Ramazan nemət, ehsan,
şükr və ənam ayıdır
On bir ayın sultanı olan Ramazan verilən nemətə görə şükr edib, həmin neməti Verənin Munim olduğunu təsdiqləyən aydır
Nemət, ehsan
Səadət, yaxşılıq, lütf, ruzi, ehsan sözlərini ehtiva edən nemət, bütün xeyirli və faydalı şeylərin məcmusudur. Ehsan isə "Sənin Allahı görürmüş kimi, Ona qulluq etməyindir. Sən Onu görməsən də, O səni görür" (həz.Məhəmməd). Ən yaxşı ehsan valideynə edilən yaxşılıqdır. "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik" (Əhqaf 15). Kainat və onun içindəkilər bəşər övladının maddi və mənəvi ehtiyaclarına xidmət etdiyi üçün bəndənin də ən ümdə vəzifəsi həmin nemətləri ona verən Allaha şükr və minnətdar olmasıdır. Zira Peyğəmbər(ə) buyurub: "Hər bir nemət şükr istər". İnsan iradəsindən asılı olmayaraq yaradılan Günəşin - həyat mənbəyinin olmamasını bir anlığa təsəvvür etsək aydın olar ki, həmin nemətlər bəndədən yox, Allahdandır. Bəndə verənə nemət yox, nikmət deyilir. Nemətdən fərqli olaraq nikmət istənilən vaxt bir başqası tərəfindən alına bilər. Allah verəni - neməti isə heç kim ala bilməz. Həmin mükafata əcr, bəndə mükafatına isə əcir deyilir. Qeyd edək ki, Quran hikmətinə görə (bax: Rahmən surəsi), Cəhənnəm və oradakı əzablar da Rəbbin nemətləri sayılır.
Ənam və Munim
Nemətdən istifadə edilməsi ənam, həmin neməti yaradan və onu məxluqunun istifadəsinə verən isə Munimdir (Allahın sifətlərindən biri). "Nemətin içində ənam görünür; Rahmənin iltifatı hiss edilir. Nemətdən ənama keçsən, Munimi görərsən" (S.Nursi, v.e.1960). Göründüyü kimi, yediyi bir tikə çörəyi nemət bilməyən, onun ənam olduğundan ğafil olan insan, heç vaxt Munimi tanıya bilməz. Belələri o tikənin İlahi bir ikram, ehsan olduğunu dərk etmədikləri üçün, həmin nemət yox olana qədər Munimə şükr etməzlər."Bolluq və nemət içində olanlar bu nemət getməyincə onun qiymətini dərk etməzlər" (həz.Məhəmməd). Necə deyərlər, dəryada yaşayan balıqlar dəryanın qədrini bilməzlər.
Elələri də var ki, var-dövləti olduğu halda, həmin nemətdən istifadə edə bilmir. Yəni onların nemətləri ənamla reallaşmır. Məs., pulu, malı var, amma xəstədir, yeyə bilmir. Allah ona bir nemət olaraq övlad verib, fəqət övlad zay olduğu üçün valideyn bədvaris statusunu daşıyır və s. və i. Bir qrup insanlar hesab edirlər ki, nemət yalnız mədəni yeməklə doldurmaqdan ibarətdir. Halbuki, mədə doyduğu kimi, hər biri bir nemət olan göz, qulaq, qəlb və başqa cövhərlər də doymalıdırlar. Əsas informasiya mənbəyi göz bir Allah neməti, gözlə görünən şeylər isə başqa bir nemət; gözün həmin əşyaları görüb, qəlbi riqqətə gətirməsi isə digər bir nemətdir. Deməli, gözün gördüyü şeylər həmin gözün ruzisi, qidasıdır. Qulaq da bir nemətdir. Qəlbləri oxşayan bülbül səsi, xoş müraciət, həzin musiqi başqa bir nemətdir. Həmin səslər də qulağın qidası, ruzisidir. Deməli, göz, qulaq hərəsi bir nemət. Gözün görməsi, qulağın eşitməsi isə bu nemətdən istifadədir, yəni ənamdır. Əlbəttə, bu nemətə və ənama şükr etməyən gözlü, qulaqlı, fəqət mənən kor və kar insanın süfrəsinin bərəkəti də olmaz. Başqa sözlə, nemətlərdə Allahın iltifat və lütfünü hiss edən möminin təkcə bir növ yeməkdən aldığı ləzzət, nemətə şükr etməyən insanın ən mükəlləf və mükəmməl süfrədə çoxsaylı yeməklərdən aldığı ləzzətdən daha bərəkətli və daha xeyirlidir.
Nemətlərin ən xeyirlisi Rəbb kəlamları, İslam dinidir. Təəssüf ki, çağdaş dünyada bu nemətdən ya ifrat, ya da təfritlə istifadə olunur. Dini siyasətə alət edənlər, İslamı elm, iradə və iman vəhdətindən ayıranlar, islamofobiya xəstəliyinə düçar olanlar, minarənin dibində dayanıb "Allahu Əkbər" nidasını eşitməyənlər, "Allahu Əkbər" təkbirini fitnə-fəsada, bəşər qanının tökülməsinə rəvac edənlər bu nemətdən istifadə etməyən talesizlərdir. Bəndənin həm özü, həm də mənsub olduğu cəmiyyətin adından Rəbbə xitabən: "(Bizi) nemət verdiyin kəslərin yoluna (yönəlt)!" (Fətiha 6) - duası, bu nemətdən istifadənin (ənamın) Allahdan istənilməsini önə çəkir. Lakin nemət və ənamın Allahdan olması o demək deyil ki, bəndə heç bir iş görmədən, həmin dəyərlərə sahib çıxacaq. Əks halda, Rəbb bəndəsinə nə ağıl, şüur, iman, iradə və vicdan kimi mənəvi cövhərləri, nə də göz, qulaq, ağız, əl, ayaq və digər maddi alətləri verərdi.
Hürriyyət haqqı ən böyük nemətdir
İnsana verilən yaşama haqqı, fərdi və ictimai şüur, bu şüur vasitəsilə məhəbbətlə tənzimlənən cəmiyyət və onun durumu, suverenlik, bayraq sevgisi hələ də şükrünü lazımınca verə bilmədiyimiz nemətlərdəndir. Bu nemətlərin mühafizəsi üçün verilən hürriyyət isə başqa bir nemətdir. Hürriyyət Rəbbin elə bir lütfüdür ki, dinə və torpağa sahib çıxma, yaşama haqqı, söz və vicdan azadlıqları, canı və malı qoruma məhz bu dəyərlə mümkün olur. Deməli, imanlı bəndənin hürr olması üçün Vətən hürr, müstəqil, azad olmalıdır. Bu zaman hürr Vətəndə hürr bəndənin hürr ibadəti tamam başqa bir ibadət-nemət olur.
Həqiqi hürriyyət bəndəyə yox,
Allaha təslimdən ibarətdir. "Hər qul azad olduğu zaman
sevinir. Mən isə Sənə qul olduğum zaman şad və
məmnunam" kəlamı, bu həqiqəti çox gözəl
ifadə edir. Allaha yox, pula, vəzifəyə
qul olanların hürriyyəti olmadığı
üçün, onların yaşama qarantı da yoxdur. Belələri bu nemətə şükr yox,
nankorluq etdiyinə görə, Rəbb də onları
hürriyyətdən məhrum edir.
Nemətin
davamı yeni nemətdir
Məlumdur ki, hər bir nemətdə o nemətin tükənməsindən
irəli gələn bir narahatlıq düşüncəsi
var. İstifadə olunan o nemətin yenilərilə əvəz
olunması isə başqa bir ləzzət, başqa bir nemətdir. Meyvənin
ağacı bilinməzsə və ya o yoxdursa, həmin nemət
yalnız yeyilib qurtaran meyvədən ibarət olar. Və o meyvənin yerinə yeniləri gəlməyincə,
həmin nemət yox olar və insan bundan təəssüf
hissi keçirər. Meyvənin
ağacı varsa, o zaman həmin meyvənin yenə
olacağı düşüncəsi kədər hissini yox edər.
Bu zaman bəndə yeni yaradılışı
- baharı səbirsizliklə gözləyir. Yəni meyvə bir nemət, ağac isə həmin
nemətin davamı olan başqa bir nemətdir. Nemətlərin zəncirvari davamı bəşər
həyatında da xüsusi rol oynayır. Valideynin
ölməsilə onun özəlliklərini daşıyan
övladların, nəvələrin dünyaya gəlişi
nemətlərin davamından xəbər verir. Başqa sözlə, Allahın Varis isminin təcəllisilə
əsillərin, babaların yeni nəsillərlə, varislərlə
əvəz olunması həmin nəslin davam edəcəyini
göstərən yeni bir nemətdir. Bu
zaman nemətlərin davamlı və uzunömürlü
olması həmin nemətin özündən də
böyük nemətdir. Yəni ləzzətlərin
mütəmadi olaraq bir-birini əvəz etməsi ləzzətin
özündən də ləzzətlidir.
Dünya və axirəti saleh bəndə
üçün nemətlərlə dolu iki süfrə
açan Allah, hər bir canlıya sevgi, məhəbbət,
valideyn nəvazişi verib ki, o, məzluma, zəifə, xəstəyə,
ağlayan körpəyə həmin dəyərlərlə
şəfa versin, rəhm etsin. Sevgi, məhəbbət
bir nemət, ağlayan körpəni həmin nemətlə
ovundurmaq isə başqa bir nemətdir. Yeri
gəlmişkən, nemətdən ləzzət almaq təkcə
valideyn və uşağa şamil edilməz. Çünki fitratı pozulmayan hər bir şəxs
anasız ac bir körpənin ağlamasından nə qədər
kədərlənirsə, ananın körpəsinə şəfqət,
mərhəmət göstərməsindən də eyni
ölçüdə ləzzət alıb, məmnun
qalır.
Elə "dünya bir körpənin göz
yaşına dəyməz" kəlamı da bu məntiqə
söykənir.
Cənnətin
əbədiliyi Cənnətdən də üstün nemətdir
Mömin bəndələr üçün axirətdəki
durum - Cənnət bir nemətdir. Cənnətin əbədiliyi
isə Cənnətdən də üstün nemət. Quran bir nemət, onun qiyamətə qədər
insanların mənəviyyatına xidmət edəcəyi isə
başqa bir nemətdir. Bəşəriyyətin iftixar
abidəsi, müəllimi, Allah kəlamlarının təbliğçisi,
Onun elçisi Məhəmməd(ə) də
bir nemətdir. Onun axirətdə ümmətinə
şəfaətçi olması isə, başqa bir nemət.
Və nəhayət, Rəbbin Əsməi - Husnədəki
99 ismi bəşər üçün sonsuz bir nemət.
Onun bu isimlərin təcəllilərindən
bir zərrəsini istədiyi bəndəsinə verməsi isə,
başqa bir nemət. "Allah sizə istədiyiniz
şeylərin hamısından veribdir. Allahın
nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz"
(İbrahim 34).
Allah
haqqı bərpa olunana qədər məzlumladır
Rəbb
buyurub: "Mən haqqı bərpa olunana qədər məzlumlayam".
Lakin O, Rahmən sifətilə bu dünyada
yaratdıqlarının hamısının, o cümlədən,
kafirlərin də ruzisini verir. Hətta bir
imtahan, sınaq, ibrət üçün bəzən kafirə,
nankora, asiyə mömindən də artıq mar-dövlət
verir. "Kafirlərin bəzi zümrələrini
sınamaq üçün onlara dünya həyatının
zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət
gözü ilə baxma" (Taha 131). Ayəyə görə,
Rəbb bəzi zalımlara etdikləri pisliklərə rəğmən
çoxlu ehsan (vəzifə, dünya malı)
verir. Zahirən həmin bolluq onlar
üçün bir nemət kimi qəbul edilə bilər.
Halbuki, bu verim onların qəlbini ilahi həqiqətlərdən
və axirətdən uzaqlaşdırdığı
üçün bir ikram (ehsan etmək, əziz tutmaq) yox, bir kələkdir,
bir məkri ilahidir - İlahi tələsidir Yəni onların
pislikdə müvəffəqiyyətləri müvəqqətidir,
bir məkri-İlahidir. Məsələ Quran hikməti
kontekstində təhlil edilərsə, belə nəticəyə
gəlmək olar: İnsanın nail olduğu hər bir nemət,
əgər onun barəsində xeyirli isə, bu, ilahi bir
ikramdır. O nemət həmin şəxsin pis əməl və
asiliyini artırırsa, onda bu ikram yox, istidracdır. İstidrac isə, bir kimsəni öz arzusuna
uyğun tədricən yüksəldib, sonra onu həmin
yüksəklikdən çuxura ataraq həlak etmək deməkdir.
Buna nəmrudların, fironların, əbu-ləhəblərin,
hitlerlərin yüksəldilərək, həlak edilməsi də
şahidlik edir. Bunu bəzi harın məmurlarımızın,
"demokratiya"dan bizə dərs verən Sarkozilərin və
onlar kimi insanların acı taleləri də sübut edir:
ucaldılaraq həlak etmək, alçaltmaq; mal-dövlət,
vəzifə verməklə zəlil və şərəfsiz
etmək aqibəti.
Maddiliyin dar məhbəsində haramlarla yaşayanlar
dünyada kam alıb dünya nemətlərindən tam istifadə
etsələr də, bəzi keçici ləzzətlər
dadsalar da, onlar həmişə səksəkədə olub,
Xaliq və xalqdan qorxarlar. Qocalıqda isə
onların qisməti ya tənhalıq, ya da səfillik olar.
Vaxtilə vəzifə, mal-dövlət
çoxluğu ilə öyünən bu nankorların axirətdəki
sorğu-sualı daha əzablı olacaq. "Sonra
da həmin gün (Allahın dünyada sizə əta etdiyi)
nemətlər barəsində mütləq sorğu-sual
olunacaqsınız!" (Təkəsur 8).
"Əvvəl verilir, sonra istənilir"
hikmətindən doğan bu imtahanda halallıqla qazanılan hər
bir maddi-mənəvi dəyər bir nemət, ənam kimi qəbul
edilib, sahibini hidayətə qovuşduracaq. Lakin "nemətlərin
ən yaxşısı, halallıqla qazanılan nemətdir"
buyuran Peyğəmbər(ə), onu
bağındakı halal xurmaya qonaq edən səhabəyə
isə belə deyib: "Yediyimiz bu xurmadan da hesaba çəkiləcəyik".
Hal belə ikən halalı haram, haramı isə
halal kimi qəbul edən xeyirsiz zəka və əməl
sahibləri sorğuya tutulmazlarmı?
Hər
bir nemət şükr istər
Hər bir nemət Rəbbə minnətdarlıq,
şükr istər. O şükr də yeni nemətlər gətirər. Şükrün ziddi biganəlik, nankorluqdur. Şükr etməyən nankor insan nemətlərin
Allahdan olduğunun fərqinə varmaz. Nemətə
biganə qalar. Halbuki, şükr imanın
yarısıdır. İman isə Rəbbin
ən böyük nemətidir. "Vətən
də imandandır" (həz.Məhəmməd). Göründüyü kimi, hər bir fərd və
millətin Allah dərgahında həqiqi qiyməti, onun verilən
nemətlərə görə Rəbbə şükr etməsi
və sonra da həmin əmanətləri qorumasından
asılıdır. Bəs, bir millət
olaraq, biz necə, Azərbaycan adlanan ən böyük nemətimizin
bütövlüyünü bərpa edib,
şükrümüzü Rəbbə izhar etməklə,
iman atımızı şahlandırıb Onu razı
salmışıqmı? Hələ ki, yox...
Elə isə Ya Rəbbim! Mübarək Ramazanda tutduğumuz orucları, qıldığımız namazları qəbul edib, bizi saleh əməllərə-hidayətə yönəlt! Yönəlt ki, növbəti Ramazana qədər düşmən tapdağı altında olan torpaqlarımızı azad edib, Sənə layiq və Sənin üçün ibadətimizi - orucumuzu tutaq. Amin!
Vaqif
CƏLİLOĞLU,
T.e.üzrə fəlsəfə
doktoru
Bakı xəbər.-2014.- 9 iyul.- S.12.
P.S. Bəndənin bütün ibadəti Allah rizası üçün olmasına baxmayaraq, Rəbbimiz yalnız orucu Özü üçün seçib. Müfəssirlərə görə, bunun iki səbəbi var: 1) Oruc gizli ibadətdir. Bu sirr yalnız oruc tutan vasitəsilə agah edilə bilər. Başqa ibadət formalarının digər insanların görməsi mümkündür və həmin ibadətlər görüntü yaratmaq üçün də edilə bilər; 2) Oruc Allah üçün tutulduğu üçün iblis Allah tərəfindən zəncirlənir. Bu iki səbəbi qəbul edən müəllif həm də hesab edir ki, "Oruc Mənim üçün edilən ibadətdir" kəlamı insanları yaxşı işlərə dəvət, pislikdən çəkindirmək üçün Rəbbimizin növbəti - "Mənim xatirimə edin" əmrlərindən biridir. Çünki, heç bir şeyə möhtac olmayan Allahu-Təalənin bəndə orucuna da ehtiyacı yoxdur. Bəndə pis-yaxşı nə edirsə, özü üçün edir. Və bunun qarşılığının verilməsi də mütləqdir.