Azərbaycanda monumental
heykəltəraşlıq abidələri, xatirə-memorial və
memarlıq komplekslərinə dövlət
qayğısı...
Azərbaycanda heykəltəraşlıq sənətinin tarixi qədimdir. Daşlara nəfəs, can, ruh verən heykəltəraşlar tariximizə çox qiymətli incilər bəxş edib. Məlum olduğu kimi onların yaratdığı bu heykəllər xalqımızın sərvəti olaraq qorunur. Təbii, qoruya bilmədiklərimiz də var. Qədim oğuz yurdu olan Qərbi Azərbaycan ərazisində müxtəlif çeşidli abidələr olub ki, onu tarixin mütəlif çağlarında heykəltəraşlarımız yaradıb.
Qərbi Azərbaycanda yaşı eramızdan əvvələ gedən qoç heykəlləri, at heykəlləri kifayət qədər olub. Təəssüf ki, qədim mifoloji dünyagörüşümüzü, mənəniyyətimizi, əski inanclarımızı ifadə edən bu heykəllər erməni vandalizminə məruz qalıb.
Qoç heykəllərinə Azərbaycanın hər yerində rast gəlinir və bu abidələr xalqımızın dünyagörüşünün təcəssümüdür.
Azərbaycan dövləti milli mədəniyyətimizin daş obrazı olan bu abidələrlə bağlı geniş miqyaslı tədbirlər həyata keçirir. Milli-mənəvi, tarixi-mədəni dəyərlərimizin qorunması, onların qayğı ilə əhatə olunması üçün sənədlər qəbul edir. Bəllidir ki, 2007-ci il 2 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdəki monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında Sərəncam imzalayıb. Burada milli-mənəvi dəyərlərimizə, qədim və zəngin mədəniyyətimizə, xalqımızın tarixi keçmişinə ehtiramın ifadəsi olan, ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin təbliğini ön plana çəkən bu mühüm sənəd memarlıq incilərimizin qorunması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsi sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Sərəncamda qeyd edilir ki, ölkəmizin müxtəlif guşələrində ucaldılan monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri bu gün artıq şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik dəyərə malik olan, milli-mədəni irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq və memarlıq sənətinin gözəl nümunələridir: "Azərbaycanda ilk elementləri Qobustan qaya təsvirlərində öz əksini tapmış heykəltəraşlığın qədim tarixi vardır. Ayrı-ayrı dövrlərdə milli heykəltəraşlıq və memarlıq komplekslərinin qiymətli inciləri yaradılmışdır. Öz dəst-xətti, zəngin bədii ənənələri ilə seçilən Azərbaycan heykəltəraşlığının müasir siması ötən əsrin 20-ci illərindən etibarən formalaşmış və sürətli inkişaf yolu keçmişdir. Bu müddət ərzində şəhər və park heykəltəraşlığının diqqətəlayiq abidələri, mühüm ictimai hadisələrin və tanınmış şəxsiyyətlərin şərəfinə bir sıra molumentlər ucaldılmışdır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun və digər sənətkarların milli heykəltəraşlıq xəzinəsini zənginləşdirən möhtəşəm abidələri Bakının memarlıq mənzərəsini ahəngdar şəkildə tamamlamış və ona xüsusi görkəm vermişdir.
Öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Respublikamızın hər bir bölgəsində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Monumental heykəltəraşlıq xəzinəmizin qızıl fonduna daxil olmuş bütün bu abidələr, xatirə-memorial və memarlıq kompleksləri öz plastik forma rəngarəngliyi, koloriti və estetik təsir gücü ilə səciyyələnir. Həmin əsərlər insanların tarixi-mənəvi dəyərlərə hörmət və məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir.
Bununla yanaşı, azərbaycançılıq məfkurəsinə keçid istiqamətində bu sahədə görülən işlərin hazırkı səviyyəsi qənaətbəxş sayıla bilməz. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müxtəlif müsabiqələr keçirilməsinə baxmayaraq, heykəltəraşlıq və rəssamlığımızda xalqımızın mənəvi-estetik dəyərlərinə uyğun Dədə Qorqud obrazının təsviri hələ də öz əksini tapmamışdır".
Sənəddə bildirilir ki, vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ formalaşmış Şəhidlər Xiyabanının ümumi görkəminin memarlıq baxımından yenidən işlənməsinə ciddi ehtiyac duyulur. Əsasən, XX əsrdə ucaldılmış və görünüşü bir sıra hallarda ənənəvi memarlıq üslubu ilə həmahəng olmayan abidələrin, xatirə komplekslərinin azərbaycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılması zərurəti meydana çıxmışdır. Həmçinin, zaman keçdikcə müxtəlif təbii proseslərin təsiri abidələrə diqqət göstərilməsini və qayğı ilə yanaşılmasını tələb edir: "Azərbaycanda monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ümumi bədii-estetik görkəminin milli-mənəvi dəyərlərə uyğunlaşdırılmasını, habelə yerləşdikləri ərazilərin abadlaşdırılmasını təmin etmək məqsədi ilə dövlətimizin başçısının qəbul etdiyi qərara əsasən, Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti qurumlarla birlikdə Şəhidlər Xiyabanı xatirə-memarlıq kompleksinin yeni layihəsinə dair təkliflər hazırlayıb bir ay müddətində ölkə prezidentinə təqdim etməlidir".
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti və digər yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərində, digər şəhər və kəndlərdə ucaldılmış monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq komplekslərinin ümumi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması üçün müvafiq tədbirləri həyata keçirərək görülən işlər haqqında hesabatı və bu istiqamətdə gələcək fəaliyyət proqramının layihəsini bu il sentyabra qədər ölkə prezidentinə təqdim etsin. Azərbaycan Dövlət İncəsənət Muzeyi nəzdində açıq səma altında heykəl və abidələrin kiçik formalarından ibarət xüsusi park-muzeyin yaradılmasını təmin etsin, yerli icra hakimiyyəti orqanları ilə birlikdə respublikanın park, bağ və digər istirahət zonalarındakı abidə, büst, barelyef və digər heykəltəraşlıq və xatirə-memorial əsərlərinin vəziyyətini araşdırıb müvafiq təkliflər hazırlasın və üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müvafiq yaradıcılıq ittifaqlarının təklifləri əsasında azərbaycançılıq məfkurəsinin tələblərinə uyğun ucaldılması zəruri sayılan abidələr və komplekslərlə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin "Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarix-etnoqrafik kompleksinin yaradılması haqqında" fərmanının icrasını təmin etmək üçün müvafiq tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Bəllidir ki, artıq Dədə Qorqud heykəli Bakının mərkəzi yerlərindən birində qoyulub və ətrafı abadlaşdırılaraq böyük park salınıb.
Qeyd edək ki, Azərbaycanda çox peşəkar, istedadlı heykəltəraşlar olub, indi də var. Bunlar Abid,
Cavanşir Dadaşov, Cəlal Qaryağdı, Elmira Hüseynova,
Fuad Əbdürəhmanov, Hüseynqulu Əliyev, Katib Məmmədov,
Mirəli Mirqasımov, Mirələsgər Mirqasımov, Tokay Məmmədov,
Yakov Keylixis, Zivər Məmmədova, Ömər Eldarov və başqaları respublikamızın adlı-sanlı heykəltəraşlarıdır. Onların bəziləri dünyasını dəyişsə də, özlərindən sonra silinməz izlər qoyub gediblər.
Heykəltəraşlıq tariximizdən...
Sənətşünaslar qeyd edir ki, heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər.
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.
Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materiallar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur.
1. Monumental
2. Dekorativ
3. Dəzgah heykəltaraşlığı
Heykəltəraşlığın ən ibtidai forması-daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılan daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Ordubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat edən Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbiristanlıqda qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb.
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilən Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.
Azərbaycanda heykəltəraşlığın inkişaf tarixi
Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.
Xalq Cumhuriyyətinin heykəltəraşları...
Sənətşünaslar bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərən AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub. Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başlandı.
Heykəltəraşlıq təhsili...
Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir.
Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 24 dekabr.- S.12.