Möhtəşəm tarixi abidələr və musiqi mədəniyyətinin beşiyi Şuşa...

 

Azərbaycan tarixinin, mədəniyyətinin, maarifçiliyinin, təhsilinin əsas mərkəzlərindən biri kimi böyük əhəmiyyət daşıyan Şuşa yağı tapdağında olsa da, ruhi-mənəvi baxımdan bizdən qopmayıb. Dövlətimizin, tariximizin ayrılmaz parçası olan Şuşa milli mədəniyyətimizin inkişaf tapdığı şanlı bir diyardır. Nə olsun ki, düşmən işğalındadır, gün gələr, onun bu çiləsini kəsərik, ağrı-acısına son qoyarıq. O günə ümidimiz böyükdür.

Deyim pafoslu səslənsə də, həqiqət bundan ibarətdir ki, o torpaqlar azad olunmalıdır və olacaqdır. Heç bir qisas qiyamətə qalmır, qalsa belə, onun alınması çox amansız olur...

İşğal olunan Dağlıq Qarabağın əsrarəngiz məkanlarından olan Şuşa qədim köklərə söykənir. Bəllidir ki, çox əsrlər bundan əvvəlki dövrlərdən mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılıb.

Tarixi mənbələrdən öyrənirik ki, eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa"(şüşə) adlandırıb.

Coğrafi təhlillərə görə, dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının-Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranıb və inkişaf edib.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınıb. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhər xanın şərəfinə Pənahabad adlandırılıb. Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Pənahəli xanın oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib.

Şuşanın şəhər kimi inkişafını tarixçilər şərti olaraq üç mərhələyə bölür.

Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam edib, tikinti işləri bir qədər tələsik aparılıb. Bu dövrdə şəhərin şərq hissəsində doqquz məhəllə salınıb. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq "Aşağı məhəllə" adlandırılıb. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələr-Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, DördçinarÇöl qaladan ibarət idi.

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olub. Bu mərhələdə "Yuxarı məhəllə" adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan "Aşağı məhəllənin" yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan "Yuxarı məhəllə"də 8 yeni küçə salınmışdı. Həmin küçələr bunlar idi- Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam, qabağı, Təzə.

On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq-qərb hissəsində yeni məhəllələr salınıb və əslində bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatıb. Şəhərin dağlıq ərazidə salınmış "Qazançalı" adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlayıb və bütün XIX əsr ərzində davam edib. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

"Qədim" və "Yeni Şuşa"dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə, Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-cü ildən 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı oldu.

Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilib. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən ediblər. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibatiiqtisadi mərkəzi olubinkişaf edib.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyükgüclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada "Pənahabad" adlanan gümüş sikkə zərb edilirdi. Şəhərin kənarında dərin "Daşaltı dərəsi"-nin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.

Qeyd edək ki, görkəmli ziyalı, maarifçi Firidun bəy Köçərli Şuşanı Zaqafqaziyanın Şirazı adlandıraraq Azərbaycan ədəbiyyatı kitabında yazırdı: "Şuşa şəhərinin ab-havasının təsirindən və torpağının bərəkətindən burada çox zürafə, üdabə və şüarə vücuda gəlibdir. Belə ki, Şuşa qalası Zaqafqaziyanın Şirazı mənzərəsindən olub, ərbabi-zövqü səfa və əhli-hal və sahibi-dil yatağı hesab olunur".

Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır".

Qafqazda ilk teatr tamaşası 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilir. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar Məmmədov tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak ediblər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoyub.

Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmış Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahimxəlil xan Cavanşirinonun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı Şuşanın mədəniyyət ünvanları olub.

Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar, bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların- Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun, Bülbülün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Üzeyir Hacıbəyovun, Niyazinin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun vətənidir.

Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, Yusif Vəzir Çəmənzəminli, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə anadan olub.

Qeyd edək ki, 8 may 1992-ci ildə Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan köçkün düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat dağıdılıb. Daşaltı Dövlət Təbiət Qoruğu Şuşa və Əsgəran rayonları ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilib. 400 hektar ərazini əhatə edirdi. Şuşa rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1984-1986-cı illərdə burada aparılmış kompleks hidrogeoloji tədqiqatlar nəticəsində üstorta sulu komplekslərin altı perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilib.

Şuşanın tarixi mədəniyyət abidələri haqda danışmaq da yerinə düşər. Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilib.

Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb edib. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdı. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilib.

Şuşa bütün ərazisi, varidatı ilə erməni işğalındadır. Tariximizin, dövlətimizin, mədəniyyətimizin tərkib hissəsi olan Şuşa dövlətçilik tariximizin formalaşmasında müstəsna əhəmiyyət daşıyır.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 17 iyul.- S.15.