Dövlətçilik və mədəniyyət tariximizin şah abidəsi - "Azıx"...

 

Qədim dövlətçilik tarixinə sahib Azərbaycan ərazisi əski insan yaşayış məskəni kimi də tarixə düşüb. Bu da o deməkdir ki, dünyanın nəzərləri dikilən bu məmləkət yalnız neft ölkəsi kimi sevilib qəbul edilmir, neftdən də əvvəl bu yurdun maddi-mənəvi sərvətləri dünya insanını sehirləyə bilib. Azərbaycan başdan-başa abidələrlə zəngindir. Maraqlı cəhətlərdən biriodur ki, tarixi abidələrin bir çoxu memarlıq baxımından bir-birilə əlaqəlidir.

Özü də vaxtilə Azərbaycana aid olan torpaqlardakı təbii və memarlıq abidələri genetik anlamda doğmadır. Qalaların, tikililərin zaman-zaman əlaqəsi, bağlılığı mövcud olub. Bu da ondan irəli gəlir ki, xalqımızın başbilənləri, fikir adamları, memarları, məfkurə yolçuları elimizin, dilimizin birliyinə çalışıb həmişə. Milli dəyərlərə, keçmişə müsbət münasibət, sayğı azərbaycançılığı şüurlarda daha qayım-qədim edir.

Hər zaman yazırıq ki, təbiətin yaratdığı abidələr də, sonrakı mərhələdə memarların yaratdığı tikililər də Azərbaycan xalqının mənəvi dünyasında xüsusi yer tutur.

Azərbaycan ərazisində, eləcə də hazırda ermənilər tərəfindən işğalda saxlanan yurdlarımızda, azərbaycanlıların kompakt yaşadığı yerlərdə Azərbaycan türklərinin doğuluşyaşam həqiqətlərini özündə ehtiva edən abidələr çoxdur.

"Azıx" mağarası Azərbaycan ərazisində yerləşən ən böyük abidələrdən biri olmaqla yanaşı, həm də ilk insan beşiklərindən biridir. 20 ildən çoxdur erməni işğalında olan mağaramız-mədəniyyət ünvanlarımızdan biri ermənilər tərəfindən istismar edilir. Onlar orada ağılasığmaz işlər görür, tariximizi saxtalaşdırırlar. Hətta müxtəlif xarici dövlətlərin muzdlu arxeoloqları, ekspertləri Azərbaycana məxsus olan "Azıx" mağarasında qanunsuz qazıntı-tədqiqat işləri aparır, oradan izimizi silməyə cəhd edir. "Azıx" mağarası öz unikallığına görə dünyanın heç bir mağarasından geri qalmır. 22 illik bir zaman ərzində "Azıx"la fiziki baxımdan əlaqələrimiz kəsilib. Mağara işğal ərazisində olduğu üçün alimlərimiz, arxeoloji ekspedisiyamız ora gedə bilmir. Bu da bizim arxeoloqların orada hər hansı bir tədqiqat işi aparmasını əngəlləyir. "Azıx" mağarasında qəsbkar ermənilərin, yaxud onların "çaldığı havaya oynayan"ların arxeoloji qazıntı aparmasına baxmayaraq, bu abidəni Azərbaycan mənəviyyatından, xalqımızın yaddaşından silə bilməyəcəklər. Bu mümkünsüz bir işdir. Hələ keçən əsrin 60-cı illərində qədim dünya tarixşünaslığına bəlli olub ki, Azərbaycan ərazisində qədim insan düşərgəsi tapılıb və burada tapılan bütün maddi sübutlar bu mağarada Azərbaycan türklərinin əcdadlarının yaşadığını təsdiq edib.

Yerli arxeoloqlardan aldığımız məlumata görə, "Azıx" mağarası Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Quruçay çayının sol sahilində qədim mağaradır. Mağara Azərbaycanın işğal altında olan Füzuli rayonu ərazisindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur. "Azıx" mağarasının sahəsi 800 kv. km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir. "Azıx" mağarası Qafqazda indiyə qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.

Təəssüflə qeyd etməliyik ki, bu gün işğal altında olan ərazimizdə yerləşdiyi üçün "Azıx" mağarası haqqında dünya çox az məlumata malikdir. Bunun bir səbəbi də keçmiş SSRİ dövründə bu mağarada axtarış aparan, onun tarixi barəsində danışan alimlərin xarici ölkələrdə yaşayan həmkarları ilə əlaqə yaratmasına imkan verilməməsidir. Bunun nəticəsidir ki, dünyanın ən qədim insanlarından birinin Azərbaycan ərazisində yaşadığı haqqında dünya hələ də çox az şey bilir. Arxeoloqların dediyinə görə, "Azıx" mağarasının yerləşdiyi bölgənin əhalisi bu mağaranın varlığından xəbərdar olsalar da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik deyil. Onların nəzərində bura əjdahaların və başqa sehirli varlıqların yaşadığı təhlükəli yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya yaxın getməkdən belə çəkinirdilər. 1960-cı ildə isə sirlər açıldı. Belə ki, görkəmli Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya "Azıx" mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin (onları Azıxantrop adlandırırlar) yaşayış məskəni olub. 1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri "Azıx" mağarasında apardığı qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi var. Çənə sümüyünün azı dişlərindən biri bütöv qalmış, digəri isə qismən sınmışdı. Alimlər onun 18 yaşlı bir qadına məxsus olduğu düşüncəsindədir. 18 yaş o dövr üçün qocalıq dövrü hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən sonra "Azıx" mağarasına diqqət daha da çoxaldı. Çox keçmədən mağarada PaleolitMezolit dövrlərinə aid olan daşdan qayrılmış əmək alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənir. Mütəxəssislərin fikrincə, "Azıx" mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ arxeoloji tapıntılar Tanzaniyada, KeniyadaFransada aşkar edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin. Mağaradan tapılan mühüm tapıntılardan biridaş alətlər idi. Arxeoloji baxımdan bu sadə alətlər "çay daşı mədəniyyəti"ni təmsil edirdi. Bunamağara Quruçay ərazisində yerləşdiyinə görə bu dövr "Quruçay mədəniyyəti" adlandırılır. Yaxınlığına görə bu mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə müqayisə etmək olar. Çünki Quruçay mədəniyyətinin də məhz bu qədər tarixə malik olduğu sübut edilib. "Azıx" mağarasının sakinləri ovçuluqla məşğul olurdular. Mağaradan tapılmış 45 növ heyvan sümüyü bunun əyanı sübutudur. Bəzilərinin kökləri kəsilmiş bu heyvanların içərisində nəsli indiyə qədər davam edən ayı və maral xüsusi yer tutur. Bəzi mütəxəssislərin düşüncələrinə görə, ayı mağara sakinləri üçün müqəddəs hesab olunub. Alimlər bu qənaətlərini mağarada bir-birinin yanınca düzülmüş ayı kəllələrinin varlığı ilə sübut etməyə çalışır. Hətta mağaranın adı da bununla əlaqələndirilir. Çünki qədim türk dillərində "azıx" -"ayı" deməkdir. Azərbaycan adlı məmləkətin doğma qucağında yerləşən "Azıx" ən böyük insanlıq məskənidir. "Azıx" mağarasının Azərbaycan abidəsi olduğunu, dövlətçiliyimizlə, mədəniyyətimizlə bağlı olduğunu inkar etməyə cəhd edən erməni alimlərinin cavabı alimlərimiz tərəfindən yerindəcə verilir. Erməni alimi Ş.Mkrtçyan Qarabağın tarixi memarlıq abidələrinə həsr etdiyi əsərində qeyd edir ki, "Azıx" mağarasında Aşel dövrünə aid erməni qadınının heykəli varonun hətta paltarı da müasir erməni qadınlarının paltarına bənzəyir. Ş.Mkrtçyanın əsərinə şərh yazan erməni yazıçısı Sero Xanzadyan isə bildirir: "Azərbaycan alimlərinin "Azıx" mağarasında apardıqları tədqiqatlar göstərmişdir ki, düşərgənin ikinci salonunda olan dirək həqiqətən də Aşel dövründə yaşamış erməni qadınının heykəlidir və geyimimüasir erməni qadınlarının geyiminə yaxındır".

Professor Əsədulla Cəfərov isə Azərbaycanın arxeoloji abidələrinə həsr etdiyi əsərində erməni aliminin bu fikirlərini alt-üst edərək: "Bu heç bir elmi əsası olmayan cəfəngiyyat olmaqla bərabər, tarixin əsassız olaraq saxtalaşdırılmasıdır. Belə bir fikir söyləməklə Ş.Mkrtçyan erməni xalqının tarixini Aşel dövründə (550-350 min il bundan əvvəl) axtarmağa can atır. Birincisi, "Azıx" qədim insan düşərgəsində qadına bənzər heykəl yoxdur. Ş.Mkrtçyanın heykəl adlandırdığı isə mağarada olan stalaqnat dirəklərdən biridir. "Azıx" düşərgəsinin ikinci ən böyük salonunda olan nəhəng stalaqnat dirək əhəngli suyun qarışığından, təbii yolla təxminən 2 milyon il bundan əvvəl əmələ gəlib. Bütün təbii karst mağaralarında belə dirəklərə və ayrı - ayrı stalaqnat daşlara rast gəlinir. "Azıx" düşərgəsinin ayrı - ayrı salonlarında belə dirəklər daha çoxdur. Arxeolojigeoloji ədəbiyyatlarda mağaraların əmələgəlmə xüsusiyyətləri şərh olunurorada stalaqnat dirəklərin formalaşmasının təbii yolları ətraflı izah olunur. İkincisi, Aşel dövründə heç bir yerdə müasir insanın əcdadı yaşamayıb. Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli ibtidai adamlar yaşayıb, heç bir millət və xalq olmayıb".

Erməni yalanını ifşa edən tarixi bir açıqlamadır Əsədulla müəllimin fikirləri.

Məlumdur ki, Azərbaycan 1991-ci ildən YUNESKO-nun üzvüdür. İndiyə qədər bir neçə abidəmiz, o cümlədən də aşıq sənəti, muğam sənəti bu qurumun qorunan qeyri-maddi irs siyahısına salınıb. "Azıx" mağarasının da YUNESKO-nun siyahısına salınması vacib bir məsələ kimi öz aktuallığını qoruyur.

Yeri gəlmişkən qeyd edək ki, bu təşəbbüs ilk olaraq "Bakı-Xəbər"in səhifələrindən gəlib. Bu ideyanın müəllifi professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin folklor kafedrasının müdiri mərhum Azad Nəbiyev olub. Azad müəllim təklif edirdi ki, dövlət təşkilatlarının xəttilə Azıxantrop YUNESKO-nun qorunan maddi irs siyahısına salınsın: "Çox istəyirəm ki, aşıq sənəti, muğamlarımız, xalçalarımız və s. kimi Azıxantrop da YUNESKO-nun qorunan maddi irs siyahısına salınsın. Qarabağ-Füzuli rayonunun dünyanın 5 qədim insan yaşayışı məskənlərindən, zonasından biri olması böyük faktdır. "Azıx" mağarasının özünün Qafqazda analoqu yoxdur". Professor Azad Nəbiyev bildirirdi ki, bu abidənin YUNESKO-nun siyahısına salınması həm dünyaya bu abidənin bizə məxsus olduğunu sübut edər, həm də abidəyə münasibətimiz gənc nəsli milli ideologiya ətrafında birləşdirər. Azad müəllim deyirdi ki, azərbaycançılıq ideologiyasının geniş yayılması dəyərlərimizə sayğıdan keçir. Professorun "Azıx" və Azıxantropun YUNESKO-nun siyahısına salınmasını təklif etməsi həm də ondan qaynaqlanırdı ki, dünya erməni yalanına uymayıb, bizim həqiqətimizi dəstəkləsin: "Azərbaycan abidəsinin, qədim yaşayış məskəni olan bir yerinburadan tapılan dəyərlərin təbliğatı dünya üzrə aparılmalıdır.

"Azıx" və Azıxantrop YUNESKO-nun siyahısına salınmalıdır ki, bu bizim ideologi müharibədə erməniləri üstələməyimizə gətirib çıxarsın. Azərbaycan xalqı öz dəyərlərilə fəxr edib həmişə. Hesab edirəm ki, "Azıx" və Azıxantropun YUNESKO-nin siyahısına salınması azərbaycançılıq ideologiyasının inkişafına mühüm töhfə olacaq".

"Azıx" və Azıxantrop abidəsinin YUNESKO-nun siyahısına salınması istiqamətində böyük işlər aparılmalıdır. Elm quruml2arından tutmuş, dövlət qurumlarına, mötəbər beynəlxalq təşkilatlara qədər bu işə cəlb edilməlidir. Beynəlxalq səviyyəli tədbirlərdə, elmi konfranslarda, rəsmi görüşlərdə "Azıx" və Azıxantrop məsələsinə xüsusi yer ayrılmalıdır.

Qədim insanın vətəni Azərbaycanın "Azıx" kimi sərvətinin mövcud olması bir xalq kimi başımızın ucalığıdır.

Ümid edirik, erməni işğalında olan "Azıx" mağarası bir gün nəhayət ki, YUNESKO tərəfindən Azərbaycan dövlətinin, xalqının böyük mədəniyyət, tarixi-arxeoloji abidəsi kimi qeydə alınacaq. 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 10 iyul.- S.15.