İşğal altında olan Kəlbəcər və Qubadlının tarix- diyarşünaslıq muzeyləri - itirdiyimiz sərvət...

 

Kəlbəcər ermənilər tərəfindən işğal edilənə qədər çox zəngin mədəniyyətin, ədəbiyyatın, musiqinin, təbii sərvətlərin ocaqlarından biri kimi diqqəti cəlb edib. Azərbaycanın çox zəngin tarix-diyarşünaslıq muzeylərindən biri də Kəlbəcərdə yerləşib.

Bu gün Kəlbəcər Tarix Diyarşünaslıq Muzeyi haqqında əlimizdəki faktlardan çıxış edərək danışa bilirik. Bu məlumatlar rəsmi mənbələrdən götürülüb. Mənbələr qeyd edir ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ilin sentyabrında yaradılıb. İşğal olunan muzeylər içərisində yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri idi: "Muzeydə geologiya, arxeologiya, maddi-mədəniyyət, incəsənət əşyaları toplanmışdı. Muzeyin çöl divarlarını 2 mindən artıq müxtəlif rəng çalarlarına malik olan daşlar bəzəyirdi. Muzeyin həyəti 900 kv. metrdən artıq sahəni tuturdu. Burada nadir ağac və bitki nümunələri, müxtəlif qaya təsvirləri, qoç və at fiqurları, arxeoloji əhəmiyyət daşıyan nümunələr toplanmışdı. Muzey ekspozisiyası koridor, üç kabinet və doqquz nümayiş salonunda cəmləşmişdi. Muzeyin fondunda 30-mindən artıq eksponat saxlanırdı. Muzeydə Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi, Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, bıçaqlar, baltalar, dəmir nizə ucluqları və s. nümayiş etdirilirdi. Muzeydə 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtilə aşıq Ələsgərin adına söz qoşduğu kəlbəcərli Güləndamın şəkli, onun şəxsən toxuduğu 100-dən artıq gəbə və kilim saxlanırdı.

Vaxtilə keçmiş SSRİ EA-nın müxbir üzvü Aleksey Makaruşev Kəlbəcərdə olarkən bu muzey haqqında belə demişdi: "Bu, dünyanın yeganə muzeyidir ki, burada səbrlə bütün dağ süxurlarının nümunələri toplanıb". Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1993-cü ilin aprel ayına qədər fəaliyyət göstərib, sonra isə ermənilər tərəfindən məhv edilib. Onun eksponatlarının böyük əksəriyyətini xilas etmək mümkün olmayıb. Erməni işğalçıları torpağımıza ayaq basanda minillərdən xəbər verən bir çox tarixi abidələrimiz kimi, muzeylərimiz də yağı əlinə keçdi. Bu muzeylər içində Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi özünün orijinallığına və zənginliyinə görə başqalarından əsaslı surətdə fərqlənirdi. Sorağı çox-çox uzaqlara yayılmış, tarixi əhəmiyyətli əşyalarla zəngin olan bu muzeyi mütəxəssislər həm də geologiya, arxelogiya, incəsənət və qiymətli səslər muzeyi adlandırırdılar.

Muzey eksponatları bir dəhliz, 3 kabinet, 9 nümayiş salonunda toplanmışdı və içərsində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Dəhlizdə tamaşaçılar Qanlıkənd səmtində olan Lök qalasının, xalça, şəddə və kilimlərin, rayon xəritəsinin və bir çox başqa eksponatların yaraşıqlı şəkillərini, fotolarını və təsvirlərini görürdülər. Rayonun zəngin təbiəti barədə tamaşaçılara ətraflı məlumat verən birinci salonda ağac və bitki nümunələri, rəng-rəng və müxtəlif növ daşlar, dağ, dərə, təpə maketləri və s. nümayiş etdirilirdi. Tikinti işlərinə təkan vermək məqsədilə daşlar yonulmuş və onlardan stend düzəldilib birinci salonun divarından asılmışdı. Burada obsidian (dəvəgözü), travertin, tuf, bazalt, qabro, listivenqim və başqa tikinti materialları göz oxşayırdı. Bu daşların rayonun hansı ərazisində yerləşdiyi barədə xəritə də işlənib stendə əlavə edilmişdi. Salon tamaşaçıda 30 mindən çox sərin çeşmə, yüzlərlə narzan və şəfa qaynaqları olan isti suların fəvvarələr vurduğu təsəvvürünü yaradırdı. Bu dağlıq ərazidə meşələr özünə məskən salmış və burada 4 minə qədər bitki boy atır. Salonda Kəlbəcər ərazisində bitən dərman bitkilərinin müəyyən hissəsinin hansı xəstəliyə əlac olduğu barədə də məlumat əldə etmək olardı. Muzeyin direktoru, filologiya elmlər namizədi, şair Şamil Dəlidağın bu haqda şeirlə yazdığı məlumatı tamaşaçılar maraqla oxuyardılar.

"Buynuzdan ox atan" və Kəlbəcər muzeyi...

Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanların müqəvva nümunələri muzeydə nümayiş etdirilirdi. İkinci salon rayonun qədim dövrünə həsr edilmişdi. Kəlbəcərdə məşhur İstisu kurortu yaxınlığında aşkarlanmış ən qədim insan məskənlərinin - yarıdağılmış damların fotoşəkilləri tamaşaçıya geniş məlumat verirdi. Qadın qəbrindən tapılıb nümayiş etdirilən bürünc keçi totemi (boyundan asmaq üçün) və bürünc boyunbağı insanın xəyallarını eramızdan əvvəlki III-IV minillərə aparırdı. Muzeyin həyətindəki qaya-salların üzərində olan 6-7 min il tarixə malik keçi təsvirləri, qədim dövr salonundakı bürüncdən keçi totemi, habelə muzeydəki kilim, heybə və nəmibaşları, 30-100 il bundan qabaq toxunan primitiv keçi təsvirləri və onların hər üçünün bir-birinə oxşarlığı indiki nəslin qədim kökə bağlı olmasını sübut edərək tarixçilərin mübahisəsinə son qoyurdu. Rayonun Abdullauşağı kəndində qazıntı zamanı kalafa yerindən tapılan "Buynuzdan ox atan" da bu salonda idi. Qədim dövr salonunda nümayiş etdirilən obsidian (dəvəgözündən) 5 min ildən çox yaşı olan oxlar, küp qəbirlərdən əldə edilən dəmir nizə ucluqları, daş qəlyanlar, daşdan insan skeleti, iri xumdar, daş, saxsı və dəmir qara çıraqlar, oxunması mümkün olmayan daş üzərindəki şəbəkə yazı, torpaqdan çıxan qədim alətlər, azı 150 milyon il yaşı olan Tərtərçay qumlağında tapılan daşlaşmış ilbiz və digər eksponatlar Kəlbəcər torpağının qədim dövr salnaməsinin ayrı-ayrı və dərin mənalı səhifələri idi.

Kəlbəcərin xeyir-şəri yaxşıdır...

Aşıq Ələsgərlə bağlı muzeydə kifayət qədər xatirələr var idi. Onların sırasında aşığın bir çox Kəlbəcər gözəllərini və igidlərini vəsf etməsi, bir çoxlarının toylarını keçirməsi, salonda bu gözəllərin, igidlərin, toyunu Aşıq Ələsgərin keçirdiyi adamların böyük bir siyahısı var idi. Ustad aşıq Kəlbəcəri belə tərənnüm etmişdi:

Gəşt eylədim, bu dünyanı dolandım,

Kəlbəcərin xeyri-şəri yaxşıdı...

Qardaş deyib dindirirlər adamı,

Hörmətləri, mərifətləri yaxşıdı...

Dördüncü salonda əsasən keçmişdə məişətdə işlədilən qab-qacaq, qədim silahlar, köhnə metal və kağız pullar yerləşdirilmişdi. Tamaşaçılar burada müxtəlif mis qablarla (kasa, cam, bölmə, dövrə, sini, məcməyi, sərnic, bayda, ağızlıq, satıl, tava, samovar, abgərdən, aşsüzən və.s.), qəmə, xəncər, qılınc, korda, yay-ox, barıtqabı, pistonqabı, qara tüfəng, çaxmaq kimi köhnə əşyalarla tanış ola bilərdilər. Ağacdan düzəldilmiş eksponatlar sırasında "hazarpeşə" böyük maraq doğururdu. "Hazarpeşə" sandıq şəklindədir. Onun içərisində stəkan, nəlbəki, çaynik, çay qaşıqları, qənd və s. saxlanır. Tuluğa qatıq tökmək üçün ağacdan düzəldilmiş qaşıq və çömçələr, divək daşları və başqa məişət əşyaları salonda cəmlənmişdi.

Əfsanəvi Dəməşq qılıncı Kəlbəcərdə...

Mənbə yazır ki, tamaşaçıların dərin marağına səbəb olan eksponatlardan biri də Şam (Dəməşq) qılıncı idi. Əldə olunan yazılı məlumatlar bu qılıncın dəmirinin Hindistandan alındığı və Şam şəhərində polada çevrildiyini bildirir. Qını ilan qabığı ilə örtülmüş, dəstəyi gümüşlə bəzədilmiş xəncərlər də tamaşaçı diqqətini özünə cəlb edirdi.

Beşinci salonda yaşı 100-dən çox olan ağbirçək və ağsaqqallar, rayonun aşıqları, alimlər, şairlər haqqında məlumat əldə etmək olardı. Əhalinin hər min nəfərə hesabı ilə yaşı 100-dən çox olanların sayına görə Kəlbəcər rayonu keçmiş Sovet İttifaqında birinci yeri tuturdu. Məcməyilər üzərindəki yazılardan aydın olurdu ki, Əlif kişi 157 il və onun həyat yoldaşı Tükəzban 141 il ömür sürüblər. 1973-cü ildə dünyasını dəyişən Əlif kişi Qaçaq Nəbinin yaxın dostu olub. Bu barədə xatirələr salonda tamaşaçıların diqqətini cəlb edirdi. Əlif kişi 150 yaşında köhlən at səyirdir, yumurtanı nişana qoyub ona sərrast güllə atırdı.

Altıncı salonda xalq oyunları və adətləri öz əksini tapmışdı. Müqəvvalardan düzəldilmiş oyun və adətlər əks olunurdu. Müqəvvalardan düzəldilmiş oyun və adətlər qədim dövrlərdən xəbər verirdi. "Yeddi hünər", "Kilimarası", "Ayın tutulması", "Yaylıqatma", "İynəatma", "Tale", "Maraloyunu", "Dirədöymə", "Mətəqazma" və başqa oyunlar əyani təqdim edilirdi. Məsələn, məlum olduğu kimi, ay tutulanda əvvəlcə camaat mis qab, qazan döyərmiş. Güman edilirmiş ki, bu zaman baş verə biləcək bəlanın qarşısı alınır. Şamil Dəlidağ bu mənzərəni belə nəzmə çəkib:

Dad çatarmı keçən günün dadına,

Nələr düşür gör adamın yadına,

Ay tutulsa yetişərdik dadına.

Tez-tələsik mis qazanı döyərdik,

Ay çıxanda özümüzü öyərdik.

Yeddinci salonda keçmiş dövrün kənd təsərrüfatından, köhnə bir evin quruluşundan söhbət açılırdı. Burada xış (cüt), kotan və qara kotan dəmiri, boyunduruq, ağac və dəmir samılar, həvəndə, işgil, masan, vəl, şana, kürək, şadara, xəlbir, sambağı və s. nümayiş etdirilirdi. Şübhəsiz, "kotan nə bilir ki, qayış nə çəkir" atalar sözünü hamı eşidib. Ancaq adıçəkilən qayışı az adam görmüş olar. İki mal (qaramal, yaxud camış) gönündən hazırlanmış və kotan dartarkən zəncirdən daha faydalı olan həmin qayışın nümunəsini bu salonda görmək olardı.

Səkkizinci və doqquzuncu salonlarda ölkənin və Kəlbəcər rayonunun müasir dövrü öz əksini tapmışdı.

Mənbə yazır ki, salonun böyük bir hissəsi "Kəlbəcər rayonu vətən müharibəsi illərində" adlanırdı. Bundan başqa, bir çox tanınmış adamların lentlərə yazılmış səsləri də muzeydə saxlanırdı.

Qubadlıdan qalan xatirələr...

Mənbələrin yazdığına görə, Qubadlı rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci il may ayının 6-da fəaliyyətə başlayıb. Muzey fəaliyyətə başladığı dövrdən işğala qədər - 1993-cü ilə qədər burada 5 mindən artıq eksponat qorunub saxlanırdı. Bunların sırasında qədim dövrlərə aid qılınc, xəncər, mis əşyalar, saxsı qablar, təbiət, fauna və floraya aid nadir nümunələr, Böyük Vətən Müharibəsi iştirakçılarına aid əşyalar vardı. Həmçinin, görkəmli yazıçılar, elm, mədəniyyət və incəsənət xadimlərinə aid guşə fəaliyyət göstərirdi. Bu guşədə həmin şəxslərə aid əsərlər, şəxsi əşyalarından nümunələr sərgilənirdi. Muzeydə xalq qəhrəmanları Qaçaq Nəbi və Həcərə aid əşyalar, onların qəhrəmanlıqlarını əks etdirən rəsm əsərləri də qorunub saxlanırdı.

1993-cü ildə rayon erməni silahlı qüvvələri tərəfindən işğal olunanda muzeydə olan bütün maddi-mədəniyyət nümunələri işğal zonasında qalıb və hazırda onların sonrakı taleyi məlum deyil.

Muzeyin işğaldan sonrakı taleyi...

Rəsmi mənbələrin yazdığına görə, işğaldan sonra Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi 1998-ci ildə öz işini bərpa edərək Sumqayıt şəhərində "28 May" Mədəniyyət Evində fəaliyyət göstərməyə başlayıb. Hazırda muzeydə 673 növ eksponat qorunub saxlanır. Bunlara mis, saxsı qablar, məişət əşyaları (cəhrə, həvə, kirkid və s.) aiddir. Muzeydə, həmçinin, əslən Qubadlıdan olan yazıçıların, elm, mədəniyyət xadimlərinin kitabları nümayiş olunur. Burada xalq qəhrəmanı Qaçaq Nəbi və milli qəhrəmanlara aid guşə də fəaliyyət göstərir.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən xüsusi guşə yaradılıb. Burada müxtəlif dövrlərdə ulu öndərlə görüşmüş rayon sakinlərinin xatirələri, görüşlərin əks olunduğu fotoşəkillər və s. toplanıb.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 26-28 dekabr.- S.15.