İstedadlı gənclərə
qayğı vətənpərvərlik tərbiyəsinin tərkib
hissəsi kimi...
"Prezident təqaüdçüləri"...
Gənclərə
qayğı siyasəti özünü çox mükəmməl formada
göstərir. Dövlətin həyata keçirdiyi
kompleks tədbirlər sayəsində gənclər
siyasətinin bütün tələbləri
özünü göstərir. Bilirik ki, müasir
Azərbaycanın mədəniyyət və incəsənət,
ədəbiyyat, təhsil sahəsində xüsusi
fərqlənən gənclər Azərbaycan dövləti tərəfindən
qayğı ilə əhatə olunub.
Ölkəmiz müstəqil olduqdan
sonra cəmiyyətimizdə milli mənlik şüuruna
bağlı olan, içində vətənpərvərlik
sevgisi yaşadan gənclər nəsli formalaşmağa
başladı. O gənclərin potensialı, intellekti, aldıqları təhsil onların Azərbaycan
dəyərlərinə daha mükəmməl
münasibət bəsləmələrinə əsas verdi.
Son
20 ildə ölkəmizin gənclər siyasəti
formalaşmağa başladı. Azərbaycanın
mərhum prezidenti Heydər Əliyevin
imzaladığı 9 aprel 2002-ci il tarixli "Gənclər
Siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsi istedadlı gənclərə
dövlət qayğısı ilə bağlıdır.
Burada bildirilir ki, sosial və maddi vəziyyətindən asılı olmayaraq, istedadlı və yaradıcı gənclərin
təhsilini davam etdirməsinə dövlət
təminat verir. Bu maddənin 6.4. bəndində
isə qeyd edilir ki, istedadlı gənclərin həvəsləndirilməsi
məqsədilə dövlət və yerli
özünüidarəetmə orqanları, hüquqi
və fiziki şəxslər xüsusi təqaüd, mükafat
və müavinətlər təsis edə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin də imzaladığı çoxsaylı qanun və sərəncamlarda istedadlı gənclərə
mükafatların, təqaüdlərin verilməsi öz əksini tapır. Bu
gənclər musiqi, təhsil sahəsində
öz intellektləri, savadları və
istedadları ilə yaşıdlarından seçilənlərdir. Musiqişünas
Aybəniz Məmmədli bizimlə söhbətində bildirdi ki, dövlət
istedadlı gənclərə hər zaman
qayğı göstərir və onların qabiliyyətinin
üzə çıxmasına şərait yaradır: " Bir qrup gənc muğam
ifaçılarına fəxri adların verilməsi,
onların eyni zamanda da təqaüdlə təmin edilməsi
faktdır. 2005-ci ildə keçirilən Televiziya
Muğam Müsabiqəsində öz istedadlarını nümayiş
etdirən bir neçə ifaçıya
əməkdar artist fəxri adı verildi. Onların
sırasına bu müsabiqənin qalibi, çağdaş
Azərbaycan opera səhnəsinin Şah İsmayılı Təyyar Bayramov da vardı. Ondan başqa, istedadlı
gənc musiqiçilər tarzən Elçin
Haşımov və kamança
ifaçısı Elnur Əhmədov da əməkdar artist fəxri
adı daşıyırlar. Onlara da
Prezident təqaüdü verildiyi
bildirilir. 2010-2011-ci illərdə ölkə
başçısının sərəncamı ilə
respublikanın bir sıra nüfuzlu
musiqi məktəblərinin şagirdləri,
yəni gənc istedadların bir çoxu Prezidentin xüsusi təqaüdünə layiq görülüb".
A.Məmmədlinin
sözlərinə görə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 17
sentyabr tarixli Sərəncamı ilə respublikamızın
adını ucaldan bir sıra yeniyetmə və gənc
ifaçı mükafatlarla təltif edilib. Diqqətimizi
həmin sənədə çəkən ekspert
bildirdi ki, burada "Azərbaycanda gənc istedadlara dövlət qayğısı
haqqında" Azərbaycan Respublikası Prezidentinin
1996-cı il 22 iyun tarixli, 464 saylı Fərmanına uyğun olaraq qərara
alınıb: "Musiqi sahəsində xüsusi istedadı olan
aşağıdakı şəxslərin adları Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
yazılsın və onlar xüsusi
aylıq təqaüdə layiq
görülsünlər".
A.Məmmədli
dedi ki, adları "Qızıl kitab"a yazılan və
Prezidentin xüsusi aylıq təqaüdünü alan gənclərin
sırasında çox istedadlar var. Onun dediyinə görə,adı
"Qızıl kitab"a
yazılanlar arasında Sumqayıt Musiqi Kollecinin tələbəsi Əlizadə Fuad Telman oğlu,
Bakı şəhər Rauf Hacıyev
adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Həsənov Kamil Sənan oğlu, - Bakı şəhər Qara Qarayev adına 8 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Hüseynova Nərgiz Ələkbər
qızı, Bakı şəhər Leopold
və Mstislav Rostropoviçlər
adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Mayılov Kənan Eldəniz oğlu, - Azərbaycan
Milli Konservatoriyası tərkibində Respublika İncəsənət
Gimnaziyasının şagirdi Nəcəfzadə
Minirə İlham qızı, Bakı
şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli
Uşaq Musiqi Məktəbinin
şagirdi Ömərli Kamran
İmran oğlu,
Bakı şəhər Rauf Hacıyev
adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi
Yunusov İsmayıl Səbuhi oğlu da olub.
Bakı şəhər Georgi
Saroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin
şagirdi Əmiraslanov Nəriman Sabir oğlu, Bakı şəhər
Tofiq Quliyev adına 12
nömrəli onbirillik Musiqi
Məktəbinin şagirdi Həsənov Yasin Etibar oğlu,
Bakı şəhər Qara Qarayev adına 8 nömrəli onbirillik
Musiqi Məktəbinin şagirdi Həsənova Aygül
Elçin qızı, Bakı şəhər
Tofiq Quliyev adına 12
nömrəli onbirillik Musiqi
Məktəbinin şagirdi Hüseynov
Emin Valeh oğlu, - Bakı şəhər Qara Qarayev adına 8
nömrəli onbirillik Musiqi
Məktəbinin şagirdi Şahgəldiyeva
Mədinə Elçin qızı
yuxarıda adları qeyd edilən
yaşıdları ilə eyni mükafatları
paylaşıblar.
2002-ci ildə Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə daxil olan və
hazırda bu təhsil ocağında oxuyan, beynəlxalq
müsabiqələr laureatı Ceyla Uran qızı Seyidova da
Prezident təqaüdçüsüdür. Onun da adı Azərbaycanın
gənc istedadlarının "Qızıl kitabı"na
yazılıb.
Yeri gəlmişkən, bu məktəbin
bir neçə istedadlı şagirdi də adını
"Qızıl kitab"a yazdıra bilib və Prezidentin
xüsusi təqaüdünə layiq görülüblər.
Onlardan istedadlı gənc
vokalçı Amil Həsənoğlu və
tanınmış tarzən-dirijor Əyyub Quliyevi
indi də xatırlayırıq. Onlar kimi
saysız-hesabsız gənc və istedadlı musiqiçilərə,
ifaçılara ölkə Prezidenti
müntəzəm olaraq qayğı
göstərir. Bildiyimiz qədər, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə keçirilən ikinci televiziya muğam müsabiqəsindən
tanıdığımız və öz
gözəl səsi ilə ürəkləri riqqətə gətirən
Elməddin İbrahimov da
Prezidentin xüsusi təqaüdünə
layiq görülən istedadlardandır. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə
layiq görülən və adı
"Qızıl kitab"a
düşən istedadlarımız kifayət qədərdir. Yeri gəldikcə biz
onları sizə təqdim edəcəyik.
A.Məmmədli dedi ki, onlar Azərbaycanın
adı ilə öyündüyü istedadlı, intellektli, dəyərli
inciləridir: "Yaxşı olardı ki, bəzi KİV-lər
öz meydanını ucuz reklam axtaran şou-biznesçilərə
deyil, bu istedadlara versin. Onların həm dövlət, həm
də xalq qarşısında
alınları açıq, üzləri ağdır. Gənc
bəstəkarlar, rəssamlar, rejissorlar, aktyorlar, ssenaristlər, şair
və yazıçılar, tənqidçilər də bu qayğıdan kənarda qalmayıb. Mərhum
prezident Heydər Əliyevin mədəniyyətə,
ədəbiyyata, təsviri incəsənətə, kinoya olduqca yaxşı
münasibət bəslədiyi hər kəsə məlumdur.
O bu sahədə gənclərin daim irəlidə getməsini istəyirdi. Prezidentliyi
dövründə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının,
Kinematoqraflar İttifaqının, Bəstəkarlar
İttifaqının və digər yaradıcılıq
qurumlarının üzvləri olan gənc
istedadlar birillik Prezident təqaüdünə layiq
görülüb. Hətta elə gənc
olub ki, mütəmadi
olaraq hər il təqaüd
alıb. Bu, birbaşa
dövlətin gənc nəslə diqqət və arxa-dayaq olmasının təzahürüdür.
H.Əliyevin qoyduğu bu
ənənə bu gün
də davam edir.
İstedadlı gənclərə qədir-qiymət qoyulur. Dövlətimiz ali
məktəblərə yüksək bal toplayaraq daxil olan gəncləri də yaddan
çıxarmayıb. İndiyə qədər onlarla gənc Prezidentin
aylıq xüsusi təqaüdünü
alıb. Bu gün də
almaqdadır. Bu təqaüd gəncləri
əlavə problemlərdən azad edir. Onları yalnız qəbul olunduqları ixtisas üzrə bütün
bilikləri mənimsəmək maraqlandırır. Bir nüansa diqqətinizi
yönəltmək istəyirik. Prezidentin xüsusi təqaüdünü alan tələbələr arasında orta məktəbi bölgələrdə bitirənlər
də az deyil. O gənclər
heç bir repititor yanına getmədən, özləri
müstəqil olaraq ali
məktəbə hazırlaşıblar və yüksək balla ölkənin nüfuzlu
ali məktəblərinə daxil olublar. Bu fikirləri o tələbələr
televiziyada çıxışları
zamanı səsləndiriblər.
Prezidentin 1 sentyabr 2011-ci il tarixli Sərəncamı
ilə 2011/2012-ci tədris ilində Azərbaycan
Respublikasının ali məktəblərinə daxil olmuş
100 tələbə Prezident təqaüdünə layiq
görülüb. Onlar müxtəlif
ali məktəblərdə
ayrı-ayrı ixtisaslar üzrə təhsil
alıblar. Yaddan çıxmamış, bir məqamı qeyd etmək
istəyirik. Respublikada elə məktəblər
var ki, hətta onun bir neçə məzunu
Prezident təqaüdü alır". Məlum
olduğu kimi, respublika məktəblərinin məzunlarının
bir çoxu imtahanlarda fərqlənərək yüksək
bal toplayır. Hətta qəbul
imtahanlarında 700, 690 bal toplayıb ali məktəblərə yüksək nəticə
ilə qəbul olunan gənclər də Prezident təqaüdü alırlar. Bilirik ki, bu
vacib nüans gənclərin
həyatında mühüm rol oynayır. Dövlət qayğısı
ilə əhatə olunan gənclər həm
də kifayət qədər vətənpərvər gənclərdir.
Bu qayğı onlarda milli mənlik və vətənpərvərlik
hissinin yaranmasında, inkişafında mühüm rol
oynayır.
Təhsil
eksperti Kəmalə Babayevanın bildirdiyinə görə,
bir qrup gəncin xüsusi proqramlar çərçivəsində,
yaxud başqa yollarla xarici ölkələrdə təhsil
alması da dövlətin diqqətində olan məsələdir:
" Xaricdə oxuyan tələbələrə dövlət
büdcəsindən aylıq təqaüd ayrılır. Bu da onların normal şəraitdə təhsillərini davam etdirməsinə təkan verir.
Prezident İlham Əliyevin Azərbaycan
kinosunun inkişafı ilə bağlı imzaladığı
Dövlət Proqramına əsasən kinonun müxtəlif
sahələri üzrə kadrların hazırlanması önə
çəkilir. Bir çox
sahələr üzrə mütəxəssislərin
hazırlanması Azərbaycanda mümkün
olmadığı üçün
onların xarici ölkələrə
göndərilməsi artıq reallaşıb.
Gənclərimizin bir qismi Moskvada, bir qismi keçmiş Sovet İttifaqı respublikalarında, bir qismi isə Avropada təhsil alır. Bu ənənə musiqi sahəsində də davam etdirilir. Artıq mədəniyyət və incəsənətin bir sıra qolları üzrə mütəxəssislərin hazırlanması xarici ölkələrin o sahələr üzrə ixtisaslaşmış ali məktəblərinə və təcrübəli pedaqoqlarına həvalə edilib. İnanıram ki, həmin gənclər də Azərbaycanımızın işıqlı gələcəyi naminə böyük işlər görəcək. Onların yaratdığı sənət nümunələrində Azərbaycan gəncliyinin milli mənlik şüuru, onların vətənpərvərlik ruhu canlandırılacaq. O yaradıcılıq əsərləri gəncliyi torpağa, milli düşüncəyə bağlayacaq".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-10
fevral.-S.12.