Tarixi Azərbaycan dövlətləri dünyanın qədim dövlətçilik ənənələrinin ünvanlarından biri kimi...

 

Azərbaycan torpağı sinəsində o qədər sirlər gizlədib ki, hələ əsrlər sonra da ardımızca gələn nəsillər onun sorağına düşəcək, babalarının açar sala bilmədiyi çox qıfılları açacaq. Azərbaycan tarixi, məmləkətimizin bəlli ərazilərində qurulan dövlətlər, mövcud olan ictimai-siyasi quruluşlar Azərbaycan xalqına aid olub. Oğuz-türk babalarımızın yaratdığı bu dövlətlər milli dəyərlər sistemində özünə ayrıca yer tutur.

Əlbəttə, tarixi keçmişi qondarma olan xalqlar, toplumlar heç vaxt qürura malik olmur. Ancaq zəngin tarixi keçmişimiz bizə əsas verir ki, güclü və qürurlu olaq. Milli soykökə, böyük mədəniyyətə, şirin və tükənməz ana dili xəzinəsinə sahibik. İlk yazılarımızı Azərbaycan torpaqları üstündə mövcud olan dövlətlərə, xanlıqlara, sultanlıqlara həsr etmək fikrindəyik. Düşünürük ki, bu, dövlətçilik ənənələrimizin təbliği üçün yararlı bir iş olardı. Tarixi nə qədər öyrənsək, yenə də azdır, yenə də bilmədiyimiz faktlar yüzlərlədir. Tarixi mənbələrə istinad edərək sizə təqdim edəcəyimiz mövzular, düşünürük ki, ürəyinizdən xəbər verəcək. Dünya arxivlərində, kitabxanalarında, eləcə də kolleksiyalardA dövlətçilik tariximiz, mədəniyyətimiz, elm-təhsilimizin ilk istinad yerləri haqda saysız-hesabsız örnəklər var. Onları da öyrənməliyik ki, tariximizdən heç nə itirməyək.

Bu məsələdə, əlbəttə, istedadlı tarixçilərin də fikirlərinə istinad etməyə üstünlük verəcəyik.   

Azərbaycanda ilk dövlət quruluşunun eramızdan əvvələ aid olduğunu keçən yazımızda qeyd etmişdik, yenə də o fikri davam etdiririk. Bu dəfə eramızda mövcud olan dövlətlərdən danışacağıq. Tarixi mənbələrdən aldığımız məlumatlara görə, eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşıb: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal edib. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Mənbələr xəbər verir ki, eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar: "Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi".

Məlumdur ki, VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yaranıb.

Tarix kitablarında, monoqrafiyalarda verilən faktlara görə,

islam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi":Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu. İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans imperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi. IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimliyi) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı. İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin - həm xalqımızın təşəkkülündə başlıca rol oynayan müxtəlif türk tayfalarının, həm də onlarla qaynayıb-qarışmaqda olan qeyri-türk etnoslarının yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində də mütərəqqi rol oynadı. Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar və başqa türk-islam sülalələrinin idarə etdikləri dövlətlər (bu dövlətlər haqqında daha ətraflı sonrakı yazılarımızda danışacağıq-İ.S) təkcə Azərbaycanın, həmçinin, bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular".

Mənbələrdən onu da öyrəndik ki, XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşib. Məlumatlara görə, bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunub. Bu quruluşların da sırf türk dövlətləri olduğu bəllidir. Bu çağlar ana dilimizin və mədəniyyətimizin dirildiyi dövrlər kimi də xarakterizə edilə bilər. Əlbəttə, dövlətin inkişafında siyasətlə yanaşı, mədəniyyətin, dilin, ədəbiyyatın da xüsusi yeri var. Bunu mühüm amil kimi qiymətləndirən tarixçi alimlərin fikrincə, Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı.

Tarixi mənbədən qeydlər":Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər. Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Azərbaycanın əfşar-türk elindən çıxmış bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı. Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

"Gülüstan" (1813) və "Türkmənçay" (1828) müqavilələrinə əsasən, Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı".

Sözsüz ki, bu hadisələr də bizim tariximizdə qara bir ləkə, qanlı bir yara kimi xatırlanır. Azərbaycan xalqı bu ağrını iki əsrdən artıqdır yaşayır. Ancaq nə zamansa Vətənin bir olması ümidini də itirmir.

Tarixdən bəllidir ki, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı")":Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı. Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Bütün bunlarla kifayətlənməyən çar Rusiyası daha çirkin siyasətə də əl atdı: erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımlar dövrü başlandı. Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı dəhşətli soyqırımı həyata keçirdi. Qardaş Türkiyə Azərbaycana kömək əlini yetirdi. Azadlıq hərəkatı qalib gəldi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

 

Ardı var...

 

İradə SARIYEVA

 Bakı xəbər.-2014.- 2 iyul.- S.15.