Bir hissəsi işğal altında olsa da, Ağdam mədəniyyətimizin, tariximizin
ünvanıdır...
Ağdam deyəndə ağlıma ilk gələn Milli Qəhrəman, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Nadir Əliyev oldu. Bu insan qısa ömrünü, Bakıdakı vəzifəsini, ev-eşiyini, körpə balalarını, xəstə anasını buraxıb Ağdama-cəbhə bölgəsinə gedib. Böyük qəhrəmanlıqlar göstərən Nadir Əliyevin gündəliyində yazdığı bir sözü unuda bilmirəm. Ölümündən əvvəl yazırdı ki, gərək mən öləm ki, Ağdam torpaqları işğal oluna. Nadir şəhid oldu, ermənilər Nadir Əliyevin və onlarla qəhrəman oğulun şəhidliyindən sonra Ağdama soxula bildi.
Şücaətlə döyüşən ağdamlıların və Ağdam uğrunda vuruşan Vətən övladlarının ruhu incidi Ağdam işğal olunanda. Üzü Vətən sarı baxıb göynəmək qaldı ağdamlılara. Xudu Məmmədovu, Sara Qədimovanı, Qədir Rüstəmovu, Arif Babayevi və neçə-neçə böyük sənətkarı, elm-mədəniyyət xadimlərini yetişdirən torpağın bir hissəsi yağı caynağına keçib.
Ağdam tariximizin, mədəniyyətimizin, elm və təhsilimizin ünvanlarından biri kimi hər zaman maraq doğurub.
Xalqımızın tarixində böyük acılardan biri olan Ağdamın işğalı neçə-neçə arzunun dəftərini birdəfəlik qapatdı.
Dövlətçilik tariximizdə, mədəniyyətimizdə özəl yeri olan Ağdam Qarabağ düzündə ən iri şəhərlərdən biridir. 1993-cü il iyul ayının 23-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Ağdamın tarixini öyrənən alimlərin verdiyi bilgiyə görə, indiki Ağdam şəhəri ilk yaşayış məskəni kimi eramızdan əvvəl I minillikdə yaranıb.
"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb. "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. Ağdam rayonunda tariximizin şahidi olan çoxlu sayda memarlıq abidəsi var. Ağdam şəhərinin şimal-qərbindəki Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), Şahbulaq qalası və s. memarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu təsdiq edir. Tariximizin sirdaşı, ev ünvanı olan bu abidələr Ağdamın keçmişinin qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq verir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut edib ki, yerli əhali oturaq həyat keçirib və yüksək əkinçilik mədəniyyətinə malik olub. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olub. 80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Ağdamın işğalından sonra orada ermənilərin abidələrimiz üzərində həyata keçirdiyi vandalizm siyasəti daha dəhşətlidir. Müasir tarixçilərin bildirdiyinə görə, Ağdamda olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir":Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında olması ermənilərin Azərbaycanın tarixini saxtalaşdırması üçün müəyyən imkanlar açır. Tarixi abidələri - Xanoğlu türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi. Bu gün bütün bu abidələr də işğal altındadır. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar. Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq Muzeyi rayonun işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib. Hazırda rayondakı tarixi, mədəni, dini abidələrin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilib. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki XIV əsrə aid türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşudbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd-yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat km-i, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. İşğal edilmiş Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə yeksan olundu. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki şikəstlik qazandı, rayonun 126 min nəfərdən çox əhalisi öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.
Azərbaycan dövləti Ağdamın işğaldan can qurtaran ərazisində müxtəlif işlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqtisadi inkişafın sürətləndirilməsi sahəsində verdiyi fərman
və sərəncamların icrası ilə əlaqədar Ağdam rayonunda bütün sahələrdə iqtisadi inkişafa nail olunub.
Onu da qeyd edək ki, ermənilərin Ağdamın işğal altındakı ərazilərində illərdir davam edən saxta arxeoloji tədqiqatları Qarabağ torpaqlarında guya qədim erməni dövlətinin mövcud olduğuna dair yalanları sübut etmək üçün əsas təbliğata çevrilib. Yazılı mənbələrdə bildirilir ki, erməni alimləri bu qazıntılara xarici ölkələrdən də alimləri cəlb edirlər və hər dəfə "Tiqranakert kəşfləri" barədə əsasən Qərb ölkələrində geniş təbliğat aparırlar: "İşğal altındakı Azərbaycan ərazilərindəki Tarixi Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Faiq İsmayılovun şəxsi arxivindən götürülmüş məqalədə deyilir ki, ermənilərin illərdir qazıb dağıtdıqları "Şahbulaq Qıfılı" saray kompleksi Qarabağ xanlığının yay iqamətgahlarından biridir, Ağdamın Şahbulaq yaylağında yerləşir. Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid-qıfıl" adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olub. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülüb. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunub.
Qıfıl xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi iki ilə, yəni 1751-1752-ci illərdə başa çatıb. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda "Şahbulaq Qıfılı" adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Kilidinin şimal qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi. Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri Pənahəli xanın məhz burada dəfn edildiyi güman edilir. Tədqiqatçıların qənaətinə görə, "Şahbulaq Qıfılı" saray kompleksinin memarlıq üslubu Qarabağ memarlığının, xüsusilə də Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Hətta sovetlər dönəmində Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan, bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi. "Şahbulaq Qıfılı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə "Yerli Əhəmiyyətli Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin Siyahısı"na daxil edilib.
İşğal altındakı ərazilərdə qalan tarixi abidələri dağıdan, yaxud onları erməniləşdirən, yer adlarını, toponimləri dəyişdirən Ermənistan tərəfindən Şahbulaq yaylağına hücum 2000-ci illərin əvvəllərində başlayıb. İşğalçı ölkə beynəlxalq normaları kobud şəkildə pozaraq bu ərazilərdə arxeoloji qazıntılara başlayıb".
Əlbəttə, erməni saxtakarlığının qarşısı həmişə alınır. Ümid edirik ki, torpaqlarımız tezliklə azad olunar və tariximiz, mədəniyyətimiz erməni nəfəsindən kənar düşər.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-
24 iyul.- S.15.