Milli əlifba siyasəti və bu ali dəyərin təbliği...

 

Qan yaddaşımız bizi hər zaman diriayaqda saxlayır. Ana dili və əlifba kimi müqəddəs məfhumlar qan yaddaşımızın, milli-mənəvi, ictimai-sosial, mədəni dəyərlər sistemimizin əsas xəttini təşkil edir. Xalqımızın yaşam tarixi qədim olduğu kimi, onun mədəniyyəti də əskidir. Türk milləti ailəsində özünəməxsus yer tutan Azərbaycan türkləri zaman-zaman dünyaya öz mənəvi dəyərlərini, ədəbiyyat, söz, dil örnəklərini bəxş ediblər.

Dilimizin tarixi qədimdən qədimdir. Müasir Azərbaycan türkcəsinin ləhcə və şivələrində hətta ana dilimizin ilk sözləri sayılan ifadələr yaşamaqdadır. "Orhon-Yenisey", "Gültəkin" abidələrindən alimlərin aşkara çıxardığı hərflərin içində bu gün Qazax, Borçalı türklərinin leksikonunda işlənən "nq" hərf birləşməsi öz əksini tapıb. Bu da o deməkdir ki, Azərbaycan xalqının dili qədər əlifbası da uzunömürlüdür. Milli əlifba hər bir dövlətin atributlarından, rəsmi dəyərlərindən biri olaraq təqdir edilir. Müstəqil əlifbası, dili olmayan Azərbaycan dövləti hər zaman özünün maddi-mənəvi xəzinəsinə sahib çıxa bilib. İslama qədərki dönəmdə türklər ümumi əlifbadan istifadə edərək yazışmalar həyata keçirir, şair və mütəfəkkirlər türk əlifbası ilə yazıb-yaradırdılar. İslam dini Azərbaycan və digər türk xalqlarını öz əhatə dairəsinə aldıqdan sonra isə ərəb əlifbası ümumi yazışma vasitəsinə çevrilib. Amma əlifbanın yad olması, siyasət və güc hesabına Azərbaycan türklərinə qəbul etdirilməsi heç də xalqımızın milli əzmini sarsıda bilməyib. İslamdan sonrakı ziyalılarımız, mütəfəkkirlərimiz, şairlərimiz ərəb əlifbası ilə yazıb-yaradıblar. Onların əlifbası ərəb əlifbası olsa da, düşüncələri, təfəkkürləri milli olub. Azərbaycan mütəfəkkirləri bu əlifbadan istifadə edərək Azərbaycanın fəlsəfi-ictimai, siyasi, ədəbi, mədəni tarixini yaradıb. Dəfələrlə qeyd etmişik ki, tariximiz qədər dilimiz də, əlifbamız da qədimdir, lakin ona sahib çıxmaq hissimiz zəif olub. Bir şairimiz, mütəfəkkirimiz Azərbaycan tarixini, onun abidələrini, şəxsiyyətlərini öz əsərlərinin qəhrəmanına çeviribsə, bu, milli dəyərlərimizə xidmət deməkdir. 

Azərbaycanda bir neçə əsr əski əlifba hökmranlıq edib. Tariximizin, ədəbiyyatımızın, ictimai-siyasi, fəlsəfi fikrimizin parlaq səhifələri bu əlifba ilə tarixə köçürülüb.  Görkəmli şəxsiyyətlərimiz fikirlərini bu əlifbanın köməyilə reallaşdırıb. Ərəb əlifbası siyasətinə rəsmən ilk qarşı çıxan dahi azərbaycanlı, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov olub. O, Azərbaycan xalqının öz əlifbasının olması zərurətini irəli sürüb. Onun apardığı gərgin mübarizə zamanında öz bəhrəsini verməsə də, arzusu XXI əsrdə həyata keçdi. Mirzə Fətəli əsərlərini əski əlifbada yazsa da, bu əlifbanın ana dilimizin qayda-qanunları, tələblərilə heç cür uzlaşmadığını vurğulayırdı. Haqlı idi millət oğlu. Onun da xidmət etdiyi dövlətçilik ideologiyasına, milli-mədəni sistemə yad idi bu əlifba.

Məlumdur ki, 1918-ci ilin 28 mayında Azərbaycan dövləti öz müstəqilliyini elan etdi. Milli məfkurə adamları gəldi hakimiyyət başına. Tarixçi alimlərin verdiyi bilgiyə görə, həmin vaxt Azərbaycanın dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası olub. Onların milli əlifba haqda düşüncələrinin, layihə və təkliflərinin olub-olmaması barədə bizdə fakt yoxdur. Ola bilsin ki, bu haqda kimlərinsə fikir və təklifi olub. Bir neçə əsr Azərbaycan türklərinin yazı vasitəsi olan ərəb əlifbasının hüquqi hökmranlığına Azərbaycan Xalq Cumhuriyyəti devrildikdən sonra ölkəyə rəhbərlik edən bolşevik hökuməti son qoyub. Azərbaycan Sovet Respublikasında cəmi iki il əski əlifbadan istifadə edilib. 1922-ci il dekabrın 30-da Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu latın qrafikalı əlifba ilə ərəb əlifbasının eyni hüquqa malik olması barədə qərar qəbul edilib. Buna görə "ASSR" - Azərbaycan Sovet Sosialist Respublikası - abbreviaturası bayrağın üzərində həm ərəb, həm latın əlifbası ilə yazıldı. Tarixi sənədlərdə qeyd edilir ki, 1924-cü ilin dekabrında isə bayraq yenə dəyişilib. Bu bayrağın sol küncündəki yaşıl fon götürülüb. Yeni bayrağın üzərində oraq çəkic şəkli ilə yanaşı, aypara beşguşəli ulduz təsviri verilib. Bununla bərabər bu bayrağın da üzərində yenidən "ASSR" abbreviaturası əks olunub. 1930-cu ildən sonra bayrağın üzərindəki ərəb əlifbası götürülüb. Dövlətin adı ancaq latın qrafikası ilə göstərilib. Qırmızı bayrağın üzərinə latın əlifbası ilə Az.SSR yazılıb. 17 ildən sonra Azərbaycan xalqı yenidən əlifba imtahanı ilə üz-üzə qalır. Tariximizdə yeni əlifba dəyişikliyinə sarı addım atılır. Əslində məqsəd yenə xalqımızı öz tarixindən, mədəniyyətindən, keçmişindən, milli kimliyindən ayırmaq, onu keçmişinə qarşı qoymaq olub. Təsəvvür edin ki, Azərbaycan mədəniyyətinin böyük hissəsi əski əlifba ilə qələmə alınıb, sonrakı dövrdə hər şey təzədən latın əlifbası ilə yazılıb. İnsanların bir əlifbadan başqa bir əlifbaya keçməsi böyük itkilərlə, sarsıntılarla, əsəb gərginliyilə müşayiət olunub. Tariximizi axtarmaq üçün biz bir neçə əlifba bilməliyik ki, gedib arxivlərdə oturub milli kimliyimizlə bağlı səhifələri tədqiq edək. Tarixdə bəlkə bizim qədər ikinci bir xalq olmayıb ki, əlifbası tez-tez dəyişsin. Dediyimiz kimi, 1939-cu ildə latın əlifbasının dövlət əlifbası kimi ləğv olunması kiril əlifbasının qəbul olunması ortaya çıxıb. Bu da, sözsüz ki, bayrağı yenidən dəyişmək məcburiyyəti yaradıb. 1940-cı ildə bu dəyişiklik bayraqda da edilib. Məlum olmayan səbəblərə görə bayrağın üzərində aypara ulduz təsvirləri verilməyib. Yalnız oraq çəkic təsvirləri əks olunub.

50 ildən artıq bir müddət ərzində Azərbaycan xalqı kiril əlifbasından istifadə edib. Bu əlifba ilə böyük maddi-mənəvi, mədəni, ədəbi sərvət yaradıb. Əlifba dəyişikliyi xalqımızın milli bağlılığını, birliyini heç cür sarsıda bilməyib. Milli mədəniyyətə, Azərbaycanın dövlətçilik ənənələrinə xidmət edənlər elə kiril əlifbası vasitəsilə bolşevizm ideologiyasını qamçılayıb.

Azərbaycan dövləti ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra kiril əlifbasından imtina ilə əlaqədar çağırışlar, fikirlər meydana çıxıb. Yeni milli əlifbanın qəbul edilməsi gündəmə gəlib. O dövrdə yavaş-yavaş ortalığa latın əlifbası çıxmağa başlayıb. Milli düşüncə sahibləri hesab edirdi ki, 1922-ci ildən 1939-cu ilə qədər bizim respublikanın əlifbası olan latın qrafikası müstəqil Azərbaycanın rəsmi əlifbası olsun. O vaxt latın əlifbasından pərakəndə şəkildə istifadə edilməyə başlandı. Yadınızdadırsa, "Ə" hərfini yazanda "A" yazıb üzərinə iki nöqtə qoyulurdu. Bu qayda ilə yazılan bir neçə hərf vardı. Bu əlifbada da xeyli ədəbi-bədii nümunələr yarandı. Bu gün o kitablar, yazılar çox az sayda adam tərəfindən oxuna bilir. Bütün bu faktlar istənilən azərbaycanlını düşündürür.  

Görəsən bir millət bir əsr ərzində neçə dəfə əlifbasını, neçə dəfə adını dəyişə bilər? Dilçi alim

Vüsalə Məmmədova deyir ki, bu sualı hər hansı bir millətin nümayəndəsinə versəniz, dərhal dərin düşüncələrə dalacaq, yaddaşını vərəqləyəcək, görəsən bizdə axırıncı dəfə millətin adı əlifbası neçənci əsrdə dəyişdirilib? "Çünki sualı eşidən hər bir fərd, istər-istəməz, əvvəl özünün mənsub olduğu millətin tarixini bu kontekstdən analiz etməli olacaq. Təsəvvür edin ki, bu sualı öz intellektindən razı olan bir Azərbaycan vətəndaşına ünvanlayırlar, onunla bir sırada da rus, ingilis, fransız s. Digər millətlərin dərin düşüncəsi azərbaycanlı intellekt sahibini təəccübləndirməyə bilməz. Çünki onun dəqiq yadındadır ki, ötən yüz il ərzində Azərbaycan əlifbası düz dörd dəfə dəyişib" - deyə bildirən alimin sözlərinə görə, Azərbaycanda əlifba dəyişikliyinin tez-tez baş verməsi vaxtilə Azərbaycana rəhbərlik edən bəzi şəxslərin milli iradəsinin zəif olması, onların milli məfkurəyə bağlı olmaması ilə əlaqədardır.

Azərbaycan xalqı əlifba dəyişikliyinə o zaman ürəkdən razılıq verərdi ki, bu əlifba sonuncu olsun heç zaman dəyişməsin. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətində mühüm hadisədir. Müstəqillik yenidən qazanıldıqdan sonra ölkədə latın qrafikalı əlifbaya keçilsə , uzun müddət kiril əlifbasından istifadə olunduğunu yadınıza saldıq. Nəhayət, Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 2001-ci il avqustun 1-dən etibarən tamamilə latın əlifbasına keçməklə bağlı fərman imzaladı. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətində mühüm hadisə olduğu nəzərə alınaraq, hər il avqust ayının 1-i Azərbaycan əlifbası dili günü kimi qeyd edilir. Milli dəyərlərə bağlı olan Heydər Əliyevin uzun illərdən bəri Azərbaycan xalqını əndişədə saxlayan bir məsələyə nöqtə qoyması əhalinin narahatlığına son qoydu. H.Əliyev tərəfindən atılan bu prinsipial addım bu gün öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti tarixində ən məqsədyönlü addım olan əlifba siyasəti xalqımızın həyatında böyük, önəmli bir hadisə oldu.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd  Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist, "Elimiz-günümüz"  qəzetinin baş redaktoru Qiymət xanım Məhərrəmli bizimlə söhbətində Heydər Əliyevin 2001-ci il avqustun 1-dən etibarən amamilə latın əlifbasına keçməklə bağlı imzaladığı fərmanı azərbaycançılıq ideologiyasına böyük bir töhfə hesab edir: "Azərbaycan xalqı uzun əsrlər idi ki, narahatlıqla ortalıqda vurnuxur, bilmirdi kimin ətəyindən yapışsın. Əlifba məsələsi hər bir millətin mənəvi məsələsidir. Strateji əhəmiyyəti var əlifbanın. Azərbaycan xalqı bir əsrdə görün neçə dəfə əlifba dəyişikliyinə uğrayıb. Bununla da o dövrkü rəhbərlər Azərbaycan xalqının əsəblərilə oynayıb. Nə qədər dəyişiklik olar? Əlyazmalarla işləyirik biz. Nə qədər itirmişik tarixdə. Bizim qədər itkisi olan ikinci bir xalq yoxdur dünyada. Qonşu gürcülər, bədnam ermənilər öz əlifbasını dəyişmədi, amma çanaq bizim başımızda sındı. Neçə əsr ərəb əlifbasından istifadə etdik, sonra latına, onun ardınca kirilə keçdik. Uzun müddət keçdi, yenə latın əlifbasından istifadə edirik.  Böyük bir qarmaqarışıqlıq, pərakəndəlik vardı əlifba proqramımızda. Allah rəhmət eləsin, Heydər Əliyev qarmaqarışıqlığa son qoydu və 2001-ci ildə məlum fərmanı imzaladı. 11 ildir bu əlifba Azərbaycan dövlətinin, xalqının rəsmi əlifbasıdır və artıq əlifbamızı bilməyən adamlar da yavaş-yavaş onu mənimsəyir. Çox rahat əlifbadır. Azərbaycan dilinin, əlifbasının qeydinə qalan Heydər Əliyev xalqımızı narahatlıqdan birdəfəlik qurtardı. Artıq xalqımızın dəyərlər silsiləsində əlifbamız öz yerini tutmaqdadır. Son illər bu əlifba vasitəsilə nə qədər əhəmiyyətli ədəbiyyat nümunələri nəşr edilib. Tariximizə, ədəbiyyatımıza, ictimai fikrimizə ayna tutan əsərlər işıq üzü görüb. Xalq artıq bu əlifbanı sevir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü ildə klassikmüasir Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin çap edilməsilə bağlı tarixi qərar verdi. O sərəncamdan sonra Azərbaycanda kitabların kütləvi tirajla buraxılması məsələsi gündəmə gəldi. Sənəddə adları qeyd edilən kitablar kütləvi olaraq çap edilirkitabxanalara paylanır.

Bu sərəncama qədər uzun illər idi ki, Azərbaycanda dövlət hesabına kütləvi nəşr həyata keçirilmirdi. Kitabxanalara nə qədər kitablar hədiyyə edildi. İlham Əliyevin 2004-cü ildə verdiyi sərəncam mərhum Prezident Heydər Əliyevin 2001-ci ildə Azərbaycanda latın qrafikasının rəsmi qəbul edilməsilə bağlı verdiyi fərmanın məntiqi davamı oldu. Bu hadisə Azərbaycanda baş verdi. Əlifba hər bir xalqın mənəvi pasportudur. O öz qaydasında olmasa, milli ruh da sönük olacaq, mənəvi yüksəliş də istənilən həddə çatmayacaq".

Q.Məhərrəmlinin sözlərinə görə, bu gün "Azərbaycanda əlifba dəyişikliyinə ehtiyac var" devizilə çıxış edənlər meydana çıxıb. Alim hesab edir ki, H.Əliyevin fərmanı ilə qəbul edilən əlifba xalqımızın iradəsini tam əks etdirironun yenisi ilə əvəzlənməsinə ehtiyac duyulmur.

 

Ardı var...

 

İradə SARIYEVA 

Bakı xəbər.-2014.- 4-6 iyul.- S.15.