Şagirdləri yaxın hərbi hissələrlə
görüşə aparmaq
ənənəsi və
vətənpərvərlik birgə formalaşır
Gənclik
özünü tanıyanda, hansı
dövlətin vətəndaşı olduğunu
dərk edəndə xalqına, dövlətinə, ordusuna daha da
bağlı olur. Bilirik
ki, müasir gənclər,
eləcə də məktəblilər daha
çox vətənpərvər
olmaqları ilə seçilmək istəyirlər. Məktəblilər Azərbaycan tarixini, dövlət
quruculuğunu, dövlətin qarantı olan milli ordunun fəaliyyətini
yaxşı öyrənməlidir. Məktəblilərdə
vətənpərvərlik tərbiyəsi hələ ilk siniflərdən başlayaraq
formalaşdırılmalıdır.
Hər bir məktəbli, hər
bir yeniyetmə, gənc bilməlidir ki, onun müstəqil
dövləti, yenilməz ordusu var.
Gənc
nəslin tərbiyəsi, onlarda milli mənlik şüurunun
inkişafında valideynlər və məktəb əsas rol
oynamalıdır, oynayır da. Qeyd etdiyimiz kimi, gənc nəslin
hərbi-vətənpərvərlik ruhunda
tərbiyə edilməsi, hərb tariximizin
öyrənilməsi, gənc nəslə
çatdırılması bu gün ən mühüm
məsələlərdən biri hesab olunur. Bu
yöndə görülən müxtəlif səpkili işlər
gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir.
Sabunçu rayonu Zabrat qəsəbəsində
yerləşən məktəblərdən birində hərbi
hazırlıq müəllimi işləyən Telman Qürbətov
bizimlə söhbətində bildirdi ki, gənclərdə hərbi-vətənpərvərlik
tərbiyəsinin formalaşdırılmasında hərbi
müəllimlərlə yanaşı, tanınmış
şəxslərin, fəal ictimaiyyətçilərin də
rolu böyük olmalıdır: "Tanınmış
insanların əsgərlərlə görüşməsi,
ziyalıların, millət vəkillərinin, nazirlərin hərbi
hissələrə səfəri əsgərlərdə mənəvi-psixoloji
hazırlığın yüksəlməsinə səbəb
olur. Belə ki, əsgərlər Azərbaycanın
ictimaiyyət nümayəndələrinin onlara
baş çəkmək üçün
hərbi hissəyə gəldiyini görüb
fərəh, qürur hissi
keçirir. Eyni zamanda, ziyalılar, millət vəkilləri
hərbi hissələrə getməklə orduya
nə qədər önəm, dəyər verdiklərini əsgərlərə
sübut etmiş olur. Jurnalistlər hərbi hissələrə
səfər edən zaman olduqları hərbi
hissədən materiallar
hazırlayırlar ki, bu
da ordu haqda
cəmiyyətə doğru-düzgün
məlumatın ötürülməsinə kömək edir. Ən önəmlisi odur ki, bütün
bu kimi işlər nəticə
etibarilə gənclərə vətənpərvərlik hisslərinin
aşılanmasında mühüm rol oynayır. Ordu ilə
cəmiyyət arasında normal təmas qurmaq, KİV-də ordu-cəmiyyət
münasibətlərinin düzgün əks
etdirilməsi silahlı qüvvələr barəsində düzgün və obyektiv
rəyin formalaşmasına gətirib
çıxarır".
Qəzetimizin əməkdaşının
mövzu ilə bağlı fikirlərində də qeyd edilir
ki, məsələnin başqa tərəfi də var. Onun dediyinə görə, bu
gün Azərbaycanın müharibə
şəraitində olması gənc nəslin vətənpərvərlik
ruhunda formalaşdırılmasını labüd edir. Fikrə diqqət
yetirək: "Gənclərə milli ruhun aşılanması prosesi
hələ körpə yaşlarından həyata
keçirilməli, məktəblərdə davam
etdirilməli və təkmilləşdirilməlidir. Bunun üçün orta məktəblərdə tədris olunan hərbi hazırlıq fənlərinin, idman oyunları yarışlarının və
buna bənzər digər tədbirlərin
keçirilməsinin böyük əhəmiyyəti
var. Söhbət təkcə onların silahlardan istifadə qaydalarını öyrənməsindən,
fiziki hazırlıqdan getmir.
Eyni zamanda, gənclərin
Vətənə, torpağa
bağlılığından, mənəvi-psixoloji
hazırlığından gedir. Gənclərə
vətənpərvərlik hisslərinin aşılanması bütün qurumların qarşısında duran prioritet vəzifə
olmalıdır. Orta ümumtəhsil məktəblərində
çağırışa qədərki hərbi
hazırlıq fənninin tədrisinin əsas məqsədi birinci növbədə gəncləri ölkənin
müdafiəsinə indidən psixoloji cəhətdən
hazırlamaqdır. Sözügedən fənn vasitəsilə
yeniyetmələrə hələ məktəbdə Vətəni
müdafiə etmək üçün hərbi
hazırlıq keçilir, məlumatlar verilir, adi hərbi silahlarla da tanış olurlar. Hərbi yönümlü
idman yarışlarında, oyunlarında
müxtəlif fənlər gənclərə öyrədilir.
Özünümüdafiə ilə, müəyyən hərəkətlərlə
- sürünmək, maneələri keçmək,
yaralını ərazidən uzaqlaşdırmaq və sairə
ilə tanış olurlar. Məlum məsələdir
ki, nəzəri olaraq
ancaq şəkillər üzərində
müəyyən məlumatların gənclərin diqqətinə
çatdırılması yetərli deyil.
Nəzəri-psixoloji hazırlıqla yanaşı, fiziki hazırlıq da olmalıdır
ki, gənclərin bu
yöndə fəaliyyəti məzmun və forma
baxımından bir-birini tamamlasın. Bu səpkili yarışların keçirilməsi
gənclərin hərbi xidmət zamanı təlimi daha tez qavramasına və
onun öhdəsindən gəlməsinə
münbit zəmin yaradır. Belə ki, onlar silahdan
istifadə zamanı əlbəyaxa döyüş
növlərini öyrənərkən naşılıqla
üzləşmir. Bu işdə təkcə
müəyyən təsəvvürlərin olması yetərli
deyil, bunun üçün praktiki
hazırlığın olması vacib
şərtlərdən biridir". Məlumdur ki,
məktəblər arasında hərbi idman
oyunlarının keçirilməsi yeniyetmələrə vətənpərvərlik
hisslərinin aşılanmasında mühüm
əhəmiyyət kəsb edir. Belə ki, "Cəsurlar", "Şahin"
kimi oyunların keçirilməsində də
məqsəd şagirdlərə cəsarətliliyi, cəldliyi,
mübarizliyi, qələbə çalmaq uğrunda iradə
möhkəmliyinin təmin olunmasını öyrətməkdir.
Tarixçi Həyat Məhərrəmovanın
sözlərinə görə, gənclərin vətənpərvərlik
hisslərinin artırılmasına hesablanmış tədbirlərdən
biri də şagirdlərin hərbi hissələrə səfərinin
təşkil olunmasıdır: "Məlumatıma görə,
icra hakimiyyəti qurumlarının təşkilatçılığı
ilə şagirdlərin hərbi hissələrdə
tanışlıq görüşləri təşkil olunur. Şagirdlər
hərbi hissələrdəki vəziyyəti əyani şəkildə
görür. Bu da faktiki olaraq
onlarda vətənpərvərlik hisslərinin
aşılanmasına xidmət edir. Bir var hansısa nəzəri
məlumat əsasında formalaşan təsəvvür,
bir də var əyani
şəkildə yaranan təəssürat.
Təbii ki, ikincinin effektivliyi daha böyükdür. Bu kimi tədbirlərin təşkili şagirdlərin
hərbi-vətənpərvərlik hisslərinin daha real əsaslara söykənərək
formalaşmasına xidmət edir. Məsələ
ondadır ki, sözügedən metodla gənclərə vətənpərvərlik
hisslərini daha keyfiyyətli şəkildə
təlqin etmək mümkün olur. Çünki onlar praktiki
tanışlıq imkanı əldə edir.
Görünən odur ki,
gənclərin hərbi-vətənpərvərlik hisslərinin
daha yüksək səviyyəyə
çatdırılmasında bu kimi məqamların nəzərə
alınması müsbət nəticələrə gətirib
çıxara bilər. Orta məktəbi
bitirən gənc ali məktəbə daxil olmağı özünə məqsəd
seçdiyi kimi, Vətəni
də sabah əsgəri xidmətlə qoruyacaq duyğusu məktəbdə
aşılanmalıdır. Belə olsa, bu sahədə mövcud olan bir sıra
çatışmazlıqları aradan
qaldırmaq mümkündür. Hərbi dərslər
zamanı şagirdlərin hərbi hissələrə
aparılması və onların əsgərlərlə
söhbətlər etməsi yeniyetmələrin
formalaşmasında öz sözünü
deyir. Bir sözlə,
vətənpərvərlik hisslərinin gənclərə
aşılanmasında bir sıra vasitələrdən
istifadə etmək lazımdır. Əsasən də vətənpərvərlik
hisslərini artırmaq üçün daha çox əyanilikdən
istifadə olunmalıdır. Onlardan biri də məhz şagirdlərin hərbi
hissələrə aparılmasının təşkilidir".
Professor
Əjdər Ağayevin xeyli əvvəl qəzetimizə
verdiyi açıqlamada mövzuya tam obyektiv yanaşma sərgilənib.
Professor Ə.Ağayev
bildirib ki, bu istiqamətdə görülən tədbirlər
təqdirəlayiqdir. Onun sözlərinə
görə, Azərbaycan təhsilinin əsas vəzifələrindən
biri şagirdləri bilik
və bacarıqlarla silahlandıraraq Vətənin müdafiəsinə
hazırlamaqdır: "Buna görə məktəblərdə
ibtidai hərbi hazırlıq fənni tədris
olunur. Həmin fənni tədris edən ya ehtiyatda olan
zabit olur, ya da sözügedən
sahə üzrə müəllim. Bu fənnin
əsas məqsədi məktəbdə şagirdlərə
silahı sökməyi, yığmağı öyrətməkdir.
Həmçinin, strateji planların,
qorunmağın necə olduğunu öyrətməkdir.
Necə deyərlər, bu və digər məsələlər
şagirdlərin öz səviyyəsində
onlara öyrədilir".
Əjdər Ağayev məsələ
ilə bağlı bəzi nöqsanların olduğunu da gizlətməyib:
"Ancaq təəssüflər olsun ki, orta məktəblərin
əksəriyyətində ibtidai hərbi hazırlıq fənninin
tədrisi çox aşağı səviyyədədir. Bunun davamı olaraq digər
formalardan da istifadə
olunur. O da şagirdlərin
hərbi hissələrə aparılmasıdır. Məsələn,
Qazax rayonunda bir kənd müəllimi var,
o, şagirdləri cəbhə xəttində
xidmətdə olan zabitlərlə görüşdürür. Bununla müəllim
müharibənin nə olduğunu
şagirdlərə əyani şəkildə izah
edir. Ümumiyyətlə, hərbi hissələrə
yaxın olan məktəblərdə şagirdlərlə hərbçilərin
görüşü təşkil olunur. Şagirdlər
sözügedən hərbi hissələrə
aparılır. Hətta şagirdləri səngərlərə
aparmaqla tanışlıq
görüşləri təşkil olunur.
Bütün bunlarda məqsəd
şagirdləri Vətənin müdafiəsinə
hazırlamaqdır. Eyni zamanda,
bu, şagirdləri hərbi
hazırlığa daxil olan
ilkin biliklərə yiyələnməyə
sövq edir".
O, bu gün ən böyük
problemin orta məktəblərin böyük əksəriyyətində
silahların yoxluğu olduğunu diqqətə
çatdırıb. "Tək-tək məktəblər
var ki, orada
silahlar var. Əksər
məktəblərdə şəkillərdən istifadə olunur. Silahın
sökülüb-yığılması şəkillər
vasitəsilə şagirdlərin dəqqətinə
çatdırılır. Halbuki, şəkil
insana mahiyyəti o qədər
də çatdırmır. Ancaq
şagirdlər hərbi hissələrə gedəndə əyani
şəkildə silahlarla tanış olur ki, bunun
effekti nəzəri biliklərə baxanda daha böyükdür.
Belə ki, onlar əsgərlərin
əlində olan silahlarla
tanış olur və əsgərlər
şagirdlərə silahların xüsusiyyətlərini izah edir. Bu
tanışlığın əsas məqsədi
çağırışa qədər uşaqları hərbi
xidmətə hazırlamağa yönəlib", deyə
Ə.Ağayev bildirib.
Ekspertin bildirdiyinə görə, bütün bunlarla
yanaşı, bir məqamı da nəzərə almaq
lazımdır ki, vətənpərvərlik
gərək insanın daxilində olsun:
" Ancaq çağırışa qədər
müəyyən hərbi biliklərə yiyələnməyin,
ona bələd olmağın çox böyük əhəmiyyəti
var. Bu yöndə
görülən işlərin effektivliyini
daha da artırmaq üçün, yaxşı olardı ki, ibtidai hərbi
hazırlıq fənninin tədrisi daha
yüksək səviyyəyə qaldırılsın. Tədrisi
peşəkar adamlara həvalə etmək
lazımdır. Peşəkar adamlar
sözügedən işləri görürsə, heç şübhəsiz, bu,
şagirdlərə vətənpərvərlik hisslərinin
aşılanmasına gətirib çıxarır. Onların
torpağa, Vətənə
bağlılığını daha da yüksəldir. Şagirdlərin hərbi
hissələrlə tanışlığının təkcə
bir neçə məktəbin
timsalında olması yetərli deyil. Gərək
bütün ölkə məktəbləri
bu hərəkata qoşulsun".
Professorun da, başqa ziyalıların da bu məsələyə yanaşması qarşımızda böyük bir həqiqət yolu açır. Məktəblər, təhsil müəssisələri gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün daha çox çalışmalı, hazırda kəsir sayılan bütün tədris vəsaitlərilə şagirdlərin maraqlarını təmin etməlidir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-20
fevral.-S.12.