Hərbi xidmətə çağırış mexanizminin
təkmilləşdirilməsi gənclərin vətənpərvərlik
tərbiyəsinə əsaslı
təsir göstərir
Azərbaycanda hərbi xidmətə
çağırış sahəsində həyata
keçirilən islahatlar sayəsində
gəncləri və onların ailəsini, bütövlükdə
bütün cəmiyyəti narahat edən məsələlərə son qoyulub. Bu
gün hərbi xidmətə
çağırış mexanizminin
müsbət istiqamətə doğru dəyişməsi
gənclərin vətənpərvərlik tərbiyəsinə
yaxşı təsir edir. Bilirik
ki, son zamanlara
qədər hərbi xidmətə çağırış
sahəsində bir sıra nöqsanlar,
gənclərin və onların ailəsinin ürəyincə
olmayan hallar çox idi.
Ancaq
hazırda hərbi xidmətə çağırış
sistemində aparılan köklü islahatlar öz bəhrəsini
verir. Hərbi ekspertlər
hesab edir ki, ölkəmizin iqtisadi
qüdrətinin gündən-günə artması hərbi
xidmətə çağırış sisteminə də
müsbət təsir edir. Hərbçilər
qeyd edir ki, ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda
çağırış və səfərbərlik
resurslarını tənzimləyən mexanizmin
yaradılması ilə də ortaya qoyulub.
Ehtiyatda olan zabit Şahin Fərzəliyev "Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi barədə danışarkən
bildirdi ki, ölkə Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı
ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi,
onun müasir tələblərə uyğun qurulması məqsədilə
Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan
Respublikasının Hərbi Komissarlığı,
Naxçıvan Muxtar Respublikasının Hərbi
Komissarlığı, rayon, şəhər, şəhər
rayonu hərbi komissarlıqları ləğv edilib, onların
əsasında Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
yaradılıb. Onun sözlərinə
görə, Xidmət yaradılan gündən ötən 2 il müddətində qarşıya qoyulan məqsədlərə nail
olmaq üçün
əsaslı işlər görüb və
görməkdə də davam edir.
Ekspert dedi ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
xidməti fəaliyyətini Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarını, "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununu, "Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti haqqında Əsasnamə"ni və Xidmətin fəaliyyətini
tənzimləyən digər normativ-hüquqi aktları rəhbər
tutmaqla qurub.
Onun
sözlərinə görə, səfərbərlik və hərbi
xidmətə çağırış işinin təşkilində
əsas mərhələ vətəndaşların həqiqi
hərbi xidmətə çağırılması
prosesidir. Ş.Fərzəliyev
bildirdi ki, bu prosesi həyata
keçirən qurum bir
növ ordu ilə cəmiyyət
arasında körpü rolunu
oynayır: " Cəmiyyətin ordu
haqqında rəyinin formalaşmasına vətəndaşların
həqiqi hərbi xidmətə çağırılması
prosesi mühüm təsir
göstərir. Məhz bu baxımdan Xidmətin
qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi
xidmətə çağırışın qanunlara
müvafiq qaydada təşkil
edilməsidir. Azərbaycan Respublikasında vətəndaşların
həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə
Xidmət tərəfindən mütəmadi təhlillər
aparılır. Çağırış sistemində
çağırışçıların hərbi uçotunun dəqiq və düzgün
aparılmasına, yoxlamaların
keçirilməsinə nəzarət artırılıb ki, bu da
Xidmətin yerli idarə, şöbə,
bölmələrinin və aidiyyəti dövlət
orqanlarının həmin sahəyə məsuliyyətlə
yanaşmasına və çağırış sistemində
şəffaflığın təmin olunmasına zəmin
yaradır. Bu məqsədlə Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş
uçot sistemlərinin təşkil edilməsi,
o cümlədən hərbi qeydiyyat və hərbi uçot
sahəsində vahid elektron
informasiya sisteminin
yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə
çağırışaqədər yaş
həddində olan vətəndaşların,
çağırışçıların və hərbi vəzifəlilərin
qeydiyyatı və uçotu aparılacaq.
Bu isə vətəndaşların həqiqi
hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq".
Xidmətin son illər həyata
keçirdiyi işlərin ailələr tərəfindən
müsbət qarşılandığını deyən həmsöhbətim
bildirdi ki, bu müddətdə Xidmət tərəfindən səfərbərlik
hazırlığı və səfərbərlik işinin təkmilləşdirilməsi
məqsədilə bir sıra tədbirlər
görülüb: "Belə ki, səfərbərliyin idarə
olunması, hərbi vəzifəlilərin xəbərdar edilərək
toplanmasının yoxlanılması məqsədilə Xidmətin
yerli şöbə və bölmələrində praktiki məşğələlər
keçirilib və plana əsasən cari ildə də bu sahədə
işlər davam etdiriləcək. Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin və
qanunvericiliyə uyğun olaraq
yaradılmış başqa silahlı
birləşmələrin hərbi vəzifəlilərlə
komplektləşdirilməsi qaydaları, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin,
Daxili Qoşunların sifarişlərinə
əsasən ehtiyatda olan
zabitlərin səfərbərlik zamanı
çağırılmasına dair naryadlar işlənib, ehtiyatda
olan zabitlərin mövcudluğu,
sərfi və qalığı haqqında məlumatlar
toplanıb. 2013-cü il üçün
mülki müdafiə tədbirləri tədbirləri planı hazırlanıb və
Fövqəladə Hallar Nazirliyinin
Mülki Müdafiə Qoşunları
Komandanlığı ilə razılaşdırılıb.
Eyni zamanda, Xidmətin
yerli idarə, şöbə və
bölmələrinin mülki müdafiə
tədbirləri planı Mülki
Müdafiə Qoşunlarının regional
və rayon Fövqəladə Hallar Mülki Müdafiə
şöbələri ilə razılaşdırılıb. Bununla
yanaşı, Müdafiə Nazirliyindən alınmış
sifarişlərə əsasən Silahlı Qüvvələrin
Təlim və Tədris Mərkəzində təşkil edilmiş gizir
hazırlığı və müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuların hazırlığı
kursunun dəyişən heyətlə
komplektləşdirilməsi məqsədilə
namizədlərin göndərilməsi təmin olunub. Ötən müddət ərzində mövcud qanunvericiliyə əsasən, Azərbaycan
Respublikasında fəaliyyət göstərən mülkiyyət
və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxs
statusunda olan müəssisə,
idarə, təşkilat, təhsil müəssisələrində
hərbi vəzifəlilərin uçotunun
aparılması işinin
yoxlanılması nəzarətdə saxlanıb, bu sahədə mövcud olan qanunvericilik təkmilləşdirilib.
Son illər
Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı daha da ciddi mübarizə aparılması və bu istiqamətdə dövlət siyasəti Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti qarşısında da təxirəsalınmaz tədbirlər
görülməsi zərurətini ortaya
qoyub".
Qeyd
edək ki, Səfərbərlik və hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəhbəri general-leytenant Arzu Rəhimovun "Respublika"
qəzetində bununla bağlı fikirləri dərc edilib:
"Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin vurğuladığı kimi, bu xoşagəlməz
halların aradan qaldırılması üçün
güclü siyasi iradə var, amma korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə ümumxalq işi olmalı,
ictimaiyyət də bu işlərə fəal
qoşulmalıdır. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti tərəfindən il ərzində korrupsiyaya
qarşı mübarizə və şəffaflığın
artırılması istiqamətində müvafiq
tədbirlər görülmüş, daxil olmuş məlumatlar əsasında
müvafiq araşdırmalar
aparılmış, qanunvericiliyin tələblərini
pozmuş vəzifəli şəxslər
barəsində toplanmış materiallar əməllərinə
hüquqi qiymət verilməsi məqsədilə
Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna
göndərilmişdir. Bu işlər Azərbaycan Respublikasında vətəndaşların
ilkin hərbi qeydiyyata
alınması, hərbi xidmətə hazırlanması və
müddətli həqiqi hərbi xidmətə
çağırılmasının təşkili, habelə korrupsiyaya qarşı mübarizə ilə
bağlı hüquqi təbliğatın
gücləndirilməsi məqsədilə Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Respublika
Hərbi Prokurorluğu ilə birgə tədbirlər
planına əsasən həyata keçirilmişdir.
Eyni zamanda, ölkə
başçısının "Açıq Hökumətin
təşviqinə dair 2012-2015-ci illər
üçün Milli
Fəaliyyət Planı"na və "Korrupsiyaya
qarşı mübarizəyə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na dair müvafiq Sərəncamının
icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
tərəfindən 2013-cü ildə yerinə yetiriləcək
tədbirlərin planı, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin inkişafına dair
2013-2018-ci illər üçün Tədbirlər
Planı hazırlanaraq təsdiq olunmuş,
icrası təmin edilmişdir". Xidmət rəhbəri
deyib ki, keçən
il ilk olaraq
çağırışçılara müddətli həqiqi
hərbi xidmətlərini hansı hərbi hissədə
keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti
istifadəyə verilib. Daha sonra 4 elektron
xidmət istifadəçilərə təqdim edilib: "Hazırda SHXÇDX tərəfindən
göstərilən elektron xidmətlərin
sayı 5-ə çatmışdır. Xidmətin
internet saytı üzərindən hərbi
xidmətkeçmə haqqında arayışın verilməsi
üçün müraciətin və sənədlərin
qəbulu, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar
müraciətin və sənədlərin
qəbulu, arxiv arayışlarının
verilməsi üçün müraciətin
və sənədlərin qəbulu, itirilmiş
hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin)
əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin
qəbulu elektron qaydada
aparılır. Qısa müddətdə müraciətlərin
çoxluğu vətəndaşlar tərəfindən
elektron xidmətlərin maraqla
qarşılandığını göstərir. Eyni zamanda, elektron
xidmətlər bəzi neqativ halların
qarşısının alınmasında, fəaliyyətimizdə
şəffaflığın təmin olunmasında mühüm rol
oynayır".
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 13 iyul
2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik
və Mütəxəssis Hazırlığı Mərkəzi"
Məhdud Məsuliyyətli Cəmiyyəti
yaradılıb. Ekspertlər A.Rəhimova istinadən deyirlər ki, respublikada hərbi vətənpərvərlik
işi vətənpərvərlik tərbiyəsinin
əsas tərkib hissəsi olaraq Azərbaycan
xalqının və dövlətinin hərb tarixi
ilə bağlı olan milli
dəyərlərə əsaslanır və həyata keçirilir. Hərbi ekspertlər
deyir ki, ən əsas
məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət,
milli adət və ənənələrə
hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə
sevgi və məhəbbət, düşmənə
nifrət, hər an Azərbaycan
Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli idarə, şöbə və bölmələri
yerli dövlət orqanları ilə birgə
hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində
məqsədyönlü iş aparır,
gələcək döyüşçülərə Vətənin
taleyi üçün
yüksək cavabdehlik məsuliyyəti
aşılayır. Gənclərə Vətənin
müstəqilliyini və ərazi bütövlüyünü
əldə silahla müdafiə etmək
hissləri təlqin edilir, Silahlı
Qüvvələrin qəhrəmanlıq salnaməsi öyrədilir,
onların müharibə, əmək veteranları və Milli Qəhrəmanlarla, yüksək döyüş hazırlığı olan əsgər və zabitlərlə
görüşləri, habelə
çağırışçıların Azərbaycan
Respublikası Silahlı Qüvvələri sıralarına təntənəli
şəraitdə yola salınması mərasimləri
təşkil olunur.
Bütün bunların gənclərin
hərbi vətənpərvərlik tərbiyəsinin
inkişafına töhfə verdiyi şübhəsizdir.
İradə SARIYEVA
Baki xəbər.-2014.-19
fevral.-S.15.