Azərbaycan dili günü dil mədəniyyətimizin
təbliği kimi…
Bilirik ki, xalqları yaşadan, onları tarixin qaranlıqlarından dartıb işığa gətirən amillərdən biri ana dilidir. Ana dili millətin varlığını qoruyan, onu zamanın ağır sınaqlarından keçirərək əbədiyaşar edən bir məfhumdur. Elə xalqlar var ki, onların ana dili tarixin ağır dövrlərindən adlaya bilməyərək məhv olub. O xalq dilsiz, mədəniyyətsiz qaldığından, həm başqa xalqların dilinə, həm də milli mənsubiyyətinə əl uzadıb.
Onlar bir başqa xalqın genetik varisləri olsalar da, amma
başqa ad, dil daşıyıcılarıdır. Xalqlar da var
ki, onların ana dilinin dünyanın, insanlığın
yaşı qədər yaşı var. Azərbaycan dili bu dillər
sırasında durur. Tarix göstərir
ki, ana dilimiz ayrı-ayrı dövrlərdə müxtəlif
dillərin, mədəniyyətlərin təsirinə məruz
qalıb. Amma dilimizin qüdrəti, xalqımızın
dilimizi qorumaq iqtidarında olması onu işğaldan xilas
edib. Ana dilin varlığı millətin
yaşaması deməkdir. Bunu hər bir azərbaycanlı
bilməlidir. Xüsusən də gənc nəslin
bu məsələdə məlumatı geniş
olmalıdır. Azərbaycanda ana dili məsələsi
hər zaman çox həssas bir mövzu olub və ona
ziyalıların münasibəti fərqli olub. Kimin hansı mövqedə olmasından asılı
olmayaraq ana dilimizin yaşaması bizə çox şey deyir.
Tarixin müxtəlif mərhələlərində
dilimiz başqa adlarla təqdim edilib. Lap tatar dili kimi də.
Amma bu təqdimatlar dilimizin nüfuzuna, çəkisinə
qətiyyən xələl gətirə bilməyib.
Çünki onu yaşadan, məişətindən
tutmuş, ali səviyyəyə qədər
işlədən Azərbaycan xalqı olub. Xalqımız
dilimizin ən böyük mühafizəçisi, qoruyucusu
olub. Bu dil tarixdə məişətdən
saraylara qədər ucalıb. Ana dilimizdə
çox böyük bədii, elmi, publisistik əsərlər
yaranıb. Unikal musiqi nümunələri
oxunub.
Azərbaycan dilinə dövlət səviyyəsində
ən böyük qayğı Azərbaycanın mərhum
Prezidenti Heydər Əliyevin dövründə olub. H.Əliyev ana
dilimizin inkişafına böyük töhfələr verən
bir sıra rəsmi sənədə imza atıb. Bu haqda sonra.
Dilçi alimlər bildirir ki, uzun illər Azərbaycan
imperiya əsarəti altında olduğundan, bu illər ərzində
dilimizə və əlifbamıza saysız-hesabsız zərbələr
dəyib. Məlum olduğu kimi, Azərbaycan Çar
Rusiyasının təsiri altında olduğu vaxtlarda ərəb
əlifbasından istifadə olunurdu. Lakin 1920-ci il aprel ayından etibarən bolşeviklər
bir sıra təcrübələr keçirtmiş oldular. Belə ki, Azərbaycan xalqının bir sıra adət-ənənələri,
eyni zamanda dili və əlifbası nəzərdən
keçirildi.
Azərbaycanda rus dili faktiki olaraq dövlət dilinə
çevrilməkdə idi. XX əsrin sonu Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyi əldə
etdikdən sonra əlifba məsələsi yenidən aktual
mövzuya çevrildi. İlk dəfə olaraq 1991-ci ildə
yeni əlifbaya keçid baş verdi. Lakin həmin vaxt real olaraq bu keçidi tam başa
vurmağa icazə yox idi. Ölkədə
poliqraf işi paralel olaraq 2 dildə aparılırdı.
Qəzetlərin yarısı latın,
yarısı isə kiril əlifbasında
buraxılırdı. Bu isə yeni nəsil
üçün böyük narahatlıq törədirdi.
Bu hal 2001-ci ilin ortalarına qədər davam
etdi. Köklü dəyişiklik isə 2001-ci il 18 iyun tarixində Prezidentin göstərişi
ilə baş verdi. Məhz həmin gün
Prezident Heydər Əliyev Azərbaycan dövlət dili haqda sənəd
imzaladı. Azərbaycan Respublikasının sabiq
Prezidenti Heydər Əliyevin 9 avqust 2001-ci ildə verdiyi «Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında» Fərmanı dil mədəniyyətimizin
inkişafında zəmin rolunu oynadı.
Fərmanda
bildirilirdi ki, qədim və zəngin mədəniyyətə
malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir
çox dəyərli töhfələr verib və onların
ilk nümunələri bəşər tarixinin böyük kəşfi
olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri,
həmçinin, epiqrafik abidələr şəklində
daşların yaddaşına həkk olunaraq
günümüzədək yaşayır: «Tarixi faktlar
sübut edir ki, bu qiymətli əsərləri yaradarkən Azərbaycan
xalqı müxtəlif əlifbalardan istifadə edib. İslamın qəbuluna qədər olan
dövrün yazıları ilə yaradılan bu qiymətli xəzinənin
böyük bir qismi məhv edilib, zaman keçdikcə həmin
abidələrin qələmə alındığı
yazı şəkilləri unudulub və ya ərəb
qrafikasına keçirilib. İslamın
yayıldığı dövrlərdən isə
xalqımız ərəb əlifbasından istifadə yolu ilə
min ildən artıq bir zaman ərzində tariximizin ən yeni
mərhələsinədək zəngin mədəni irs yaradıb. Ərəb əlifbası
yüzillər boyu geniş məkanda müsəlman Şərqi
xalqlarının ümumi yazı sistemi kimi formalaşıb.
Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri
islam mədəniyyətinin təşəkkül
tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər
sivilizasiyasını zənginləşdirib. Lakin əsrlərlə
müxtəlif xalqların mədəni əlaqəsinə
xidmət edən ərəb qrafikasının dilimizin səs
sistemini bütün dolğunluğu ilə əks etdirə
bilməməsi, onun quruluşu və xarakteri haqqında tam
aydın təsəvvür yaratmaması XIX əsrin ikinci
yarısından etibarən Mirzə Fətəli Axundov
başda olmaqla dövrün mütərəqqi maarifçi
ziyalılarını əlifba islahatı problemi üzərində
düşünməyə vadar edib. Bu, Azərbaycan
xalqının həmin dövrdə yaşadığı
tarixi şəraitdən doğan zərurət idi. Öz
qaynağını Avropadan alan yeni
dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin
inkişaf istiqamətini müəyyənləşdirib və
bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya
olan ehtiyacı aktuallaşdırıb. XX əsrin
əvvəllərində cərəyan edən ictimai-siyasi və
mədəni proseslərin gedişatı mövcud əlifbanı
daha münasibi ilə əvəz etmək ideyasını
meydana atıb.
1922-ci ildə
Azərbaycan hökumətinin qərarı əsasında yeni
Əlifba Komitəsinin yaradılması, həmin komitəyə
Azərbaycan dili üçün latın
qrafikalı əlifba tərtibinin tapşırılması
yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi
addım oldu. 1923-cü ildən etibarən latın
əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi.
1926-cı ildə keçirilmiş Birinci
Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə
cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda
kütləvi şəkildə latın qrafikalı əlifba
tətbiq edildi».
Azərbaycanda
bir neçə dəfə dəyişdirilən əlifbaya
münasibət bildirilən fərmanda qeyd edilir ki, Azərbaycan
dövləti dövlət müstəqilliyini qazandıqdan
sonra dilimiz və əlifbamız öz haqqına qovuşub:
«Müstəqilliyimizin qazanılmasından sonra yaranmış
tarixi şərait xalqımızın dünya
xalqlarının ümumi yazı sisteminə qoşulması
üçün yeni perspektivlər açdı və
latın qrafikalı Azərbaycan əlifbasının bərpasını
zəruri etdi. Bu isə müvafiq qanunun qəbul
olunması ilə nəticələndi.
On ilə
yaxın bir müddətdə latın
qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə
2001-ci ilin avqust ayında bütövlükdə təmin
edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin
tarixində mühüm hadisə olduğunu nəzərə
alaraq qərara alıram:
1. Hər il avqust ayının 1-i Azərbaycan
Respublikasında Azərbaycan əlifbası və Azərbaycan
dili günü kimi qeyd edilsin».
Artıq 13 ildir respublikamızda 1 avqust Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi keçirilir.
Heydər Əliyevin məlum sərəncamı ilə
bağlı mətndə bildirilir ki, ana dilimizin
inkişafına dövlətin həmişə xüsusi diqqət
və qayğısı olub.
Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə,
diktələrinə baxmayaraq, ümummilli lider Heydər
Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə
çevrilməsində əsl fədakarlıq göstərib. Ana dilinin
inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm
imzaladığı fərman və sərəncamlarda, eləcə
də çıxış və məruzələrində,
tövsiyələrində vaxtaşırı ortaya
çıxan problemlərin həlli vacib sayılırdı.
Ötən əsrin 70-ci illərindən
başlayaraq Azərbaycan dilinin hərtərəfli
inkişafına, onun rəsmi dövlət dilinə
çevrilməsinə, beynəlxalq münasibətlər
sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə
nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi.
«Dil ədəbiyyatla, mədəniyyətlə,
mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik
formulu yoxdur» - söyləyən Heydər Əliyev
yürütdüyü dil siyasətində həmişə
çalışırdı ki, gənc nəsildə bu
cür nəcib hisslərin tərbiyə edilməsi ön
planda olsun. Ümummilli lider ana dilini sadəcə
öyrənmək deyil, onu sevməyi də tələb edirdi.
Bu mənada dillə bağlı söylədiyi bütün
fikirlərdə, çıxış və məruzələrində
həmişə böyük mənalar duyular, müdriklik hiss
edilərdi: «Xatirimdədir, 70-ci illərdə mən bir
neçə dəfə çox narahatlıqla göstərişlər
verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına
çox yer verilsin. Azərbaycan dilinin
bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki,
xalqımız dünyanın ən qədim
xalqlarındandır. Təbii ki, dilin təşəkkülü
müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də
yazılı şəkildə işlətdiyimiz Azərbaycan
dili də mürəkkəb və ziddiyyətli bir yol qət
etmişdir. Əlbəttə, dilin əsas
yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq
onu necə işlədibsə, bu gün də elə qəbul
edilməlidir. Bir sözün yerinə
düşməməsi onun mənasının itməsinə,
təhrif olunmasına gətirib çıxarır. Nahaq demirlər ki, dil söz sərvətinin
yaradıcısıdır. Bəlkə də
Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar
nemətlərdən biri dildir və o təkcə ünsiyyət
vasitəsi deyil».
Dilçi
Şəbnəm Quliyevanın sözlərinə görə,
müstəqil Azərbaycan dövlətinin dil siyasətinin
müəyyənləşməsində Heydər Əliyevin
müstəsna xidmətləri olub: «Onun imzaladığı
18 iyun 2001-ci il tarixli «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında» Fərman çox dəyərlidir. Mən Heydər Əliyevin fikrini
xatırlatmaq isəyirəm:»Azərbaycan dili bu gün dərin
fikirləri ən incə çalarlarınadək olduqca
aydın bir şəkildə ifadə etmək qüdrətinə
malik dillərdəndir. Düşüncələrdəki
dərinliyi, hisslərdəki incəlikləri
bütünlüklə ifadə etmək kamilliyinə
yetişə bilməsi üçün hər hansı xalqdan
bir neçə minillik tarixi yaşaması lazım gəlir.
Bu mənada biz xoşbəxtik ki, doğma Azərbaycan
xalqı həqiqətən də dünyanın ən qədim
xalqlarından biridir». Heydər Əliyevin
məşhur bir fikrini dönə-dönə
xatırlayıram. Dil və milli ideologiya haqda tarixdə ən
qiymətli fikirlərdən birini Heydər Əliyev deyib: «Millətin
milliliyini saxlayan onun dilidir». Ana dilimizin yüksək
məziyyətlərindən bəhs edən dilçi alimlər
də deyir ki, bu məsələ Heydər Əliyevin ən
çox diqqət yetirdiyi sahələrdən olub».
Dilçinin sözlərinə görə, mərhum
Prezident dil məsələsində həmişə «Hansı
ölkədə yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. Dil həm də bir
döyüşçü kimi xalqımızın mənəvi
keşikçisidir. Bu səbəbdən də onu elə
sözlə yükləməliyik ki, döyüşlərdən
qələbə ilə qayıtsın»-deyə bildirib:»Heydər Əliyev başqa bir
çıxışında isə «nə yaxşı ki, Azərbaycan
dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib
ki, o artıq dünya dilləri içərisində öz
layiqli yerini tutsun». Bu deyim dilimizin hərtərəfli
və zəngin xüsusiyyətlərə malik olduğunu bir
daha təsdiqləyir. Xalqımızın
milli sərvəti sayılan ana dilimizin inkişafına
yönələn qərarların qəbulu və həyata
keçirilməsi hər birimizdən asılıdır.
Bu həm də bizim vətəndaşlıq
borcumuzdur. Avqustun 1-də Azərbaycanda
dövlət səviyyəsində Azərbaycan əlifbası
və ana dili günü keçirilir. Müxtəlif
tədbirlərlə, yığıncaqlarla müşayiət
olunan mərasimdə ana dilimizin, əlifbamızın
qorunması, inkişaf etdirilməsi istiqamətində
müzakirələr aparılır. Məlumatıma
görə, heç də bütün ölkələrdə
ana dili və əlifba günü kimi müstəsna bir tarix
qeyd edilmir. Amma Azərbaycanda belə bir tarixi gün hər
il yada salınır. Dilimiz
yaşayırsa, demək millət kimi biz də
yaşayırıq, azərbaycançılıq
ideologiyası da həmişə yüksəkdə-öz
yerində dayanacaq».
İradə SARIYEVA
Bakı
xəbər.-2014.- 8 iyul.- S.15.