Gənclərin vətənpərvər
formalaşmasında güzəştli dövlət
sosial layihələrin rolu...
Azərbaycan gəncliyinin
sosial rifahının
yaxşılaşdırılması üçün
dövlət tərəfindən çoxsaylı tədbirlər
görülür. Dövlətin və
aidiyyəti qurumların həyata keçirdiyi
işlər sırasında gənclərin mənzil probleminin müxtəlif proqramlar
çərçivəsində həllidə var.
Bu istiqamətdə görülən və
həyata keçirilməsi planlaşdırılan məsələlərdən
biri də gənclərin aşağı
faizlə kredit yolu ilə
mənzil almasıdır. Uzun müddətdir gənclərin mənzil-məişət
probleminin bu yolla həll ediləcəyilə bağlı
məsələ gündəmdədir. Təbii ki, gənclərlə
əlaqəli həyata keçirilən istənilən layihə,
proqram onların həyatına,
yaşayışına, hətta deyərdik ki,
vətənpərvər olmasına stimul verir. Sosioloqlar hesab edir ki,
gənclərin problem və
qayğılarının həlli onların birbaşa
şüuruna təsir edir.
Yəni hərtərəfli təmin edilən gənc özünü bütövlükdə əməli,
faydalı işə sərf edə biləcək. Bilirik ki, gənclərin bir qisminin kirayələrdə
yaşaması böyük problem yaradır. Sözsüz
ki, bu gün
gənclərin sosial ipoteka
almasında ciddi problemlər mövcuddur. Azərbaycan hökumətinin bu çətinliyi aradan
qaldırmaq məqsədilə gənclərə rahat şəkildə ipoteka
ilə mənzil almasına şərait yaratması təqdirəlayiq
haldır. Azərbaycan
Respublikası Gənclər və İdman
Nazirliyi hazırda belə təşəbbüslə
çıxış edir. Daha
doğrusu, nazirlik
artıq bu sahədə iş
görməyi qarşısına məqsəd qoyub.
Mediada yayılan məlumata görə,
keçən il nazirlik
Azərbaycan İpoteka Fondu
ilə birlikdə uzun müddət təkliflər
paketi üzərində işləyib və
həmin layihə artıq Nazirlər Kabinetinə təqdim olunub. Bu barədə
açıqlama verən gənclər və idman
nazirinin müavini İntiqam Babayev bildirib ki, layihədə ipoteka kreditlərinin verilmə mexanizminin
daha da təkmilləşdirilməsi
təklif olunub: "Sosial
ipotekanı əldə etmək hüququ olan insanların kateqoriyasının və
verilən vəsaitin həcminin artırılması ilə
bağlı təkliflərimiz var. Eyni zamanda vətəndaşları
narahat edən əsas məsələlərdən
olan illik faiz və ilkin ödəniş
məsələsi ilə də bağlı həmin paketdə
təkliflər yer alıb. Bu günə qədər sosial
ipoteka gənc ailəyə və hərbi
qulluqçuların ailələrinə aid
idi. Təklif etmişik
ki, bu, gənc ailələrlə
yanaşı, subay gənclərə də
aid olunsun. Eyni zamanda təklif edirik ki, bu gün
müxtəlif elm müəssisələrində
çalışan elmi işçilər,
laborantlar və sairələr də gənc
alim statusuna
yaxınlaşdırılsınlar ki,
onların da həmin ipotekadan
istifadə etmək hüququ olsun. Müəyyən razılaşmadan
sonra son qərarın
necə olduğunu deyə bilərik". Nazir müavini həmçinin onu
da əlavə edib ki, nazirlik Azərbaycanda Gənclərin
İnkişaf Strategiyasının layihəsini
hazırlayıb və hazırda bu layihə
aidiyyəti dövlət qurumlarında
razılaşdırılma mərhələsindədir: "Gənclər
siyasəti haqqında" Qanuna əlavə
və dəyişikliklər edilməsi üçün
də təkliflər paketini
hazırlamışıq. Yaxın günlərdə təkliflər
paketi Milli Məclisin müvafiq komitəsinə təqdim olunacaq. Gənc alimlərlə
bağlı əlavə bəndlərin salınması da həmin təkliflər içərisində
yer alıb. 29 yaşa
qədər elm sahəsində kifayət
qədər təsiredici nailiyyətlər əldə etmək
bir qədər çətin olduğu üçün
məhz gənc alimlərlə bağlı yaşın
artırılmasını təklif edirik.
Bununla bağlı son
sözü parlament
deyəcək. Biz Milli
Elmlər Akademiyası ilə də bu barədə
müzakirələr aparırıq. Müzakirələr 35 və
40 yaş arasında gedir". Qeyd edək ki, sözügedən nazirlik
dəfələrlə gənclərin, gənc ailələrin
ipoteka yolu ilə mənzil
alması, kreditin digər növlərindən
bəhrələnməsi üçün
addımlar atıb. Məsələ burasındadır ki, hazırda yalnız paytaxt
gəncləri deyil, bölgə gəncləri
də evsizlik problemilə
qarşılaşır. Son illər aktual olan bu
problem əlaqədar nazirliyi
narahat edir. Hətta
keçən ilin sentyabrında gənclər
və idman naziri Azad Rəhimov bildirirdi ki, regionlarda keçirilən
görüşlərdə gənclərin yarısı
məhz evsizlik problemindən şikayət
edirlər: "Biz regionlarda
gənclərlə çoxlu
görüşlər keçiririk.
Görüşlərin 50 faizində gənclər
evsizlik problemini qaldırıblar. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
bizə bununla bağlı tapşırıq
verilib. Biz hazırda bölgələrdə
sosial ipotekanın təbliği ilə bağlı hansı işlərin aparıla bilməsi proqramı və onun yeni
modeli üzərində
işləyirik". Azad Rəhimovun
sözlərinə görə,
evsizliklə yanaşı,
məşğulluq, asudə
vaxtın təşkili
və ictimai işlərdən kənarda
qalma da gənclərin əsas problemləri sırasındadır.
Nazir deyirdi ki, hazırda
bütün bu problemlərin həlli istiqamətində işlər
aparılır. Sosioloq Əhməd Vəlixanovun dediyinə görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan İpoteka Fondunun birlikdə uzun müddət üzərində
işlədiyi təkliflər
paketi və həmin layihənin artıq Nazirlər Kabinetinə təqdim olunması gənclərin
ümidlərini artıran,
onlara stimul verən bir amildir: "Gənclərimizin
mənzil şəraitinin
yaxşılaşdırılması ən vacib məsələlərdən
biridir. Bilirik ki, gənclərin
yarıdan çoxu mənzil almaq imkanına malik deyil. Odur ki, dövlət
müxtəlif yollarla
gənclərin ev-eşik
sahibi olmasına şərait yaradır.
Gənclərin probleminin həlli
onlara ruh verir. Hərtərəfli
qayğı ilə əhatə olunan gəncin xalqa, dövlətə faydası
da böyük olacaq, gənclərin sosial ipoteka alması məsələsində
hazırda ciddi problem
var. Hər gənc ev ala bilmir.
Bu da mövcud
ipoteka şərtlərinin
ağır olması ilə bağlıdır.
Keçən illərə nəzər
salsaq görərik ki, dövlət gənclərə ipoteka verilməsilə bağlı
xeyli addımlar atıb. Məsələn, 2012-ci ilin dövlət
büdcəsində sosial
ipotekanın tətbiqinin
genişləndirilməsi üçün
İpoteka Fonduna 20 milyon manat vəsaitin
ayrılması nəzərdə
tutulurdu. Qeyd edim ki, cari
ildə sosial ipoteka kreditlərinin verilməsinə büdcədən
14,2 milyon manat yönəldilib. 2010-cu ildə isə
bu rəqəm 14 milyon manat idi.
Ümumilikdə isə fəaliyyətə
başladığı dövrdən
İpoteka Fonduna dövlət büdcəsindən
116 milyon manat vəsait ayrılıb.
Bilirik ki, dəfələrlə
Gənclər və İdman Nazirliyi sosial ipoteka kreditlərinin verilməsi
şərtlərinin tezliklə
dəyişdirilməsi təklifi
ilə çıxış
edib. Bu da
bəllidir ki, barəsində danışılan
məsələ "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramına
daxil edilib. Həmin təkliflərə görə,
dövlət vəsaiti
hesabına maliyyələşdirilən
sosial ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4 faizdən 2 faizədək endirilməlidir.
Nazirlik faizlərin endirilməsi ilə yanaşı, ipoteka alarkən ilkin ödəmənin ləğvini, kreditin maksimum məbləğinin
artırılması təklifini
də irəli sürüb". Sosial ipotekanın faizlərinin aşağı salınması
haqda danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov mediaya bildirib ki, təkcə sosial deyil, adi
ipoteka kreditlərinin də faiz dərəcələri
yüksəkdir və
onun endirilməsinə
ehtiyac böyükdür:
"50 min manatlıq kredit
götürən vətəndaş
25 il müddətində,
yəni kreditin qaytarıldığı dövrdə
aldığı puldan
təxminən 2,5 dəfə
çox kredit qaytarmalı olur. Bununla da 50 min manatın qarşılığında 125 min manat vəsait ödəyir. Bu kifayət qədər böyük məbləğdir.
Nəzərə alaq ki, Avropa ölkələrində
ipoteka kreditləri 4 faizdən yuxarı verilmir. Hətta qonşu Türkiyədə
adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda da kreditlərin
faiz dərəcəsinin
azaldılmasına ehtiyac
var. Faizlərin yüksək
olması orta və aztəminatlı insanlara ipoteka kreditləşməsindən faydalanmağa
imkan vermir". İqtisadçı Mehman Muradlının
dediyinə görə,
Gənclər və İdman Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi proqram və layihə sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəlləri
aradan qaldıracaq.
Bu da gənclərin rahat şəkildə mənzil almasına səbəb olacaq: "Bilirsiz ki, bankların
əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin
ipoteka krediti alan gənclərdən
16 sənəd tələb
olunur. Bununla da Azərbaycanı
dünya ipoteka tarixində gənclərə
verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar".
Ekspert bu sahədəki
problemlərdən biri
kimi ipoteka kreditləşməsi, Fondun
maliyyə mənbələrinin
məhdud olmasını
göstərir. O deyir
ki, Gənclər və İdman Nazirliyinin təklifi qəbul edilsə, illik faiz dərəcəsi
4-dən 2-yə endiriləcək. Mövzu ilə bağlı
danışan iqtisadçı
Akif Nəsirli bildirdi ki, nazirliyin
bu proqramının gənclərin həyatı
üçün əhəmiyyəti
böyükdür. O hesab
edir ki, belə proqramların qəbul edilməsinin gənclərin milli vətənpərvərlik tərbiyəsinə
təsiri böyükdür.
Onun dediyinə görə, gənclər
dövlətin onlara belə ciddi dəstək vermək istəyindən ruhlanacaq:
"Gənclərin mənzil
probleminin həll olunması üçün
kredit faizi minimum həddə müəyyənləşəcək.
Bu çox yaxşı
işdir, gənclərə
böyük dəstəkdir.
Proqram təsdiq edilsə, bundan faydalananlar çox olacaq. Gənclərin milli şüuruna,
vətənpərvərliyinə müsbət təsir edən amillərdən biri də bu
ipoteka məsələsi
olacaq". Sosial ipotekanın verilməsində
subay gənclərin nəzərə alınması
da xüsusi bir məsələdir.
Əvvəllər ancaq
yeni ailə quran gənclər ipoteka ilə ev ala bilirdisə,
indi subaylar da bundan yararlanacaq.
Bunun da müsbət tərəflərindən biri
o olacaq ki, yeni sağlam ailələr qurulacaq.
Ev insanın ilk vətənidir, bu olmayanda insan özünü çox pis hiss edir. Xüsusən də evsizlik
gənclərə mənfi
təsir göstərir.
Amma nazirliyin Nazirlər Kabinetinə təqdim etdiyi proqram təsdiq edilsə, həqiqətən də böyük fayda verəcək.
Nazirliyin Nazirlər Kabinetinə
təqdim etdiyi proqram gənc nəslin tərbiyəsində
mühüm rol oynaya biləcək. Gənclər üçün sosial ipotekanın aşağı faizlərlə
verilməsi və şərtlərin yumşaldılması
gəncliyin öz gələcəyini normal şəkildə
təmin etməsinə
əsas verəcək.
Milli şüura malik Azərbaycan gənci dövlətin yaratdığı
şəraitdən istifadə
edərək daha sağlam və faydalı işlərlə
milli maraqlarımıza
xidmət edər.
Bu qayğı gənclərin həm də vətənpərvərlik
hisslərini gücləndirəcək.
İradə SARIYEVA
Bakı xəbər. - 2014.- 31 yanvar - 2 fevral.- S.15.