Gənclərin sahibkarlıq fəaliyyətinə münbit
şərait yaradılması
vətənpərvərlik hisslərinin formalaşdırılması
üçün motiv
kimi...
Gənclərin bütün
sahələrdə özünü
göstərməsi üçün onlara şərait yaradılması vacib məsələdir. Gənclər
yalnız elm, mədəniyyət, ədəbiyyat,
istehsalat sahəsində deyil,
biznes və sahibkarlıqda da
özlərin göstərə bilirlər. Gənclərin
inkişafı birmənalı olaraq
dövlətin diqqətində olan məsələdir.
Hesab edilir ki, gənclər, siyasətdə olduğu kimi,
iqtisadiyyatın tərəqqisinə də töhfə verməlidir.
Çünki gənclərin bu sahədə görə
biləcəyi işlər çoxdur. Bəllidir ki, hər bir ölkənin
güclü iqtisadiyyatının
olması üçün onun
sahibkarlıq subyektləri lazımi şəkildə inkişaf etməlidir. Sözün düzü, gənclərin özlərinin də
fikrincə, onlar iqtisadiyyatda
daha uğurla təmsil
oluna bilirlər.
İqtisadçılar deyir ki, azad tənzimlənən
iqtisadiyyatın əsasını özəl mülkiyyət təşkil
etdiyindən, hər bir dövlət adıçəkilən
sahənin inkişafını diqqət mərkəzində
saxlayır və onun təşəkkül tapması
üçün lazım olan dəstəyi verməyə
çalışır. Ekspertlərin bildirdiyinə
görə, insanların sahibkarlıqla məşğul olaraq öz biznes imkanlarını genişləndirməsi
onları həm də milli burjuaziyanın
nümayəndələrinə çevirir.
Güclü milli burjuaziya sinfinə malik olmaq isə hər bir
dövlətin arzusudur. Sahibkarlıq elə
bir sahədir ki, onunla istənilən yaş
kateqoriyasına aid şəxslər məşğul
ola bilər.
Dövlət İqtisad Universitetinin məzunu Cəfər
Cəfərzadənin dediyinə görə, müəyyən
vəzifə sahibləri istisna olmaqla, qadınların, gənclərin,
yaşlı insanların sahibkarlıq fəaliyyəti ilə
məşğul olması üçün Azərbaycan
qanunvericiliyində heç bir qadağa yoxdur: " Əksinə,
sahibkarlığa dəstəklə bağlı dövlət
tərəfindən bir sıra proqramlar qəbul olunub,
Sahibkarlığa Dövlət Dəstəyi Fondu
yaradılıb. Ölkə əhalisinin əhəmiyyətli
hissəsini gənclərin təşkil etdiyini
nəzərə alsaq, dövlətin gənclərlə
bağlı yürütdüyü siyasəti,
onlara sahibkarlıqla məşğul
olmaları üçün yaradılan
şəraitin əhəmiyyətini daha
gözəl anlayarıq.
Hər
bir ölkədə dövlətçiliyin, müstəqilliyin
daha da möhkəmləndirilməsi, gələcəyin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin
bütün sferalarında iştirakından, onların
aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni, özəl
sahibkarlığı əhatə edən sahələrdə
fəal iştirak edir.
Gənclərlə iş sahəsində
görülən tədbirlər Azərbaycan gəncliyinin
inkişafına təkan verir, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük
rol oynayır. Artıq
respublikamızda fəaliyyət göstərən gənclər
təşkilatları, ictimai birliklər
ölkəmizdə vətəndaş cəmiyyətinin
qurulmasına, özəl sahibkarlığın
inkişafına töhfələrini verir.
Ölkədə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə,
onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə
yanaşılır. Son vaxtlar Azərbaycan dövləti
gənclərə malik olduqları qabiliyyət
və intellektual imkanlar
müqabilində geniş meydan
verməyin tərəfdarı kimi bu təbəqəyə daim
böyük diqqət və qayğı
göstərir. Ölkəmizin qüdrətli dövlətə
çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə
edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Gənc nəslin
fiziki, sosial və mənəvi
inkişafını təmin edən fəaliyyət sahələrinin
istiqamətləndirilməsi, gənclərin dünya
dəyərlərinə yiyələnməsi, onların geniş imkanlara malik olan iş
adamlarına çevrilməsi və digər bir
sıra mühüm məsələlər
qarşıda duran əsas vəzifələrdəndir".
Ekspertin fikrincə, həyat
reallıqlarına əsaslansaq, məlum olar ki, cəmiyyətdə
heç də bütün gənclər yaradıcı sahəyə,
elmə meyl etmir. O bildirdi ki, dövlətə bütün
sahələr üzrə milli kadrların
yetişdirilməsinin zəruriliyi dərk olunandır: " Gənclərin
sahibkarlıqla məşğul olması, onların biznesdə
uğur qazanması dövlət üçün xüsusi
önəm daşıyır. Gənclər üçün
yaradılan sahibkarlıq şəraitinin yaxşı
olmasının onların milli şüurunun, vətənpərvərlik
hisslərinin artmasına, milli məfkurəyə
bağlı olan gələcək iş adamları kimi
yetişməsinə güclü təsiri
olur. Bundan əlavə, gənclər sahəsində dövlət
siyasətinin uğurla həyata keçirilməsi
məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılması da
təmin edilib. 1996-2002-ci illərdə qəbul
olunan "Bədən tərbiyəsi və
idman haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin
təsis edilməsi haqqında", "Azərbaycanın gənc
istedadlarına dövlət qayğısı haqqında",
"Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, habelə
"Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında",
"İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin
sosial-iqtisadi və s.
problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf
etdirmələrinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu"
Dövlət Proqramı bu qəbildəndir.
Qanunlar,
fərman, sərəncam və dövlət proqramları gənc
nəslin mütəşəkkil qüvvə kimi
formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı
məşğulluğunun təmin olunmasına təsir
göstərdi".
O
deyir ki, müasir Azərbaycan gəncliyi inkişafının
yeni mərhələsinə qədəm qoyub. Onun dediyinə görə, dövlət tərəfindən
uğurla davam etdirilən
dövlət gənclər siyasətinin düzgünlüyünü
bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir:
"Respublikamızda həyata keçirilən dövlət gənclər
siyasəti gənclərin hərtərəfli
inkişafını, onların cəmiyyət həyatında
fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin
təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı,
asudə vaxtının səmərəli təşkili, cəmiyyətin
bütün sahələrində fəal
iştirakı ilə bağlı məsələləri əhatə
edir. Artıq Azərbaycan gəncliyi
cəmiyyətin inkişafında fəal sosial
təbəqəyə çevrilib. Prezident İlham Əliyevin gənclərin
potensialından ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi sistemində
iştirakının gerçəkləşdirilməsi məqsədilə
2005-ci il avqustun 30-da
imzaladığı "Azərbaycan Gəncliyi Dövlət
Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi
haqqında" Sərəncamı da gənclərə
dövlət qayğısının artırılması məqsədinə
xidmət edir. Sərəncamda ölkəmizdə
gənclərlə bağlı dövlət siyasətinin əsas
istiqamətləri açıqlanıb. Gənclərin
və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq
tərbiyəsinin daha da
gücləndirilməsi, onların məşğulluğunun
təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək
göstərilməsi, sosial problemlərinin
həlli, o cümlədən yaradıcı
və istedadlı gənclərə, gənc ailələrə
dövlət qayğısının artırılması, mənzil
şəraitlərinin yaxşılaşdırılması, gənclərin
dövlət quruculuğu işlərinə
geniş cəlb olunması və bu kimi məsələlər
proqramda əksini tapıb. Proqrama uyğun olaraq gənclərin
sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq
axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
onların sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaları üçün sağlam həyat tərzinin təbliği
istiqamətində tədbirlər həyata keçirilir".
"Gənclər Siyasəti Haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən, dövlətin bu sahədə
qəbul etdiyi bütün qanunvericilik aktlarının
mühüm bir hissəsi gənclərin məşğulluq
probleminə, o cümlədən onların sahibkarlıq fəaliyyəti
ilə məşğul olmalarına istiqamətlənib:
"Dövlət tərəfindən gənclər
üçün yaradılan sahibkarlıq şəraitinin
onların milli şüuruna və vətənpərvərlik
hisslərinə təsiri böyükdür".
Qəzetimizin
ötən saylarından birində əməkdaşımızla
fikirlərini bölüşən professor Vaqif Arzumanlı
hesab edir ki, bütün inkişaf etmiş, demokratik ölkələrdə
gəncliyə hər zaman qayğı ilə
yanaşılması, onlara geniş meydan verilməsi zəruri
bir prosesə çevrildiyindən, bizim dövlət də
sınanmış ənənəyə sadiq qalaraq bu istiqamətdə
zəruri tədbirlər görür":Azərbaycan dövlətinin
gənclərə sahibkarlıqla məşğul olmaları
üçün göstərdiyi qayğı təqdirəlayiqdir.
Bir
neçə gün bündan
əvvəl dünya azərbaycanlı gənclərinin
yeni bir təşkilatının
yaradılması o deməkdir ki, dövlət bütün
dünyada olan azərbaycanlı
gənclərin öz ölkələri
barədə düşünmələri üçün
şərait, imkan yaradır. Təbii
ki, Azərbaycanın gələcək biznesi ölkənin gələcək taleyi, dövlətçilik ənənələrinin
qorunub saxlanması deməkdir və bütün bunlar indiki gənclikdən asılıdır. Bu istiqamətdə gənclər yetişdirilməlidir
ki, gələcəkdə boşluq
yaranmasın. Bunun üçün
gözəl qanunlar mövcuddur
və gənclər bundan yararlanıb
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkinməməlidir. Gənclərlə bağlı işlərdə bir az da
həssas, uzaqgörən olmaq
lazımdır. Çünki gənclərin
həyat təcrübəsində elə məqamlar olur ki, onlar
hansısa işlə bağlı 1-2 dəfə cəhd edir, planlanları reallaşmayanda
pessimizmə qapılır. Qəbul edilmiş
qanunların icrasını da elə həyata
keçirmək lazımdır ki, onlar incik düşməsin,
həm də üzərlərində məsuliyyət hiss etsin. Bu
məsuliyyəti daşıya biləcəyi halda
onlardan gələcəkdə gözəl
iş adamı, sahibkar
çıxa bilər. Bunun üçün gənclərə dəstək,
dayaq olmaq
lazımdır".
Gənclərin
ilk baxışda adi görünən səhvlərinə
düzgün istiqamət verilməsinin zəruriliyinə
toxunan professor bildirib ki, onların potensial imkanlarından
yararlana bilməyəcəyimiz halda fürsəti əldən
vermiş olarıq: "Bu, gələcəkdə dövlətin
sosial-mədəni həyatında bir boşluğa səbəb
olar. Biz gənclərimizin
qayğısına indidən qalmalıyıq. Situasiya
dəyişdigcə, gənclərlə bağlı qəbul
edilən gözəl qanunlara da dəyişiklik edilsə, həmin qanunlar müasir tələblərə
uyğunlaşdırılsa, əla olar. Mən
inanıram ki, gələcəkdə də
gənclərlə bağlı gözəl qanunlar
qəbul ediləcək və bu qanunlar gənclərin sahibkarlıq fəaliyyəti
ilə məşğul olması imkanını daha da artıracaq. Gənclərin sahibkarlıq sahəsində
qazandığı uğurlar onlara gələcəyə inamla
baxmaq, milli hisslərə,
Vətənə bağlı olmaq üçün gözəl stimul
verir. Belə olanda onlar hiss edir
ki, onların arxasında güclü
Azərbaycan dövləti durur. Bu həm milli vətənpərvərlik
hisslərinin tərbiyəsi deməkdir, həm də Azərbaycanın
gələcək taleyini maraqlandıran,
dövlət üçün vacib olan işlərin
istiqamətləndirilməsi deməkdir".
Məlumdur ki, indiki gəncliyin düşüncəsində Azərbaycan xalqı, Azərbaycan türkü, Azərbaycan dövləti və nəhayət, azərbaycançılıq ideologiyası var. Bu gənclər milli mənlik şüuruna, onun doğmalaşdırdığı vətənpərvərlik hissinə sahibdir. Bu onların fəaliyyətində, həyat tərzində qabarıq şəkildə görsənir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-18
fevral.-S.15.