Azərbaycan gəncliyinin inkişafında
dövlət siyasəti
Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl
daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib amillərdən biridir.
Çünki hər bir
ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı intellektual
səviyyəli potensial kadrların
yetişdirilməsindən, onların aparıcı
qüvvəyə çevrilməsindən çox
asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini
təsdiq etməsində böyük rol oynayıb. Bu gün gənc nəslin
düzgün yetişdirilməsi dövlət
siyasətində önəmli yerlərdən birini
tutur. Respublikamızda dövlət gənclər
siyasətinin formalaşdırılması ümummilli
lider Heydər Əliyevin adı ilə
bağlıdır. H.Əliyev öz siyasətində
daima gənclərə qayğı
göstərib, onların bir fərd, sağlam düşüncəli, faydalı bir vətəndaş kimi
yetişməsinə xüsusi diqqət yetirirdi. O, respublika rəhbərliyinə
gəldiyi ilk zamanlardan
etibarən gənclərin himayədarı kimi
çıxış edərək sağlam
düşüncəli yeni nəslin
yetişdirilməsi sahəsində misilsiz
işlər görüb. Hakimiyyətə
gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə
bağlı bir çox
fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli
və vətənpərvər ruhda tərbiyə
olunmasına çalışıb. Heydər Əliyev nitqlərinin
birində gənclərlə bağlı çox
qiymətli fikir səsləndirmişdi:
"Gənclərimiz milli ruhda
tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizə yaxşı bələd
olmalı, dilimizi yaxşı bilməlidir.
Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük
məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil,
Vətənə sadiq olmaq,
Vətəni sevmək, torpağa
bağlı olmaq - budur
vətənpərvərlik".
Azərbaycan gəncliyinin inkişafında dövlət
siyasəti mühüm yerlərdən birini tutur. Bu
gənclərə öz sözünü
deməsi üçün lazımi şərait
yaradılıb. Belə ki, Heydər Əliyevin göstərişilə
gənc nəslin mütəşəkkil formada
yetişdirilməsi üçün
1994-cü il iyulun
26-da Gənclər və İdman Nazirliyi yaradılıb. Gənclər
və İdman Nazirliyi
yaradıldıqdan sonra dövlət gənclər
siyasəti sahəsində mühüm
işlər həyata keçirilməyə başladı, nazirliyin yerli
strukturları formalaşdı, gənc nəslin mənəvi
tərbiyəsi və fiziki
inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda
iştirakı və gənclər təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi sahəsində
lazımi tədbirlər görüldü,
bir sıra dövlət proqramları
hazırlandı. Bu siyasətin davamı olaraq
1996-cı il yanvarın 26-da mərhum prezident H.Əliyev tərəfindən imzalanan sərəncama əsasən,
2 fevral 1996-cı il
tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi
qərara alındı. Bu forumun
keçirilməsi ilə dövlət siyasətində gənclərə
diqqət, qayğı daha da
artırıldı. Forum müstəqil Azərbaycan
Respublikasının gəncləri qarşısında duran mühüm
vəzifələrin həyata keçirilməsində ölkə
gənclərinin hər bir sahədə fəal
iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə
canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də gənclərin I forumunun
ildönümü münasibətilə gəncləri
qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda
Gənclər günü elan
edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən artıq 14 ildir
bu günü qeyd edirik. MDB məkanında və Şərqi Avropa
ölkələri arasında ilk dəfə
olaraq Azərbaycanda Gənclər günü təntənəli şəkildə
qeyd edilməyə başladı. Məlumat üçün
deyək ki, gənclər siyasətilə
bağlı elm, təhsil, mədəniyyət
və digər sosial sahələrə
yönələn fəaliyyətlərin
stimullaşdırılması məqsədilə 19 dekabr 2011-ci il tarixdə Gənclər
Fondu yaradılıb. Gəncliyin
inkişafında növbəti mərhələnin təmin
edilməsi məqsədilə "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramının həyata
keçirilməsi zərurəti yaranıb. Azərbaycan dövlətinin
gənclər siyasətindən danışarkən ölkə
başçısı İlham Əliyev
tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan
Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə
imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
dövlət proqramları xüsusi olaraq qeyd
olunmalıdır. Proqramın əsas məqsədi gənc
mütəxəssislərin işlə təminatı və
digər sosial-iqtisadi problemlərinin həllini
təmin etməkdir. Sənəd azərbaycanlı gənclərin
menecment və gənc peşəkar
kadrların hazırlanması sahəsində fəaliyyətinin
onların dövlətin idarə edilməsinə, ictimai həyatda daha aktiv iştirak etməsinə
yönəlib. Proqramda gənclərin sosial-iqtisadi inkişafı üzrə müvafiq bəndlər - məşğulluq,
gənc sahibkarların inkişafının dəstəklənməsi
də öz əksini tapıb. Gənclər siyasətinin əsas
istiqamətləri "Gənclər siyasəti
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: Gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda
iştirakı;
İstedadlı gənclərə dövlət
qayğısı; Gənclərin
sağlamlığının qorunması və fiziki inkişafı; Gənclərin məşğulluğunun
təmin edilməsi; Gənc
ailələrə dövlət yardımı; Gənclər təşkilatlarına
dövlət yardımı. Gənclər
bu gün dövlət
orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s.
sahələrdə təmsil olunur və cəmiyyətin
inkişafına öz töhfələrini
verirlər. Belə ki, dövlət
orqanlarında çalışanların 60 faizdən çoxunu gənclər təşkil edir. Qeyd edək ki, hazırda
ölkədə 200-ə yaxın gənclər təşkilatı,
20-dən artıq ali məktəbdə fəaliyyət
göstərən tələbə gənclər təşkilatları
var. Onların əhatə etdikləri məsələlər
də kifayət qədər genişdir. Gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması,
işsizliyin azaldılması, gənclərin
sağlamlığı, təhsili, fəal vətəndaş
mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği
və s. məsələlər kifayət
qədər aktualdır.
Gənclərlə bağlı dövlət siyasətindən
danışarkən ölkə başçısının
dövlət qurumlarında çalışanlara yaş senzinin tətbiqi ilə
əlaqədar sərəncamı da xüsusi qeyd edilməlidir.
Heç şübhəsiz ki, bu qərar gənc
kadrların dövlət idarəçiliyinə cəlb edilməsi,
onların potensialından daha mükəmməl
şəkildə yararlanmağa hesablanmış
bir addımdır. Qanunvericilik bazasının
təkmil olmasına, gənclərin sosial-iqtisadi
durumunun yaxşılaşmasına,
onların həyatın bütün sahələrində
özünü realizə etməsinə
yönəlmiş dövlət proqramlarının
imzalanmasına baxmayaraq, bəzi problemlər
hələ də qalmaqdadır. Gənclərin
səhiyyə müəssisələrində qeydiyyatında
problemlərin olması, davamlı tibbi
müayinələrə cəlb olunmaması, gənc
qızların və oğlanların reproduktiv
sağlamlığının zəif olması kimi məsələlər hələ də həllini
gözləməkdədir. Təhsildə kredit sisteminin tam şəkildə tətbiq edilməsi, elm mərkəzlərini universitetlərə
keçirmək və gənc alimlərin maddi
cəhətdən stimullaşdırılması, xaricdə təhsil
almış gənclərin universitetlərə cəlb
olunmasının stimullaşdırılması kimi məsələlər də açıq
qalır. Ən əsası isə
bu gün gənclər
mənzil problemi ilə üz-üzə
qalır. Onlar ipoteka
ilə mənzil ala bilmir.
İpoteka şərtlərinin
ağırlığı gənclərin həyat tərzinə
mənfi təsir göstərir. Nəticədə gənclərin
müəyyən bir hissəsi kirayədə
yaşayır. Gənclərin bir çoxu mənzil problemlərinə görə
ailə həyatı qura bilmirlər. Məlumata
görə, dövlət gənclərin bu
istəyini, problemini nəzərə alaraq gənclər üçün
ipoteka şərtlərini yüngülləşdirməyi
nəzərdə tutur. Hətta parlament təmsilçiləri sadələşdirilmiş
ipoteka layihəsini hazırlayırlar. Daim inkişaf edən cəmiyyətdə problemlərin
olması normal haldır. Xüsusən də
Azərbaycan kimi gənc bir
dövlət üçün. Cəmiyyət
o zaman inkişafdan
geri qalır ki, mövcud problemlərə seyirçi
münasibət olur. Azərbaycan dövlətinə
isə problemlərin üzə çıxarılması və
onların həllinə yönəlmiş qərarların
icrası xasdır. Bu da
gənclər siyasətinin uğurunu təmin
edir. Gənclər
və idman nazirinin müavini İntiqam Babayevin fikrincə, Azərbaycanda uğurlu gənclər siyasətinin həyata
keçirilməsi dövlət başçısının
gənclərə göstərdiyi qayğının məntiqi
nəticəsidir. Onun sözlərinə
görə, gənclərlə bağlı layihələr bütün istiqamətləri əhatə edir və görülən işlər nəticəsində
Azərbaycanın parlaq gəncliyinin
olacağına ümid etmək mümkündür.
Nazir müavininin
sözlərinə görə, bu gün həyata keçirilən gənclər
siyasətindən ölkə gəncləri kütləvi
şəkildə bəhrələnə bilirlər: "Azərbaycanda gənclər siyasətinin əsas
istiqamətləri "Gənclər siyasəti
haqqında" Qanunda müəyyənləşdirilib.
Əsas istiqamətlər isə gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı,
istedadlı gənclərə dövlət qayğısı,
gənclərin sağlamlığının
qorunması və fiziki inkişafı, gənclərin
məşğulluğunun təmin edilməsi, gənc ailələrə
və gənclər təşkilatlarına dövlət
yardımı ilə bağlıdır. Sevindirici
hal odur ki, bu gün
Gənclər Proqramından Azərbaycan gəncləri
kütləvi şəkildə bəhrələnə bilirlər.
Məsələn, Azərbaycanda tələbələr pulsuz kartla təmin edilir. Bu kartlarla
tələbələrə müxtəlif güzəştlər,
endirimlər edilməsi nəzərdə tutulub.
Bu kartlar nəinki Azərbaycanda,
Avropa məkanında da
əldə oluna bilər. Amma
Avropa məkanında bu
kartları əldə etmək üçün
müəyyən ödənişlər etmək
lazımdır, Azərbaycanda isə kartlar
pulsuz paylanır. Həmçinin Azərbaycan
Gənclər Fondunun, regionlarda
gənclər mərkəzlərinin yaradılması, idman kompleksləri və sair
məşğuliyyət mərkəzlərinin tikilməsi də
gənclərin bu siyasətdən bəhrələnməsinə
imkan yaradır. Digər tərəfdən,
ölkədə həyata keçirilən gənclər siyasətinin
ən mühüm cəhəti ondan ibarətdir ki, gənclərin
fikirləri öyrənilir, təşəbbüsləri dəyərləndirilir
və həmin təşəbbüslər əsasında
müəyyən normativ-hüquqi sənədlər
hazırlanır. Düşünürəm ki,
gənclərlə bağlı proqramların uğurlu
olmasının ən əsas səbəbi də bununla bağlıdır. Digər tərəfdən,
bir müddət öncə Azərbaycan Prezidenti Gənclər Fondunun
Müşahidə Şurasına üzvlər təyin edib. Həmin üzvlərin əksəriyyəti
məhz gənclərdən ibarətdir. Bütün
bunlar onu göstərir
ki, Azərbaycan dövləti gənclərin
aktivliyində, onların cəmiyyətdə yüksək mövqe tutmasında maraqlıdır və bu siyasət gələcəkdə də davam etdiriləcək". İ.Babayev hesab edir ki,
bu gün Azərbaycan
gəncləri öz potensialına,
intellektinə görə heç də
digər ölkələrin gənclərindən geri qalmır, əksinə, irəlidədirlər.
Hazırda Azərbaycanda həyata keçirilən gənclər
siyasəti dünyanın istənilən ölkəsinə
nümunə ola bilər. Azərbaycanda Gənclər
Fondu yaradılıb, gənclərimizin
dünyanın ən nüfuzlu universitetlərində
təhsil alması üçün
Dövlət Proqramı həyata keçirilir.
Azərbaycan gəncləri müxtəlif bilik
və idman yarışlarında, olimpiadalarda yüksək nəticələr
göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan
bayrağını ən yüksək zirvələrdə
dalğalandırırlar: "Əminliklə demək olar ki, Azərbaycan gəncliyi
özünün ən böyük
qüvvə olduğunu artıq sübut edib. Gəncliyin
ölkə başçısı İlham
Əliyevin ətrafında sıx birləşməsi ilə
Azərbaycan daha böyük
uğurlara imza atacaq".
Günel CƏLİLOVA
Bakı xəbər. - 2014.- 27
fevral.- S.12.