Şirməmməd
Hüseynov zirvəsi
Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. «Böyük alim»,»görkəmli tədqiqatçı»,»jurnalistikamızın patriarxı», «jurnalistika elmimizin korifeyi», «qeyrətli vətəndaş», «fədakar insan», «mehriban ailə başçısı» və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar.
Son günlərdə eşitdiyim «millətin mühəndisi», «müasir milli düşüncəmizin arxitektoru», «millətin müəllimi» kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır.Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında ən səmimi duyğularını belə ifadə etmişdi:
Şirməmməd - əxlaqın, haqqın öz səsi
Ləyaqət, dəyanət mücəssəməsi!
Bəli, özünün ürək dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu heyrətamiz misraları poetik düşüncənin ən mükəmməl ifadə tərzində yalnız və yalnız dahi söz ustadımız Bəxtiyar Vahabzadə deyə bilərdi.
Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd aparırlar. Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini özünwn həyat tərzinə çevirmiş, özünü bütövlükdə bu peşəyə həsr etmiş, öz varlığını bu peşə fəaliyyətindən kənarda təsəvvür etməyən minlərlə tələbəsi bu dühanın cəmiyətimizdəki görüntüləri, cəmiyyətin yoluna işıq saçan qığılcımlarıdır.
Ona «bənzəri
olmayan natiq»də deyirlər. Həqiqətən, minlərlə insanın
nəfəs dərmədən,
zamanı hiss etmədən,
yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir.
O əsl natiqdir. İnamlı
duruşu ilə, ona qulaq kəsilənlərin
gözlərinə zillənən
iti baxışları
ilə dediyi sözləri dinləyənlərin
zehninə birdəfəlik
həkk etməyi bacaran bir natiq.
Şirməmməd Hüseynov sadə
bir natiq deyil. O bəzən söylədiyi fikirlərin
arxasında gizlətdiyi
ən vacib məna və mahiyyət çalarlarını
dinləyicisinə səsinin
ahəngi ilə, üzünün ifadəsi
ilə asanlıqla anlatmaq kimi qeyri-adi
bir məharətə
sahib olan natiqdir. Elə bir natiq ki,
söyədiyi hər
bir cümlə, hər bir fikir,
hər bir mülahizə təkzib olunması mümkün olmayan bir aksiomdur.
Ona «fədakar
araşdırmaçı» deyirlər. Çox tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb
toz basmış ədəbiyyatla çalışmaqdan,
indiyədək elmi dövriyyəyə çıxmamış
bilgiləri öyrənib
bu bilgilər əsasında yeni bir elmi əsər
ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edir. Şirməmməd Hüseynov isə
adi tədqiqatçı
deyil. O sadəcə
əsər yazmır,
o, milli düşüncəmizin
keçmişində bu
günümüzü və
gələcəyimizi araşdırır.
O, dahi Mirzə Fətəlinin, Həsən
bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd
Ağaoğlunun, Ömər
Faiq Nemanzadənin, Məhəmməd Əmin
Rəsulzadənin, Üzeyir
bəyin bu günümüzə gəlib
çatmış saralmış
arxiv sənədlərinin
hər sətrində
bu millət fədailərinin düşüncələrini,
arzu və istəklərini, sonsuz vətən eşqini aşkar edir. Bütün bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin süzgəcindən
və öz ruhunun vətənpərvərliyindən
keçirib bu günümüzə gətirir
və bizimkiləşdirir.
O özünün elmi
tapıntılarını yalnız
alimlərin oxuyacağı
elmi əsərə yox, aydın və məntiqli şərhləri ilə millətini sevən hər bir vətəndaşın
həyat amalına və fəaliyyət proqramına çevirə
bilir. Belə idrak, belə
peşəkarlıq, millətin
gələcəyi qarşısında
belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənsevərlik
bütün tədqiqatçılara
xas olan keyfiyyət deyil.
Doğmaları onu «mehriban ata»,
«qayğıkeş həyat
yoldaşı», «məsuliyyətli
ailə başçısı»
adlandırı. Lakin o sadə bir
ailə başçısı
deyil. O həm də həyatının hər gününü sevdiyi peşəni başqalarına sevdirməyə
həsr edən,bilik və bacarığını əsirgəmədən
bölüşən bir
müəllimdir.Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində
çalışan bütün
insanların mənəvi
atasıdır. Onu prinsipial,
mübariz, üsyankar
kimi də sevirlər. Çünki o gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir. Adətən belə insanlar
haqqında deyirlər
ki, onlar özləri üçün
yaşamır. Şirməmməd Hüseynov da bu qəbildən olan, lakin adi
bir ictimai-siyasi xadim qəlibində olmayan bir şəxsiyyətdir.
İçərisində bulunduğu
cəmiyyətin çatışmazlıqlarına
dözməyən və
qəzəblənən, eyni
zamanda yeri gəldikcə sözü
və əməlləri
ilə başqalarını
qəzəbləndirən, heç bir təzyiq qarşısında
heç zaman, heç bir halda öz inamından
dönməyən üsyankar
birisinin evin kandarından içəridə
- ailə ocağında
mərhəmətli bir
insana, güzəştli
və sevimli bir ataya, qayğıkeş
bir həyat yoldaşına çevrilməsi
doğrudan da inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm
və nəhayət, nəcabət dəyərlərinə
əsaslanan yüksək
əxlaq tələb edir. Bu mənada
Şirməmməd Hüseynovun
ailə məhəbbəti,
doğma ocaq sədaqəti əsrlərin
təcrübəsindən yoğrulmuş
milli əxlaq mərtəbəsinə yüksəlir
və onun etalonunu özündə əks etdirir.
Milli fikir və milli
inkişaf tariximizdə,
milli istiqlal mücadiləmizdə və
milli əxlaq xəzinəmizdə millət
başını ucaldan,
milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz
var. Bu zirvələrdə Nizami,
Nəsimi, Mirzə Fətəli, Həsən
bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd
Əmin Rəsulzadə,
Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır.
Öz həyatı, mübarizəsi,
ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi
daha da zənginləşdirən
şöhrət zirvələrimizdən
biri də Şirməmməd Hüseynov
zirvəsidir. Bu elə bir möhtəşəm
zirvədir ki, bugünkü və gələcək ziyalı
nəsillərimiz üçün
belə bir yüksəkliyi bir daha fəth etmək olumsuz görünür. Ona görə
də bu zirvələrdə dayananlar
ölümsüzlərdir.
Bütün bunlara baxmayaraq, Şirməmməd Hüseynov
özü haqqında
danışmağı xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da, tərifdən və onun şəxsiyyətinə
səmimi pərəstişdən
xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında
onun dilindən «mən» sözünü eşitmək mümkün
deyil. Onun haqqında yazılmış
çoxsaylı məqalələrdə,
dəyərli ziyalılarımızın
çıxışlarında «istiqlal aşiqi», «qeyrət simvolu», «haqq-ədalət carçısı»
adlandırılan bu böyük İnsanın
ətrafında baş
verən və onun şəxsiyyətinə
sevgidən doğan pərəstiş həyəcanlarına
reaksiyası təəccüb
doğuracaq dərəcədə
sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının
önünə isə
yeni bir epitet yaranır - Təmənnasız İnsan.
Şirməmməd Hüseynova «təmənna»
anlayışı yaddır.
O, «təmənna» adlı
hissiyyatdan çox uzaqlarda və çox yüksəklərdə
dayanan bir İnsandır. Bugünkü ziyalılarımız arasında, yaşından
asılı olmayaraq, elə bir insan
tapmaq çətindir
ki, nədə isə Şirməmməd
Hüseynova oxşamaq
arzusunu ürəyindən
keçirməsin. Amma bir məsələdə nə
bu sətirlərin müəllifi, nə də Şirməmməd Hüseynovu sevən on minlərlə insan nə qədər çalışsaq da ona oxşaya bilməyəcəyik.Bu da
elə təmənna məsələsidir. Şirməmməd Hüseynovdan danışırkən,
onun haqqında düşünürkən təmənnasız
olmaq mümkün olmur. Təmənnamız isə ondan
ibarətdir ki, ana təbiət Şirməmməd Hüseynova
uzun ömür, möhkəm can sağlığı
bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi
və ən müqəddəs arzularına
qovuşmağı nəsib
etsin.
Millətin şərəfini uca tutmağı özünün
şərəf işi
hesab edən, «Şərəf»li millət
müəllimimiz Şirməmməd
Hüseynova 90 illik yubileyi münasibətilə
ən səmimi arzularımla.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru,
millət vəkili
Bakı xəbər.-2014.- 22 dekabr.-
S.6.