaycan» Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı «Azfen», «Tekfen» şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatıb və açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılıb (Ümumi sahəsi 3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq. Bütövlükdə, doqquz ay ərzində 1086 yeni iş yeri açılıb.
Hesabatda bildirilir ki, əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli iş görülüb. Belə ki, ötən doqquz ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılıb, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə müxtəlif diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, bu istiqamətdə olan işlər davam etdirilməkdədir. Doqquz ayda əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 104 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri 96.8, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilib. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunub. Bununla yanaşı, hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülüb. Belə ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən 45 min p/metr yeni su xətti çəkilib, 4 min p/metr müxtəlif diametrli su xətti dəyişdirilib. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən, bu istiqamətdə işlər davam etdirilir.
Bundan başqa, rayonun bütün qəsəbələrində iməciliklər təşkil edilib. Ərazilər təmizlənib, müxtəlif növlü ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilib. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülüb. Hesabatda vurğulanıb ki, geniş əraziyə malik olan rayonda abadlıq-quruculuq işləri aparılmaqdadır. Qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınır.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılıb və Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının salınması üçün tam hazır vəziyyətə gətirilib. Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib. Eyni zamanda, yararsız vəziyyətdə olan küçələrə 42 min kubmetr çınqıl və daş qırıntıları tökülərək yayılıb, 11 min 224 p/metr beton bordür qoyulub, 4200 p/m səki mişar daşı ilə hörülüb, 15 min 500 kv.metr tamet döşənib. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilib və əhalinin istifadəsinə verilib.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və «Hidrolotos» Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kubmetr olan qurğunun tikinti işləri davam etdirilir.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması məqsədilə kanalların çəkilməsi nəzərdə tutulub. Bundan əlavə, baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınıb.
Artıq Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələrinin açılışı olub. Çeyildağ və Ələt qəsəbələrində isə tikintisi yekunlaşıb və son tamamlama işləri davam etməkdədir. Qaradağ rayonu ərazisində ötən doqquz ay ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülüb. Belə ki, Dövlət Proqramına əsasən, təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib.
Eyni zamanda, 7 nömrəli Bakı Peşə Məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanıb.
«2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı, Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılıb və tamamlama işləri aparılır.
Müvafiq Dövlət Proqramına əsasən, 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində Mədəniyyət evinin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Eyni zamanda, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası başa çatdırılıb, Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə davam etdirilir.
Hesabat dövründə dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi Rayon İcra hakimiyyətinin diqqət mərkəzində olub.
Dövlət Proqramı çərçivəsində Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir, Sahil qəsəbəsində «Gənclər evi»nin tikintisi başa çatıb. Rayonun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulub. Hesabat dövründə Rayon İcra Hakimiyyətinin cari işlərində dövlət qulluğu ilə bağlı son qanunvericilik aktlarının icrasının təmin olunması fəaliyyətin əsas istiqamətlərindən birini təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı 165 ədəd az olub.
2014-cü ilin 9 ayında Rayon İcra hakimiyyəti başçısı tərəfindən 481 vətəndaş qəbul edilib, onlardan 303 nəfəri Rayon İcra hakimiyyətində, 178 nəfəri isə yerlərdə görüşlər zamanı səyyar qəbul edilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alan 200 nəfərdən çox uşaqları yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunub.
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin
jurnalistlər üçün keçirdiyi müsabiqəyə
təqdim olunur.
Bakı Xəbər.-
2014.- 25 dekabr.- S.12.