Gənclərin vətənpərvərlik tərbiyəsində postmodernizmin zərərli təsirlərindən qorunmanın yolları...

 

 Gənclik elə bir qüvvədir ki, ayaqda olan hər bir təşkilat onu öz yanında, təsiri altında görmək istəyir. Gəncliyin təmizliyi, mübarizliyi, eləcə də inamının güclü olması onları arzuedilən simaya çevirir. Əlbəttə bütün zamanlarda gənclərin potensialı tam gücü ilə özünü göstərə bilib. Zamanın gətirdiyi bütün dalğalar, mədəniyyət-incəsənət, sosial-siyasi təsirlər, isimlər gənclərin iştirakı ilə özünü daha geniş şəkildə ehtiva edib.

   Bəlli məsələdir ki, gənclik dövlətlərin əsas siması olaraq meydanda görünür. Bu da aydındır ki, hər bir dövlət vətəndaşların, əsasən də gənclərin milli-mənəvi hisslərə bağlı, vətənpərvərlik ruhuna sahib olmasını istəyir. Bu mənada bir sıra təbliğat vasitələrindən istifadə etməklə, adıçəkilən hisslərin geniş təbliği üçün dövlət tərəfindən müəyyən layihələr dəstəklənir. Söz yox ki, bu layihələr çərçivəsində Vətən və dövlət üçün önəmli olan gənclərin milli şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artırılmasına çalışılır. 

  Ekspertlərin araşdırmasına görə, tutduğu mövqedən, siyasi mənsubiyyətindən asılı olmayaraq, gənclik məsələsində əksər fikir adamları eyni qənaəti bölüşür.

   Sosioloq Zümrüd Bayramovanın dediyinə görə, bu hisslərin təbliği ilə bağlı yekdil fikir ondan ibarətdir ki, milli şüur uzun tarixi inkişaf prosesinin məhsuludur: "Belə ki, milli şüurun inkişafında bütün ictimai-siyasi hadisələr, sosial sarsıntılar öz izini qoyur. Milli mənliyin milli şüurun bir komponenti olduğunu nəzərə alsaq, məlum olur ki, milli mənliyin əsasını insanın mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaqs. kimi sosial keyfiyyətlər daxildir. Milli mənliyə gedən yol isə milli özünüdərkdən keçir. Sadalanan keyfiyyətləri insan dünyagörüşünün formalaşdığı vaxtda əldə edir, bu da vətəndaşın gənclik dövrünə təsadüf edir. Hesab edirəm ki, gənclərin ən mühüm tərbiyəsi sırasında onların vətənpərvər ruhda böyüməsi əsas olmalıdır. Bizim həm də müharibə şəraitində olmağımız, torpaqlarımızın bir hissəsinin qəsb edilməsi gənclərin məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini bir qədər də vacib edir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır".  

 Ekspert dedi ki, təəssüf ki, bir çox hallarda dövlətimizin və vətəndaşlarımızın bu istəyinə kölgə salan amillər də var. Z.Bayramova hesab edir ki, bu gün meydana elə cərəyanlar çıxıb ki, onlar öz zərərli missiyası ilə özünü göstərir: "Bu cərəyanlar, mənfi təsirlər nəinki sadalanan hisslərin təbliğinə kömək edir, əksinə, apardıqları fəaliyyətlə bu hisslərin aşınmasını hədəf götürüb. Belə cərəyanlardan biri də ədəbiyyatımıza, sonra isə jurnalistikamıza nüfuz etməyi bacaran postmodernizm cərəyanıdır. Son vaxtlar bu cərəyanın nümayəndələri öz yazıları ilə milli mənlik hisslərini, milli dəyərləri və nəhayət, hamımızın qeyrəti sayılan qadınlarımızı hədəf seçib..."  

 Z.Bayramovanın sözlərinə görə, Azərbaycanda olan postmodernist cərəyanın nümayəndələrinin milli-mənəvi dəyərlərimizi hədəf götürdüyü, bu hisslərin əksinə apardığı böyük layihə barədə çox danışmaq olar: "Bu gün Azərbaycanda müəyyən gəncləri öz caynağına alan bu cərəyan barədə bir kiçik bir məlumat vermək yerinə düşərdi. Yəqin sizin oxucuları maraqlandırır ki, az qala hər gün barəsində danışılan bu postmodernizm nədir? Hansı məqsədə qulluq edir? Hər kəs bilir ki, postmodernizmə konkret şəkildə tərif vermək mümkün deyil. Ən azı, onun haqqındakı yazıların özü qədər tərif müəyyən etmək mümkündür. Hər yazar postmodernizmi öz baxış bucağından qiymətləndirərək, onu müəyyən bir istiqamətinə daha çox fokuslayır. 

  Bəzilərinə görə, postmodernizm modernizmdən qopmanı ifadə edir. Bir qisim yazarlara görə isə, o, modernizmin təmizlənib-formalaşdırılmış, daha yüksək bir formasıdır. Kiməsə görə, postmodernizm kollaj texnikasıdırsa, kiməsə görə də tarixin sonunu elan edən bir axındır. Postmodern bir dövr yaşandığı iddia edilir. Bu yaşanan müddət ərzində düşüncənin iflas etdiyi, ideologiyaların tükəndiyi, məkan və zaman anlayışlarının sarsıldığı iddia edilir". 

  Mövzu ilə bağlı qəzetimizin əməkdaşı da araşdırma aparıb. Onun qeydlərinə görə, postmodernizmlə bağlı yaşanan mübahisələr 80-ci illərdə daha gərgin miqyas alıb: "60-cı illərdə sosial-elmi və sənətlə bağlı utopiyalar vardı. 70-ci illərdə "daxilə qayıdış" yaşanır, siyasətə arxa çevrilir. 80-cı illərdə isə informasiya emalı çağındakı inkişaf nümunələri "çoxluqçu" bir gələcəyi göstərir. Belə bir mühit daxilində "postmodern mübahisə" ortaya çıxır və gündəmi məşğul edir. Postmodernizmin ilk dəfə harada ortaya çıxdığı sualına cavab olaraq 60-cı illər Nyu-York sənətşünasları və tənqidçilərini göstərə bilərik. 70-ci illərdə Avropaya gətirilərək orada inkişaf etdirilir. Getdikcə postmodernizm barədə daha çox bəhs edilməyə başlanır. Postmodernizm məzmun və qanunilik baxımından da mübahisəli bir vəziyyətdədir. Məzmun baxımından kiməsə görə, yeni texnologiyalar çağı, kiməsə görə, ətraf mühit müdafiəçisi və ya "yaşıl ideyalar" tərəfdarı, bəzilərinə görə, kütləviləşmə və parçalanma və nəhayət, başqa bir qrupa görə isə, yeni bir miflə dağınıq olan toplumun növbəti bütövləşmə cəhdidir. Qanunilik olaraq postmodernizmin göstərəcəyi yeni fenomenlərin olmadığı söylənir. Olsa belə, başlamaqurtarma nöqtəsini müəyyənləşdirmə işinin ancaq tarixçilərə aid olduğu şəklində etirazlar da var. Habermas isə modernizmin bitmədiyini, "tamamlanmamış bir layihə" olduğunu iddia etməklə posmodernizm deyilən bir anlamın olmadığını deyib.

   Postmodern anlayışda ortaq xüsusiyyətlər yoxdur. Buna görə də idealizm materializm, praqmatizm kimi bir "izm", ya da fəlsəfi bir nəzəriyyə deyil. "İzm"lərdə olduğu kimi, başlıca qanunları olmadığı üçün "izm"lər sırasına daxil etmək mümkün deyil. Onun ən yaxşı ifadəsi "postmodern durum" şəklində olan ifadədir. Postmodernizmin bir çox əlamətləri var. Ancaq bunların biriya bir neçəsi, ya da hamısı bir yerdə mövcud ola bilər. Ən önəmlilərindən bir neçəsini sadalayaq: qeyri-müəyyənlik, parçalanma, qaydaların pozulması, ironiya, "mən"in itirilməsi, mələzləşmə, karnavallaşma, "mətnpərvərlik", gələcəyə dönüş, hər şey gedir. Əlamətlərin bəzisini açıqlamağa çalışaq: qayda-qanunların pozulması Nitsşe ilə başlayıb, avtoritarlarla lağlağı etməyi ifadə edir. Hər şey gedir ilə izah edilmək istənən məna postmodernizmdə olmayacaq bir şeyin olmadığı, hər cür fikrə və hərəkətə açıq qapı qoyulduğudur".   

Məlumdur ki, bu cərəyana Azərbaycan cəmiyyətində də fikirlər birmənalı deyil. Bəziləri düşünür ki, bu bizim ölkənin bütün sahələrinə mənfi təsir edən bir cərəyandır, bəzilərinə görə isə, postmodernizmin heç bir ziyanı yoxdur. İkinci fikirdə olanların qənaətinə görə, demokratik mühitdə bütün fikirlərə hörmətlə yanaşılmalıdır.  

 Ekspertlər bildirir ki, məlum cərəyanın gənclərin milli şüuruna və vətənpərvərlik hisslərinə olan təsiri barədə danışanlar həmişə eyni mövqedə olmur. 

  Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, tanınmış şair Musa Yaqub qəzetimizə bildirib ki, bizim milli vətənpərvərlik ruhunda yazan ziyalılarımız əsərlərinin bu ruhda olacağını düşünüb yazmayıb. Bu onun içindən gəlməlidir: "Postmodernistləri yalnız bir şey düşündürür: nə yazaq ki, fərqli bir şey olsun və diqqət mərkəzinə gələk? Bizə məxsus olan əxlaqi dəyərlərin rəngi, çeşməsi birdir. Bu bizim atalarımızdan, babalarımızdan gəlir. Kimsə bir yenilik etmək istəyirsə, buyursun, bu ənənəyə uyğun etsin bunu. Modern sözü modaya yaxın sözdür. Milli sənət, milli duyğu, milli şeir modanı qəbul etmir. Onun əvvəlki modası necə olubsa, elə də qalır. Belə cərəyanlarla gənclərə heç nə vermək olmaz. Adicə, ağaca bir calaq vuranda, bir də görürsən ki, nəyinsə təsirindən yeni qalxan pöhrə əyilir. Ağıllı bağban onu mütləq düzəldir ki, yeni pöhrə düz inkişaf etsin. Amma pöhrənin düzgünlüyünü istəməyən bağban bunu fərqli bər-bəzək kimi qəbul edərək ona əhəmiyyət vermir və nəticədə adı budaq olsa da, ömrünün axırına qədər əyri qalır. Postmodernistlərin yaradıcılığı düşünülmüş deyil, yəni başdan gəlmir, ürəkdən gəlir. Düşünülən əsərlər daha duyğulu, insanı dəbərdən, kökümüzə, milli ruhumuza daha yaxın olur. Ola bilər fərqli formaya salınsın. Burda heç bir qəbahət yoxdur. Bu olur şairin, yazıçının fərdi yaradıcılığı. Posmodernistlər deyir ki, nə qədər təkrar olar? Təzə söz demək lazımdır. Mən razıyam, təzə söz deyilsin. Ancaq bunun ölçüsü-biçisi, əndazəsi, ifadə tərzi Azərbaycan tərzinə uyğun olmalıdır. Nəfəs sənin olmalıdır. Süni nəfəs öz nəfəsinin yerini verə bilməz. Elə əsərlər ortaya qoymaq lazımdır ki, bayaq misal çəkdiyim pöhrələr, cavanlarımız əyilməsin. Onları saf hisslərlə yükləmək lazımdır ki, Vətənimizə, millətimizə xeyir verə biləcək işlərin dalınca getsin".   

Eyni mövzu barədə danışan şairə Qiymət Məhərrəmli bu cərəyanın mənfi tərəflərini diqqətə çatdırıb. Onun fikrincə, bu cərəyan gənclərin milli şüuruna mənfi təsir göstərir: "Postmodernizm əslində köhnəni qəbul etməmək anlamına gəlməməlidir. Bu əslində tramplin deməkdir, yəni ayağını köhnəyə qoyub daha artıq tullanmaq həvəsidir. Bizdə bu cərəyan təhrif olunur və belə bir anlama gətirilib ki, sanki bütün köhnəlikləri inkar etmək lazımdır, üstündən xətt çəkilməlidir. Əksinə, bu cərəyanın fəlsəfəsi ondan ibarətdir ki, biz köhnəyə istinad edib yenisini daha yaxşı yarada bilək". 

  Şairənin dediyinə görə, bizim keçmişimiz isə milli-mənəvi dəyərlərimiz, milli şüurumuz deməkdir. Məhz bunlara istinad edərək yeni əsərlər ortaya qoyulmalıdır: "Gənclərimizi vətənpərvər hissdə, milli ruha uyğun tərbiyə etməliyik. Biz Azərbaycanda olan posmodernizmin gənclərə təsirindən danışmaq istəyiriksə, bu, postmodernizm deyil, əllaməçilikdir. Bizdə olan postmodernizmin milli-mənəvi dəyərlərə, gənclərin bu ruhda tərbiyə olunmasına heç bir müsbət təsiri ola bilməz. Çünki kökə istinad etmirlər. 

  Əslində ədəbiyyat yalnız söz demək deyil, o canlı bir varlıqdır. Bəli, bu gün bu cərəyanın nümayəndəsi adı ilə çıxış edən bir qrup insan var ki, hamını və hər şeyi inkar edir. Onların fikrincə, biz gözümüzü bağlayırıqsa, deməli, dünya yoxdur, açırıqsa, dünya var. Bu düzgün olmayan yanaşmadır. Hər şeyi inkar etmək o deməkdir ki, deməli, onların özləri yoxdur".    Q.Məhərrəmli onu da dedi ki, biz gənclərimizi bu kimi zərərli təsirlərdən qorumalıyıq. Onun fikrincə, onları milli şüura bağlı olan vətənpərvərlər kimi yetişdirməliyik ki, gənclik ona yad olan, onu mənəviyyatdan, milli şüurdan, vətənpərvərlikdən uzaq salan təsirlərin, cərəyanların ardınca getməsin.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-24 fevral.-S.10.