Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına Prezident qayğısı

 

    «...Bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir»

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyev çıxış edərək kollektivi təbrik edib:»...Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni binasının açılışı çox gözəl hadisədir. Akademiyanın yaradılması haqqında ulu öndər Heydər Əliyev hələ 2002-ci ildə qərar vermiş, Fərman imzalamışdır və Akademiya fəaliyyətə başlamışdır.

Bildiyiniz kimi, Akademiya əvvəlcə buradakı köhnə binada yerləşirdi. Sonra yeni bina tikilmişdir. Ancaq o bina tikiləndən sonra gördük ki, bu, bizim standartlara o qədər də cavab vermir. Bu binanı biz tamamilə yenidən qurduq. Ondan sonra Akademiyanın rəhbərliyi müraciət etdi ki, binanın davamı da olmalıdır. Biz Akademiyanın binasını böyük dərəcədə genişləndirə bilmişik. İndi bina həm memarlıq baxımından çox gözəldir, daxili tərtibatı da göz oxşayır. Belə də olmalıdır. Çünki bu, Rəssamlıq Akademiyasıdır, incəsənət mərkəzidir. Burada gələcək incəsənət ustadlarımızın təhsili ilə bağlı böyük işlər görülür. Ona görə burada həm daxili vəziyyət, həm də xarici görünüş yüksək səviyyədə olmalı idi. Akademiyanın çox böyük əhəmiyyəti, çox böyük rolu vardır. Mən sizə - müəllimlərə, professorlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki incəsənət bizim milli sərvətimizdir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan incəsənətimiz olubdur. Ədəbiyyat, ana dili, musiqi, incəsənət, xalçaçılıq, rəssamlıq sənəti. Bu gün biz bu gözəl ənənələri qorumalı və Azərbaycan xalqının nə qədər istedadlı olduğunu bütün dünyaya çatdırmalıyıq. Son illər ərzində bu istiqamətdə çox böyük işlər görülübdür. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycan incəsənət xadimlərinin əl işləri nümayiş etdirilir. Yəni bu sərgilərin keçirilməsi ilə biz öz mədəniyyətimizi təbliğ edirik, dünyaya çatdırırıq. Bütün dünyaya göstəririk ki, Azərbaycan qədim dövlətdir. Burada qədim dövrlərdə incəsənət, ədəbiyyat, mədəniyyət inkişaf etmişdir. Biz öz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Əlbəttə, bu bilikləri, bu imkanları gələcək nəsillərə ötürmək üçün, ilk növbədə, sizdən çox şey asılıdır. Bu gün mən maraqlandım ki, gənclər bizim ənənəvi incəsənət sahələrinə necə münasibət bəsləyirlər, bu işlərə necə maraqla cəlb olunurlar. Əlbəttə ki, maraq vardır. Amma hesab edirəm ki, bu marağı daha da stimullaşdırmaq və gələcəkdə Akademiyanın məzunlarını işlə təmin etmək üçün biz daha konkret işlər görməliyik. Xüsusilə xalçaçılıqla bağlı, çünki Azərbaycan xalçanın vətənidir. Azərbaycan xalçaçılıq sənətini dünya miqyasında təqdim etmək üçün biz həm təbliğat işlərini düzgün qurmalıyıq, daha da fəal olmalıyıq, eyni zamanda, artıq gənc nəsil də bu işlərə cəlb olunmalıdır. Gənclər ola bilər ki, hansısa başqa incəsənət növlərinə daha çox meyl göstərsinlər. Sizdə dizayn ixtisası vardır. Əlbəttə ki, müasir dövr üçün, Azərbaycanın müasir inkişafı üçün memarlıq sənəti bəlkə daha da cəlbedicidir. Çünki bu qədər tikinti, quruculuq işləri aparılır, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bu sənətdə imkanlar kifayət qədər genişdir və getdikcə artacaqdır. Bu, başadüşüləndir. Ancaq xalçaçılıq elə bir sənət növüdür ki, bu, Azərbaycan xalqının canıdır, ürəyidir. Biz bu sənəti yaşatmalıyıq. Sizbizim tələbələrimiz. Ona görə bütün məsələlərin uğurla həlli üçün əlbəttə ki, çox düşünülmüş siyasət aparılmalıdır. Azərbaycanda bütövlükdə mədəniyyət məsələləri ilə bağlı bu siyasət aparılır. Şadam ki, nəinki Bakıda, bölgələrdə, rayonlarda rəsm qalereyaları açılır. Əlbəttə, regionların iqtisadi inkişafı ilə bağlı birinci mərhələdə biz daha çox tikinti, quruculuq, infrastruktur layihələri ilə məşğul idik. Ancaq son illərdə bölgələrdə olarkən görürəm ki, hər bir şəhərdə rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir. Bu məni çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir. Hərtərəfli inkişaf üçün mütləq incəsənətin bütün növləri dövlət tərəfindən dəstəklənməlidir. Bu dəstək vardır, gələcək illərdə bundan da artıq olacaqdır. Belə gözəl təhsil mərkəzlərinin açılması bir daha onu göstərir ki, bu sahəyə çox böyük diqqət göstərilir».

 

«Dövlətimizin mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb»

Respublikanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadə dövlət qayğısının rəssamları ruhlandırdığını qeyd edir. Yerli mətbuata müsahibəsində O.Sadıqzadə bildirib ki, ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub: «Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olub. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir, ona görə də dövlət bu sahələrə böyük diqqət göstərir. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir. Dövlətimizin mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb. 27 may 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «2014-cü il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahələrində dövlət mükafatlarının verilməsi haqqında» Sərəncamında cəmiyyətin və xalqın tarixi durumu, mənəvi ehtiyacları diqqət və həssaslıqla nəzərə alınıb, elmə, mədəniyyətə, ədəbiyyata dəyər verilib. Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınıb. Dövlətimiz mədəniyyətin bütün sahələrinə olduğu kimi, rəssamlığa da böyük önəm verir. Dövlət başçısı sərgilərdə iştirak edir, rəssamlarımıza fəxri adlar, Prezident təqaüdləri verilməsi ilə bağlı sərəncamlar imzalayır. Onların əsərlərinin tez-tez sərgiləri təşkil olunur. Bütün bunlar ölkəmizdə rəssamlıq sənətinin inkişaf etməsinə güclü stimul yaradır. İndi Azərbaycan rəssamlarının əsərləri xarici ölkələrin böyük muzeylərinin eksponatına çevrilib, müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir».

Qeyd edək ki, Oqtay Sadıqzadənin əsərləri dünyanın bir çox yerlərində şəxsi kolleksiyalarda, Bakı Müasir İncəsənət Muzeyindədir. Bildirək ki, 2009-cu il mart ayının 20-də açılışı olan muzeyin ekspozisiyasının əsasını XX əsrin ikinci yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.

Muzeydən bildirdilər ki, burada Azərbaycan rəssam və heykəltəraşlarının son 70 ili əhatə edən mindən artıq incəsənət əsərini görmək olar.

Bütün dünyanın avanqardçı rəssamları kimi, Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək onu öz baxışlarından keçirir, günümüzün ritmlərinə və durumuna nüfuz edir, məkan və zamanın enerjisini duyaraq, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, özünəməxsus şəkildə yeni estetik gerçəklik yaradırlar. Muzeydə həmçinin başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərlərini də görmək mümkündür. Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda təqdim edilir. Azərbaycan fiqurativ incəsənətinin klassikləri Oqtay Sadıqzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şahtaxtinskaya, Nadir Qasımov, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov və başqalarının kolleksiyası da muzeyə gələnlərin ixtiyarına verilib. Muzeyin sərgi salonunda müxtəlif maraqlı sərgilər keçirilir.

Məlumat üçün bildirək ki, Oqtay Sadıqzadə yerli mətbuata müsahibəsində qeyd edib ki, Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, fəxri fərmanlar və mükafatlarla təltif olunub: «Mən layiq görüldüyüm «Azərbaycan Respublikasının Dövlət Mükafatı»nın təqdimat mərasiminə gedə bilmədim. Buna səbəb səhhətimdə olan problemdir. Yaradıcılığıma verilən dəyərə görə şadam, təşəkkür edirəm. Sözügedən mükafatı evimdə mənə təqdim etdilər. Həmin gün mənim həyatımda çox əlamətdar günlərdən biri idi».

Yerli KİV-lərə istinadən xatırladaq ki, Prezident İlham Əliyev 2010-cu ildə «Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanının təsvirlərinin təsdiq edilməsi haqqında» Sərəncam imzalayıb.

Dövlət başçısı Sərəncamla «Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyasının tərkibi və Əsasnaməsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli, 212 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanının təsvirlərini təsdiq edib.

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının fəxri döş nişanı medal və qəlibdən ibarətdir. Qızıldan hazırlanan dairəvi formalı medalın diametri 27 mm, qalınlığı isə 3 mm-dir. Medalın üz tərəfində alov simvolu və dəfnə budağı təsvir olunur. Medalın arxa tərəfinin yuxarı qövsü boyunca «Azərbaycan Respublikasının» sözləri, üzərində «Dövlət Mükafatı laureatı» sözləri, aşağı hissəsində isə medalın nömrəsi həkk edilir.

Dövlətin rəssamlıq sənəti yolçularına qayğısı bununla məhdudlaşmır. Sağlıq olsun, yeni araşdırmalar hazırlayaraq növbəti saylarımızda sizə təqdim edəcəyik.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 22 dekabr.- S.12.