Klassik Azərbaycan poeziyasında dövlətimizin və mədəniyyətimizin təbliği...

 

Əsrlərin sınağından çıxan belə bir kəlam var: "Türklər tarix yazmayıblar, tarix yaradıblar". Həqiqətdir bu. Azərbaycan xalqının tarixi, tarixi mənbələrdən çox, ədəbi materiallarda, poema və şeirlərdə yaşayır. Azərbaycan tarixi həm bir mövzu, həm də bir mədəni-mənəvi, milli-ictimai dəyər kimi Azərbaycan ədəbiyyatında öz simasını göstərib.

Dövründən asılı olmayaraq hansı Azərbaycan şairinin, filosofunun, mütəfəkkirinin, yazıçısının yaradıcılığına boylansaq, orada açıq və sətiraltı formada tariximizin, dövlətçilik ənənələrimizin izlərini görə bilərik. XX əsr ədəbiyyatında isə bu özünü daha qabarıq şəkildə göstərir. İyirminci yüzillikdə ədəbiyyatımız özünün, sözün əsl mənasında, intibah dövrünü yaşayıb. Bu əsrdə onlarla qüdrətli ədəbi sima meydana çıxıb, onların yazdığı maraqlı əsərlər çap olunub. XX əsrdə Azərbaycan ədəbiyyatının siması, dəst-xətti, düşüncəsi, ideyası düz üç dəfə dəyişib, dəyişməyən isə dövlətimizin tarixi və mədəniyyətinin təbliği olub. İyirminci yüzilliyin ikinci onilliyində Azərbaycanda Demokratik Respublika qurulub. Yazıçı və şairlərin, demək olar ki, hamısı milli məfkurəyə, dövlətçilik ideologiyasına xidmət edib. 23 ay ömür sürən Cumhuriyyət dövründə tariximizin öyrənilməsi, mədəniyyətimizin təbliği dövlət siyasətinin ana xəttini təşkil edirdi. Qırmızı ordunun işğalı nəticəsində Azərbaycanda bolşevizm ideyalarına xidmət edən bir respublika quruldu. Azərbaycan tarixinin çox rəngli, ziddiyyətli, müsbət və mənfi hadisələrlə zəngin dövrü sayılan Sovet Azərbaycanı milli məfkurədən uzaq, milli ideologiyadan kənar bir ideyaya, məqsədə qulluq etməli idi. Bu idi Leninonun silahdaşlarının məqsədi, arzusu. Təbii, ədəbiyyat da var qüvvəsilə yeni ideologiyanın göstərdiyi yolla sürməli idi "at"ını. Bu illərdə ədəbiyyatımızda nüfuz qazanan, tanınan yazıçı və şairlərin əksəriyyəti bolşevizmin tərənnümçüsünə çevrildi. Çevrilməmələri mümkünsüz idi. Bəzi ədəbiyyatşünaslar ictimaiyyətdə çaşqınlıq yaradan müqayisələrə yol verir. Məsələn, yazırlar ki, filan şair sovet dövlətinə xidmət edib, filan şair etməyib. Yanlış fikirlərdir. Bolşevizm dönəmində yaşayıb-yaratmaq hansı yazara nəsib olubsa, o bu dövrü tərənnüm edən nə isə yazıb. Ancaq məsələ burasındadır ki, şair və yazıçıların çoxunun yaradıcılığında dövlətimizə və mədəniyyətimizə xidmət izləri də özünü gizlətməyib. Bolşevizmi tərənnüm edən şeirdə bəzən müstəqil Azərbaycan dövləti ilə bağlı elə fikirlər olub ki, çox incə formada deyildiyindən, "qlavlit"in gözündən qaçıb. Belə hallar çox olub. Gözdən qaçan nümunələr müstəqil Azərbaycanda vətənsevərlik örnəkləri kimi dəyərləndirilir. XX əsr ədəbiyyatında dövlət tarixindən danışan milli ədəbiyyatımızın görkəmli simalarından olan, Azərbaycanda ilk dəfə xalq şairi fəxri adına layiq görülən Səməd Vurğun şəxsiyyətindən və yaradıcılığından söz açmaya bilmirik. Öz dövründə Azərbaycan tarixinin alovlu təbliğatçısı olan Səməd Vurğun hətta bolşevizm liderlərinin tərənnümünə həsr etdiyi şeirlərində belə, Azərbaycan torpağını, milli adət və ənənələrimizi, ana torpağımızı yada salır. Azərbaycan sevgisi Səməd Vurğun yaradıcılığını çağdaş dünyamız üçün maraqlı edən əsas ştrixlərdən biridir. Səməd Vurğun və Azərbaycan tarixi, mədəniyyəti bir-birinə qırılmaz tellərlə bağlıdır. Səməd Vurğun yaradıcılığında, poeziyasında, çıxış və məqalələrində bizim tarixi dövlətlərimiz, bu dövlətləri quran insanlar öndə olub. Onun elə bir yazısı, çıxışı çətin tapılar ki, orada xalq şairi xalqımızın tarixi keçmişindən, zəngin folklorundan, aşıq sənəti və muğamından, tükənməz mədəniyyət xəzinəsindən səxavətlə söz açmasın. Qədim dövlət ənənələrimizi dərindən bilən və bu hisslərə bağlı olan Səməd Vurğun istər aşıq ədəbiyyatından danışanda, istər tariximizin gizlin sirlərinin aşkarlanmalı olduğunu təklif edəndə, istərsə də ana dilimizə qayğı tələbilə etdiyi çıxışlarda təpədən-dırnağa azərbaycanlı idi. Səməd Vurğun yaradıcılığında dövlətimizə onun mənən, ruhən, daxilən bağlı olmasını əyani göstərən bir çoxbəndli şeiri var. Dünyada elə bir azərbaycanlı tapılmaz ki, o şeirin hansısa bir bəndini əzbər bilməsin.

El bilir ki, sən mənimsən,

Yurdum-yuvam məskənimsən,

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan!

Azərbaycançılıq sevgisilə dolu bir bənddir. Burada həm milli tariximizin təbliğatına yer verilir, həm vətənimizin qədimliyinə, biz Azərbaycan türklərinin doğma yurd-yuvası olduğuna bir işarədir. Azərbaycanla biz könüllə canıq. Bir-birimizdən ayrılmağımız mümkün deyil. "Yandırılan kitablar" irihəcmli əsərində o, tariximizin alt qatlarına varır bu torpağın qəhrəmanlar diyarı olduğunu bildirir. Tarixə baş vuran şair anamız Tomrisi xatırlayır. Bu mövzular şairin yaradıcılığının ana axarlarını təşkil edib. Səməd Vurğunun "Azərbaycan" şeirinin hər bəndində tariximizin təbliğatı var. Qədim insan məskənlərindən, qədim mədəniyyətlərin yarandığı yerlərdən biri olan Azərbaycan şairin yaradıcılığının ilhamverici qüvvəsi olub həmişə. S.Vurğun yaradıcılığını araşdıran ədəbiyyatşünaslar, hətta sovet illərində belə, Səməd Vurğunun torpağa bağlılıq düşüncəsini vurğulayırdılar. "Azərbaycan" şeirini təhlil edən ədəbiyyatşünas Nəsib Ələkbərov yazır ki, bu poetik dəyər S.Vurğun yaradıcılığının leytmotivini təşkil edir. S.Vurğun yaradıcılığında olan sadəlik, duyğu zənginliyi, el ruhu, folklor təsiri onun vətənpərvər şeirlərinin yaranmasına səbəb olub.

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana.

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!

Nəsib Ələkbərov bu bəndi təhlil edərək yazır ki, şair burada Azərbaycanın vətənpərvərliyin təbliğinə diqqət yetirib: "Vətənpərvərlik duyğuları necə sadə, necə gözəl tərənnüm olunur! Təkrar-təkrar oxusan da, şeir səni yormur, elə bil qulağına isə yeni bir söz pıçıldayır, ən ülvi hisslər aşılayır. Şeirdə xalq ruhu hakimdir, xalqın əsrlər boyu cilalaya-cilalaya gətirdiyi, poetikləşdirdiyi büllur sözlər bulaq kimi çağlayıb oxucunu ovsunlayır...". Ədəbiyyatşünas haqlıdır. Bu misraları oxuyan azərbaycanlı azərbaycançı olmaya bilmir. Çünki şeirin gücü oxucunu öz təsirinə salır. Ümumiyyətlə, poeziya ürəkdən gəldiyi üçün dinləyici qəlbinə, şüuruna daha çevik şəkildə nüfuz edə bilir. "Azərbaycan" şeiri 1933-cü ildən bu yana oxucuların düşüncəsinə hakim kəsilir. Ədəbiyyatşünasların verdiyi bilgiyə görə, S.Vurğun azərbaycanlı olması ilə hər zaman fəxr edən, qürur duyan, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mədəniyyətini, adət ənənələrini getdiyi ölkələrdə layiqincə təqdim etməyi bacaran bir şəxsiyyət olub. S.Vurğun yaradıcılığı çoxşaxəlidir. Burada ədəbiyyatın bir sıra janrları şair qələmilə şərəfləndirilib. Elə janrlar var ki, S.Vurğun onu öz poeziyasının tərkində göylərə qaldırıb. Bu o demək deyil ki, o janrlar sevilmirdi, yaxud populyar deyildi. Xeyr. Bu belə başa düşülməməlidir. Onlar meydanda var idi, sadəcə, Səməd Vurğun onları cəmiyyətdən, camaat içindən, el-obadan çıxarən ictimailəşdirdi, bəşəriləşdirdi. Xalq şeiri üslubunda qələmə aldığı poetik misralara baxsaq görərik ki, S.Vurğun qoşma, gəraylı kimi qədim aşıq şeiri növlərimizi ümumədəbiyyat məhsuluna çevirib. Bu da şairin xalq ədəbiyyatını, dünya ədəbiyyatını da gözəl bilməsindən irəli gəlib. Xalqın mənəviyyatını təbliğ edən adam, onun ənənələrinin, dilinin yaşamasına çalışan şəxsiyyət birmənalı olaraq azərbaycançıdır. Hər kəs öz sahəsində dövlətimizin, mədəniyyətimizin, tariximizin yaşamasına töhfələr versə, tariximiz yaşayar, mədəniyyətimiz . S.Vurğun bütün varlığı ilə Azərbaycanı sevdirməyə çalışırdı. Hara gedirdisə özü ilə buradan Azərbaycan ədəbiyyatı örnəkləri aparırdı. Sirr deyil, çoxları Azərbaycanı Səməd Vurğuna görə sevirdi. Görün, o, Azərbaycanı, azərbaycanlı olmağı hansı səviyyədə təbliğ edirdisə, qarşı tərəfin ürəyində Azərbaycana sevgi oyadırdı.

Gənc tədqiqatçı Gülər Məmmədbəyova bizimlə söhbətində Səməd Vurğunu mədəniyyətimizə, tariximizə həyan olan bir şəxsiyyət kimi xarakterizə edir. Onun sözlərinə görə, Azərbaycan Xalq Cumhuriyyəti qurulanda S.Vurğunun cəmi 12 yaşı olub, amma bu quruluşun 23 ay ərzində xalqa verdiyi hürriyyət onun qəlbində özünə yuva salıb. S.Vurğunun tariximizin böyük sırasında olduğunu deyən tədqiqatçının sözlərinə görə, bunun bir səbəbi də şairin Azərbaycan tarixini, Azərbaycan dilini, folklorunu, mədəniyyətini, arxeologiyasını dərindən bilməsi olub: "Bu gün bəziləri Səməd Vurğunun Azərbaycanın müstəqilliyi əleyhinə olduğunu iddia edir. Deyirlər ki, guya Səməd Vurğun Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunu qəbul etməyib. Bu kifayət qədər mübahisəli məsələdir. Bilirsiz ki, o, sovet dövründə yaşayıb-yaradıb və istər-istəməz, sos-realizmə xidmət etməli olub. Ancaq bununla belə o, Azərbaycanı sevən adam idi. Səməd Vurğun dövlətimizin qədimliyini, xalqımızın neçə minillər bundan əvvəl mövcudluğunu dəqiq bilən adamlardan biri olub. Onda milli ruh çox güclü idi. Əksər şeirlərində milli ruh özünü açıq şəkildə göstərir. Onun milli məfkurəyə bağlı şəxs olması haqda o dövrün NKVD-yə, "KQB"yə aid arxivlərində çoxlu sənədlər var. Bolşevik rəhbərlər onun SSRİ-yə qarşı olduğundan, türkçülüyə bağlı bir şəxs olmasından həmişə şübhələnib. Bilirsiz ki, dəfələrlə şübhəli şəxs qismində müəyyən orqanlara dəvət edilib, saatlarla əsəb sarsıdan dindirmələrə məruz qalıb. Azərbaycançı olmağı şeirlərindən aydın şəkildə görünür. O vaxt da ağıllı adamlar vardı və bilirdilər ki, Səməd Vurğun azərbaycançılığı təbliğ edir. "Azərbaycan" şeiri dövlətimizə, mədəniyyətimizə xidmət edən, onu təbliğ etməyə hesablanan bir şeirdir. Bu gün üçünaktual səslənir. İndi də vətənpərvərlik, insana, vətənə, torpağa sevgi hissləri yaradır. 79 il əvvəl yazılan bir şeirin həm bolşevizm dövründə, həm də indi yaşaması maraqlıdır. Vətəni tərənnüm edən şeirdən gənclər yalnız müsbət enerji ala bilər. Səməd Vurğunun yalnız "Azərbaycan" şeirində deyil, başqa şeirlərində də, dram əsərlərində də, poemalarında da onun tariximizə bağlılığına bir sıra işarələr var. Allah qoysa, planımda var ki, gələcəkdə Səməd Vurğunun yaradıcılığının bu tərəfləri ilə bağlı elmi araşdırma aparım. Yəqin ki, çox maraqlı nəticələr əldə edə bilərəm. Səməd Vurğunun arxivində də çap olunmamış şeirlər, maqalələri olmamış deyil. Çünki elə əsərləri var ki, köhnə kitablarında var, sonra qadağan olunub. Ola bilsin, orada Azərbaycanın müstəqilliyindən danışılıb".

S.Vurğunun yaradıcılığında Cənubi Azərbaycan mövzusuna da diqqət yetirilir. G.Məmmədbəyovanın dediyinə görə, şair 1947-ci ildə "Yandırılan kitablar" adlı şeir yazıb. Gənc tədqiqatçının verdiyi məlumata görə, S.Vurğun bu şeiri İran irticaçılarının Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırmasına etiraz olaraq yazıb: " 1945-ci ildə Seyid Cəfər Pişəvəri və onun silahdaşları, bütövlükdə soydaşlarımız tərəfindən Cənubi Azərbaycanda qurulan demokratik hökumətin süqutundan sonra orada şah əsgərləri, irticaçılar Azərbaycan mədəniyyətini, ədəbiyyatını, teatr sənətini dağıtdı. Ana dilimizdə çap olunan kitabları rəhmsizcəsinə yandırırdılar. 1947-ci ildə bu mənzərəni dəhşətlə izləyən şair "Yandırılan kitablar" şeirini qələmə aldı.

Bir vərəqlə tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda,

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Səməd Vurğun Cənubi Azərbaycanda soydaşlarımızın qurduğu hökumətin süqutuna, ana dilimizə xor baxılmasına etiraz edib bu şeirdə. Burada da Azərbaycan ruhu, milli birlik hissləri özünü göstərir. Tarixdəki qəhrəmanlarımızın xatırlanması, torpağımızın ululuğu və xalqımızın yenidən azadhürr olmaq niyyətilə meydana çıxacağına və istəyinə nail olacağına bir işarələr var.

"Yandırılan kitablar" birbaşa tariximizin təbliği deməkdir, həm də bu torpa-q üzərində mövcud olan dövlətlərdən, onların hökmdarlarından hörmətlə söhbət açılan bir nümunədir. Orada bir xalqın mənəvi varidatı dağıdılır, məhv edilirdi. Təbii, Səməd Vurğun bir vətənpərvər kimi buna etiraz səsini qaldırmalı idi. Qaldırıb da. S.Vurğunun bu şeiri çox aktual olsa da, geniş təbliğ olunmur. Milli ruhun diri qalması, azərbaycançılıq ideologiyasının gənc nəslin şüuruna yeridilməsi işində bu şeir böyük görə bilər. O indi üçünçox aktualdır.

Yandırılan o kitablar alovlanır...Yaxşı bax!

O alovlar şölə çəkib şəfəq salır zülmətə...

Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,

O alovlar şölə çəkib şəfəq salır zülmətə...

Dövlətimizin, tariximizin, mədəniyyətimizin, qəhrəmanlıq salnaməmizin bundan uğurlu təbliğimi ola bilər?"

 

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 21 iyul.- S.11.