Ad və soyadların milliləşdirilməsi siyasətinin gənclərdə milli şüurun inkişafına təsiri məsələləri...

 

 Azərbaycan gəncliyi milli düşüncənin inkişafına təkan verən bütün qərar və addımları dəstəkləyir. Gəncliyin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin formalaşmasında bu amilin özəl yeri var. Bilirik ki, son illər respublikamızda adların verilməsində, soyad sonluqlarının tətbiqi sahəsində xeyli dəyişikliklər var. Milli mənlik şüurunun oturuşmasına xidmət edən bu faktor gəncliyin həyatında müsbət hal kimi qarşılanır.  

 Məlumdur ki, Azərbaycanda şəxslərin adları, soyadları və ata adları ilə bağlı yeni mülahizələr var. Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiya bununla bağlı yeni sənəd işləyərək Nazirlər Kabinetinə göndərib. Hazırda Nazirlər Kabinetində həmin sənəd üzərində iş gedir.  

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın üzvü Nizami Cəfərov bildirib ki, bu sənəddə, əsasən, soyad sonluqları məsələsinə diqqət yetirilib: "Sənəddə 6 variant təqdim edilib. Bunlar "lı", "li", "lu", "lü" (məsələn, Məmməd Həsənli), "zadə" (Məmməd Həsənzadə), "oğlu" (Məmməd Həsənoğlu), "gil" (Məmməd Həsəngil), "soy" (Məmməd Həsənsoy) sonluqları ilə bitən və şəkilçisiz (Məmməd Həsən) formadır". 

  Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycanda hələ də ayrıca olaraq "Adlar və soyadlar haqqında" qanun qəbul edilmədiyindən, bu gün vətəndaşlar övladlarına öz soyadından başqa digər soyad yazdıra bilməzlər. Lakin Nazirlər Kabinetinə göndərilən sənəd qəbul edilərsə, bunu etmək mümkün olacaq: "Həmin sənəddə vətəndaşlara yeni doğulan uşağa tamam başqa soyad yazılmasında sərbəstlik verilməsi nəzərdə tutulur. Məsələn, bəlkə biri uşağın soyadı kimi öz kəndinin, şəhərinin adını yazdıracaq".  

 N.Cəfərovun fikrincə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarını verəndən sonra oradakı məqamları birləşdirməklə ayrıca qanun da qəbul edilə bilər: "Bundan əlavə, ad, soyad, ata adının hansı sıra ilə yazılmalı olduğu da bilinmir. Bizdə bununla bağlı çoxvariantlılıq var. Məsələn, ad, soyad, ata adı siyahıda necə yazılmalıdır, ayrılıqda necə yazılmalıdır, rəsmi sənədlərdə necə yazılmalıdır? Bu məsələlər dəqiqləşdirilməlidir". 

  O deyib ki, Milli Məclis bu məsələyə mütləq müdaxilə etməlidir: "Hər halda bununla bağlı qanunun qəbuluna və ya mövcud qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. Çünki burada müəyyən mürəkkəblik var. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, soyadlarımızın 80 faizi hələ də "ov", "yev" sonluqları ilədir. Bu heç də o demək deyil ki, həmin şəxslər bunu belə istəyirlər, sadəcə, bu məsələ inersiya üzrə gedir. Çünki adların, soyadların dəyişdirilməsi və verilməsində müəyyən sənədləşmə işləri aparılmalıdır. Bu tamamilə qanunidir və olmalıdır. Amma bu prosesi nisbətən yüngülləşdirmək məsələsi həll edilməlidir. Yeni doğulan uşaqlara verilən soyadlarda dəyişiklik etmək asandır. Bundan əlavə, vətəndaşlar cəmiyyətdə artıq müəyyən məqama çatdıqdan sonra elə öhdəliklər yaranır ki, öz soyadının dəyişdirilməsində çətinliklərlə qarşılaşırlar. Bax, bu məsələni də nisbətən asanlaşdırmaq olar".   

Dilçi və filoloqlar hesab edirlər ki, millət vəkilinin irəli sürdüyü bu təklif bütün ölkə ictimaiyyətini maraqlandırır. 

  Dilçi Təranə Quluzadə bizimlə söhbətində bildirdi ki, milli ad və soyadların, soyad sonluqlarının kütləvi tətbiqi gənclərin həm milli mənlik şüuruna, həm də vətənpərvərlik hissinin yüksəlməsinə müsbət təkan verir. Onun dediyinə görə, soyadlar sahəsində dövlət siyasəti gənclərin maraqlarına, onların düşüncəsinə doğmadır: "Ad insanın bəzəyi olduğu kimi, insan da adın yaraşığına çevrilməyi bacarmalıdır. Azərbaycan xalqı tarixən böyük bir ad mədəniyyətinə sahib olub. Tarixi gerçəklik onu göstərir ki, Azərbaycan xalqı islam dinini qəbul edənə qədər onun məişətində milli adlar üstünlük təşkil edib. İnsanlar ətraf mühitdə gördüklərini, şahidi olduqları təbii hadisələri bəzən çox mənalı bir milli ada çeviriblər. Respublikamızda milli adların qoyulması, onların qorunması, nəsildən-nəsilə ötürülməsi zaman-zaman böyük bir ənənəyə çevrilib. Düzdür, vaxt olub ki, milli adların qoyulması sahəsində müəyyən boşluqlar yaşanıb. Bu da onunla bağlıdır ki, beynəlxalq adlar, bolşevizm ideologiyasından doğulan isimlər cəmiyyətimizdə bir növ vətəndaşlıq statusu alıb. Bu da, istər-istəməz, milli adlarımızın sırasını seyrəldib. 20 ildən artıqdır ki, Azərbaycan dövləti müstəqilliyini qazanıb. Artıq hər bir sahədə milliləşmə böyük sürətlə gedir. Bu özünü dövlətimizin apardığı milli siyasətdə, gənclərin özünün milli soykökünə, tarixə qayıdışı ilə bağlıdır. Dövlət müstəqilliyimiz gəncliyimizin həyatında bir milliləşmə, özünüdərketmə rolunu oynadı. Bu illər ərzində milli keçmişimizə, milli ad və soyadlarımıza böyük bir maraq yarandı. İnsanlar sanki illərdən bəri qəlbində yığılıb qalan arzuları bu yolla reallaşdırdılar. Milli adların qorunması, təbliğ edilməsi, yeni doğulan uşaqlara verilməsi məsələsində artıq dövlətlə ictimaiyyətin fikirləri üst-üstə düşür, uzlaşır".  

 Ekspert hesab edir ki, Azərbaycanda milli adların uşaqlara qoyulması, bu adların geniş təbliğ edilməsi vacib məsələdir. Onun sözlərinə görə, milli kökdən uzaq adlardan imtina etməyin zamanı gəlib, bu məsələyə gənclərin də münasibəti birmənalıdır: "Qeyd edim ki, milli adlara qayıdış prosesinə sovet dövründə müəyyən qədər cəhdlər edilsə də, ictimaiyyətin bununla bağlı arzuları tam olaraq reallaşmadı. Beynəlmiləl, beynəlxalq, xarici isimlər, ideologiyanın təsirindən yaranan adlar milli adlardan bir pillə yüksəkdə idi. Amma indi vəziyyət milli adların xeyrinə dəyişib. Güman edirik ki, milli adlarımız tam gücü ilə cəmiyyətimizə, ailələrimizə hakim kəsiləcək. Bu gün isə bu məsələ tam şəkildə tətbiq edilmək astanasındadır.

Milli soyadlara qayıdış gənclərin vətənpərvərlik tərbiyəsinə, milli mənlik şüuruna yaxşı təsir göstərir.

İndi daha çox gənc valideynlər övladlarına ad seçərkən "Dədə Qorqud" qəhrəmanlarının adlarına müraciət edir. Son illər Ədliyyə Nazirliyinin uşaqlara milli adların verilməsi, milli soyadların yaşadılması ilə bağlı verdiyi qərar ictimaiyyətimizdə əsas qüvvə sayılan gənclər tərəfindən yüksək səviyyədə qarşılanır. Gənclərin marağı milli adların yaşaması ilə bağlıdır. Gənclik türk kökənli adları yaşadır. Millət vəkili Nizami Cəfərovun irəli sürdüyü təkliflər rəsmi təsdiqini tapandan sonra adların milliləşdirilməsi daha geniş vüsət alacaq.

Qədim adlarımız var ki, onlar ad mədəniyyətimizlə, məişətimizlə, qəhrəmanlığımızla yaxından bağlıdır. Bu adların yenidən bizə qayıtması təqdirəlayiq haldır. Yeri gəlmişkən, mərhum xalq şairimiz, azadlıq aşiqimiz, istiqlalçı Xəlil Rza Ulutürk milli adların ictimaiyyət arasında geniş yayılmasına, gənclər tərəfindən təbliğ olunmasına tərəfdar kimi dəfələrlə çıxışlar edib. Xəlil bəy milli adların milli təfəkkürün formalaşmasına böyük təkan verəcəyini düşünürdü. O özünün məşhur "Soyumuz soyadımız" poemasında milli özünüdərk prosesindən danışır, insanlara milli adlara qayıtmağı tövsiyə edirdi. O burada qeyri-milli ad daşıyan sənətkarları, böyük şəxsiyyətləri adını dəyişib milli bir ad qoymağa çağırırdı. Maraqlı məqam burasındadır ki, Xəlil Rza bu poemada bütün milli adlarımızı sadalayır və onların bir növ poetik xəritəsini cızırdı. Bu, ictimai maraqdan doğan bir poetik hadisə olmaqla yanaşı, həm də adlarımızın təbliği idi. Bilirsiz, milli adların ictimaiyyət tərəfindən qəbul edilib yaşadılması çox müsbət haldır. Hər cəmiyyətdə milli adların qorunması bu səviyyədə həyata keçirilmir. Düşünürəm ki, milli adların kütləvi olaraq uşaqlara verilməsi halları ictimaiyyətin ürəyindən xəbər verir".  

 Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Akademiyada milli adlarla bağlı müvafiq komissiya yaradılıb. Onun sözlərinə görə, bu komissiya ölkədə milli adların qoyulmasını, ictimaiyyətin, gəncliyin buna marağını da araşdırır. Milli adların gənclik tərəfindən yüksək qiymətləndirilməli olduğunu deyən Q.Məhərrəmlinin bildirdiyinə görə, bu adlar xalqın soykökünün nişanəsidir: "Milli adlara qayıdış prosesini yüksək qiymətləndirirəm. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, onun adları da milli olmalıdır. Milli adlar ictimaiyyətdə nə qədər çox olsa, camaatın da milli dəyərlərə rəğbəti bir o qədər artar. Milli adların verilməsi məsələsinin xüsusi qanunla tənzimlənməli olduğunu deyənlər var. Amma məncə, belə şeylər ictimaiyyətin, cəmiyyətin iradəsilə həll olunsa, daha yaxşı olar. Hər şeyə ilk olaraq mənəvi qiymət, dəyər verilməlidir ki, o ictimaiyyətin rəyini əks etdirsin. Azərbaycan ictimaiyyətinin özəyini təşkil edən gənclər son illər milli adların yayılmasına, qorunmasına böyük önəm verir. Baxırsan ki, gənc valideynlər övladlarına türk kökənli adlar qoyurlar, bu say artır. Bir vaxtlar ərəb-fars mənşəli adlar ailələrdə üstünlük təşkil edirdisə, bu gün türk adlarına maraq böyükdür. Bizim "gül" sözü ilə başlayan adlarımız nə çoxdur. Yeni doğulan qızlara Gülnar, Gülgün, Gülcan, Gülay, Gülşən, Gültac və başqa adlar qoymaq olar. Bunlar sırf milli adlardır. Gül sözü olan yerdə gözəllik olar. "Ay" sözündən yaranan onlarla oğlan-qız adlarımız var. Aydın, Aynar, Aydəmir, Aytəkin, Aycan, Ayna, Aynur, Aygün-bu adların hamısı gözəldir. Başlıcası isə millidir. Bir vaxtlar belə adlar daha çox qoyulurdu. Çox istərəm ki, onlar yenidən ictimaiyyətə qayıdıb balalarımızın ömürlüyünü bəzəsin. Milli adların qoyulması prosesi kor-koranə aparılmalı deyil. Hər kəs övladına verdiyi adın mənasını verməlidir". Q.Məhərrəmlinin sözlərinə görə, bəzi törəmə adlar var ki, onların heç bir mənası yoxdur, yaxşı olar o adları valideynlər yaxına buraxmasın: "Bəzi hallarda heç bir məna kəsb etməyən törəmə, sonradan quraşdırılan adlara da rast gəlirik. O adların heç bir mənası yoxdur. Yaxşı olar ki, valideynlər mənalı, gözəl adlara üstünlük versinlər. Bu halda, milli adlarımız ictimaiyyətdə daha geniş yayılacaq. Milli adların qorunmasında ictimaiyyətin rolu danılmazdır. Amma bu, günü-gündən daha da artmalı, inkişaf etməlidir. İctimai maraq cəlb etməyən adlar sıradan çıxsa, daha məqsədəuyğun olar. Çünki millilikdən uzaq olan adların yerini milli adlar tutmalıdır. Bu, uşaqlarda milli soykökə bağlılıq hissi yarada bilir". 

  Q.Məhərrəmli hesab edir ki, milli adların gənclər arasında geniş təbliğ edilməsində ziyalıların da rolu nəzərə çarpmalıdır: "Milli adlar, soyadlar gəncliyin milli şüurunun inkişafına böyük təsir göstərir. Müstəqil Azərbaycanın özünün müstəqil, lakin ənənələrə söykənən ad siyasəti, ad yaradıcılığı olmalıdır. Artıq Vətənimizin adına yaraşan milli adların yenidən həyata qaytarılması prosesinə başlanıb. Hesab edirəm ki, bu, gənclərdə ən ali hisslər formalaşdıracaq. Milli düşüncə, milli mənlik, vətənpərvərlik tərbiyəsi sahəsində bu addımların yeri müstəsnadır".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-12 fevral.-S.15.