Gənclərin həyat tərzi və fəaliyyətinə dair sosioloji elmi təhlillərin milli şüurun formalaşmasında
rolu...
Həyat gəncləri daha mütəşəkkil və daha məqsədyönlü olmağa
hazırlayır. Bu hazırlıq prosesində
ictimaiyyətin və dövlətin də rolu
əvəzsizdir. Bilirik ki,
gənclərin vətənpərvərlik hisslərinin
cilalanmasında əsas vəzifələrdən biri cəmiyyətin, başlıcası isə
elm qurumlarının üzərinə düşür. Belə demək
mümündürsə, elm qurumları gənclərin
milli şüurunun
inkişafı, onların vətənpərvərliyinin
artım tempi ilə bağlı xüsusi tədqiqatlar aparmalıdır.
Bilirik ki, axır zamanlar müasir gənclər,
onların problemləri və nailiyyətləri haqqında
müxtəlif fikirlər, mülahizələr səslənir.
Qeyd edilən fikirlərin də hər
biri özünəməxsus arqumentlərə
əsaslanır. Azərbaycan gənclərinin problemləri əsasən
sosialyönümlü problemlərdir ki, bu da
dünyanın bir sıra ölkələrində
mövcuddur. Məsələ ondadır ki, gənclərin əsas problemi
məşğulluğun təmin olunmasıdır. Bir məsələ var ki, gənclərin məşğulluq problemi hökumətin nəzər-diqqətində
olan əsas məsələlərdən biridir. Zaman-zaman həmin
problemlər dilə gətirilib. Sözügedən
problemin həlli ilə bağlı bir sıra dövlət proqramları mövcuddur ki, bunlara da "Yoxsulluğun səviyyəsinin
aşağı salınması üzrə Dövlət
Proqramı", "Azərbaycan gənclərinin inkişafı
üzrə Dövlət Proqramı" və
"Regionların inkişafı üzrə Dövlət
Proqramı" daxildir. Məlum olduğu kimi, yuxarıda sadalanan proqramlar çərçivəsində
kənd təsərrüfatı və fermerlərə dəstək,
yeni iqtisadi
infrastrukturların yaradılması və digər regional layihələr həyata keçirilir. Bildirildiyi kimi, müasir
dövrümüzdə gənclər bir
sıra sosial problemlərlə
qarşılaşır ki, bunlardan ən öndə duranı işsizlik problemidir.
Sosioloq Zümrüd Bayramovanın
dediyinə görə, yaşadığımız dövrdə
bir çox gənclər ali məktəbi bitirdikdən sonra
iş tapmaq problemi ilə üzləşir. O bildirir ki, gənclər 4 il əziyyət çəkib universitet
oxuyur, ixtisaslı kadr
kimi yetişir, amma bəzən bu da onların işlə təmin olunmasına
kömək edə bilmir: "Məsələn,
iş tapmaq üçün bəzi ünvanlara
üz tutur, amma müəyyən çətinliklər
onların işlə təmin olunmasını əngəlləyir.
Bu zaman ali təhsilli gənclər məcburiyyət
qarşısında qalaraq, tikintidə
ağır işlərlə məşğul olur.
Elələri də var ki,
bazarlarda çalışır. Bu da alınmayanda, əlacı
başqa dövlətlərdə
axtarırlar. Məsələ ondadır ki,
işsizlik ucbatından ali
təhsilli gənclər qonşu dövlətlərə
üz tutur. Orada da ixtisaslarına uyğun olmayan işlərlə
- ticarətlə, xırda bizneslə və s.
məşğul olurlar. Onu
da qeyd etməyə dəyər
ki, gənclərin işsizlik
problemi bir sıra hallarda onların gələcək həyatına
da təsirsiz ötüşmür.
Gənclər ailə qurduqdan sonra işsizlik
ucbatından ailəsini saxlaya bilmir. Bu da
ailənin dağılmasına, boşanmalara
və digər sosial fəsadların
yaranmasına gətirib çıxarır. Ümumilikdə işsizliyin səbəbləri müxtəlifdir.
Onlardan biri də
texniki-peşə məktəblərinin lazımi səviyyədə
olmaması, gəncləri lazımlı peşələrlə
təmin edə bilməməsidir. Gənclərin üzləşdiyi
problemlərdən biri də maariflənmə
ilə bağlıdır. Məsələn, tələbə
gənclər təhsil aldıqları müddətdə dərs
vəsaitlərini tapmaqda çətinlik
çəkir. Kitabxanalara üz
tutur, amma
lazımlı kitabları tapa bilmirlər.
Nəticədə tələbə gənclər
dərsə və istirahətə vaxtını düzgün bölüşdürə bilmir. İstirahətlərini səmərəli
şəkildə təşkil edə bilmirlər. Çünki gənclərin istirahətlərini
səmərəli keçirmələri üçün
hələ tam şərait
formalaşmayıb. Ümumilikdə istirahət, əyləncə
və fiziki sağlamlığın
inkişafı gənclər üçün
önəmlidir. Bunların təmin olunması onlara
vətənpərvərlik hisslərinin
aşılanmasında da mühüm
rol oynayır. Gənclər tərəfindən
asudə vaxtın rasional istifadəsi və
müvafiq istirahət infrastrukturunun
yaradılması onların davranışına da müsbət təsir göstərir. Bununla gənclər təhsil, əmək fəaliyyəti
zamanı itirdikləri enerjini qısa
müddətdə bərpa edir. Bu problem həm də
istedadlı gənclərin aşkara
çıxarılması prosesi və gənclərin
mədəni, intellektual və idman potensialının aşkarlanması ilə
sıx bağlıdır. Gənclər arasında
müşahidə olunan problemlərdən
biri də mənəvi xarakterlidir.
Bu kateqoriyaya əsasən
gənclərin mənəvi tərbiyəsi problemi,
narkomaniya, AİDS və bir
sıra gənclərin pozğun həyat
tərzinə qarşı mübarizə metodları aiddir. Hər bir sadalanan problemin həlli məqsədilə
xüsusi dövlət proqramları həyata
keçirilir. Bu məqsədlə
müvafiq nazirliklərdə, idarə və
müəssisələrdə konkret qurumlar təsis edilib, xüsusi dövlət komissiyası
formalaşdırılıb".
Sosioloqun dediyinə görə, gəncləri
narahat edən problemlərdən biri də evsizlikdir ki, bu da
dövlət tərəfindən qəbul edilən proqramlar
vasitəsilə öz həllini tapır. Onun sözlərinə görə, bu isə ən aktual problem olaraq bir çox sosial göstəricilərə də təsir
edir. O qeyd edir ki, burada
xüsusilə nikaha daxil
olmanın orta yaşına və doğum faktoruna bu problemin təsiri kifayət
qədər böyükdür: "
Dövlət Proqramı çərçivəsində sosial ipoteka proqramı cəmiyyətin
aztəminatlı təbəqəsinin nümayəndələri
və istedadlı gənclər üçün
realizə olunur. Dövlət gələcəkdə
gənclər şəhərciklərinin salınması və
gənclər üçün
imtiyazlı şərtlərlə mənzil verilməsini
planlaşdırır. Bu məqsədlə Gənclər və İdman Nazirliyi şəhərciklərin
tikilməsi üçün dövlətdən
ərazi alıb və hazırda problemin
maliyyələşdirilməsi və kreditləşdirilməsi
istiqamətində öz
axtarışlarını davam etdirir. Ən nəhayət, təhsil problemi, onun keyfiyyəti, onun akademik və maddi-texniki bazası artıq 15 ildir ki, müzakirə predmetidir. Xüsusilə yeni
"Təhsil haqqında" Qanunun ətrafında
müxtəlif fikirlər səslənir. Adıçəkilən
qanun artıq uzun
müzakirədən sonra qəbul edildi. Bununla yanaşı,
dövlət proqramları çərçivəsində təhsil
sferasında problemlərin həllində keyfiyyətli dəyişikliklərə
cəhdlər edilir ki,
bu da öz
müsbət nəticələrini verməkdədir. Müsbət
addımlar kimi təhsil ocaqlarının maddi-texniki bazasının
yaxşılaşdırılmasını, yeni
orta məktəblərin bərpası və
tikintisini, orta təhsil
prosesinə informasiya
texnologiyalarının tətbiqini sadalamaq
mümkündür. Lakin
eyni zamanda, orta təhsilin keyfiyyəti ilə bağlı
bəzi problemləri də qeyd etmək
lazımdır. Həmçinin, bəzi məktəblərin
texniki bazasının zəifliyini,
yüksək ixtisaslı müəllimlərin
çatışmamasını və digər mənfi
halları da qeyd etmək
zəruridir. Çünki bütün
bunların gündəmə gətirilməsi, nəticə
etibarilə, onların həllini sürətləndirir. Bütün bu deyilənlərin
fonunda, gənclərin problemləri ilə
bağlı elmi araşdırmaların mövcud vəziyyəti alimləri qane etmir. Bu
sahədə daha ciddi
işlər görülməlidir. Gənclərin həyatında
mühüm rol oynayan bu araşdırmalar
onların milli mənlik şüurunun
inkişafında və vətənpərvərlik hisslərinin
güclənməsində əməlli-başlı rol oynayır".
Sözügedən mövzu ilə
bağlı fikirlərini bir müddət əvvəl
"Bakı-Xəbər"in əməkdaşı ilə
bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlunun
sözlərinə görə, bu sahədə vəziyyət
ürəkaçan səviyyədə deyil. Onun fikrincə, gənclərin üzləşdiyi
problemlərin öyrənilməsi və bunun
elmi şəkildə təhlil
olunmasına böyük ehtiyac
var: "Təəssüf ki,
indiki vaxtda gənclərin
problemləri ilə bağlı aparılan bəzi təhlillər
formal xarakter
daşıyır. Yaxud da
aparılan araşdırmalar lazımi şəkildə həyata
keçirilmir. Ona
görə də ortada ciddi
bir nəticə yoxdur.
Təbii ki, bizim
ölkədə indiki vaxtda
xalqımızın gələcəyi olan
yeni nəslin nə düşündüyü,
dəyərlər yönümü, iqtisadi vəziyyəti, aldığı informasiya, davranışı və s. təhlil olunmalıdır. Deməyim odur ki, bütün
bunlar normal bir şeydir. Ona görə ki, indiki dövr elmi idarəetmə dövrüdür.
O üzdən, gənclərin qarşılaşdığı
problemlər elmi yolla
araşdırılıb təhlil olunmalıdır. Mən özüm Bakı Dövlət Universitetində
dərs deyirəm. Yeri gəlmişkən
qeyd edim ki, 3-cü kurs tələbələri
ilə birgə elmi qrup
yaradırıq. Artıq sözügedən məsələ
ilə bağlı tədqiqatlara başlamışıq. Eyni zamanda, tədqiqatlar
çərçivəsində dərin təhlillər
aparılması ilə bağlı bir
neçə addım atmışıq. Sosiologiya
fakültəsi tələbələrinin köməyi ilə
çox ciddi bir təhlil aparacağıq. Bu
barədə Gənclər və İdman
Nazirliyinin də xəbəri var. Orada bununla
bağlı söhbətlərimiz olub. Yəni
onların da müəyyən dəstəyi
olacaq. Ancaq hələlik
sözügedən məsələ ilə bağlı
sanballı, ortaya qoyulası və istifadə
olunası bir elmi təhlil
yoxdur".
Digər
sosioloq Əlizamin Qulamovun sözlərinə görə, gənclərin
problemləri sistemli şəkildə araşdırılmalıdır
ki, elm qurumları istədiyi nailiyyəti əldə edə
bilsin: "Bu gün gəncliyin özü bir sistemdir. Əvvəl
bir yoxlamaq
lazımdır ki, bu sistemin özünün
davranışı necədir? Yəni bu gün gənclərimizin özündə olan onların davranışı nə
haldadır? Bütün bunlarla
bağlı sosiologiyanın, psixologiyanın metodlarından
istifadə edərək faktın özünü
araşdırmalıyıq. Sadalanan
davranış bizi qane
etmirsə, bu yöndə tədqiqatlar
aparılmalıdır. Reallıq ondan ibarətdir
ki, bu bizi
qane etmir. Bu da ondan
irəli gəlir ki, sistemin
özündə bir-biri ilə təmasda olan komponentlərin qarşılıqlı əlaqəsində
problemlər var. Ona
görə də araşdırmaq lazımdır ki, gənclərimiz haradan
ideya alır və hansı ideyalar bura daxil
olur? Başlıca olaraq
bu məsələlər təhlil
olunmalıdır ki, gənclərin
üzləşdiyi problemlərin kökünə
çıxmaq mümkün olsun. Çünki hər
hansı bir sosial sistemi hərəkətə gətirən
müəyyən ideyalar olur.
Bu ideyalar nədir, hardan gəlir və nə cürdür?
Bu bir ayrı mövzunun söhbətidir və ciddi təhlil olunmalıdır. Qalan məsələlər isə davranışla
və davranışa təsir göstərən komponentlərlə
bağlıdır. Davranışa təsir göstərən
komponentlər əsasən üç
qismə ayrılır. Birinci qism sosial-iqtisadi problemlərdir.
Bura mənzil şəraiti, maddi, demoqrafik vəziyyət
və s. bu kimi məsələlər daxildir.
Eyni zamanda, bunlar hamısı ayrıca
araşdırılır. İkincisi,
hansı ideyalar daxil olursa, onları araşdırıb təhlil
etmək lazımdır. Ən nəhayət, üçüncü
qrup məsələlərə diqqəti
yönəltmək lazımdır. O da ondan ibarətdir ki, indiki vaxtda gənclərimizdə
hansı dəyərlər formalaşır, hansılarına üstünlük verirlər, bu
dəyərlərin milli tərəqqiyə
nə dərəcədə dəxli var, uyğundur? Bütün bunlarla bir yerdə gənclərin
davranışı təhlil olunmalıdır. Bizim
üçün həmin o
təhlillərin hamısında ən birinci
meyar milli tərəqqi
olmalıdır. Yəni gənclərimizin bu gün hər hansı bir sahədə - istehsalatda,
yaradıcılıqda, hərbdə, təhsildə, elmdə
davranışı təhlil olunmalıdır. Çünki
bütün bunlar Azərbaycan
xalqının və ölkəmizin tərəqqisinə
müəyyən dərəcədə kömək edə
bilən addımlardır. Yaxud da əksinə, mane olan addımlardır".
Sosioloq qeyd etdi ki, bu prizmadan yanaşsaq, gənclərin problemlərini qruplaşdırmaq olar. Təbii ki, gənclərin üzləşdiyi problemlər elmi şəkildə araşdırılıb təhlil olunsa, bu, nəticə etibarilə, onlara vətənpərvərlik hisslərinin aşılanmasına öz müsbət təsirini göstərəcək.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-6
fevral.-S.15.