Qarabağ cəbhəsində vəziyyətin gərginləşməsinin
üç əsas səbəbi üzə
çıxır...
Sarkisyanın Argentinada əks-Rusiya
bəyanatları ciddi
mətləblərdən xəbər
verir
Son dövrlərdə cəbhə xəttində vəziyyətin kifayət qədər gərginləşdiyi müşahidə olunmaqdadır. Özü də bu gərginlik erməni rəsmiləri tərəfindən xüsusilə qabardılır. Ekspertlər isə bunu təsadüfi saymır. Əvvəla, Ermənistanda sosial-iqtisadi vəziyətin pisləşməsi, ikincisi ölkənin Avrasiya İttifaqına üzvlükdə üzləşdiyi problemlər, ən nəhayət Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiqlərin artması İrəvanı çətin vəziyyətdə qoyub və Sarkisyan hakimiyyətinə daxili təzyiqlər artmaqdadır.
Məhz bu vəziyyətdə təzyiqlərdən yayınmaq üçün ən səmərəli vasitə cəbhə zonasında gərgin vəziyyət barədə təəssürat yaratmaqdır.
Belə bir vaxtda Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan qeyd edib ki, Azərbaycan diversantı bir erməni zabitini Kəlbəcərdə qətlə yetirib. O, Azərbaycan diversantının həmçinin daha bir mülki qadını da yaraladığını deyib. Ovanisyan həmin qadının artıq hospitala yerləşdirildiyini söyləyib. Qeyd edək ki, bundan əvvəl də Ermənistan mediası Füzuli rayonunda 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyanın öldürüldüyü barədə açıqlama yaymışdı.
Ermənistan prezidenti Serj Sarkisyan da son açıqlamalarında cəbhə zonasında vəziyyətin gərginləşməsini, Azərbaycanın silahlanmasını daha çox qabartmağa başlayıb. Argentinanın "La Nacion" qəzetinə verdiyi açıqlamada o bildirib: "Azərbaycanla münasibətlər başqa cürdür. Gərginlik var, amma bu, Azərbaycana görə yaranır. Minsk Qrupu adlanan Rusiya, Fransa və ABŞ kimi ölkələr Qarabağ konfliktini üç prinsip əsasında həll etməyə çalışırlar. Bunlar güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsidir. Biz hərbi əməliyyatların başlamasını istisna etmirik. Düşünmürəm ki, Azərbaycanın bu kimi hərəkətlərə başlaması üçün imkanı var. Onlar həqiqətən hərbi texnikanın alınmasına çox pul xərcləyirlər, amma bu hələ qələbənin sığortalanması demək deyil".
Ermənistan dövlət başçısı Rusiyanın Azərbaycana silah satması barədə danışarkən isə əməlli-başlı narahatlığını dilə gətirib: "Bu bizim üçün çox qorxuludur. Bizim cəmiyyətdə Ermənistanın strateji müttəfiqi Rusiyanın Azərbaycana silah satması ciddi narahatlıq yaradır. Lakin bizim çətin vaxtlarımızda Rusiyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə şübhəm yoxdur".
Ekspertlər hesab edir ki, erməni hakimiyyətinin bu mövqeyi, qeyd olunduğu kimi, ölkənin ağır sosial-iqtisadi vəziyyətlə üzləşməsilə də birbaşa bağlıdır. Ermənistan Milli Konqresi Partiyasının üzvü Vaaqn Xaçatryan da iqtisadi durumun ağır olduğunu etiraf edib: "Vəziyyət ağırdır. Bundan başqa, 3 iyul iclasında təsdiq edilən "Ermənistan Respublikasında 2015-2017-ci illərdə ortamüddətli dövlət xərcləri proqramı"nda hökumət yaxın illər üçün iqtisadi artımı nəzərəçarpacaq dərəcədə endirib". Avrasiya İttifaqı ilə də bağlı vəziyyət yaxşı deyil. Ermənistan deputatı Xaçatur Kokobelyan bildirir ki, Ermənistanın Avrasiya İttifaqına qəbulunun gecikdirilməsinə əsas səbəb Rusiya və Azərbaycan arasında olan siyasi sövdələşmədir. O, Ermənistanın Avrasiya İttifaqına daxil olmasının öz ölkəsinin hökumətindən asılı olmadığını deyib: "Mənim fikrimcə, Ermənistan bu cür gələcəyi olmayan bir təşkilata daxil olarsa, o zaman Rusiya Azərbaycanla ticarətində müəyyən məhdudiyyətlərə məruz qalmış olar". Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş naziri açıqlamasında ölkəsinin Avrasiya İttifaqına üzvlüyünün gecikdirilməsinin səbəblərini bilmədiyini söyləmişdi.
Digər erməni deputat Vaqram Baqdasaryan da erməni hakimiyyətini sərt tənqid edib: "Biz bu məsələdə Ermənistanın mövqeyinin sərt olduğuna inanmırıq. Düşünmürəm ki, fikrimizi dəyişməliyik. Lakin Ermənistan uduzur". Politoloq Aqasi Yenokyan isə yaranan durumun Sarkisyanın yarıtmaz xarici siyasətindən qaynaqlandığını bildirir. O, İrəvanın Qarabağ konfliktinə təsirini itirdiyini bildirib: "Ən əsası da odur ki, Rusiyanın təsirinin güclənməsi onun maraqları və arzularına uyğun olaraq hadisələrin gedişini istənilən an dəyişə bilər. Rusiyanın Ermənistana təsiri həddən artıq güclənib və İrəvan situasiyaya təsir rıçaqlarını artıq tamam itirib. Qorxacaq ən mühüm şey ondan ibarətdir ki, Rusiya konflikt tərəflərinin maraqları əsasında situasiyanı həll etməyəcək. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyə cəlb olunması bəzi ərazilərin geri qaytarılmasına səbəb olacaq ki, bu da yeni hərbi əməliyyatların başlamasına gətirəcək. Hazırda İrəvan konfliktə heç cür müdaxilə etmək imkanına sahib deyil. Bu status-kvo artıq 20 ildir saxlanır və heç bir stabilliyi özündə əks etdirmir. ABŞ və Fransadan olan həmsədrlər, həmçinin Ermənistan və Azərbaycan problemə təsir rıçaqlarını itirir. Bu, Moskvanın əlinə keçir". Lakin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın və ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin açıqlamaları da İrəvanın lehinə olmayan vəziyyətin yarandığını göstərir. Riçard Morninqstar bildirir ki, hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon təcili Azərbaycana qaytarılmalıdır. Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib: "Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda işğal altında olan 7 Azərbaycan rayonu geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır. Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik".
Con Heffern də bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsi yekun həll zamanı müəyyənləşəcək. O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib: "Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur".
Bütün bunlar isə erməni ictimaiyyəti tərəfindən müsbət qarşılanmadığından, İrəvan cəbhədə vəziyyəti gərginləşdirməklə daxili təzyiqləri neytrallaşdırmağa çalışır.
Tahir TAĞIYEV
Bakı xəbər.-2014.- 14 iyul.- S.8.