Milli Qəhrəman ailələrinə dövlət qayğısı gənclər üçün vətənpərvərlik tərbiyəsi məktəbidir

 

 Ölkəmiz tarixən qəhrəmanlar diyarı olub. Xalqımıza hər zaman qalibiyyət sevincini yaşadan qəhrəmanlarımız çox olub. Bu cəsur insanlar gənclərimizin sağlam düşüncəyə, milli mənlik şüuruna sahib olmasına təsir edir. Təəssüflər olsun ki, Dağlıq Qarabağ hələ də işğaldan azad olunmayıb. Canını Vətən yolunda qoyanMilli Qəhrəman adına layiq görülən insanların böyük əksəriyyəti şəhidliyə qovuşub, onların çox az hissəsi isə həyatdadır.       

Milli Qəhrəman ailələrilə söhbət zamanı onların əzizləri bildirir ki, qardaşları, oğulları, ataları, əmiləri qəbirdə narahat yatır, onlar işğal məsələsilə barışmır. Hətta valideynlər arasında "mənim oğlum sağ olsaydı, torpaqlarımız işğal altında olduğu halda heç vaxt Milli Qəhrəman adını qəbul etməzdi" deyənlər də tapılır. Sözsüz ki, Milli Qəhrəman adına layiq görülən Vətən oğul və qızları bu adı şərəflə düşmənə qarşı vuruşduğu, onları məhv etdiyi üçün daşıyır.    Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində dedi ki, bu insanlar cəbhəyə Vətəni müdafiə etmək üçün gedib: "İnanmırıq ki, kim isə müharibəyə Milli Qəhrəman adını qazanmaqdan ötrü gedib. 211 Milli Qəhrəmanımız var. Onların bir qismi müharibənin şiddətli vaxtında düşmənlə vuruşaraq şəhid olub, bir qismi atəşkəs dövrünün ilk illərində aldığı zədələrdən dünyasını dəyişib. Az bir hissəsi isə bizimlə birgə həyatını davam etdirir. Yaşayan Milli Qəhrəmanlarımız öz fəaliyyətlərilə Vətənin keşiyində layiqincə dayanır. Dövlət də onlardan öz qayğı və diqqətini əsirgəmir. Son on ildə Milli Qəhrəmanların sosial müdafiəsinin gücləndirilməsi, onların və ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün əməli işlər görülüb. Bir çoxlarının ailəsi mənzillə təmin edilib. Müşahidələrimiz nəticəsində deyə bilərik ki, yerli icra hakimiyyətləri və "JEK"-lər mütəmadi olaraq Milli Qəhrəman və şəhid ailələrinə qayğı göstərir. Bunu ailələrin özləri də qeyd edir. Doğrudur, müəyyən səbəblər üzündən qayğıdan məhrum olan ailələr də tapılır. Bu ailələr Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarından faydalana bilmir. Amma bütövlükdə Milli Qəhrəman ailələri təmin olunur. Milli Qəhrəman ailələrinə göstərilən köməklik gənclərdə vətənpərvərlik ruhu yaradır desək, yanılmarıq. Bir gənc görəndə ki, onun qonşuluğunda yaşayan Milli Qəhrəmanın həyatı bütövlükdə dövlət qayğısı ilə əhatə olunub, onun müalicəsi, yaxşı yaşaması təmin olunur, o sabah həmin qəhrəmanın yolu ilə getməyi özünə borc biləcək. Yaxud gənclər baxıb görür ki, Milli Qəhrəmanların adları əbədiləşdirilir, heykəlləri, büstləri qoyulur, xatirələri əziz tutulur, adları küçələrə, parklara, mədəniyyət saraylarına, məktəblərə verilir, vaxtilə yaşadıqları binalara xatirə lövhələri vurulur-bu onlarda qəhrəman olmağa əsas yaradır". 

 T.Yusifova bildirdi ki, son bir ilə qədər Milli Qəhrəmanlar və Milli Qəhrəman ailələrinin əksəriyyəti 600 manat məbləğində Prezident təqaüdü alırdı, lakin 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həmin məbləğ 1000 (min) manat müəyyən edilib. Tarixçi bildirdi ki, Milli Qəhrəmanlar və Milli Qəhrəman ailələrinin çoxu evlə təmin olunub, əzizlərinin adının əbədiləşdirilməsinə nail olublar: "Milli Qəhrəmanlar və ailələri onlara göstərilən dövlət qayğısından razıdır. Onların fikrincə, bu qayğı gənc nəslin vətənpərvərlik tərbiyəsində müsbət rol oynayır".   

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əliyev Nadir Alış oğlunun ailəsindən qəzetimizə verilən məlumata görə, ailələri daim dövlət qayğısı ilə əhatə olunub. Milli Qəhrəmanın həyat yoldaşının dediyinə görə, hökumət onlara həm mənzil verib, həm də Prezident təqaüdü alırlar: "Həyat yoldaşım şəhid olsa da, dövlət ailəmizi sahibsiz qoymadı. Bizə daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Milli Qəhrəman ailəsi olaraq yaşadığımız evi hökumətdən almışıq. Nadirin xatirəsi həmişə hörmətlə anılır. Suraxanı rayonundakı 282 saylı orta məktəb onun adını daşıyır. Vaxtilə yaşadığı binaya xatirə lövhəsi vurulub. Dövlətdən çox razıyıq. Milli Qəhrəman ailələrini unutmurlar. Bizə göstərilən dövlət himayəsi gənclərin sabaha inamını artırır. Eyni zamanda da onlarda vətənpərvərlik tərbiyəsi formalaşdırır. Hər bir Milli Qəhrəmanın döyüş yolu bir cəsarət-hünər məktəbidir. Gənclər bundan öz payını götürməlidir".    Qeyd edək ki, Milli Qəhrəman N.Əliyev 1962-ci il iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil alıb. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1991-ci ildən Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Ağdərə rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləyib. 1993-cü ilin yanvar ayında MTN-in Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət edib, MTN-in xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərib, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli, 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. 

  Qeyd edək ki, Milli Qəhrəman Koroğlu Rəhimovun da ailəsi dövlət qayğısı ilə əhatə olunduqlarını bildirir. Qəhrəmanın yaxınlarından aldığımız məlumata görə, qəlbi Vətən eşqi ilə döyünən Koroğlu Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixdə Milli Ordu sıralarına yazılıb. K.Rəhimovun ailəsi bildirir ki, onun adına küçə olması, şəhərin mərkəzi yerlərindən birində heykəlinin ucaldılması gənclərdə qəhrəmanlıq anlayışına böyük rəğbət yaradır. Onlar da hesab edirlər ki, dövlət tərəfindən Milli Qəhrəmanlara və onların ailələrinə göstərilən köməklik gəncliyə müsbət təsir edəcək. Bu həm də gənclərin vətənpərvərlik tərbiyəsində başlıca rol oynayacaq. Məlumat üçün bildirək ki, Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunda anadan olub. Neft-Kimya İnstitutunu bitirib. 1992-ci ilin 30 aprelində "N" saylı bölüyə komandir təyin edilən Koroğlunun şərəfli döyüş yolu başlayıb. 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində bu bölüyün adı dilləri gəzdi. Onlar 15 erməni yaraqlısını məhv edərək xeyli silah-sursat ələ keçirib. Koroğlu buradakı döyüşdə dörd faşisti şəxsən özü məhv etmişdi. Bir sıra döyüşlərdə, o cümlədən də Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib. 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.   

Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun ailəsi Yasamal qəsəbəsində yaşayır. Qəhrəmanın ailəsindən verilən məlumata görə, hazırda yaşadıqları ev onlara hökumət tərəfindən verilib. R.Qəmbərovun xatirəsinin əziz tutulduğunu deyən qohumları bildirdi ki, gənclər arasında Milli Qəhrəmanlar güclü təbliğ olunmalıdır. Milli Qəhrəman anasının dediyinə görə, şəhid və Milli Qəhrəman ailələrinə göstərilən istənilən diqqət-qayğı gənclərdə böyük ruh yüksəkliyi yaradır: "Qəhrəmanların döyüş yolu, həyatı təbliğ edilməlidir. Kitablar yazılmalı, kinolar çəkilməlidir ki, cavanlar onlardan nümunə götürsün. Bizə qayğı göstərilir. Gənclər bu qayğıdan ürəklənib torpaqlarımızı azad etməyə hazır olmalıdır. Balamın arzusu ermənilərin ayağını Qarabağdan, Şuşadan kəsmək idi".  

 Xatırladaq ki, Ramiz Bulud oğlu Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulub. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirib. 1988-ci ildə Xalq Hərəkatına qoşulan Ramiz Qəmbərov ermənilərin ata-babalarımızdan qalan torpaqlarımıza təcavüzü ilə heç cür barışa bilmirdi, buna görə də o, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradaraq bu batalyonun başçısı olur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edir, köməyə gələn Ramiz Qəmbərovun taboru döyüşə atılır, düşmən xeyli itki versə də, geri çəkilmək bilmirdi, bu döyüşdə cəsur komandir ağır yaralandı. Bir gün sonra - 30 aprel 1992-ci ildə o, gözlərini əbədi yumdu. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Şuşa şəhərində dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.   

Qeyd edək ki, hazırda İsveçdə mühacir həyatı yaşayan Milli Qəhrəman Şahin Talıb oğlu Tağıyev bir xeyli əvvəl Azərbaycan mətbuatına verdiyi açıqlamada bildirib ki, qürbətdə olmasına baxmayaraq, Azərbaycan Ali Baş Komandanı səfərbərlik elan etsə, müharibəyə gedər: "Bu gün Azərbaycan Ali Baş Komandanı səfərbərlik elan etsə, mən Azərbaycana ayaqyalın gedərəm". Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib, əvvəl sıravi, sonra "Qurtuluş" batalyonunun komandiri kimi Tərtər, Ağdərə və digər istiqamətlərdə rəşadətlə vuruşub, Ağdərə şəhərinin azad olunmasında xüsusi fərqlənib. 1992-ci il iyunun 23-də Milli Qəhrəman adına layiq görülüb. Milli Qəhrəman bildirib ki, Prezident İlham Əliyev Milli Qəhrəman ailələri ilə görüşərək onların qayğısına qalır: "... Niyə Azərbaycan müxalifəti liderləri şəhid evlərinə getmirlər? Milli Qəhrəman ailələrinə baş çəkmirlər? Amma görürsünüz ki, Prezident İlham Əliyev Milli Qəhrəmanların ailələri ilə görüşür, onlarla maraqlanır. Bundan sonra müxalifət rəhbərləri də əlüstü qəbirləri ziyarətə getdilər".  

 Azərbaycanın ilk Milli Qəhrəmanı olduğunu deyən Ş.Tağıyev Milli Qəhrəman təqaüdü aldığını bildirib: "Milli Qəhrəman təqaüdünü alıram. Oxuyuram ki, Milli Qəhrəmanlara ev veriblər. Təki versinlər, bu onların haqqıdır".   

Milli Qəhrəmanlara və onların ailələrinə verilən təqaüdlər, onların sosial rifahının yaxşılaşdırılması üçün göstərilən dövlət qayğısı gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında əhəmiyyətli rol oynayır.    

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-11 fevral.-S.15.