Heydər Əliyev və «Kitabi-Dədə Qorqud»a qayıdış...

 

Arxaik türk dünyagörüşünü özündə əks etdirən, tarixi mədəniyyətimizin zirvələrindən olan «Kitabi-Dədə Qorqud» eposu xalqımızın yaddaşında özünəməxsus yer tutur. Bu abidənin Azərbaycanda geniş şəkildə təbliğ olunmasında tədqiqatçı alimlər böyük fəaliyyət göstərib. Ancaq bunların hamısının fövqündə «Kitabi-Dədə Qorqud»a Heydər Əliyev məhəbbəti və qayğısı durur. Bilirik ki, bu abidənin 1300 illiyinin keçirilməsi ümummilli liderin adı ilə bağlıdır.

Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzalayıb. Üç il müddətində yubiley çərçivəsində görülən işləri elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən yüksək qiymətləndirən dövlət başçısı «Kitabi-Dədə Qorqud» ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb.

Qeyd edək ki, 16 fevral 1999-cu ildə ümummilli liderin iştirakı ilə «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclası keçirilib. Bu iclasda Heydər Əliyev çıxış edərək Dədə Qorquda çox böyük qiymət verib. Ulu öndər eposla bağlı çıxışında bildirirdi:» Ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra biz azərbaycanlılar öz tariximizi, tarixi keçmişimizi və tariximizdə mövcud olan mühüm hadisələri, mərhələləri yenidən təhlil edirik, tədqiq edirik və onları müstəqillik mövqeyindən daha da obyektiv, doğru-düzgün yazmağa və həm ölkəmizin ictimaiyyətinə, həm də dünyaya çatdırmağa çalışırıq. Bu baxımdan «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. «Dədə Qorqud» dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verilmiş fərmandan ötən dövrdə xeyli görülmüşdür. Ancaq hələ görüləsi işlər də çoxdur. Ona görə də biz bu gün yubiley komissiyasının iclasına toplaşmışıq. Məqsəd də görülən işlərə nəzər salmaqdan və onların əsasında bundan sonra görüləcək işlər haqqında müəyyən addımlar atmaqdan ibarətdir. Görüləcək işlər haqqında planının layihəsi sizə təqdim olunub. Güman edirəm, onunla tanış ola bilmisiniz. Arzu edərdim ki, müzakirə zamanı öz fikirlərinizlə bərabər, eyni zamanda planına münasibət də bildirəsiniz - nəyi qəbul etmək olar, nəyi olmaz, planımıza əlavə nəyi salmalıyıq. Hər halda, bu il biz yubiley tədbirlərini sona çatdırmalıyıq. Ona görə də qarşıda həm böyük, həm də çox gərgin durur. Bəllidir ki, tariximizin ən parlaq səhifələrindən biri olan «Kitabi-Dədə Qorqud» dastanının yubileyini indi, müstəqil Azərbaycanın müasir şəraitində çox yüksək səviyyədə keçirməliyik. Ona görə də mən bugünkü müzakirədən çox şey gözləyirəm...».

 «Dədə Qorqud»a kompleks baxış...

Heydər Əliyev qeyd edirdi ki, «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının ən görkəmli, ən parlaq abidəsidir: «Kitabi-Dədə Qorqud» dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir. Məlumdur ki, XX əsrdə Azərbaycan xalqı bir çox tarixi hadisələri yubileylərlə, yaxud başqa tədbirlərlə qeyd edibdir. Ancaq bu gün təəssüflə deyə bilərik ki, «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycanın həyatında özünəməxsus yeri indiyə qədər tutmayıbdır. Bunun da səbəbləri məlumdur. Çıxışlarda bu barədə deyildi. Biz ötən dövrdə tariximizi özümüz istədiyimiz kimi yaza bilməmişik. Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət tariximizin həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst olmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdı. Buna təəssüf etmək olar. Bununla yanaşı, bu gün məmnuniyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın vətənpərvər alimləri, tədqiqatçıları, yazıçıları, şairləri «Kitabi-Dədə Qorqud» dastanı haqqında öz imkanları dairəsində əsərlər yaratmışlar və «Kitabi-Dədə Qorqud»un tədqiqatı aparılmışdır. Ancaq buna dövlət himayəsi istənilən səviyyədə olmamışdır. Məsələn, 1970-ci illərdə, 1980-ci illərin əvvəlində mən Azərbaycana rəhbərlik etdiyim zaman biz respublikamızın tarixi, keçmişi, ədəbiyyatı, mədəniyyəti haqqında çoxlu tədbirlər həyata keçirdik. Amma mən bu gün açıq deməliyəm ki, «Kitabi-Dədə Qorqud» haqqında heç bir təşəbbüs irəli sürülməmişdir. Mən bu gün bunu qətiyyətlə deyirəm. Əgər belə bir təşəbbüs irəli sürülsəydi, biz bunu müəyyən çərçivədə həyata keçirə bilərdik. Mənim işlədiyim həmin illərdə milli mədəniyyətimizə, tariximizə aid olan bir çox tədbirlərin keçirilməsinə Moskvanın müqavimətini, hətta qadağanını hiss etmişdik. Lakin bununla yanaşı, bizim cəhdlərimiz, təkidlərimiz nəticəsində biz o vaxt bir çox tədbirlərin keçirilməsinə nail olmuşduq. Mən bu gün, bu müzakirə zamanı düşünürəm, - bəs nə üçün «Kitabi-Dədə Qorqud» haqqında heç bir təşəbbüs olmamışdı? Eyni zamanda, özüm belə bir cavab verə bilərəm: yəqin ona görə ki, ümumiyyətlə, bizim Azərbaycanın üzərinə pantürkizm damğası vurulduğuna, Azərbaycanda çox dəyərli insanlar pantürkist adı ilə həbs olunduğuna, repressiyaya məruz qaldığına, əsərlər, kitablar dağıdıldığına görə alimlərimiz, ictimai xadimlərimiz «Kitabi-Dədə Qorqud» haqqında təşəbbüs qaldırmağa bəlkə də cəsarət etməyiblər. Mən bunu belə izah edə bilərəm. Ancaq biz eyni zamanda onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermişlər, əsərlər yaratmışlar və «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir. Amma, şübhəsiz, bunlar bizim bu gün istədiyimiz səviyyədə - tarixi ədalət səviyyəsində olmayıbdır. Burada artıq qeyd olundu ki, Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Əbdüləzəl Dəmirçizadənin və başqa alimlərin yazdıqları əsərlər «Kitabi-Dədə Qorqud» dastanının elmi tədqiqi və geniş təbliğ edilməsi üçün böyük xidmətlər göstərmişdir. Başqa bir çox alimlərin də adını çəkə bilərik. Bizim hörmətli alimlərimiz burada çıxış etdilər və öz tədqiqatları, yazdıqları əsərlər barədə məlumat verdilər. Bunlar hamısı çox qiymətlidir. Mən bu görüş ərəfəsində bir neçə belə kitabla tanış oldum. Alim, professor Samət Əlizadənin burada qeyd etdiyi həmin kitab 1988-ci ildə Fərhad Zeynalovun və Samət Əlizadənin müəllifliyi ilə nəşr edilmişdir. Mən bu kitaba baxdım. O, həqiqətən çox sanballı elmi əsərdir. Ancaq bu elmi əsərlər alimlər, tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyır, geniş ictimaiyyət isə bunlardan istənilən səviyyədə istifadə edə bilməyibdir. «Kitabi-Dədə Qorqud»un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda, «Kitabi-Dədə Qorqud» Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır. Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm. Təbiidir, siz də, biz də, hamımız bilirik ki, hər bir tarixi hadisəni elmi kitablardan da tapıb oxumaq olar. Amma hər bir insan elmi kitablardan istifadə edə bilmir. Son onilliklərin təcrübəsi onu göstərir ki, geniş kütlə, xalq üçün tarixi hadisələri izah, təbliğ etməkdən ötrü ən gözəl vasitə onlar haqqında filmlərin, səhnə əsərlərinin yaranmasıdır. Məsələn, Üzeyir Hacıbəyov vaxtilə «Koroğlu» operasını yaradana qədər bəlkə də xalqımız Koroğlunu bu qədər dərindən dərk edə bilmirdi. Ancaq Üzeyir Hacıbəyovun yaratdığı «Koroğlu» operası və onun səhnəmizdə çox gözəl şəkildə təqdim olunması indi Koroğlu obrazının və «Koroğlu» dastanının məzmununu, mənasını hamımız üçün çox gözəl göstərir. İndi hər birimizdən soruşsalar ki, Koroğlu kimdir, mərhum böyük müğənnimiz Bülbülün səhnədə yaratdığı Koroğlu obrazı yada düşür. Yaxud, - mən bunu vaxtilə demişəm, - Səməd Vurğunun Vaqif haqqında yazdığı pyes Vaqifi geniş kütləyə tanıdıbdır. Vaqifin şeirləri, əsərləri tanınırdı, amma o qədər də geniş yox. Şeirlərini oxuyurduq, lakin Vaqifin kim olduğu, onun həyatı, tərcümeyi-halı, yaradıcılığı haqqında geniş məlumat yox idi. Xatirimdədir, mən orta məktəbdə oxuyarkən «Ədəbiyyat müntəxəbatı» kitabında Vaqif haqqında bir-iki səhifə və şeirləri var idi. Biz orta məktəbdə oxuyarkən Vaqifin «Bayram oldu, heç bilmirəm neyləyim» şeirini öyrənmişdik. Mənim orta məktəbdən yadımda qalan odur. Amma «Vaqif» pyesini görəndən sonra Ələsgər Ələkbərovun ifasında Vaqifin surəti də, eyni zamanda Vaqif də bizə məlum oldu. Ona görə də tarixi mövzuda yaradılan əsərlər, o cümlədən «Nəsimi», «Babək» filmləri çox qiymətlidir. Şübhəsiz ki, Anarın yaratdığı «Dədə Qorqud» filmiçox qiymətlidir. Onun qiyməti bəlkə də ona görə çoxdur ki, - indi hamımız bilirik - «Kitabi-Dədə Qorqud» dastanının dili çox çətindir, mürəkkəbdir. Onun tarixibaşqa dastanlar kimi o qədər tədqiq olunmayıbdır. Ona görə də bu təşəbbüs çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu film qarşıdakı yubiley zamanı Azərbaycan ictimaiyyətinə, kütləyə yenidən təqdim olunmalıdır. Mən burada irəli sürülən təkliflərlə tamamilə razıyam ki, «Kitabi-Dədə Qorqud» haqqında böyük bir serial yaratmaq olar. Bunun nə həcmdə olacağını mən bu gün müəyyən edə bilmərəm. Amma bu təklifi dəstəkləyirəm, qəbul edirəm və biz belə bir serialın yaranması üçün lazımi vəsait taparıq. Yəqin ki, bu, tədbirlər planında öz əksini tapmalıdır və bu barədə işlər görülməlidir».

 «Kitabi-Dədə Qorqud»un öyrənilməsinin birinci mərhələsi...

 «Beləliklə, indiyə qədər olan dövrdə müəyyən işlər görülübdür. Əgər biz tariximizi bu gün müəyyən qədər səliqəyə salsaq, indiyədək görülən işləri yəqin ki, «Kitabi-Dədə Qorqud»un tarixinin öyrənilməsinin birinci mərhələsi hesab etmək olar. Yəqin ki, ikinci mərhələ «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verilmiş fərmandan başlanır. Siz bu fərmanın əhəmiyyətini burada çox düzgün qeyd etdiniz. Bu fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, birincisi, biz bütün dünyaya nümayiş etdirirbildiririk ki, bəli, «Kitabi-Dədə Qorqud» dastanının azı 1300 il yaşı vardır. İkincisi, onu bildiririk ki, bəli, «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan xalqına, bütün türk dünyasına məxsusdur. Ancaq onun vətəni Azərbaycandır. Burada çox deyildi, bəli, onun vətəni, sahibi Azərbaycan xalqıdır, onun sahibi müstəqil Azərbaycan dövlətidir. Mən belə hesab edirəm ki, bax, bu iki cəhət bizim fərmanın böyük əhəmiyyətini nümayiş etdirir. Həmin fərman veriləndən indiyə qədər görülən işlər də çox əhəmiyyətlidir. Burada bu barədə məlumat verildi. Ancaq daha da çox bundan sonra görülməlidir. Bundan sonra görüləcək işlər isə iki mərhələyə bölünə bilər: birincisi, vaxtını müəyyən edəcəyimiz builki zirvə tədbirinə qədər; ikincisi, ondan sonrakı dövrdə görüləcək işlər. Təbiidir, biz «Kitabi-Dədə Qorqud»un 1300 illik tarixini təhlil etmək, əsərlər yaratmaq və onları nəşr etmək, dünyaya yaymaq işini bir il ərzində görə bilmərik. Ona görə də bizim planımızın iki hissəsi olmalıdır. Onun birinci hissəsində nəzərdə tutulan işlər son yubiley tədbirinə qədər görüləcəkdir. İkinci hissəsində planlaşdırılan işlər isə son yubiley tədbirindən sonra, gələcək illərdə görüləcəkdir. Hesab edirəm ki, 1997-ci ildə verilmiş fərman gələcək çox illər, on illər üçün böyük perspektiv açıbdır. Biz böyük bir perspektiv plan hazırlamalı və onu ardıcıl surətdə həyata keçirməliyik. Biz nə qədər çox işləsək, «Kitabi-Dədə Qorqud»u, tariximizi bugünkü və gələcək nəsillərə daha da dolğun, düzgün çatdıra biləcəyik. Biz bunu mütləq etməliyik. Nəhayət, həmin fərmanın meydana çıxması və indi bu müzakirənin aparılması, gələcəkdə görüləcək işlər Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Bəli, biz keçmişdə nə qədər görmüşüksə, indi - müstəqil dövlət olduqdan sonra gördüyümüz işlər onların hamısından üstündür. Çünki biz indi sərbəstik, azadıq, müstəqilik, biz tariximizi olduğu kimi əks etdiririk və əks etdirəcəyik. Biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır. Çünki «Kitabi-Dədə Qorqud» dastanı kimi böyük bir elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər. Bunlar da ölkəmizin müstəqilliyi nəticəsində mümkün olmuşdur. Biz bu müstəqillik dövründən səmərəli istifadə etməliyik. Müstəqilliyin qarşımızda qoyduğu vəzifələr çoxdur. Biz hüquqi, demokratik dövlət qururuq, iqtisadi islahatlar aparırıq, siyasi islahatları həyata keçiririk, iqtisadiyyatı inkişaf etdiririk, dövlətimizi möhkəmləndiririk. Bununla yanaşı, mən böyük iftixar hissi ilə deyə bilərəm ki, son illər Azərbaycanda müstəqilliyin imkanlarından istifadə edərək tariximizi təhlil etmək, ədəbiyyatımızı, mədəniyyətimizi yenidən dərk etmək və dünyaya nümayiş etdirmək sahəsində çox işlər görmüşük. Ancaq bundan sonra daha da çox işlər görməliyik və ümid edirəm ki, görəcəyik. Bunların hamısı Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasına kömək edəcəkdir. Mən bir daha deyirəm ki, burada irəli sürülən təkliflər çox dəyərlidir. Məsələn, mən Dədə Qorqud haqqında bu fikirlə razıyam ki, bəlkə də adi bir heykəl qoymaq o qədər də məqsədəuyğun olmazdı. Mən razıyam ki, böyük bir kompleks yaratmaq, onun üçün münasib yer seçmək olar. Yəni doğrudan da bir surətin heykəlini qoymaq çox lazımdır, lakin «Kitabi-Dədə Qorqud» elə bir dastandır ki, kompleks götürsək, məsələn, bir şəhərcik ayırsaq, sonra orada cürbəcür başqa abidələr də yaratmaq olar. Memarlarımız, heykəltəraşlarımız, rəssamlarımız bu barədə düşünməlidirlər. Hesab edirəm ki, biz bunu edə bilərik. Təbiidir ki, bunu qısa bir zamanda etmək mümkün deyildir. Ancaq əgər bizim mütəxəssislərimiz bu barədə yaxşı bir təklif irəli sürə bilsələr, komissiyamız bu sahədə yaxşı işləyə bilsə, biz belə bir layihəni qəbul edərək və bu layihə əsasında bir, iki, üç ilə böyük bir kompleks yarada bilərik. Bu lazımdır. Əgər film lazımdırsa ki, insanlar baxsınlar, böyük bir kompleks də lazımdır ki, insanlar daim oraya getsinlər. Dədə Qorqudu ziyarət etsinlər və tariximizlə, Dədə Qorqudla daim təmasda olsunlar»-deyə ulu öndər bildirirdi.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 15 dekabr.- S.11.