Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" sevgisini Prezident İlham Əliyev davam etdirib

 

 Alimləri heyrətə salan Heydər Əliyev

 

Ulu öndər çıxışında Dədə Qorqudun qəbri haqqında da danışıb: "...Amma mən eşitmişəm ki, Dədə Qorqudun Dərbənddəki qəbri məlumdur və oraya ziyarətə də gedirlər. Biz etiraf etməliyik ki, Dədə Qorqudun Dərbənddə qəbri olduğunu son vaxtlara qədər bəlkə də az adam bilirdi.

Məsələn, etiraf edirəm ki, mən bunu bilmirdim. Yaxşı, kim bilirsə əlini qaldırsın. Görürsünüz, çox az, üç-dörd adam əlini qaldırır. Gəlin belə danışaq. Bir halda ki, hamınız deyirsiniz Dədə Qorqudun çox yerlərdə qəbri var, gəlin Dədə Qorqudun harada qəbirləri varsa, onları tapaq. Bir halda ki, bu gün deyirik Dədə Qorqudun sahibiyik, həmin qəbirləri tapaq, araşdıraq, kitablarda yazılsın, bunların ünvanı bilinsin. Hesab edirəm ki, komissiya üzvləri Dədə Qorqudun qəbri barədə işlərlə məşğul olurlar. Mən komissiyanın sədriyəm...".

Məlumat üçün bildirək ki, 9 aprel 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə Azərbaycan Prezidenti Heydər Əliyevin adından Gülüstan sarayında keçirilən rəsmi qəbulda böyük öndər yenidən maraqlı nitq edib: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un iki əlyazma nüsxəsi (DrezdenVatikan) tapılmışdır. Bu dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölüs. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir. Soykökümüzü, tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından zəngin mənbə olan "Kitabi-Dədə Qorqud" yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ölməz kitabıdır. 1951-ci ildə pantürkizmi təbliğ edən ideologiya kimi Azərbaycanda və Türkmənistanda öyrənilməsi və təbliği yasaqlanan "Kitabi-Dədə Qorqud" Azərbaycanda 1957-ci, Türkmənistanda isə 1980-ci ildə bəraət alıb. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrdən məharətlə istifadə olunmuşdur".

Bilirik ki, eposun 1300 illiyi Heydər Əliyevin təşəbbüsü ilə çox geniş şəkildə qeyd edildibu da xalqın öz tarixinə qayıdış prosesinə təkan verdi, onu sürətləndirdi.

Heydər Əliyevin "Kitabi-Dədə Qorqud"a verdiyi böyük dəyər bəllidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də "Dədə Qorqud"a öz töhfələrini verib. Bilirik ki, İlham Əliyevin Sərəncamı ilə Bakının Nərimanov rayonunda "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb və Dədə Qorqud parkı salınıb. Abidənin və parkın açılışında cənab Prezident şəxsən iştirak edib. Tədbirdə qeyd edilib ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.

Mərasimdə o da vurğulanıb ki, müasir dövrdə "Kitabi-Dədə Qorqud" dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə "Dədə Qorqud" bədii filmi çəkilib. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən, Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. Dövlət başçısının 2007-ci ildə imzaladığı "Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Sərəncama əsasən, Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilib. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb.

Prezident İlham Əliyev öz çıxışında bu abidənin ucaldılmasını böyük hadisə hesab edib: "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu gün bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür.

Bildiyiniz kimi, 1950-ci illərə qədər "Kitabi-Dədə Qorqud" Sovet İttifaqında qadağan edilmişdi. Ancaq 1950-ci illərdən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində bu əsər tədqiq edilməyə başlanmışdır. Təsadüfi deyil ki, bu əsərin tədqiqi ilə bağlı olan elmi işlər Azərbaycan alimlərinə məxsusdur. Bu bir daha onu göstərir ki, bu əsər bizim xalqımıza, bütün türk dünyasına məxsusdur. Amma Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanına xüsusi münasibət vardır. Əsərdə Oğuz eli kimi coğrafi məfhum bütün Azərbaycan ərazilərini əhatə edir. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, onun sovet, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilmişdir. Ulu öndərin tövsiyəsi ilə 1970-ci illərdə bədii film çəkilmişdir. Ondan sonra, müstəqillik dövründə - 1993-2003-cü illərdə artıq bu dastanı dünya ictimaiyyətinə çatdırmaq üçün çox böyük işlər görülmüşdür. 2000-ci ildə Bakıda dastanın 1300 illik yubileyi təntənəli şəkildə keçirilmişdir. Bütün türkdilli ölkələrin dövlət başçılarının, YUNESKO-nun baş direktorunun iştirakı ilə böyük təntənəli mərasim keçirilmişdir. "Dədə Qorqud" ensiklopediyası nəşr olunmuşdur. Ulu öndər Heydər Əliyev Dədə Qorqud heykəlinin ucaldılması haqqında Sərəncam vermişdir. Yəni bütün bunlar bir daha onu göstərir ki, Dədə Qorqud Azərbaycan xalqının qəlbində daim yaşayırdı, yaşayır və yaşayacaqdır. "Kitabi-Dədə Qorqud" dastanı, eyni zamanda, bütün türk dünyasını daha da sıx birləşdirir. Azərbaycan türkdilli dövlətlərin daha da sıx birləşməsi üçün öz səylərini əsirgəmir. Bu bizim xarici siyasətimizin ayrılmaz hissəsidir, əsas istiqamətlərindən biridir. Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilmiş zirvə görüşləri bunun əyani sübutudur. Bakıda, Naxçıvanda, Qəbələdə keçirilmiş bu zirvə görüşləri türk dünyasını daha da sıx birləşdirir. Son zirvə görüşündə mən qeyd etmişdimbir daha demək istəyirəm ki, XXI əsr türk dünyasının əsri olmalıdır. Türk dünyasında gedən inkişaf, qarşılıqlı əməkdaşlıq, müsbət demoqrafik dinamika, əlbəttə ki, bizi daha da gücləndirəcək və bütün türkdilli dövlətlərin əməkdaşlığı, bir-birinə olan dəstəyi hesabına hər bir dövlət öz milli maraqlarını daha da böyük dərəcədə qoruya biləcəkdir.

Bizim ölkələrimizi, əlbəttə ki, siyasi maraqlar, iqtisadi sahədəki əməkdaşlıq bağlayır. Ancaq əməkdaşlığımızın təməlində ortaq tarix, tarixi köklər dayanır, o cümlədən "Kitabi-Dədə Qorqud" dastanı burada çox böyük rol oynayır. Ona görə, mən hesab edirəm ki, bugünkü mərasim bütün türk dünyasında gözəl əks-səda verəcəkdir. Eyni zamanda, bu gün biz gözəl parkın - Dədə Qorqud parkının açılışını qeyd edirik. Yəqin ki, hamımız yaxşı xatırlayırıq, bu ərazi çox baxımsız vəziyyətə düşmüşdü. Burada böyük abadlıq işlərinə ehtiyac var idi. Bu parkın ərazisi genişləndirilmişdir, gözəl süni göl yaradılmışdır. Bu gölün sahəsi üç hektardır. Gəzinti zolaqları yaradılmışdır. Yəni bu park Bakı sakinlərinin sərəncamına verilir və əminəm ki, bu, növbəti gözəl istirahət zonası olacaqdır. Onu da qeyd etmək istəyirəm ki, ulu öndərin sərəncamı ilə Dədə Qorqud heykəlinin məhz bu parkda ucaldılması nəzərdə tutulmuşdur. Sadəcə olaraq, biz ulu öndərin siyasətinə sadiq qalaraq bu işləri başa çatdırdıq. Mən çox şadam ki, bu gün bu gözəl park və abidə açılır".

Ölkə başçısının Dədə Qorquda bəslədiyi dərin ehtiramın kökündə onun milli-mənəvi dəyərlərimizə olan böyük məhəbbəti dayanır. Əlbəttə, "Kitabi-Dədə Qorqud" bizim ana kitabəmizdir və bu abidənin belə yüksək qiymətləndirilməsi müsbət addımdır. Bu gün Dədə Qorqud abidəsi, Dədə Qorqud parkı Bakının incilərindən biri kimi diqqəti cəlb edir. Qurulub yaradılan hər bir abidə xalqın yaddaş tarixinin yaşaması deməkdir. Dədə Qorqud elə bir arxaik tarixi simadır ki, xalqımız o simanı böyük məhəbbətlə yad edir. Heydər Əliyevin Dədə Qorqudu təbliğ, tanıtma siyasətinin hazırda İlham Əliyev tərəfindən davam etdirilməsi təqdirəlayiqdir. Sözsüz ki, yaradılan nə varsa hamısı tarix üçündür. Gələcək nəsillər görəcəklər ki, Azərbaycan dövləti milli-mədəni abidələrə, dəyərlərimizə, ana dilimizə, ağız ədəbiyyatımıza necə böyük dəyər verib. Bu həm də gənc nəsil üçün bir örnək, tərbiyə məktəbidir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 16 dekabr.- S.10.