"Nadir şah" tamaşaçılara tariximizin gerçək üzünü təqdim etdi

 

"Azdrama"da sənətsevərlər böyük cahangirin turançı ideyalarına şahidlik etdi

 

Tanınmış yazıçı, son illər bir neçə tarixi romanla ədəbiyyatımızda hadisə yaradan Yunus Oğuzun "Nadir şah" romanını oxumayan çox az ədəbiyyat, sənət adamı tapılar. Milli ədəbiyyatda uzun sürən sükutdan sonra son bir neçə il ərzində Yunus Oğuzun ardıcıl olaraq oxuculara təqdim etdiyi bir neçə tarixi əsər xalqımızın milli özünüdərk prosesinə ciddi təkan verdi. Bu əsərlərdən "Nadir şah"ın roman səviyyəsindən çıxıb dramaturji materiala çevrilməsi isə ayrıca bir hadisə oldu.

Dekabrın 24-də Akademik Milli Dram Teatrında yazıçı Yunus Oğuzun "Nadir şah" romanı əsasında səhnələşdirilən "Nadir şah" tamaşasının premyerası keçirildi. Ölkənin görkəmli elm adamlarının, ictimai xadimlərin, ədəbiyyat və sənət bilicilərinin, media təmsilçilərinin qatıldığı premyeranın uğurlu alındığını demək olar. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilən "Nadir şah" tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, bəstəkarı Sərdar Fərəcov, rəssamı isə İlham Elxanoğludur.

Premyerada Nadir şah rolunu xalq artisti Ramiz Novruz ifa edirdi (dublyor əməkdar artist Məmməd Səfadır). Bilirik ki, böyük Azərbaycan hökmdarı, cahangir Nadir şah Əfşar bu günə qədər istər tarixdə, istərsə də ədəbiyyatda tam fərqli formada təqdim edilib. Ancaq Yunus Oğuzun qələmindən çıxan Nadir şah öz layiqli qiymətini alaraq qüdrətli bir türk hökmdarı, türk-islam birliyi ideyasının müəlliflərindən biri kimi göründü səhnədə. At belini özünə paytaxt seçən, böyük ərazilərdən adlayaraq Hindistana qədər gedib çıxan Nadir şah Əfşar böyük Turan dövləti yaratmaq, türk xalqını bir bayraq, bir dövlət ətrafına toplamaq məqsədi güdürdü. Tamaşada tez-tez səslənən yaşasın "türk-islam birliyi", "Turan dövləti" ifadələri salonda premyeranı izləyən tamaşaçıların gerçək vətənpərvərlik ruhunu oyadır, hər dəfə türk birliyi haqqında personajların dilindən qopan ifadələri tamaşaçılar böyük coşğu və alqışla qarşılayırdı.

Bir məqamı da qeyd edim ki, son illər teatrlarda tarixi əsərlərə qayıdış prosesi başlanıb. Bunun da kökündə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərə, tariximizə, tariximizi qılıncı ilə yazıb yaradanlara göstərdiyi böyük ehtiram dayanır. Tariximizi mükəmməl bilmək üçün yalnız tarixi əsərlər oxumaq, tarixi mənbələrlə tanışlıq kifayət etmir, bu məsələlərin səhnədə əks olunması bizə tariximizi daha mükəmməl şəkildə aşılayır. Bu baxımdan "Nadir şah" əsərinin tamaşaya qoyulması təqdirəlayiqdir və bu tendensiyanın davamlı xarakter alması arzuolunandır. "Nadir şah"ın illərdən sonra səhnədə görünməsi həm də onun gerçək xidmətlərinin obyektiv yozulması baxımından qiymətlidir. Çünki qüdrətli cahangir kimi Nadir şahı gənc nəslə sevdirməyin bir yolu da səhnədən keçir. Bu birmənalı olaraq belədir. Tamaşada Nadir şahla Moğol şahı Məhəmməd şahın vəziri Nizamül-Mülkün dialoqu, onların türk birliyi ilə bağlı, turançılıq haqda mükalimələri böyük maraq doğurdu. Bu da o deməkdir ki, türk birliyi hər zaman Nadir şahın arzusu olubbu arzu böyük cahangirin vəsiyyəti kimi bizə əmanət edilib. Burada Nadir şah yalnız Əfşar dövlətinin başçısı, şahı kimi deyil, həm də türk-islam birliyi siyasətinin təməl daşını qoyan ideoloq kimi görünür.

Tamaşada digər rolları isə Hikmət Rəhimov, Elşən Rüstəmov, Vidadi Həsənov, Ayşad Məmmədov, Ramin Şıxəliyev, Pərviz Məmmədrzayev, Əminə Babayeva, Nigar Güləhmədova və digər aktyorlar rol alıb ki, onların da öz rollarının öhdəsindən məharətlə gəldiyini demək olar.

Qeyd edək ki, əsərin müəllifi Yunus Oğuz mətbuata açıqlamasında Nadir şah obrazının bizə sovet dövründə zalım, qəddar bir şəxsiyyət kimi tanıdıldığını və bunun da ideologiyadan irəli gəldiyini bildirdi: "Bizə uzun illər tariximiz yanlış öyrədildi. Sovet dövründən biz Nadir şahı zalım bir hökmdar kimi tanımışıq. Lakin arxivlərə nəzər saldıqda onun əslində Azərbaycan torpaqlarının bütövlüyü uğrunda böyük şücaət göstərdiyinin şahidi oluruq. Doğrudur, tarixi şəxsiyyətlər keşməkeşli bir dövr yaşadıqları üçün onların müəyyən ziddiyyətləri olur. Nadir şahın həm də güclü taktikası olub".

Yunus bəy haqlıdır. Tariximiz zaman-zaman saxtalaşdırılıb, tarixi şəxsiyyətlərimiz layiq olmadığı səviyyədə təqdim edilib. Bolşevizm ideologiyasının sərt tufanı Nadir şahdan da yan ötməyib. Amma zaman hərəkətdədir daim, vaxt-vədə heç kəsə borclu qalmır, heç bir tarixi həqiqət torpaq altına gömülmür, bir gün üzə çıxıb haqqı-ədaləti yerində bərqərar edir. "Nadir şah" əsəri bax bu həqiqəti bizə anlatdı. Bir daha özümüzə qayıtdıq, bir daha ruhumuzla üz-üzə qalıb könlümüzün səsini dinlədik. Könlümüz bizə ata-babalarımızın əmanət qoyub getdiyi milli birlik haqda vəsiyyətləri pıçıldadı. İnanmırsınız? Gedin, Akademik Milli Dram Teatrında Yunus Oğuzun iki hissəli "Nadir şah" dramatik xronikasına - tarixi səhnə əsərinə baxın. Bu səhnə əsərində tariximizintarixi şəxsiyyətlərimizin əsl simasını görə biləcəyimizə isə şübhə etməyin.

"Nadir şah"ın səhnədə yenidən doğulması, dünyaya gəlməsi münasibətilə əsərin müəllifi Yunus Oğuzu, quruluşçu rejissor Gümrah Öməri və bütün yaradıcı, texniki heyəti təbrik edirik. Uğurlar!

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 26-28 dekabr.- S.12.