Dünya kosmik klubunun yeni üzvü - Azərbaycan

 

Azərbaycan təhlükəsizliyinə Kosmosdan diqqət yönəldir

Son 60 ildə dünyada informasiya-kommunikasiya vasitələrinin sürətli inkişafı və son hərbi-siyasi proseslər yeni bir sahənin - kosmik sənayenin yaranmasını və inkişafını şərtləndirdi. Ötən əsrin 60-cı illərində SSRİ və ABŞ-ın nüfuz uğrunda mübarizəsinin təzahürü kimi ortaya çıxan kosmik sənaye az keçməmiş digər dövlətlər tərəfindən də tədqiq edilməyə başlayıb.

1957-ci ildə SSRİ-nin süni peykinin orbitə çıxarılması ilə, müdafiə-təhlükəsizlik xarakterli bir proqram kimi meydana gələn kosmik sənaye 1980-ci illərin ortalarından informativ məqsədlər üçün istifadə olunmağa başladı. Rabitə sistemlərinin inkişafı, teleyayım arealının genişləndirilməsi, internet və digər kommunikasiya vasitələrinin inkişafı bu proqramın hərbi-təhlükəsizlik və elmi istiqaməti ilə yanaşı, kommersiya məqsədləri üçün istifadə oluna biləcəyini göstərdi.

Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına görə, hazırda dünyada 53 ölkə peykə malikdir. Keçmiş Sovet respublikalarından Azərbaycanda daxil olmaqla 4-nün, müsəlman ölkələrdən isə 10 dövlətin orbitdə peyki mövcuddur.

40 il əvvəl atılan təməl

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə Azərbaycan kosmik sənayesinin əsası qoyulub. O zaman qəbul edilmiş bu qərarla 40 il sonra Azərbaycanın dünya kosmik klubunun bir üzvünə çevrilməsinin təməli atılıb.

Sözügedən qərarla 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində "Kosmik cihazqayırma məxsusi konstruktor bürosu" yaradılıb. 2006-cı ildə bu qurum Milli Aerokosmik Agentlik (MAKA) kimi Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyinə daxil edilib. Fəaliyyəti dövründə MAKA-da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Müxtəlif təyinatlı layihələr həyata keçirilib.

Kosmosun öyrənilməsi və kosmik sənayenin inkişafının aktiv mərhələyə qədəm qoyması isə 2006-cı ildən başlanır. Prezident İlham Əliyevin sərəncamına əsasən, bu dövrdən etibarən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən kommunikasiya peykinin orbitə çıxarılması proqramı üzərində işlərə başlanıb. 2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin ayrılması ilə bağlı RYTN tərəfindən BTİ-yə ilk müraciət edilib. 2010-cu ilin may ayında "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. 2013-cü ilin fevral ayının 8-də isə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın ilk süni peyki olan "Azerspace-1" telekommunikasiya peyki geostasionar orbitə, bu ilin iyun ayının 30-da isə Azərbaycanın məsafədən zondlama peyki aşağı orbitə çıxarılıb. "Azerspace-1" peyki vasitəsi ilə radioteleviziya yayımının həyata keçirilməsi, kəsintisiz və şifrələnmiş rabitə əlaqəsinin qurulması, yüksəksürətli internet şəbəkəsinin və məlumatların ötürülməsi sisteminin təmin edilməsi nəzərdə tutulur.

Ekspertlərin fikrincə, kosmik sənayenin yaradılması ölkənin informasiya təminatının və informasiya-kommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, Kosmos elminin inkişafı, yerüstü müəssisələrdə bu sektor üçün zəruri olan texnologiyaların istehsalı ilə müdafiə sənayesinin tərkib hissəsi olan kosmik sənayenin inkişaf etdirilməsi, eyni zamanda mövcud imkanlardan istifadə edilməklə, digər ölkələrə xidmətlərin göstərilməsi hesabına əlavə gəlirin əldə etməsinə səbəb olacaq. Məlumat üçün bildirək ki, hazırda bir sıra ölkələr geostasionar orbitdəki peyklərini müəyyən dövlətlərə icarəyə verməklə əlavə vəsait əldə edir.

RYTN mütəxəssislərinin sözlərinə görə, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın reallaşması respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi ilə yanaşı, eyni zamanda, ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılmasına, yüksəksürətli peyk internet xidmətinin təşkilinə, xidmətlərin göstərilməsində peyk şəbəkəsindən istifadənin təşkilinə, mobil abonentlərə multimedia peyk yayımı xidmətlərinin təqdim edilməsinə imkan yaradır. "Azerspace-1" peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət göstərməsi Avropanın tam, Asiyanın isə böyük bir hissəsini əhatə edir.

Kəşfiyyat peyki də orbitdə

Ekspertlərin fikrincə, hazırkı şəraitdə dövlətlərin əsas strateji istiqamətlərindən olan informasiya təhlükəsizliyinin təmin olunmasında süni peyklərin olması daha böyük önəm kəsb edir. Son onillikdə dünyada baş verən müharibələr - 2003-cü il İraq, 2008-ci il Gürcüstan, 2011-ci il LiviyaSuriya müharibələri zamanı adıçəkilən ölkələrin digər dövlətlərin üzərindən "qidalanan" informasiya infrastrukturu qısa zaman kəsiyində sıradan çıxarılıb, ölkələrin xarici aləmlə əlaqələri, demək olar ki, kəsilib.

Bu günlərdə orbitə çıxarılan, Azərbaycanın informasiya və hərbi təhlükəsizliyində önəmli rol oynayacaq məsafədən zondlama peyki Fransanın "Airbus Defence and Space" şirkəti tərəfindən hazırlanıb. Adıçəkilən şirkətin Müdafiə, Kosmik Kommunikasiya, Kəşfiyyat və Təhlükəsizlik rəhbər Evert Dudokun sözlərinə görə, SPOT-7 adlanan bu peyk real vaxt rejimində yüksək dəqiqlikli və keyfiyyətli görüntü əldə etmək imkanı verəcək. Öz universallığı ilə seçilən və son nəsil hesab olunan bu optik peyk tərəfindən təqdim olunan xidmətlər "TerraSAR-X" və "Tandem-X" radar peyklərinin imkanları ilə daha da genişləndirilə bilər ki, bu da dövlətin təhlükəsizlik imkanlarını artırmış olacaq.

SPOT-7 peyki 200 mm diafraqmalı iki ədəd "Korş" teleskopundan ibarətdir və eyni zamanda 5 spektral tezlikdə çalışır. Peyk 60 km radiusda bir ərazinin kəşfiyyatını aparmağa imkan verir.

"Azərkosmos" ASC-dən bildirilib ki, ölkədə strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, Kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqitexnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və bu kimi bir sıra mühüm sahələrdə optik peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

Təhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən Ukraynanın DCAR Mərkəzinin eksperti Leonid Mikityukun sözlərinə görə, Azərbaycan postsovet məkanında Rusiyadan sonra özünün kosmik müdafiə qabiliyyətini təmin edən ikinci ölkə sayıla bilər. Yeni peykin fəzaya buraxılması Azərbaycana həm elmi sahədə - faydalı qazıntıların tədqiqi, həm neft-qaz sektorunda fəaliyyətlərin keyfiyyətli təşkilinə, həm də müdafiə və təhlükəsizlik sahəsində əlavə imkanlar yaradacaq: "Məsələn, Azərbaycan bununla öz ərazisi üzərində təhlükəsizlik tədbirlərini gücləndirməklə yanaşı, düşmən ölkələr, açıq ifadə etsək Ermənistan üzərində tam nəzarəti əldə etmiş oldu. Bu peyklərin informasiyalarının 80 faizi hərbi məqsədlər üçün istifadə olunur. Azərbaycanın bu gün əsas problemi də Ermənistanla bağlıdır. Mövcud peyk Azərbaycana Ermənistan ərazisini nəzarətdə saxlamağa, bütün yerdəyişmələri müşahidə etməyə, vacib informasiyaları əldə etməyə imkan verəcək". Ekspertin fikrincə, Azərbaycanın mövcud yeni peyki Yer səthini 40 metr hündürlüyədək məsafədən tədqiq etmək imkanına sahibdir.

Ekspert Azərbaycanın telekommunikasiya peyki vasitəsi ilə sabit və təhlükəsiz rabitə infrastrukturu yaratdığını düşünür: "Biz Gürcüstan müharibəsində bunu gördük. Rusiya birinci gün içində Gürcüstanın bütün rabitə şəbəkəsini dondurmuşdu. Hansı ki, bu şəbəkə xarici şəbəkədən tam asılı idi. Hətta gürcülərin rabitəsinə ruslar açıq müdaxilə edə bilir, gürcülər internetə çıxa bilmirdilər. Azərbaycan isə bu maneəni nəinki dəf edə bilib, hətta bir sıra ölkələr öz rabitələrini, dünyaya çıxışlarını Azərbaycan peyki üzərindən həyata keçirir". 

Mütəxəssislərin fikrincə, Azərbaycanın kosmik sənayenin yaradılması ilə bağlı proqramının reallaşması ölkənin güc strukturlarına baş verənlər barədə məlumatları dərhal əldə etmək, hadisələrə çevik reaksiya verməkdə kömək olacaq. Eyni zamanda, fövqəladə halların öncədən proqnozlaşdırılması və baş verən hadisələrin vaxtında aradan qaldırılmasında mühüm rol oynayacaq. Proqramda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Müdafiə və Müdafiə Sənayesi nazirliklərinə vəzifələrin həvalə olunması da bunu göstərir. Dövlət Proqramının məqsədlərində də bu məsələ bir strateji hədəf kimi qarşıya qoyulub. Sənəddə göstərilir ki, kosmik sənayenin yaradılması bir sıra strateji məqsədlərin həyata keçirilməsinə imkan verəcək. Bu məqsədlərə dövlət orqanlarının peyk şəbəkələrinə qoşulması, dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi, fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birbaşa və etibarlı kosmik rabitənin yaradılması və s. daxildir.

 

Rəşad Süleymanov

Bakı xəbər.-2014.- 9 iyul.- S.15.