Əcəlin macal
vermədiyi elmimizin canlı
ensiklopediyası - Vaqif Arzumanlı...
Professor Vaqif Arzumanlı dada çatan adam
idi. Hansımızın
dadına, köməyinə
yetməmişdi ki...Ürəyi yuxa, əqidəsi kristal,
vətəndaşlığı bütöv, özü yenilməz idi. Ancaq əcəl onu yendi... Üzü qara
olsun əcəlin, kimə macal verib ki, köksü
dolu nəfəs alsın, həyatdan doyana qədər yaşasın. Əcəl insan
arzusunu gözündə
qoyandır, belə olmasaydı, Tanrı bəndəsinin əhədini
kəsib, yolunu yarıda qırmazdı.
Vaqif Arzumanlı
ilə ünsiyyətdə
olanda təzələnirdi,
həyatı sevməyə
davam edirdi. Həyat, sən
nə şirinsən,
kimsəni səndən
doyan görmədim.
Bircə
əliqılınclı əzrayıl
olmayaydı dünyada.
O olmasaydı, insan öz ömrünü istədiyi qədər yaşayar, yarımçıq
işləri qaydasına
salar, həyatını
sahmanlayardı...Vaqif müəllimin də yarımçıq işləri
çox idi. Ürəyi yaşamaq təşnəsi
olan Vaqif Arzumanlı yaşayırdı
və özündən
əvvəlki şəxsiyyətlərə
söz ömrü bəxş edib yaşadırdı.
Belə qəfil ölümləri,
köçləri adamın
alt şüuru qəbul
etmir. Sənə elə gəlir ki, bu xəbər
doğru deyil, sənin az
qala hər gün ünsiyyətdə
olduğun, fikirlərini
bölüşdüyün insanlar ölə bilməz. Nədənsə, doğma bildiyin
adamlar şüurunun
alt qatında sənin
üçün diri qalır. Vaqif Arzumanlı diri
qalan şəxsiyyətlərdəndir.
Ömrünü sözə bağışlayan
belə insanlar sözün canına hopub yaşayır.
Vaqif Arzumanlı
filoloq idi, dilimizin, ədəbiyyatımızın
canlı yaşadıcısı
idi. Vaqif müəllim filoloq
olsa da, tariximizi, mədəniyyətimizi,
ictimai fikrimizi dərindən bilirdi.
Elə bir sahə tapılmazdı
ki, professorun ondan xəbəri olmasın. "Bakı-Xəbər"
qəzetinin baş redaktoru Aydın Quliyev həmişə deyirdi ki, Vaqif
Arzumanlı canlı ensiklopediyadır, bu insanın bilmədiyi sahə yoxdur... Haqlıdır baş yazarımız, Vaqif müəllimin vaqif olmadığı iş yox idi.
Ona görə də hər kəsin köməyinə
yetə bilirdi. Qəzetimizə və əməkdaşlarımıza
son dərəcə isti
münasibət bəsləyən
əziz Vaqif Arzumanlını biz də
çox sevirdik.
O elə bir şəxsiyyət idi ki, onu sevməmək,
dəyərləndirməmək olmurdu. Hörməti də, izzəti
də, sevgini də özü qazanmışdı. Gənclərin yaxın dostu kimi özünü göstərirdi. Ən təcrübəsiz,
əli qələmə
yenicə yatmağa başlayan jurnalistlərə
də Vaqif müəllim müsahibə
verirdi. İnanırdı gəncliyə.
Vaqif Arzumanlı
bütöv Azərbaycan
boyda bir Vətən oğlu kimi yadımda qalıb. Güney Azərbaycandan,
İrəvandan, Dərbənddən,
Borçalıdan, Kərkükdən
danışanda çox
həyəcanlanırdı professor. Bu yurdlarımızın tarixini,
etnoqrafiyasını, folklorunu
elə gözəl bilirdi ki, adam onun sözlərindən doymurdu.
Bəzən mənə təəccüblü
gəlirdi ki, Vaqif müəllim bu qədər məlumatı necə yaddaşında saxlayır?
Mübaliğəsiz deyərdim ki,
o, tarixi bir çox tarix professorlarından əla bilirdi. Bu insan
elm üçün yaranmışdı.
Bu insan itmiş
izləri, torpaq altda da olsa,
axtarıb tapırdı,
neçə izi addıma, ayaq səsinə çevirib Vaqif müəllim görəsən? Yüzlərlə itmiş ünvanı taparaq adını özünə qaytarıb
professor Arzumanlı. Bundan zövq
alırdı həmişə,
deyirdi ki, bu hər bir
vətəndaşın borcudur.
Hələ yadıma gəlmir
ki, o nə zamansa təvazökarlıqdan
kənara çıxsın,
belə şeylə rastlaşmadım heç
vaxt. İşi görürdü və onu maarifçilik
işi kimi təbliğ edirdi.
Vaqif Arzumanlının
vəfatı Azərbaycan
filoloji fikrində, elmində, ictimai-siyasi həyatında sonsuz bir uçurum açdı. Əlbəttə, bu uçurum,
boşluq yerində qalacaq, oranı dolduran olmayacaq. Belə böyük alimlərin dünyadan köçü
hər kəsi sarsıdır. Alim olmaq
da, elmi titullar daşımaq da asan işdir,
ancaq bunların fövqündə nəcib
insan olmaq, vətəndaş olmaq çətin məsələdir.
Bu mənada Vaqif
Arzumanlı böyük
vətəndaş idi.
Əsl vətəndaş olmağı
bacarırdı. Yadımdadır,
bir neçə il əvvələ
qədər Vaqif Arzumanlı Azərbaycan Televiziyasında "Vətəndaş"
adlı bir proqram aparırdı. Çox sevirdim bu proqramı,
maraqlı olmaqla yanaşı, çox zəngin məlumatlar verirdi professor. Ancaq təəssüf
ki, bilmədiyimiz səbəblər üzündən
bu proqram bağlandı. Vaqif müəllimdən
hər dəfə bu barədə soruşanda deyirdi ki, yəqin ki, nə zamansa
efirə qayıdacaq
"Vətəndaş". Ümidini üzmürdü heç.
Azərbaycanın əfsanəvi məkanlarından
olan Qubada doğulub boya-başa çatan Vaqif Arzumanlı sonra Azərbaycan sevdalı bir şəxsiyyət kimi tanındı. Hətta o, Azərbaycan
Milli Elmlər Akademiyasının Beynəlxalq
Münasibətlər İnstitutunun
direktoru kimi fəaliyyət göstərirdi,
sonra müəmmalı
şəkildə o institut
bağlandı. Açığı, Vaqif müəllim bundan çox sarsıldı. 2002-ci ildən
Nizami adına
Ədəbiyyat İnstitutunun
"Xarici ölkələr
ədəbiyyatı və
ədəbi əlaqələr"
şöbəsinə rəhbərlik
edirdi. Harada işləyirdisə,
böyük şövq
ilə işləyirdi,
həvəslə işləyirdi,
gənclərlə işləməyə,
onlara elmin daşlı-kəsəkli yollarında
simsar olurdu. Əlbəttə, söhbət elmin
gələcəyi olan
gənclərdən gedir.
Vaqif Arzumanlı
çox işıqlı
əməllərə, xeyir
işlərə imza atıb. Onun imzası
elm-maarif işığının
ziyasına çevrilib
yaşayır...
1947-ci ildə dünyaya gələn və
2014-cü ilin qızmar
yay günündə Nabranda uzun sürən
xərçəng xəstəliyindən
dünyasını dəyişən
Vaqif Arzumanlı Allahın halal bəndəsi kimi cənnət evinə daxil olar...Bir
məqamı da qeyd edim ki,
Vaqif müəllimin xərçəngə mübtəla
olduğunu bir neçə il əvvəl eşitmişdim,
ancaq o özü bunu heç büruzə vermirdi, ağır terapiyadan, şüa vannasından çıxıb yenidən
işinə qayıdırdı.
Xərçəng əlamətləri onun görünüşündə
də özünü
göstərirdi. Bircə yaddaşına
təsir edə bilməmişdi xərçəng,
son həftələrə qədər
media ilə sıx əlaqə saxlayırdı
professor. Vaqif Arzumanlı qəzetimizin
etibarlı, daimi dostu olmaqla yanaşı,
fikirlərinə hörmət
etdiyimiz, ehtiyac duyduğumuz ekspert idi. Onun qəfil ölüm
xəbəri onunla mütəmadi ünsiyyətdə
olan əməkdaşlarımızı-Məhəmmədəli
Qəriblini, Vidadi Ordahallını, Günel
Cəlilovanı da sarsıdıb. Professor onların da yaddaşında dərin izlər buraxıb. Yəqin uzun müddət telefon kitabçasındakı
nömrəsini qeyri-ixtiyari
olaraq yığmaq istəyəcəklər, ancaq...
birdən yadlarına düşəcək ki, ey dili-qafil, Vaqif Arzumanlı köçünü çəkib
dünyadan. Жurnalist üçün
daimi doğma müsahibini itirmək qədər dəhşətli
bir yaşantı yoxdur...
Bu dünyaya gələn
köçər, Vaqif
müəllim, çünki
dünya fanidir.
Türk
dünyasının dədə
ozanlarından olan, könlü Tanrı evinə çevrilən Xəstə Qasımın
sözü ilə fikrimi sona çatdırmaq
istəyirəm:
Xəstə Qasım, qalıb
naçar,
Bu sirri bəs, kimlər açar.
Gələn qonar, qonan köçər,
Hey salırsan talan dünya...
"Fani dünyada qalan ölsün" deyirdi nənə-babalarımız...Cismən bu dünyadan əlinizi üzüb getsəniz də, axirətdə işıqlı bir ömür yaşayacağınıza
ürəkdən inanıram,
professor...
Allah Sizə rəhmət eləsin, torpağınız
nurla dolsun!
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 11-13 iyul.- S.12.