İnsan alverinə qarşı dövlət mübarizə tədbirləri gənclərin mənəvi sağlamlığının dərinləşməsində müstəsna rol oynayır

 

 Bir insanın digər bir insan tərəfindən aldadılması, ona maddi və mənəvi zərər vurulması çox mənfi bir məsələdir. İnsanı öz həmcinsinin istismar etməsi, köləliyə dartıb aparması, alver predmetinə çevirməsi dəhşətdir. Böyük Azərbaycan ədibi, ictimai-siyasi xadim Nəriman Nərimanov deyirdi ki, insanın insan tərəfindən istismarının əleyhinədir. Bu kəlamda böyük hikmət var təbii.    Fakt budur ki, müasir dünyada yaşanan tükürpədici olaylar, yaşantılar bütün cəmiyyətlər üçün ağır zərbədir. Bu xoşagəlməz hadisələri yaradanlar da, onların toruna düşənlər də dünyanın yaraşığı, bəzəyi olmağa layiq insanlardır. Təsadüfi deyil ki, filosofların, mütəfəkkirlərin, şairlərin əksəriyyəti insanı dünyanın əşrəfi adlandırıb. Amma bəzən insan öz əsl missiyasına sadiq qalmaq istəməyərək əyri yollara düşür. Yaşadığımız dünyada insan alveri, insan alverçiləri, insan alveri qurbanları kimi çox dəhşətli ifadələr formalaşıb. Azərbaycan cəmiyyəti də bu bəladan xali deyil. Psixoloq Nərgiz Allahverdiyeva dedi ki, respublikamızda da alverin bu çirkin forması mövcuddur. Onun dediyinə görə, təəssüf ki, nə qədər mübarizə aparılsa da, yenə də qız-qadın bu alverin qurbanına çevrilir: "Yüzlərlə insanı öz isti ocağından didərgin salıb insan alveri. Azərbaycanda insan alveri qurbanı olanların taleyi göz qabağındadır. Bu qurbanların başına gələnlər başqaları üçün, sözün əsl mənasında, bir ibrət dərsi olmalıdır. Ortada saysız-hesabsız zərərçəkən olduğu halda, yenə də qız-qadınlar insan alverçilərinin toruna düşməkdə davam edir. Ölkəmizdə insan alverilə bağlı maarifləndirmə işi daha geniş formada aparılmalıdır ki, insanlar onun hədəfindən yayına bilsin". N.Allahverdiyeva bildirdi ki, Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi gənclərdir. O qeyd edir ki, insan alverçilərinin də istismar etdiyi, yaxud əyri yollara saldığı insanların arasında əsas yeri gənclər tutur: "Bu hər bir vətəndaşı narahat etməli olan bir problemdir. Nəzərə alsaq ki, mənəviyyatı korlanan, müxtəlif şəkildə istismara məruz qalan, psixoloji sarsıntılar keçirən gənclərin çoxunun ruhən, mənən Vətənə, millətə, torpağa, ana dilinə bağlı olması şübhə altındadır, onda xalq olaraq gənclərimizi bu yollara düşməkdən qorumalıyıq. Azərbaycanda dövlət səviyyəsində insan alverinə qarşı mübarizə həyata keçirilir".    Ekspert dedi ki, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"na uyğun olaraq, 2004-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılıb. O bildirdi ki, Azərbaycanda uzun illərdir insan alverinə qarşı mübarizə aparılır.    Onu da xatırlatmaq yerinə düşərdi ki, 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilən BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasının və onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması" Haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" təsdiq edilib. Milli Fəaliyyət Planına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 19.05.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxs - milli koordinator təyin edilib. Bu vəzifə daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazova həvalə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin 28 iyun tarixində 8 fəsildən və 30 maddədən ibarət olan "İnsan Alverinə Qarşı Mübarizə Haqqında" Azərbaycan Respublikası Qanununu imzalaması bu sahədə yeni mübarizə üsulları, cığırları açdı. Bu sənəddə bildirilir ki, sözügedən qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir. Qanunun 2-ci maddəsi "İnsan alverinə qarşı mübarizə haqqında qanunvericilik" adlanır. Orada qeyd edilir ki, insan alverinə qarşı mübarizə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Göründüyü kimi, Azərbaycanın müvafiq qanunu insan alverilə mübarizə sahəsində müsbət dəyişikliklər etməyə əsas verir.    Qanunun 13-cü maddəsində insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqların təşkilindən bəhs edilir:    "13.1. İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqlar (bundan sonra - sığınacaqlar) insan alveri qurbanlarına layiqli yaşayış şəraitinin yaradılması, onların təhlükəsizliyinin təmin edilməsi, orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edilməsi, onlara təxirəsalınmaz tibbi, psixoloji, sosialhüquqi yardımın göstərilməsi üçün yaradılır. Sığınacaqlarda insan alveri qurbanlarına telefonla danışmaq və tərcüməçinin xidmətlərindən istifadə etmək imkanı yaradılır. Konfidensial söhbət aparılması üçün xüsusi yerlər ayrılır".    Qanunda, həmçinin, insan alveri qurbanlarına yardım mərkəzlərinin fəaliyyət göstərməli olması, onların sosial reabilitasiyasının həyata keçirilməsi, bu bəlaya düçar olan uşaqlara yardımlar göstərilməsi, onların müdafiəsi, habelə təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlər və s. əksini tapır. Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizəsində beynəlxalq əlaqələrin, xaricdə fəaliyyət göstərən əlaqədar qurumlarla əməkdaşlığın da müsbət təsiri var. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci il martın 21-də Əbu-Dabi şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan Alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.    Nərgiz xanım mütəxəssislərə istinadan deyir ki, Azərbaycandan olan insan alveri qurbanları daha çox Türkiyə, Dubay, İranRusiyaya aparılır: "Azərbaycanda üç-dörd il olar ki, insan alverinə qarşı mübarizə həftələri, ongünlükləri keçirilir. Bu aksiyalara ali məktəblərdən tutmuş, ictimai qurumlara qədər bir sıra təşkilatlar qatılır. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu da bu sahədə fəallığı ilə seçilir".    İnsan alveri qurbanlarının yuxarıda qeyd etdiyimiz ölkələrə aparıldığını 2012-ci ilin may ayının 5-də "Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi"nə həsr olunan tədbirdə çıxış edən Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmisi deyib: "2010-cu ildə insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri qurbanı olan 34 nəfər aşkarlanıb. Onların 27-si sığınacağa yerləşdirilib".    Məlumat üçün bildirək ki, 2009-cu ildən başlayaraq hər il mayın 6-sı Azərbaycanda "İnsan alverinə qarşı mübarizə günü", mayın birinci həftəsi isə "İnsan alverinə qarşı mübarizə həftəsi" kimi qeyd edilir. İki il əvvəl Azərbaycanda "İnsan alverinə qarşı mübarizə həftəsi" ilə bağlı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçirilmişdi.    Ekspertlər hesab edir ki, Daxili İşlər Nazirliyinin insan alverinə qarşı mübarizəsi çox mütəşəkkildir. Onlar deyir ki, bu tədbirlərdə aidiyyəti dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və könüllülər də fəallıq göstərməlidir. Bilirik ki, bu tədbirlərin məqsədi insan alverinə qarşı mübarizənin səmərəliliyini artırmaq, əhalinin bu problemlə bağlı maarifləndirilməsi işlərini və ictimai səyləri yüksəltmək, insan alverinin qarşısını almağa nail olmaqdır. Onu da qeyd edək ki, 2004-cü və 2009-cu illərdə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"ları haqqında sənəd qəbul olunub. Bu fəaliyyət planlarında ölkəmizdə müxtəlif tədbirlərin keçirilməsi, mühüm sənədlərin qəbul olunması, milli istiqamətləndirmə mexanizmlərinin, qurbanların müəyyən edilməsi qaydaları, məcburi əməyin qarşısının alınması üçün müəyyən tədbirlərin görülməsi və s. nəzərdə tutulub. Artıq bu tədbirlərin böyük əksəriyyəti yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.    İnsan alverinə qarşı dövlət və QHT-lər səviyyəsində aparılan mübarizənin gənclərin mənəviyyatına müsbət təsir etdiyini deyən mütəxəssislər hesab edir ki, gənclərin özləri də bu məsələdə müvafiq qurumlara yardım göstərməlidir. Gənclərin milli mənəviyyata sahiblənməsində, Vətənə bağlanmasında rol oynayan bir sıra məsələlər var. Onlardan biri də, sözsüz ki, neqativ şeylərə qarşı aparılan mübarizədir. İnsan alveri mövzusunun film və kliplərdə işıqlandırılmasını vacib sayan mütəxəssislər hesab edir ki, bu filmləri gənclərə həvalə etmək lazımdır. Yəni gənclər cəmiyyətləri sarsıdan, dövlətləri narahat edən mövzulara maraq göstərməli, bu sahədə aparılan maarifçilik işinə dəstək olmalıdır. İnsan alveri qurbanı olan uşaqlar, qadın və kişilər, istismara məruz qalan insanların taleyi sənətə sirayət etməlidir. Mütəxəssislər bildirir ki, müxtəlif təşkilatlar maarifləndirmə kampaniyasına bu bəlaya düçar olan insanları da qoşmalıdır. Onlar, üzləri bağlı formada da olsa, öz başlarına gələnlər barədə ictimaiyyətə məlumat verməlidir. Dövlətimiz onların xilası, mühafizəsi, reabilitasiya olunması üçün şərait yaradıb. Məlum olduğu kimi, onların hüquqları, mühafizəsi, təhlükəsizliyi müvafiq qanunla qorunur. Hətta adlarının anonim saxlanması məsələsi də o qanunda əksini tapır. Cəmiyyət özüinsan alveri qurbanlarına qayğı ilə yanaşmalıdır. Dövlətin bu siyasəti, addımı gəncləri humanizmə, vətənpərvərliyə, dövlətçiliyə və milli insanlıq dəyərlərinə bağlayır. İnsan alveri kimi tükürpədici hadisəyə, prosesə qarşı mübarizə gənclərin milli vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərir. 

      

İradə SARIYEVA

     Bakı xəbər. - 2014.- 27 fevral.- S.15.