Azərbaycan mədəniyyətinin
hamisi - Heydər Əliyev
Mədəniyyət, ədəbiyyat, sənət o zaman ayaqda qalıb nüfuzedicilik qabiliyyətini qoruyur ki, ona dayaq olan, hamilik edən şəxsiyyətlər olsun. "Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu dəyərli ifadənin müəllifi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.
Zəngin, dərin tarixi ənənələr üzərində pərvəriş tapan Azərbaycan mədəniyyətinə ümummilli lider hər zaman qayğı və sevgi ilə yanaşıb. Təsadüfi deyil ki, böyük şəxsiyyəti hər bir mədəniyyət xadimi, mədəniyyət adamı dəyərlərimizin hamisi kimi tanıyır və onun bu sahədə gördüyü işləri məmnunluqla xatırlayır. Bilirik ki, Azərbaycanın müstəqilliyinin ilk illərində mədəniyyətimiz böyük çətinliklər qarşısında qalıb, bu sahədə bir sıra itkilərimiz olub, demək olar ki, mədəniyyətimiz qayğıdan, diqqətdən kənar qalıb. Lakin Heydər Əliyevin hakimiyyətə qayıdışı bu sahənin tərəqqisinə yeni təkan verib. Mədəniyyətşünaslar haqlı olaraq qeyd edir ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoyub. Bu da faktdır ki, işinin həddindən artıq çoxluğuna, vaxtının isə hədsiz azlığına, vacib dövlət işləri ilə məşğul olmasına baxmayaraq, Heydər Əliyev teatra gəlir, yeni tamaşalara baxır, hər zaman tamaşa sonunda səhnə arxasında sənətçilərlə görüşüb, konkret tamaşa və ümumən teatr sənətimiz barəsində strateji xarakterli, dərin məzmunlu fikirlərini söyləyirdi. Onun fikirlərindən biri belədir: "Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam".
Böyük ömürdən mədəniyyətimizə düşən qayğı payı...
Biz onun qayğı və diqqətini mədəniyyətin bütün sahələrinə göstərdiyi münasibətdən bilirik. Heydər Əliyev müstəqil Azərbaycanın mədəniyyət siyasətinin bünövrəsini qoyub, onun zənginləşməsi, maarifçilik yolu ilə təbliğ olunmasının istiqamətlərini müəyyənləşdirib. Əlbəttə, bundan xalq qazanıb. Xalq görüb ki, onun mədəniyyətinə qayğı, dəyər verilir.
Fəlsəfə elmləri doktoru, professor Nigar Ələkbərova Heydər Əliyevin mədəniyyətə qayğısını təhlil edərək onun əhəmiyyətini qeyd edir: "Azərbaycan xalqı bəşər tarixinə qüdrətli şəxsiyyətlər bəxş edib. Belə nadir tarixi simalar sırasında böyük əzəməti, tükənməz qətiyyəti, dərin fəlsəfi-analitik təfəkkürü, ensiklopedik nəzəri və praktiki biliyi, fitri istedadı, dahi müdrikliyi və əyilməz, polad siyasi iradəsi ilə seçilən, müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin xüsusi yeri var. İllər keçdikcə Azərbaycan xalqının bu ölməz oğlu, ümumbəşər tarixinin dahi şəxsiyyəti, onun siyasi və mənəvi örnəyə çevrilmiş ləyaqətli həyat yolu, tarixi əhəmiyyət kəsb edən böyük xidmətləri, zamanın sınağından çıxmış strateji xətti daha aydın görünərək insanları, bütün bəşəriyyəti daim heyrətdə qoymaqda davam edir".
Nigar xanımın sözlərinə görə, danılmaz bir həqiqətdir ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü məhz Heydər Əliyev yaradıb: "O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr edib, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memarı olub. Bütün digər sahələrdəki kimi, onun dahiyanə uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində də dərin və silinməz iz qoyub. Mübaliğəsiz demək olar ki, ümummilli lider Azərbaycanın mədəniyyət siyasətinin banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni dövr üçün zənginləşdirilir".
Milli mədəniyyətimizin hamisi...
Professorun qeyd etdiyinə görə, müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublika son dərəcə çətin və mürəkkəb dövlət quruculuğu yolundan keçməli idi. Onun sözlərinə görə, həmin illərdə mədəniyyətdə də qatma-qarışıqlıq və qeyri-müəyyənlik, müxtəlif mənfi meyllər baş alıb gedirdi: "Bir tərəfdən anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən iqtidarda olan qeyri-peşəkar şəxslərin mədəniyyətə çox qəribə, hətta son dərəcə bəsit və sadəlövh yanaşması, məsələn, onlar tərəfindən Qərb mədəniyyəti, incəsənəti, dəyərləri və təhsilinin bizə guya tamamilə yad olması və lazımsızlığının bəyan edilməsi bu sahənin normal inkişafının qarşısını alır, çağdaş Azərbaycan mədəniyyətini ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr vurur, beləliklə də sağlam rəqabətə meylini azaldırdı. Ümumiyyətlə, demək olar ki, bu mərhələdə düşünülmüş mədəniyyət siyasəti yox dərəcəsində idi. Nəhayət, böyük öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra vəziyyət köklü surətdə dəyişdi. O vaxtdan etibarən Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin modernləşməsi və transformasiyası mərhələsi başlandı. Artıq bu gün yeni mədəniyyət siyasətinin təşəkkül tapması, onun məqsəd və prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə cavab verməsi ən vacib və təxirəsalınmaz problemlər sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslandırılmış həmin siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək ölkəmizdə qəbul edilib. Həmin model Azərbaycanın tərəf müqabili qismində ümumdünya mədəni prosesində iştirakına əsaslanır və respublikamızda optimal sosio-mədəni dinamikanın dəstəklənməsinə imkan yaradır. 1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülüb. İlk növbədə, mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Nəşriyyat işi haqqında", "Muzeylər haqqında", "Arxiv fondu haqqında", "Memarlıq fəaliyyəti haqqında" qanunlar, bir sözlə, 2003-cü il daxil olmaqla, 21 qanun Milli Məclisdə qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanıb, elm, ədəbiyyat və mətbuatda ideoloji senzura ləğv olunub, idmanda böyük uğurlar əldə edilib".
Heydər Əliyevin qoyduğu izlər...
Professor Ələkbərova daha sonra qeyd edir ki, Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Arxeoloji irsin qorunması haqqında" konvensiyalara qoşulub. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir: "Nəticədə bir sıra maraqlı proqramlar həyata keçirilib. Məsələn, "Azərbaycan Respublikasında mədəniyyət siyasəti" məruzəsi hazırlanıb, Strasburq şəhərində təqdimatı keçirilib və müxtəlif dillərdə çap olunub. Yeni mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulub, o cümlədən, respublika Prezidentinin sərəncamına əsasən, onlara fərdi pensiyaların, dövlət mükafatlarının, fəxri adların, gənc yazarlara isə təqaüdlərin verilməsinə başlanıb. Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və konfransların keçirilməsi də təqdirəlayiqdir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi İçəri Şəhər Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə həmin Mərkəzin siyahısına daxil edilib.
2003-cü ildən sonra isə dahi Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında indiki dövrün tələblərinə müvafiq olaraq çox uğurla davam etdirilir və innovasiyalarla zənginləşdirilir".
Dahi şəxsiyyətin elm və mədəniyyət sahəsindəki xidmətləri
Çağdaş tarixi mənbələrdə yazılır ki, Heydər Əliyevi səciyyələndirən xüsusiyyətlərdən biri də onun elmə, ədəbiyyata, incəsənətə və mədənyyətə daim diqqət göstərməsidir. Məlumatlara görə, ümummilli liderin qayğısı sayəsində 1969-1982-ci illərdə respublikamızda elmin bütün sahələri inkişaf etdi. Dünya miqyasında tanınan alimlərimiz tərəfindən fundamental əsərlər yaradılıb. Geniş profilli, yüksək ixtisaslı kadr potensialı yetişib. Mənbələrdən oxuyuruq ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışına qədərki dövrdə Azərbaycan elmi ciddi təhlükə qarşısında olub, lakin onun qayıdışı elmimizi təhlükədən qurtarıb. Elmlər Akademiyasının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hazırda respublikamızda onlarla ali məktəb fəaliyyət göstərir, elmi-tədqiqat institutları elmimizin inkişafına layiqli töhfələr verir. Bütün bunlar respublikamızda yaradılmış sabitliyin, əmin-amanlığın, işgüzar fəaliyyətin nəticəsidir. Bu isə, şübhəsiz, xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlı idi. Böyük öndər məsələni bu cür qoyurdu: "Ümumi çətinlik nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik".
Mədəniyyətşünaslar qeyd edir ki, o dövrdə iqtisadi vəziyyətin çətin olmasına baxmayaraq, 1969-1982-ci illərdə respublikamızda 3677 klub, 4794 kütləvi kitabxana, 906 kino qurğusu, 25 peşəkar teatr, 4 filarmoniya, 7 musiqi kollektivi, 123 muzey fəaliyyət göstərib. H.Əliyevin diqqət və qayğısı sayəsində doğma Bakımız dünyanın ən möhtəşəm memarlıq tələblərinə cavab verən, orijinal görüşünə malik arxitektura nümunəsinə çevrilib. Misilsiz sənət abidələri olan "Gülüstan" və "Respublika" sarayları (Heydər Əliyev adına Saray-İ.S), idman kompleksi, kondisioner zavodu, neçə-neçə inzibati və yaşayış binaları, yazıçı, şair və ictimai- siyasi xadimlər üçün ucaldılmış heykəllər Heydər Əliyevi tarixdə yaşadacaq.
Onu da bildirək ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə ədəbiyyatın, incəsənətin inkişafı diqqət mərkəzində qalıb. Bu illərdə tarix-diyarşünaslıq muzeyləri, poeziya evləri açılıb, tarixi yerlərin mühafizəsi gücləndirilib. 1977-ci ildə İçəri Şəhər dövlət tarix- memarlıq qoruğu elan edilib. Heydər Əliyev həmişə yaradıcı ziyalılara yüksək qiymət verib. Bu mənada onun ədəbiyyat və incəsənət xadimlərinə münasibəti diqqətəlayiqdir. Yazıçı və şairlərin mədəni irsinə qayğı, onların kitablarının nəşri, ayrı-ayrı incəsənət xadimlərinin yubileylərinin keçirilməsi olduqca təqdirəlayiq işdir və bütün bunlar dövlət səviyyəsində aparılır. Ümummilli liderin qayğısı sayəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün Lüksemburqda Rusiya Federasiyası səfirliyinin binası önündə yad edilməsi unudulmaz tarixi faktdır. Dahi Azərbaycan mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyinə türkdilli dövlətlərdən nümayəndələrin gəlməsi, Nəriman Nərimanovun Tiflisdə ev muzeyinin açılması, Ulyanovskda büstünün qoyulması, Molla Pənah Vaqifin Şuşada məqbərəsinin açılması, Hüseyn Cavidin qəbrinin Sibirdən doğma torpağı Naxçıvana gətirilməsi və orada dəfn edilməsi Heydər Əliyevin Azərbaycan mədəniyyətinə dair siyasətinin bir hissəsidir. Heydər Əliyevin sərəncamı ilə "Dədə Qorqud"un 1300 illik yubileyinin təntənəli surətdə qeyd olunması bunun bariz nümunəsidir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 12-14 dekabr.- S.11.