Yarı Bakı, yarı Qaxam...
Giya Paçxataşvili (Kivi) - Azərbaycan dilinin, ədəbiyyatının, tərcümə sənətinin, başlıcası isə dövlətçiliyinin təəssübkeşi kimi tanınan qələm sahiblərimizdəndir.
Ana dilimizin zənginliyindən, çoxçalarlılığından yararlanıb o qədər zərif, yatımlı, könüllərə nüfuz edən şeirlər yaradıb ki... Milliyyətcə gürcü olmasına baxmayaraq, Giya Paçxataşvili Azərbaycan xalq yaradıcılığını, aşıq poeziyasını, xüsusən də bayatı ovqatını dərindən bilir. Bilir demək azdır, onları hiss edir, o havada yaşayır, udum-udum ciyərlərinə çəkdiyi havadan könül oxlayan şeirlər yaradır. Son aylar Givinin şeirləri yaralı durnaya bənzəyir, ovçu gülləsindən zədə alan durna kimi yarasına sarğı gəzir o şeirlər. Səbəb bəllidir - Givi ürəyinin təpərini, sevgisini, qadınını torpağa tapşırıb. Artıq üç aydır ki, Bakı ilə Qax arasında sərgərdan dolaşır... Bakıya gələndə elə xəyal edir ki, Lamara Qaxda onun yolunu gözləyir, xəyal qanadlarında Qaxa qayıdanda isə Lamaranın Bakıda qaldığını zənn edir. Lamara əslində ruhən Givinin qəlbində, damarlarından axan qanda yaşayır, cismən isə ana Vətənində-Qaxda torpağın ağuşunda yatır... Şairin sizə təqdim etdiyimiz şeirləri sevimli həyat yoldaşına, ürək-könül sirdaşına-Lamara xanımın xatirəsinə həsr olunur...
Tale əkizimə
(S.B-ya)
Aprelə
sığışan faciəyə
bax
Sənin ərin getdi, mənim arvadım.
Bizlə
daima dərd tək qalacaq
Göz yaşı
axıdan o «Yetim» adı.
Mənə dəyən zərbə
neştərdən betər
Hər şeydə
görürəm yar yoxluğunu.
Yaşa...balaların hiss edə bilsin
Könül toxluğunu, göz toxluğunu.
Sən
Allah, mənim tək gizlicə ağla,
Balalar yanında
qəlbin dolmasın.
Gündüzlər güc topla, gecə yas saxla.
Yaşa ki, onlar da
yetim olmasın.
Bir ucu ölümlü dünyadan yapış,
Əyərlər, dərdlərə əgər
əyilsən.
Bunu dərk etməyə, bilməyə çalış:
Sən artıq
atasan, ana deyilsən.
Builki aprelin gəlişinə bax.
Səni ər ağlatdı, məni-arvadım.
Heç
vədə bənzəri
olmasın, Allah,
Mənim həyatıma onun həyatı.
Beləcə...
Qulağıma sırğaladım səsini,
Qəlbimə həkk etdim əksini.
Gecələr vicudum diksinir-
Beləcə yaşayıram...
Səhəri narahat açıram,
Təkliyi beynimə sancıram...
Elə
hey özümdən qaçıram-
Beləcə yaşayıram...
Gülləri suvarıb deyinirəm,
Dözüm libasın geyinirəm...
Əməlli pozulmuş sinirəm-
Beləcə yaşayıram...
Evimə
gəldimi dost-tanış,
Başlanar təsəlli, aldanış
Yazikən qəlbimə girər
qış-
Beləcə yaşayıram...
Lamarasız əriyən şamam,
Səhəri açılmaz axşamam,
Yarımçığam, natamamam-
Beləcə yaşayıram...
Tufana tuş olmuş gəmiyəm,
Ağrılar, əzablar cəmiyəm,
Mən yetimlər hakimiyəm
Beləcə yaşayıram...
Giviyəm, yığvalı pisləyirəm,
Özümü qəlbimdə gizləyirəm...
Ölümə növbə gözləyirəm-
Beləcə yaşayıram...
Beləcə yaşayıram...
Məndən yaz...
(Çox güman ki, könlümü almaq üçün Lamaranın müqəddəs
ruhu belə deyərdi)
Giya, yetər, ağlama,
Gəl,
ruhumu dağlama
Üzülüb yas saxlama
Ölənlə ölmək olmaz
Vaxt sənindir, yaşa, yaz
Səni
tərk edəndən
yaz -
Məndən yaz...
Ağlamaq ürək yorur,
Şair
qanını sorur,
Fağır canını qoru...
Gedən
karvan dayanmaz-
Vaxt sənindir, yaşa, yaz
Nə gəlir qələmdən,
yaz
Məndən yaz...
Sən ki, səbr, dözümsən,
Özündəki özümsən,
Həyatdakı gözümsən
Dərdə əyilmək olmaz-
Vaxt sənindir, yaşa,yaz
Səni
dərk edəndən
yaz...
Məndən yaz...
Tez-tez qəbrimə dəymə,
Dik tut başını, əymə
İncə ruhumu döymə.
İnan,
torpaq tablamaz-
Vaxt sənindir, yaşa-yaz
Sevdiyim güllərdən yaz
Məndən yaz...
Göz yaşını sil görüm
Bu ölümə gül görüm,
Yanındayam, bil görüm
Kişilər ki, ağlamaz-
Vaxt sənindir, yaşa, yaz
O keçən günlərdən
yaz-
Məndən yaz...
Mən gedəndə gəldi yaz,
Qəlbim
dönüb oldu saz,
Tanrı
səni unutmaz,
Onu hər kəs çalammaz-
Vaxt sənindir,
yaşa, yaz.
Məni
sevməyindən yaz,
Məndən yaz...
Gəl vidalaşaq daha,
Tapın
yalnız Allaha,
Baş çək Bakıya, Qaxa...
Bədbinliklə iş aşmaz
Vaxt sənindir, yaşa yaz,
Düşəndə... ələmdən
yaz...
Məndən yaz...
Məndən yaz...
Lamaranın telefonu
Lamaraya tərcümə puluna
İkikartlı telefon almışdım...
Sanki onu sevinc çəlləyinə salmışdım.
Dərhal
qohum - əqrabalarının
yaddaşına,
bloknotlarına yazıldı,
sırğa əvəzinə
qulaqlarından asıldı
Telefonun
nömrəsi...
Və başladı dilə gəlməyə
Onların pul istəkli,
Yaxşılıq diləkli
Riyakar səsi,
Lamaranın həyalı üzündən,
Gül qoxulu sözündən,
Təmınnasız əməllərindən,
Kitablarından, dəftərlərindən
Yoxa çıxdı «yox» kəlməsi...
Dörd
il düppədüz
Susmadı telefonu
Gecə,
gündüz,
Xəttin
o başından
Yalvarıcı bir səslə
Yorulmaq bilməyən həvəslə-
İmkanlı, imkansız -
Kimi çatdı.
Halal Lamaranı aldatdı
Hərə öz məqsədinə
çatdı!..
Bu zavallı nə danışıb
Nə dinirdi,
Eləcə etdiyi yaxşılıqlara
Sevinirdi...
Elə ki, Lamara bərk
xəstələndi
Sanki telefondan küllər ələndi...
Nömrəsi
qohum - əqraba
bloknotlarından,
yaddaşlardan,
sırğalı qulaqlardan
silindi-
«Ağ qoçla, qara qoç bilindi...»
Hanı
Lamaranın telefonu indiğ!
...İndi Lamara yuva qurub
Yetim gürcünün qəlbində...
Telefonu ömür sürür
Şair Giyanın cibində.
«...İndi nə bağ var, nə
ərik»
Təkcə mən öz dərdimə şərik...
...Tanrı, özün hifz eylə
Tənha qalmış Givini.
Özün qoru Lamaramın
Qəm dünyasındakı həyətini,
Evini.
Gəzirəm...
Vurulmuşam-tək qanadam,
Göylərə sığmaz fəryadam,
Taxt-tacı tamam bərbadam
Yar ruhu gəzirəm...
Ölmüş şahlara vəzirəm,
Dərdlə ömrümü əzirəm,
Nə desəniz müntəzirəm
Yar ruhunu gəzirəm...
Gəl,
mənə qəzəl
oxuma,
Çəpər çəkmişəm qorxuma,
Zəif
yerimə toxunma,
Yar ruhunu gəzirəm...
Çətin açılan sabaham,
Allaha yüklənən aham,
Yarı
Bakı, yarı Qaxam...
Yar ruhunu gəzirəm...
Özümə vurulmuş dağam,
Sınıq-salxaq köhnə tağam,
Sormayın nə üçün
sağam-
Yar ruhunu gəzirəm...
Başı kəsilmiş igidəm,
Çoxdan quruyubdur didəm,
Aydan çox gözümdən
itən,
Yar ruhunu gəzirəm...
Artıq
quruca bir adam,
Tamı
itirilmiş dadam,
Eşidirsən, ey Yaradan-
Öz yarımı gəzirəm,
Lamaramı gəzirəm...
Adsız şeir
Yetimlik
-
Yolumu kəsən
Keçilməz bir qala...
Üstümə dərdlərim daraşır
Qalaq-qalaq...
Eləcə yaşayıram-
Lamaranı əzablardan qoparan,
Onu cənnətə aparan
Ölümün könlünü ala-ala...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 7 iyul.-
S.14.