Şəhərlərimiz "Mədəniyyət paytaxtı" statusunda...

 

Qədim dövlətçilik ənənələrinə sahib olan Azərbaycan xalqı ana vətənimizin hər qarışını əziz, müqəddəs bilib. Hər şəhərimiz, hər kəndimiz, hər obamız bizim üçün qibləgah, and yeri sayılıb. Keçmişi axtarmaq, babaların miras qoyub getdiyi mənəvi sərvətin sorağına düşmək, onları gələcəyə ötürmək bir vəzifə kimi çiyinlərimizə düşüb. Azərbaycan torpağının altı da, üstü də xəzinədir.

Dədələrimiz, ulularımız belə deyib. Bu sözü ona görə deyiblər ki, yurd-yuvamızın, el-obamızın qədrini bilək, onu qoruyaq, yağıların torpağımıza ayaq qoymasına icazə verməyək. Vətənimizin yeraltı və yerüstü sərvətləri, mənəvi saxlancı o qədər zəngin və tükənməzdir ki, onu yer üzündən silmək mümkün deyil. Azərbaycan xalqı, torpağı zaman-zaman öz qoynunda müqəddəs sirləri gizlədib. Bu gün o sirlər torpağın bətnindən doğularaq yenidən özümüzə, tariximizə qayıdır. Çox gizlinlərin üstündən qara pərdə götürülür. Müstəqil Azərbaycan dövlətinin ərazisinə daxil olan, eyni zamanda da müəyyən səbəblərdən sərhədlərimizdən kənarda qalan torpaqlarımızda elə böyük mənəvi xəzinələr yatır ki, bir gün açılacağı günü gözləyir...

Azərbaycan torpağı üzərində ta qədim zamanlardan müxtəlif dövlət və xanlıqlar hökm sürüb. Dövlətlər arasında dövlətimiz, dillər arasında dilimiz, mədəniyyətlər arasında mədəniyyətimiz olub. Bir çox müasir şəhərimiz qədim şəhərlərin xarabaları üzərində bərqərar olub. Elə bir şəhərimiz yoxdur ki, onun əsasında köhnə bir milli şəhərimiz durmasın. Paytaxt şəhərlərimiz də tarixdə az olmayıb. Bir neçə şəhərimiz var ki, onlar dövlətimizin, mənəviyyatımızın, folklorumuzun paytaxtı kimi tarixə düşüb. Bayaq qeyd etdik ki, biz hazırda daha çox keçmişə qayıdıb olub keçənləri axtarırıq. Gizlin deyil ki, Azərbaycanın qədim şəhərlərinin keçmiş şöhrətini özünə qaytarmaqda dövlətimiz maraqlıdır. Son illər Azərbaycan dövlətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə şəhərlərimizlə bağlı müxtəlif layihələr həyata keçirilir. 2010-cu ildən bu yana bir sıra Azərbaycan şəhərləri "Mədəniyyət paytaxtı" elan edilib. Bu, "Mədəniyyət raytaxtları" ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Ölkə başçısı İlham Əliyevin imzaladığı sənədə əsasən, bir neçə şəhərimiz bu ada layiq görülüb, Azərbaycanın yeni "Mədəniyyət paytaxtları"nın seçilməsi gənclərimizin daha güclü şəkildə tariximizə, dövlətçilik irsimizə, mədəniyyətimizə bağlanmasına, mənəvi hissə sahib olmasına səbəb olub. 2010-cu ildə ölkəmizin üç qədim şəhərinin "Mədəniyyət paytaxtı" elan edilməsi bizim mənəvi zənginliyimizdən, dövlətimizin milli maraqlara bağlı olmasından irəli gəlir.

Məlumdur ki, 2010-cu ildə Gəncə Azərbaycanın əfsanələr, Qazax folklor, Şəki sənətkarlıq paytaxtı seçilib. Qeyd edək ki, iki il əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə "2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları" ("Mədəniyyət paytaxtları") Dövlət Proqramına həsr edilən mətbuat konfransı keçirilib. Cənab nazir həmin yığıncaqda bunun Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatların bir hissəsi olduğunu bildirib: "Hazırda Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası və qeyri-maddi mədəni abidələrin inventar pasportlaşdırılması, muğam-tur, aşıq-tur, xalça-tur, Novruz-tur beynəlxalq mədəni turizm marşrutlarının yaradılması, qeyri-maddi irs subyektlərinin informasiya bankı, sahəyə həsr olunan "intangible.az" ünvanlı veb-portalın yaradılması, digər konseptual proqram və layihələr üzərində işlər aparılıb. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq "2010-2014-cü illər üçün "Xalq yaradıcılığı paytaxtları" proqramı təsdiq edilib. Proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib". Artıq nəzərdə tutulan məsələlərin artıq bir çoxu həll edilib, layihələr həyata keçirilib, bir qismibaşa çatmaq üzrədir. Rəsmi açıqlamaya görə, bu proqram davamlı olacaq və ilbəil hansısa şəhərlərimiz müxtəlif cür paytaxt elan olunacaq. Ən önəmlisi odur ki, Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən layihələr beynəlxalq təşkilatların diqqət mərkəzində olub.

"Mədəniyyət paytaxtları" Dövlət Proqramına uyğun olaraq Gəncə, Qazax və Şəki şəhərlərində müxtəlif tədbirlər keçirilib. Tədbirlərin yüksək səvviyyədə keçirilməsi üçün yaradılan təşkilat komitələri xeyli işlər görüb.

2010-cu ildə adları qeyd edilən şəhərlərin əfsanələr, folklor və sənətkarlıq paytaxtı kimi elan edilməsini yüksək qiymətləndirən sənətşünas Rafiq Əliyevin sözlərinə görə, bu şəhərlərin hər biri azərbaycançılığın ünvanıdır. R.Əliyev hesab edir ki, "Mədəniyyət paytaxtları" Dövlət Proqramının təsdiqlənməsi şəhərlərimizin, bölgələrimizin sahib olduğu mənəvi-maddi irsin üzə çıxmasına səbəb oldu: "Azərbaycanın qədim sənətkarlıq, folklor, əfsanələr şəhərlərinin sıra ilə dünyaya təqdim edilməsi çox yaxşı bir haldır. Şəki tarixən sənətkarlığın inkişaf etdiyi bir şəhərimiz olub. Ta qədim dövrdən Şəkidə ipəkçilik inkişaf edib. Burada ipək parça növləri, kəlağayılar və sair şeylər istehsal olunub. Dulusçuluq, tikmə, döymə, bənnalıq, dülgərlik, dəmirçilik kimi sənət növlərimiz inkişaf edib. Şəki ipəyi bu şəhərin bir simvolu, brendidir. Bu günbu şəhər sənətkarlıq ünvanı kimi özünü göstərir. Turistlərin Şəkiyə axını bu şəhəri öz statusuna daha da yaxınlaşdırıb. Bura gələn qonaqlar Şəkinin Xan sarayını gəzib dolaşdıqdan sonra burada istehsal olunan sənətkarlıq nümunələrilə də tanış olur. Şəkidə çox gözəl kilim və gəvə çeşniləri də toxunur. Orada fəaliyyət göstərən sexlərdə Azərbaycan xalq sənətinin inciləri yaradılır".

Qazaxın "Folklor paytaxtı" olaraq elan edilməsinin də tam yerinə düşdüyünü bildirən R.Əliyev deyir ki, Qazax tarixən Azərbaycan şifahi xalq ədəbiyyatının, arxeologiyamızın, tarixi abidələrimizin, pir və ziyarətgahlarımızın ünvanı olub: "Qazax Azərbaycanın çox böyük və tükənməz folklor xəzinəsinin sahibidir. Bu şəhərimizin saxlancında, yaddaşında yaşı minilliklərlə ölçülən folklor nümunələri, söz-sov örnəkləri yaşayır. Bura əsl folklor ocağıdır. Aşıq sənətinin tarixi köklər üzərində inkişaf etməsi bir faktdır. Aşıq sənəti özündə folklorun bir neçə janrını, bəlkədə elə bütün növlərini yaşadan bir sənətdir. Qazaxdan çoxlu el aşıqları çıxıb. Onlar elin söz xəzinəsini sinələrində daşıyan sənətkarlar kimi tarixə düşüb. Qazaxda xalçaçılıq sənəti də inkişaf edib. O xalçanın hər çeşnisində, ilməsində bir folklor qığılcımı var. Nağıllarımız, əfsanələrimiz, qımqımalarımız, türkülərimiz, bayatılarımız xalçaların ilmələrində hadisəyə, gözəlliyə çevrilərək yeni bir libasda bir daha dünyaya gəlir. Bu çox maraqlı bir məsələdir. Aveydağ möcüzəsi, onun haqqında el arasında məşhur olan əfsanələr, nağıllar aşıqların dilindən düşmür. Burada keçirilən tədbirlərin əsasında aşıq sənəti dayanırdı. Layihə çərçivəsində Qazaxda çox maraqlı mərasimlər keçirildi. Yaddaqalan işlər çox oldu. "Mədəniyyət paytaxtları" haqda Dövlət Proqramının təsdiq olunması tariximizin, mədəniyyətimizin öyrənilməsinə xidmət sahəsində atılan mühüm addımlardan biridir. "Əfsanələr paytaxtı" Gəncə haqda danışmazdan əvvəl bir şeyi qeyd etmək istəyirəm. Bu cür layihələrin həyata keçirilməsində məqsəd dövlətin xalqı, xüsusən də gənc nəsli milli kimliyə, tarixi keçmişə, babalarımızın qurub yaratdığı şəhərlərə, məşğuliyyət seçdikləri sənət növlərinə, xalq yaddaşına bağlamaqdır. Folklorumuz bizim tariximizin obrazlaşdırılan, nağıllaşdırılan, müqəddəsləşdirilən işıqlı bir ünvanıdır. Keçmişə folklor vasitəsilə səyahət edirik. Sənətkarlıq qədim milli sənət, peşə növlərimizi yaşadır, ifadə edir. Bunlar insanları milli kimlik ünvanına, azərbaycançılıq ideologiyasına tərəf aparan məsələlərdir. Şəhərlərimizin "Mədəniyyət paytaxtları" adlandırılması elə-belə deyil ki, kiməsə xoş gəlmək üçün edilir. Xeyr, bu, birbaşa tariximizin təbliğatı, yayılması üçündür".

2010-cu ildə Gəncənin "Əfsanələr paytaxtı" elan edilməsinin bu şəhərin adının, yaranışının əfsanələr içindən doğulduğuna işarə olduğunu deyən sənətşünas hesab edir ki, Gəncə bizim ən qədim şəhərlərimizdən biridir. Azərbaycanın vacib mədəniyyət, elm-təhsil, ticarət mərkəzi kimi dünyada şöhrət tapan Gəncə şəhərinin əfsanəvi gözəlliyinin dillərdə dastan olduğunu deyən Rafiq müəllim onun "Əfsanələr paytaxtı" olmasının müsbət olduğunu dedi: "Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə, Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb elm adamları ilə söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvələ, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edir. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı da bu nəticəyə gəlinib. Burada həmin illərdə eramızdan əvvələ aid yaşayış məskənləri aşkar edilib. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Bu şəhərin yaşı çoxdur, amma yaranma tarixi dəqiq deyil. Bu da onun doğrudan da minillər öncə mövcudluğunu qeyd etməyə əsas verir. Gəncənin yaranma tarixi əfsanələrdə yaşayır. Bu füsunkar diyarın necə meydana gəlməsinə nağılların, əfsanələrin içində cavablar çoxdur. Şəhər əfsanəvidir. Burada qədim Comərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Comərd Qəssab dördüncü xəlifə Əli ibn Əbu Talibin (656-661) hakimiyyəti dövründə yaşayıb və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilib. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq İslamı qəbul edib. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman, yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir. Gəncədə həmçinin Nizami türbəsi, İmamzadə ziyarətgahı və başqa tarixi-əfsanəvi abidələr var. 2010-cu ildə "Əfsanələr paytaxtı" Gəncədə xeyli tədbirlər baş tutdu".

R.Əliyev bildirdi ki, hər üç şəhərimizin mədəniyyət paytaxtı elan edilməsi azərbaycançılığa xidmət edən hadisədir. Bundan əlavə, sənətşünasın bildirdiyinə görə, müvafiq şəhərlərin gerbləri əsasında hazırlanan loqotiplərdə milli çalarlar diqqəti cəlb edib: "Bundan başqa, Gəncə, Şəki və Qazax şəhərlərində nominasiyaya uyğun olaraq il ərzində incəsənət, kinematoqrafiya, turizm, nəşriyyat, reklamın təşkili və informasiya, elm və təhsil və digər profilli tədbirlərin, investisiyatexniki proqram layihələri həyata keçirilib. 2010-cu il ərzində nominasiya üzrə Gəncə şəhərində milli mərasim, adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar, Qazax şəhərində xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin də daxil olduğu xüsusi tədbirlər planı təsdiq olundu və bunların hamısı uğurla həyata keçirilib".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 22 iyul.- S.15.