"Gənclər paytaxtı" layihəsi və gənclərimizin vətənpərvərlik meylləri...

 

 

 Azərbaycan Respublikasının "Gənclər siyasəti Haqqında" Qanunu gənclərin milli mənlik şüuruna sahib olmasını şərtləndirir, onların vətənpərvərliyini ifadə edir. Gəncliyimizin həyat və fəaliyyətinə stimul verən bu qanunda gəncliyin bütün qayğılarının həlli yolları göstərilib. Bilirik ki, dövlətin gənclərlə bağlı siyasətinin əsasını gənclərə qayğı, diqqət, onların yaşamasına, təhsilinə, iş yeri tapmasına, faydalı əməklə məşğul olmasına imkan yaratmaq təşkil edir. Respublika gəncləri onlara yaradılan hər bir şəraitdən razılıq edir. 

  Ölkəmizdə gənclərin adı ilə sıx bağlı olan bir sıra layihələr, proqramlar, işlər həyata keçirilir. Onlardan biri də son illər həyata keçirilən və davamlı olacağı barədə rəsmi açıqlamalar verilən "Gənclər Paytaxtı" layihəsidir ki, bu da gənclərin həyatını rəngarəng etməyə yönəldilib. Məlumdur ki, bundan əvvəl Azərbaycanın "Sənətkarlıq Paytaxtı", "Folklor Paytaxtı", "Əfsanələr Paytaxtı" və başqa layihələr həyata keçirilirdi, bu layihə indi də mövcuddur. Bəlli olduğu kimi, "Gənclər Paytaxtı" layihəsi start götürərkən Gəncə şəhərlərimiz arasında ilk yerə çıxaraq Azərbaycanın "Gənclər Paytaxtı" adına layiq görüldü. Deyək ki, keçən il "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" çərçivəsində 2013-cü ilin yanvar ayı ərzində keçirilən internet səsvermənin nəticəsi olaraq səslərin 36 faizini toplayan Biləsuvar rayonu Azərbaycanın "Gənclər Paytaxtı-2013" seçilib. Kezən il Bakı şəhərində 2 fevral - Gənclər Gününə həsr edilmiş tədbirdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin "Gənclər Paytaxtı-2013"ün adı rəsmən açıqlandı və Gənclər Paytaxtının rəmzi açarı Gəncədən alınaraq Biləsuvar rayonuna təqdim edildi. 

  Onu da bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən, proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Azərbaycanın gənclər paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Azərbaycanın gənclər paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədilə həyata keçirilir".  

 Mediada gedən məlumatlara görə, Azərbaycanın müxtəlif şəhər və rayonlarının hansı məqsədlə "Gənclər Paytaxtı" elan edildiyi açıqlanıb. Yerli ekspertlərin bildirdiyinə görə, "Gənclər Paytaxtı" internet səsvermə vasitəsinə əsasən gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur. Ekspertlər bildirir ki, səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir. Onu bilmək vacibdir ki, bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər. 

  Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.   

Açıq: səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilir.  

 Şəffaf: hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.

  Bərabər: yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində bərabər hüquqla iştirak edir.  

 Qeyd edək ki, bu il "Gənclər Paytaxtı" adına Naxçıvan şəhəri iddialıdır. Belə ki, Naxçıvanın namizədliyi "Gənclər Paytaxtı-2014" səsverməsinə irəli sürülüb.  

 Mediadan bəllidir ki, bu haqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən məlumat yayılıb. Məlumata görə, yanvarın 23-dən fevralın 1-dək internet vasitəsilə keçirilən səsvermədə yaşından, vətəndaşlığından və milliyyətindən asılı olmayaraq, hər kəs iştirak edə bilib. Ancaq yayılan rəsmi məlumata görə, bu statusa Naxçıvan deyil, Quba layiq görülüb. Xatırladaq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ilk belə müsabiqə 2012-ci ildə keçirilib və ilk "Gənclər Paytaxtı" Gəncə seçilib. 2013-cü ildə isə bu adı Biləsuvar qazanıb. 2014-cü ildə isə qələbə Qubanın oldu. 

  Yerli mediaya açıqlama verən Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev deyib ki, Quba gəncləri bu müsabiqəyə ciddi hazırlaşıb. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin də yaxından dəstəyi ilə Quba Gənclər Mərkəzində qərargah yaradılıb, sosial şəbəkələrdə müxtəlif qruplar və səhifələr yaradılaraq Quba gəncləri və gənclər təşkilatları mütəşəkkil şəkildə səsverməyə cəlb edilib. M.Nöhbalayev bildirib ki, səsvermə başa çatan və Qubanın qələbəsi müəyyən olunan kimi dərhal Quba Rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidov Gənclər Mərkəzinə gələrək aktiv gənclərlə görüşüb, Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin təbriklərini onlara çatdırıb. Daha sonra atəşfəşanlıqla Quba gənclərinin qələbəsi qeyd edilib.Məlumatlara görə, 2014-cü ilin nominasiyasında isə əsas mübarizə Quba və Cəlilabad rayonları arasında gedib. Son nəticədə Quba 42.1 faiz səslə bu ada layiq görülüb.  

 Sosioloq Təranə Musalının dediyinə görə, bu layihə gənclərin hərtərəfli inkişafına, xüsusən də onların vətənpərvər olmasına imkan yaradır, istiqamət verir: "Azərbaycan gənclərinin dövlət tərəfindən hərtərəfli təmin edilməsi onlarda böyük ruh yüksəkliyi yaradır. Gənclərə qayğı, onların potensialının düzgün istiqamətləndirilməsi müsbət haldır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən, hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi uğurlu bir işdir. Bunun yaxşı tərəflərindən biri odur ki, yalnız bölgə gəncləri deyil, respublikanın ayrı-ayrı yerlərində yaşayan gənclər də bu layihələr çərçivəsində həyata keçirilən tədbirlərə qatılır. Bu layihələr gənclərin özlərini ifadə etməsi üçün böyük stimul verir. Gənclik hər zaman yenilik axtarışındadır. Bu baxımdan, sözügedən layihələr gənclərin yeniliklərini reallaşdırır. Bu il Quba şəhəri "Gənclər Paytaxtı" seçildi, keçən il Biləsuvar bu statusa nail oldu, ondan əvvəlki il isə qədim mədəniyyət mərkəzimiz Gəncə "Gənclər Paytaxtı" kimi seçilib. Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquqla iştirak edə bilir".

   T.Musalının dediyinə görə, bu gün Azərbaycan və onun şəhərlərilə bağlı yalnız ölkəmizdə deyil, bütün dünyada təbliğat aparılır. Artıq dünya gənclərinin də Azərbaycana marağı, meyli artır. Onun sözlərinə görə, söhbət 2016-cı ildə Gəncə şəhərinin Avropanın "Gənclər Paytaxtı" elan edilməsindən gedir: "Azərbaycandakı inkişaf, gəncliyimizin gücü, onların dünya arenasında söz sahibi olması, intellekti, dövlətimizin onlara qayğısı dünyanın diqqətindədir. Azərbaycanın böyük tarixə malik olan Gəncə şəhəri iki ildən sonra bir çox xarici ölkələrdən qonaqlar qarşılayacaq, möhtəşəm tədbirlərə, festivallara ev sahibliyi edəcək. Avropa gənclərinin paytaxtı olmaq uğrunda Gəncə iki il mübarizə aparıb. Avropa Gənclər Forumunun təşəbbüsü ilə keçirilən bu müsabiqə 2009-cu ildən başlanıb. Avropa İttifaqının nəzdində olan bu qurum bütün qitə ölkələrini əhatə edən, milli və beynəlxalq gənclər təşkilatlarını təmsil edən və elə onların özləri tərəfindən idarə olunan müstəqil bir platforma təklif edir. Forum gənclərin qabiliyyətinin inkişaf etdirilməsi, onların maraqlarının qorunması ilə məşğul olur. Bu təşkilat Avropa Şurası, Avropa Komissiyası, Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq səviyyəsində fəaliyyət göstərir. "Gənclər Paytaxtı" olmaq istəyən şəhərin ya bələdiyyəsi, ya da gənclər təşkilatları onun namizədliyini irəli sürür, şəhərin bu adı daşıya biləcəyini əsaslandırır. Seçim üçün meyarlar da çoxtərəflidir. Əsas şərt - paytaxt olacaq şəhərdə, gənclərin inkişafı üçün yaxşı şərait yaradılmalı, hökumətin yürütdüyü siyasət gənclərin ictimai və siyasi proseslərdə aktiv iştirakına imkan verməlidir. Namizəd olan şəhərlər paytaxt olacağı təqdirdə görüləcək işlər haqqında da layihəni münsiflərə təqdim edir. Gəncə öz namizədliyini verəndən sonra Avropanın müxtəlif ölkələrində tədbirlər keçirilib, təqdimatlar təşkil olunub".   

T.Musalının sözlərinə görə, Gəncənin təbliği istiqamətində sosial şəbəkələrdə aktiv iş aparılıb, Gəncənin bütün Avropaya tanıdılması üçün müxtəlif səhifələr yaradılıb: "Nəticədə, Avropanın müxtəlif ölkələrindən olan 12 şəhərlə yarışan Gəncə hədəfinə yaxınlaşmağa nail olub. Finalda isə Gəncə digər 5 şəhər - Badajoz (İspaniya), Galvay (Şimali İrlandiya), La Laguna (İspaniya), Varna (Bolqariya) və Vilnüs (Litva) şəhərlərinə qalib gələrək "Gənclər Paytaxtı" adını qazanıb. Münsiflərin tərkibinə Avropa Şurası və Avropa Parlamentindəki müxtəlif qurumları təmsil edən namizədlər daxil olub".  

T.Musalı qeyd etdi ki, Avropanın "Gənclər Paytaxtı" bir il müddətinə verilən bir statusdur. O deyir ki, bu müddət ərzində həmin şəhər müasir mədəniyyətini, gənclərin sosial, iqtisadi, siyasi aktivliyini inkişaf etdirmək praktikasını bütün dünyaya göstərmək şansı qazanır: "Bu şəhərdə gənclərin iştirakı ilə innovasiya layihələri işlənir, sonradan bu ideyalar digər Avropa şəhərləri üçün də modelə çevrilir. 12 ay ərzində Avropa "Gənclər Paytaxtı" beynəlxalq səviyyədə mütəxəssislərin iştirakı ilə geniş miqyasda gənclər proqramını icra edir. Bu məkan şəhər həyatının bütün sferalarına aid fərqli, kreativ ideyaların beşiyinə çevrilir.  

 Müsabiqənin əsas məqsədlərindən biri gənclərin təşəbbüskarlığını inkişaf etdirmək yolu ilə yerli icmalar və Avropa institutları arasında əməkdaşlığı gücləndirməkdir. Paytaxt şəhər gələcəkdə digər Avropa şəhərləri üçün nümunə kimi misal çəkilir. Avropa "Gənclər Paytaxtı" statusu yerli gənclər qurumlarına həm yerli, həm də Avropa səviyyəsində qərar qəbuletmə prosesində iştirak şansını verir. Bu ad ölkənin gənclər siyasəti sahəsində qazandığı uğurları bütün Avropaya nümayiş etdirməyə imkan verir". 

 Ekspert onu da dedi ki, bu layihədə də Azərbaycan gəncləri təmsil olunacaq. Onlar dünyanın müxtəlif yerlərindən gələn gənclərlə ünsiyyət sayəsində bir sıra yeniliklərə nail olacaq.   

Təbii ki, Azərbaycanın belə proqramlarda iştirakı gənclərin həyatında mühüm rol oynayır. Xaricilər məmləkətimizə gələrkən Azərbaycanın necə güclü, intellektli, vətənpərvər, milli şüura bağlı olan gənclərinin olduğunun şahidi olacaq. Bu layihələr vasitəsilə gənclərimiz ölkəmizi daha geniş surətdə təbliğ edəcək.

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-5 fevral.-S.15.