Azərbaycan multikulturalizmin əsas məkanlarından
biridir
Azərbaycan xalqı
özünə qapanıb yaşayan xalqlardan deyil,
xalqımız öz istiliyi, mehribanlığı,
qaynayıb-qarışmaq bacarığı ilə hər
zaman seçilib. Azərbaycan türkləri
hər zaman çəpər-çəpərə,
qapıbir yaşadığı qonşusuna mənəvi dayaq
olub. Başqa xalqlara, dinlərə mənsub
olan insanlar ölkəmizdə bizdən heç bir zərər
görməyib. Əksinə,
xalqımız və dövlətimiz onlara simsar olublar. Azərbaycan çoxmillətli bir məkandır.
Burada tarixən bizimlə
iz-izə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan
hiss ediblər, çünki onlar özlərinə həmişə
dözümlü münasibət görüb,
sıxılmadan, əzilmədən yaşayıblar,
yaşayırlar, müxtəlif nəsillərin timsalında mədəniyyətlərini,
dinlərini yaşadırlar. Elə respublikalar var ki, orada
dini və milli tərkib az rənglidir, bu
da o deməkdir ki, orada tolerantlıq, dözümlülük
prinsipi pozulub.
Elə götürək işğalçı Ermənistanı. Səhih məlumatlara
görə, Ermənistanda ermənilərdən, bir də erməni
soyadını və qriqoriyanlığı qəbul edən
bir-iki toplumdan başqa digər xalqların və dinlərin
nümayəndələri yaşamır. Ancaq
tarix boyu Qafqazın gözü, özəyi sayılan Azərbaycanda
çox xalqların və dinlərin təmsilçiləri
heç bir ayrıseçkiliyə məruz qalmadan
yaşayırlar. Hətta respublikamızda
ermənilər də yaşayır. Nə dövlətimiz,
nə də vətəndaşlarımız onlara
"gözün üstə qaşın var" demir. Çünki Azərbaycan xalqı başqa millətlərə
sevgi və sayğı göstərməyi bacarır. Bu gün ölkəmizdə başqa xalqların
nümayəndələri öz ana dillərində, ibtidai
sinif səviyyəsində olsa da, təhsil ala bilir, öz dini
inanclarına uyğun ibadət edir, rituallar həyata
keçirir, heç bir ögey münasibətlə üzləşmədən
müxtəlif sahələrdə çalışa bilirlər.
Bu da onu deməyə əsas verir ki, Azərbaycan
multikulturalizmin əsas tarixi məkanlarından biridir.
Cəmiyyətimizdə
son zamanlar sıx-sıx işlədilən multikulturalizm
anlayışının kökündə müxtəlifliyin
eyni məcrada çuğlaşması dayanır. Daha dəqiq desək, multikulturalizmin əsasında
müxtəlif millətlərdən olan insanların hər
bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında
birgə yaşaması ideyası durur.
Bilirik ki,
qloballaşmanın məqsədi millətlərin mədəniyyətini,
özünəməxsusluğunu əridib məhv etməkdir.
Ancaq multikulturalizmin daşıdığı
qayə belədir ki, bu zaman mədəni, dini, dil, etnik və
digər xüsusiyyətlərə zərər dəyməməlidir.
Multikulturalizmin cövhərini tolerantlıq,
qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil
edir.
Məlumdur ki,
multikulturalizmin yaranması, cəmiyyətdə, dövlətdə
əsaslı yer tutması üçün həm ənənə
olmalıdır, həm də vətəndaşlar, insanlar bu məfhumu
yaşamalıdır. Ekspertlər bildirir
ki, bütün bunların həyata keçirilməsi
üçün birincisi, bu və ya digər cəmiyyətin
üzvləri buna qadir olmalı, ikincisi, maddi durumlarına,
imkanlarına görə eyni vəziyyətdə
yaşamalıdırlar.
Filosof və sosioloqlar
bildirir ki, multikulturalizmlə tolerantlıq arasında sıx
bağlılıq var. Onların qoşa şəkildə
meydanda olması vacib bir hal olaraq diqqəti cəlb edir. Hazırda yer üzündə tolerantlıq
anlayışının multikulturalizm məfhumu ilə paralel
işlənməsinin təsadüfi olmadığını
deyənlərin fikrincə, tolerantlığın mövcud
olmadığı yerdə multikulturalizmdən danışmaq
mümkünsüzdür. Bunun səbəbini
başa düşmək üçün əvvəlcə
tolerantlığın ən mühüm aspekti kimi qəbul
edilən multikulturalizmin mahiyyətinə diqqət çəkmək
gərəkdir. Elmi ədəbiyyatda verilən
məlumata görə, multikulturalizm anlayışı
çox da qədim tarixə malik deyil. Sözün
semantikası ingiliscədən hərfi tərcümədə
"çoxmədəniyyətlilik" (multi - çox,
kulturalizm - mədəniyyətlilik) anlamına gəlir.
Çağdaş
alman filosof və sosioloqu Yurgen Habermasa (1929) görə,
multikulturalizmin əsas prinsipi "mədəni həyatın
müxtəlif formalarının bərabər hüquqlarla
yanaşı mövcud olması", sadə dillə desək,
azlıqla çoxluğun bərabər hüquqlara malik
olmasıdır. İngilis mənbələrinə
və bir sıra Qərb alimlərinin bu mövzuda
apardıqları tədqiqatlara əsaslansaq, multikulturalizm
özündə hansısa ölkədə, eləcə də
bütün dünyada mədəni müxtəlifliyin qorunub
saxlanmasına və inkişafına yönəlmiş siyasəti
və bu siyasəti əsaslandıran ideologiyanı ehtiva edir.
Avropa Birliyi məkanında
isə multikulturalizm ötən əsrin 60-cı illərinin
sonlarından xüsusi əhəmiyyət kəsb etməyə
başlayıb. Lakin Birliyin söz sahibi
olan ölkələri multikulturalizmi mahiyyətcə liberal dəyərlərin
tətbiqi kimi yox, sözügedən məkana işçi
miqrantların cəlbini nəzərdə tutan ideologiya olaraq qəbul
edirdilər. Avropa Birliyi isə bir təşkilat
kimi bu prosesə dəstək verərək, dolayısı ilə
multikulturalizm adı altında "açıq qapı"
siyasəti yürüdərək daha çox Birliyin iqtisadi mənafeyini
qorumaq məqsədi güdürdü. Bir
sıra alimlərin fikrincə, qloballaşma dövründə
heç bir ölkə multikulturalizmin təsirindən kənarda
qala bilməz. Bu qənaəti
bölüşənlər qeyd edir ki, günümüzdə
multikulturalizmin böhranı və ya süqutu ilə
bağlı Qərbdə səslənən fikirlər
heç də birmənalı qəbul edilmir. Bu fikrə
qanad verən Azərbaycan Prezidentinin Administrasiyasının
Xarici əlaqələr şöbəsinin sektor müdiri,
iqtisad üzrə fəlsəfə doktoru Ə.əbibbəyli
mediadakı çıxışlarından birində
vurğulayıb ki, Qərbin bir ideologiya olaraq
baxdığı multikulturalizm bir çox yerlərdə, o
cümlədən Azərbaycanda həyat tərzi olaraq qəbul
olunur": İnsanlar minillər boyu yaşadıqları
çoxmədəniyyətli həyatı bir zənginlik kimi
qəbul edirlər. Multikultural dəyərləri
müxtəlif mədəniyyətlərə, dinlərə,
sivilizasiyalara tolerant münasibət şərtləndirir.
Yalnız tolerant cəmiyyətdə
multikulturalizm mədəniyyətlərin
qarşılıqlı surətdə zənginləşməsinə,
müxtəlif xalqları birləşdirən dəyərlər
sisteminin formalaşmasına səbəb olur. Bu gün Avropa multikulturalizmin məğlubiyyətə
uğradığını qəbul və bəyan edir".
Ə.Həbibbəyli
fikrində haqlıdır, o çox düzgün qeyd edib ki,
multikulturalizm Azərbaycan xalqının həyat tərzinə,
gündəlik yaşayışına çevrilib. Çünki biz hər gün bu münasibəti
başqalarına göstəririk. Tolerantlıq,
multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla
yanaşı, həm də cəmiyyətin daxilinə sirayət
edən, əsrlərdən bəri qanında, canında
daşıdığı mənəvi məsələdir.
Bu gün Azərbaycanda çox yüksək səviyyədə
bu məsələ özünü göstərir. Bəllidir ki, indi dini və milli
tolerantlığın Azərbaycan modeli mövcuddur. Bu modeli, nümunəni təbliğ etməklə
regionda və dünyada sülhün, əmin-amanlığın,
bununla da etnik, dini, mədəni multikoloritin qorunmasına
dövlət və xalq olaraq öz töhfəmizi verə bilərik.
Azərbaycan dövlətinin
hər bir qarışında multikulturalizmin izləri
yaşayır. Ölkəmiz
multikulturalizmin əsas ünvanlarından, məkanlarından
biri olaraq artıq dünyada məşhurdur. Azərbaycan dövlətinin apardığı siyasətin
də əsas xəttlərindən biri multikulturalizmlə
bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev müxtəlif tədbirlərdə, irimiqyaslı
beynəlxalq toplantılarda çıxışı
zamanı mütləq multikulturalizm məsələsinə
yer ayırıb. Ölkə başçısı
bildirib ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti
və həyat tərzidir: "... Bu gün Azərbaycan
artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən
biridir. Biz diqqəti ona görə bu məsələlər
üzərində cəmləşdiririk ki, bu mövzuya
yanaşmalar müxtəlifdir. Təəssüf
ki, belə fikirlər də var ki, bəzi ölkələrdə
multikulturalizm iflasa uğrayıb, özünü doğrultmayıb.
Bunlar çox narahatlıq doğuran bəyanatlar,
tendensiyalardır. Əgər bu həqiqətən
belədirsə, onda bu ciddi müzakirə mövzusudur. Azərbaycanda isə belə hesab edirəm ki, biz
öz siyasətimizlə də, cəmiyyətin durumu ilə də
sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır.
O yaşayır, möhkəmlənir, dərin köklərə
malikdir və gələcəkdə bəşəriyyətin
inkişafının yeganə yoludur". Ölkə
başçısı həmçinin qeyd edib ki, XXI əsrdə
multikulturalizmin alternativləri, demək olar ki, yoxdur: " Bunun alternativi ayrıseçkilikdir,
ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən
hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət
bu xoşagəlməz meyllərin qarşısının
alınması üçün daha da fəal olmalıdır.
Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri
də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur.
Bəzi ölkələrdə isə bu məsələ
ilə bağlı çox bədbin əhval-ruhiyyə
hökm sürür. Halbuki, dünyanın
əksər ölkələrində çoxmillətli cəmiyyətlər
mövcuddur və müxtəlif dinlərin, müxtəlif
xalqların birgə yaşaması zamanın tələbidir.
Bizim də əsas amalımız multimədəniyyətli
cəmiyyətlərin inkişafına öz töhfəmizi
verməkdən ibarət olmalıdır. Biz
bu məsələdə dünyaya müsbət təcrübə
göstərməliyik. Çünki Azərbaycanda
bu sahədə qazanılan təcrübə müsbət təcrübədir".
Azərbaycanın
multikulturalizm məkanı olmasını şərtləndirən
amillərdən biri də dövlətin bütün
sağlam dinlərə, onların nümayəndələrinin
ibadətgahlarına isti münasibət göstərməsidir.
Ölkə başçımız
çıxışlarından birində məhz bu məqama
toxunub: "Biz bütün dini abidələri bərpa edirik. Azərbaycan elə bir ölkədir ki, orada müxtəlif
dinlər mövcuddur, xalqlar həmişə sülh, həmrəylik,
əməkdaşlıq şəraitində yaşayıblar.
...Bakıdakı Atəşgah da bizim tarixi
keçmişimizin, zərdüştilik dövrünün
abidəsidir. Katolik kilsəsi də bərpa
edilib, sinaqoqlar da tikilir. Yəni bunlar bizim
cəmiyyətimizin inkişafının göstəricisidir,
ilk növbədə cəmiyyətin durumunun, həmçinin
dövlət siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu məsələlərdə
cəmiyyətin durumu da, dövlətin siyasəti də, necə
deyərlər, yanaşı dayanır".
Azərbaycanda müxəlif
dini, milli dəyərlərə məxsus insanların siyasi və
hüquqi bərabərliyinin təmin olunması, etnik
azlıqların milli-mədəni inkişafına qanunla əsas
yaradılması, cəmiyyətin də bu prosesə adi normal
yaşayış qaydası kimi baxması ölkədə
birliyin sarsılmazlığını təmin edir. Prezident İlham Əliyevin fikirlərinə istinad edərək
deyə bilərik ki, bu gün ölkəmizdə sağlam
tarixi köklərə malik multikulturalizm dövlət rəhbərliyinin
siyasəti ilə daha da inkişaf edir, yeni pozitiv
çalarlarla zənginləşir.
Vətənimiz öz milli, dini rəngarəngliyi, fərqliliyi
ilə seçilir. Eyni zamanda doğmalığın, isti
münasibətin, qarşılıqlı hörmət
hissinin, bir sözlə, multikulturalizmin bərqərar
olduğu, oturuşduğu bir məkandır Azərbaycan.
Azərbaycan multikulturalizmin əsas məkanlarından
biri kimi hələ uzun əsrlər sonra da nümunə olaraq
qalacaq.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-24
fevral.-S.13.