Ənənədən
müasirliyə - dövlətçilik tariximiz...
Bildiyiniz kimi, silsilə şəkildə Azərbaycanın dövlətçilik tarixindən yazılar hazırlayırıq. Xalqımızın öz varlığını təsdiqləməsi üçün böyük əhəmiyyət daşıyan dövlətçilik tariximiz qürur yerimizdir. Müstəqil Azərbaycan dövlətinin istinad yeri olan bu ictimai-siyasi quruluşların hər biri tarixdə yaşayır. Keçən yazımızı Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı qeydlərlə bitirmişdik, amma mövzu yarımçıq qaldığı üçün onu davam etdiririk.
Bu gün bu haqda tarixçi Təzəgül Yusifovanın bələdçiliyi ilə danışacağıq. Onun sözlərinə görə, Azərbaycan Xalq Cumhuriyyəti dövründə parlamentçilik tariximiz iki dövrə ayrılır: "Birinci dövr - 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam edib. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul edib. İlk Parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan edərək, ölkənin idarə olunmasını öz üzərinə götürüb və tarixi İstiqlal bəyannaməsini qəbul edib. Məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək - cəmi 17 ay davam edib. Onu da bilirik ki, parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul edib. Əlbəttə, milli universitetin açılması Cumhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cumhuriyyəti süqut etsə də, Cumhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilib ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) olub. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyil. Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Şimali Azərbaycanda müstəqil Azərbaycan dövlətçiliyinə son qoyuldu. 1920-ci il aprelin 28-də Cumhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Sovet işğalından dərhal sonra ölkədə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmış müstəqil dövlət idarəçiliyi sisteminin dağıdılmasına başlandı. Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu. Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırım başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi".
Onun dediyinə görə, bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı: "Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırım idi.
1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırılıb. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olunub. Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlanıb. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olunub. Ölkənin bütün təbii sərvətləri milliləşdirilib, daha doğrusu, dövlət mülkiyyəti hesab olunub. Neft sənayesini idarə etmək üçün həmin dövrdə xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir İliç Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi. 30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları idi. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi. 1948-1953-cü illərdə azərbaycanlıların öz ulu Vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu. Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.
Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başlayıb".
Tarixçi bildirdi ki, əlbəttə, Azərbaycan dövlətinin indiki dövrdə inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır":Çağdaş tarixi yazanlar haqlı olaraq qeyd edirlər ki, böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı. 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanıb və bu gün də uğurla davam edir. Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirib, daxili parçalanmalara, xarici işğallara məruz qalıb. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlayıb. Lakin bədxah qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikib, fürsət düşdükcə müəyyən əraziləri işğal ediblər. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu. Əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başlandı. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırım törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən A.Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Bununla da faktiki olaraq ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq cəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi".
Tarixçinin sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verib. Onun dediyinə görə, müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı: "Ümummilli lider Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır".
Tarixçi qeyd etdi ki, yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. O bildirdi ki, özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 3 iyul.- S.15.