Palçıq vulkanlar Azərbaycanda turizmin inkişafına yeni nəfəs verə bilər
Aydın Hüseynov: "Palçıq
vulkanlarının Azərbaycanda
olması turizmin inkişafı baxımından
müsbət göstəricidir"
Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının
Geologiya İnstitutu ölkədəki 25 palçıq
vulkanı üzrə
turist marşrutunun salınmasını təklif
edir.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin müdiri,
geologiya-minerologiya elmləri
doktoru, professor Adil Əliyev mətbuata açıqlamasında bildirib
ki, vulkanların sayına, müxtəlifliyinə
və aktiv fəaliyyətinə görə
dünyada Azərbaycan
ərazisinə oxşar
ərazi yoxdur. Palçıq
vulkanları ekoturizmin inkişafı üçün çox
gözəl obyektlər hesab edilir: "Xaricdən gələn turistlər vulkanlarla maraqlanır. Bəzi turistlər vulkanlara müalicə olunmaq
məqsədilə gedir. Əgər bu işlə məşğul olunsa,
bu, respublikaya valyuta gətirəcək".
A.Əliyev deyib ki, Azərbaycanda 2
vulkan çox nadir hallarda rast gəlinən vulkanlardan
sayılır. Həmin vulkanlar Qobustanda "Qoturdağ"
və "Çeyildağ"
vulkanlarıdır. Bakıdan 50 km qərbdə
yerləşən "Çeyildağ"
vulkanı uzun müddət ərzində
tədricən püskürərək günbəzşəkilli
brekçiya qatı əmələ gətirir:
"Qoturdağ"da
isə süxur daim
sıxılır. Ona oxşar
vulkan Rusiyada var. Digər ölkələrdə belə vulkan yoxdur. Ona görə də Azərbaycana gələn
turistlər üçün belə vulkanlar maraqlıdır".
Onu
da qeyd edək ki, bu gün dünyadakı palçıq
vulkanlarının 344-ü Azərbaycandadır. Onların
da 133-ü Xəzərin Azərbaycan hissəsindədir.
Maraqlıdır, ekspertlərin məsələyə
münasibəti necədir? Belə bir
qərar verilsə, bu, ölkəyə turist axınının güclənməsində
nə kimi rol oynaya bilər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Aydın Hüseynov hesab edir ki, sözügedən təklif kifayət qədər məntiqə uyğundur: "Elə ölkələr var ki, orada büdcə gəlirlərinin 70-80 faizi turizm hesabına formalaşır. Azərbaycanda da qeyri-neft sektorunun şaxələndirilmiş inkişafı istiqamətində aparılan işlərdə önəmli yerlərdən birini də turizm tutur. Yəni bu sahənin inkişaf etdirilməsi nəzərdə tutulub. O baxımdan, palçıq vulkanlarının Azərbaycanda olması turizmin inkişafı baxımından müsbət göstəricidir. Turizmin inkişafı istiqamətində işlər sistemli qurulsa, palçıq vulkanları faydalı olacaq. Bir sözlə, bunun iqtisadi səmərəsi var".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.-4
fevral.-S.12.