Gənclərimizdə əxlaqi keyfiyyətlər
və milli şüura onun təsir imkanları...
Mənəvi təmizlik, əxlaq
gözəlliyi gəncliyin həyatını rövnəqləndirən,
onların xalqa, dövlətə vicdanla xidmət etməsinə
vasitə olan bir keyfiyyətdir. Azərbaycanın
hazırkı vəziyyətində respublikamıza daha
çox vətənpərvər gənclər
lazımdır. Milli şüura sahib olan gəncin
vətənpərvər olması şübhəsizdir.
Gəncliyin tarixi keçmişə, milli
düşüncə, milli adət-ənənələrə
sayğı göstərməsi, bu uca dəyərləri
qoruyub təbliğ etməsi vacib bir işdir. Mədəniyyətinə, mentalitetinə, ruhuna
bağlı gənc istənilən zaman əlinə silah
götürüb torpaqlarımızı qorumağa
hazırdır. Azərbaycan xalqı tarix
boyu çox sınaqla üzləşib, çox
ağırlıqları aşırıb, bu çətinliyi
dəf etməkdə gəncliyin rolu, əməyi böyük
olub. Ekspertlər bildirir ki, gənclərin
vətənpərvərlik, dövlətimizə və
xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi
ən mühüm vəzifələrdən biridir. Sözsüz ki, gənclərin tərbiyəsində
milli adətlərin, böyüyə, kiçiyə hörmətin
rolu var, bu onların vətənpərvərlik hisslərinin
inkişafına səbəb olur.
Sosioloq Zümrüd Bayramovanın
sözlərinə görə, bu gün gənc nəslin
nümayəndələrinin vətənpərvərliyi, qeyrəti,
təəssübkeşliyi özünü güclü şəkildə
büruzə verir: "Gənc nəslin tərbiyəsi,
onların milli şüura bağlılığı əsas
şərtdir. Gənclərə qəhrəmanlarımız
tanıdılır, tariximiz öyrədilir, onlar hər an Vətənin müdafiəsinə hazır
olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə
zidd təzahürlərə qarşı qətiyyətli
mübarizə aparan insanlar kimi formalaşırlar. Deyərdim ki, Qarabağ müharibəsi veteranları
ilə gənclərimizin görüşlərinin təşkil
olunması, müharibədə fədakarlıq göstərən
igidlərimizlə aparılan söhbətlər gənclərin
vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət
daşıyır. Bütün bunlar vətənpərvərlik
hisslərinin aşılanmasında mühüm rol oynayır.
Vətənpərvərlik tərbiyəsi və
fiziki tərbiyə vəhdət təşkil edəndə
daha səmərəli olur. Bu gün gənclərlə
iş dövlətimizin siyasətinin əsas məsələlərindən
biridir. Gənclərimizin sağlam və vətənpərvər
ruhda böyüməsi üçün müxtəlif
bölgələrdə idman qurğuları istifadəyə
verilir. Dövlətimiz bu sahədə
bütün imkanlarından istifadə edir".
Z.Bayramovanın sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü
siyasətin nəticəsidir ki, ölkəmizdə artıq
40-dan artıq müasir tipli Olimpiya İdman Kompleksi tikilib
istifadəyə verilib. Onun dediyinə görə, həyata
keçirilən tədbirlər Azərbaycan gənclərinin
həm fiziki, həm də mənəvi tərbiyəsində,
o cümlədən gənclərimizin Vətənə sədaqət
ruhunda böyüməsində əvəzsiz rol oynayır:
"Gənc nəslin milli mənlik şüurunun inkişaf
etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin
tərbiyəsi istiqamətində respublikamızın hər
yerində lazımi işlər aparılır. Uşaqlarla
Vətəni qorumaq və sevməklə bağlı müxtəlif
mövzularda söhbətlər edilir. Vətənpərvərlik
hissinin yaradılmasında əhəmiyyətli rol oynayan hərbi
idman oyunlarının keçirilməsi də təqdirəlayiqdir.
Məktəbli uşaqların əsgər forması geyinərək
yarışda iştirak etməsi onların bir anlıq özlərini
əsgər kimi hiss etməsinə şərait yaradır. Ona görə də belə tədbirlər gənc
nəslin vətənpərvərlik ruhunda böyüməsinə
öz müsbət təsirini göstərir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi
ilə bağlı işlərin forma və
üsullarının müxtəlif və rəngarəng
olması da əhəmiyyətli rol oynayır. Məsələn,
Azərbaycan ordusunun yaradılması günü kimi bayram tədbirlərinə
hazırlıq və təntənəli surətdə qeyd
edilməsi, hərbi hissələrə, döyüş yerlərinə,
qəhrəmanların abidələrinə ekskursiyaların təşkil
olunması, Qarabağ müharibəsinin veteranları və
milli ordunun nümunəvi əsgərləri ilə
görüşlər keçirilməsi gənclərin
yaddaşında dərin iz buraxır. Hərbi-vətənpərvərlik
mövzularında görüşlər, söhbətlər, ədəbi-bədii
gecələr, müzakirələr keçirmək, şəkilli
albomlar, fotosərgilər, fotoalbomlar təşkil etmək və
s. tədbirlər vətənpərvərlik tərbiyəsində
ən təsirli formalardır. Bunlar həyata
keçirilən zaman hər bir gənc Vətən
qarşısında öz məsuliyyətini başa
düşür, Vətəni qorumağa, onu sevməyə
bütün varlığı ilə hazır olur. Danılmaz faktdır ki, böyüklərə
hörmət, tələbkarlıq prinsipinə əməl etmək,
obyektiv olmaq, ləyaqət və humanizm kimi əxlaqi keyfiyyətləri
uca tutmaq da gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsinə çox güclü təsir göstərir".
Ekspert
dedi ki, tarixin Azərbaycan xalqına yaşatdığı
ağır illərdə Vətənin cəsur
oğulları torpaqlarımızın hər
qarışı uğrunda canlarından keçməyə
hazır olub. O bildirir ki, Vətən təhlükədə
olanda çiyin-çiyinə dayanmaq, səngərdə
arxa-arxaya söykənmək ən vacib məsələdir:
"Qarabağda baş verən müharibə bir daha göstərdi
ki, bu xalq Vətənin başı üzərində qara
buludlar toplaşanda birləşməyi bacarır. Doğma torpaqlarımızın azadlığı
uğrunda aparılan qanlı döyüşlərdə minlərlə
oğul və qızlarımız şəhidlik zirvəsinə
ucaldı, öz adlarını qanları ilə tarixə
yazdılar. Xalqımızın ədalətli
müharibəsində Azərbaycanın bütün bölgələrinin
fədakar, vətənpərvər insanları silaha
sarıldılar. Düşmənə
qarşı aparılan mübarizədə
çiyin-çiyinə söykənən
oğullarımız göstərdilər ki, Vətən
hamımızındır. Bütün
bunlarla yanaşı, unutmaq olmaz ki, bu gün yurdumuzun dilbər
guşəsi Qarabağ düşmən tapdağı
altındadır. Əzəli Vətən
torpağının azad edilməsi Azərbaycanımızın
ümdə məsələsidir. Bu baxımdan, gənc nəslin
hərbi-vətənpərvərlik, Vətənə, dövlətə
sədaqət, torpaqlarımızın
bütövlüyünün müdafiəsinə hazır
olmaq ruhunda tərbiyə edilməsi dövlətimizin hər an diqqətindədir".
Z.Bayramovanın sözlərinə görə, əxlaqi
dəyərlərə, milli keyfiyyətlərə, sağlam
dini kimliyə bağlı olan gənclərdə vətənpərvərlik
hissinin yüksək olduğu bəllidir. Zümrüd
xanımın dediyinə görə, gənclərin
düzgün yola yönəldilməsi üçün
müxtəlif prinsiplər, qaydalar var. Sözsüz olaraq, gənclərimizin
hərbi-vətənpərvərlik tərbiyəsi əsas
götürülməlidir, götürülür də.
Torpaqlarımızın 20 faizdən çoxu
erməni qəsbkarlarının işğalı
altındadır. 1 milyondan çox
qaçqın və məcburi köçkünümüz
var. Deyərdim ki, hətta sayı artır. Bu mənada ki, onların ailələri genişlənir,
dünən uşaq olanların indi özləri ailə
sahibidir. Demək istəyirəm ki, belə
bir vəziyyətdə qarşıda duran əsas vəzifələrimizdən
biri gənclərimizi düzgün istiqamətləndirmək
və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi
işinə xüsusi önəm verməkdir. Ölkəmizin hər yerində olduğu kimi,
paytaxtımız Bakı şəhərində də bu
işə xüsusi diqqətlə yanaşılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə, digər sahələrdə olduğu kimi, gənclərlə
iş sahəsində də çoxsaylı dövlət
proqramları qəbul olunub və həyata
keçirilir".
Barəsində
danışılan ekspert dedi ki, dövlət proqramlarında
hərbi-vətənpərvərlik tərbiyəsi işinə
xüsusi yer ayrılıb. Onun sözlərinə görə,
bu baxımdan, bu işlə bilavasitə məşğul
olanların üzərinə çox böyük məsuliyyət
düşür: "Ölkəmizdə fəaliyyət
göstərən ayrı-ayrı təşkilatların əsas
məqsədi böyüməkdə olan gənc nəsli bu
işə cəlb etməkdir. Yəni gənc nəslin
hərbi-vətənpərvərlik tərbiyəsi ölkəmizin
siyasətinin əsasını təşkil edir. Mən sevinirəm ki, respublikamızda ən
müasir tələblərə cavab verən idman
qurğuları tikilərək gənclərin istifadəsinə
verilib. Bu idman ocaqları gənc nəslin
sağlamlığının qorunmasına xidmət edir.
Azərbaycan ordusunun əsasını təşkil
edən isə, şübhəsiz ki, gənclərdir. Onların fiziki sağlamlığı Vətənimizin
keşiyində dayanmağa imkan yaradır. Qeyd edim ki, gənclərin orduya
hazırlığı istiqamətində aparılan işlər
alqışa layiqdir. Bu səpkidə
keçirilən tədbirlər ictimaiyyət tərəfindən
çox böyük razılıqla qarşılanır.
Dövlətimizin gənclərə göstərdiyi
qayğı onların maddi və mənəvi problemlərinin
aradan qaldırılmasına təkan verir. Bütün bunlar isə gənc nəslin vətənpərvərlik
tərbiyəsinə müsbət təsir göstərir.
Sözsüz ki, məktəblilərin
iştirak etdiyi "Cəsurlar" və "Şahinlər"
hərbi-idman oyunları bu baxımdan böyük əhəmiyyət
kəsb edir. Orduya hazırlaşan gənclərin
hərbi-idman oyunlarında iştirakı, onların
arasında vətənpərvərlik mövzusunda geniş
söhbətlərin aparılması gənclərimizin Vətənin
müdafiəçiləri kimi formalaşmasında xüsusi
rol oynayır. Dövlətimizin bu sahədə
gördüyü işlər hər birimizin ürəyincədir".
Z.Bayramova bildirdi ki, həm qəbul olunan rəsmi sənədlərdə,
həm böyüklərin verdiyi qiymətli tövsiyələrdə
gənclərin əxlaqi-mənəvi dəyərlərə
bağlılıq ruhunda inkişafı göz önünə
alınıb. Onun sözlərinə görə, gənclər
nə qədər milli kimliyə bağlı olsa, bir o qədər
Vətənə yaxın olar: "Gənclərimizin
keçmişə münasibəti hər zaman aydın
olmalıdır. Bunun üçün də hər
zaman tariximiz, adət-ənənələrimiz, folklorumuz, mədəniyyətimiz
təbliğ olunmalıdır. Hesab edirəm
ki, tariximizi bilməyən gəncin vətənpərvərliyi
də bir qədər süni görünə bilər. Çünki gənclik tamam başqa bir ruhda
yetişməlidir ki, bu gününə və gələcəyinə
sahib dura bilsin. Artıq sağlam ruhlu,
sağlam fikirli gənclər bizim aramızda çoxluq təşkil
edir. Onlar milli əxlaqi prinsiplərə
sadiq olmaqla yanaşı, adət-ənənələrimizə
sadiqliklə də seçilirlər. Əlbəttə,
sağlam ruh və sağlam düşüncə gənclərin
əsas yol yoldaşıdır".
Sosioloqun fikrincə, biz əxlaqi
dəyərlərin gənclərin milli mənlik
şüuruna və vətənpərvərliyinə hansı
formada təsirindən danışırıqsa, onda gənclərin
vətənpərvərlik tərbiyəsinin bu məsələdə
ən önəmli faktor olduğunu qeyd etməliyik. Təbii, Azərbaycanın
gəncləri torpaqlarımızın qorunmasına hər an hazır olmalıdır. Uşaqlarımızın
vətənpərvərlik ruhunda böyüməsinə
dövlətimiz hər cür şərait yaradıb. Onlarda Vətənə sevgi və dövlətə
sadiqlik hissi formalaşdırılır. Düşünürük
ki, əxlaqi keyfiyyətlər günü-gündən daha
güclü şəkildə gənclərə təbliğ
edilməlidir ki, onlar milli mənlik şüuruna daha
bağlı olsunlar.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-4
fevral.-S.15.