Dövlət Bayrağımızın elementləri və dövlətçilik mədəniyyətimizin yaşayan izləri...

 

Hər bir xalq müstəqil dövlətə sahib olmaq, azadlığa, hürriyyətə qovuşmaq üçün şanlı bir mübarizə yolu keçməli olur. Verilən qurbanlar, şəhid olan canlar hesabına bağımsız dövlətlər, suveren məmləkətlər qurulur. Müstəqil dövlətlərin rəmzi, ideya daşıyıcısı olan milli bayraqlar şəhidlərin qanından pöhrələnib göyərir, bir milləti, xalqı öz kölgəsinə toplayır.

Azərbaycan iyirmi ildir dövlət müstəqilliyini yenidən qazanıb. Böyük əraziyə, bəlli sərhədlərə, vahid ideologiya ətrafında məsuliyyətlə birləşməyi bacaran vətəndaşlara sahibdir. Azərbaycan Respublikası günü-gündən inkişaf edir, tərəqqiyə nail olur, yüzlərlə uğurlu işə imza atır. Azərbaycan dövlətinin müstəqillik rəmzi olan bayrağı, gerbi, himni, konstitusiyası və s. var. Onların hər biri tarixi əsaslar üzərindən, milli dövlətçilik kökündən bəhrələnib. Azərbaycanın dövlət rəmzləri, onların mənasının açılması, daşıdıqları cəmiyyətə çatdırılması mühüm məsələdir. Bu rəmzlərin dövlət tariximizin, mədəniyyətimizin yeni təbliğat üsulları vasitəsilə yayılması çox vacibdir. Hesab etmək olar ki, hazırda böyüklərlə müqayisədə məktəblilər və tələbələr Azərbaycanın dövlət rəmzlərinin daşıdığı mənalar haqda daha ətraflı məlumata malikdir.

Üçrəngli Dövlət Bayrağımızdan danışmaq istəyirik. O bayraq ki, 1918-ci ildə dahilərin zəkasından, fikir çarpışmasından doğulub, uzun illər sürgün həyatı yaşadıqdan sonra yenidən öz uca mərtəbəsinə yüksəlib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Tarixçi alimlərin verdiyi bilgiyə görə, bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız-milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Dövlət Bayrağımızın yaradılması tariximizə şərəfli hadisə kimi yazılıb. O yazını bir kimsənin pozması mümkün olan deyil. Başlıcası, o bayraq könüllərimizdə, ideyalarımızda ucalıb. Odur ki, o, şüurlarda, beyinlərdə özünə məskən salıb.

Yəqin ki, Dövlət Bayrağımızın yaranması, onun ideya müəllifinin kimliyi, bayrağımızın dövlət tariximiz ilə doğmalığı kimi məsələlər hər bir oxucumuza maraqlı gəlir.

Tarixi mənbələrə istinad etsək görərik ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi ideyanın və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilən "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında Əsasnamə" əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib. Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət Bayrağı eniuzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında rəngli aypara və səkkizguşəli ulduz təsviri var. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir. Azərbaycan Respublikasının Dövlət Bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq, təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Bu, Dövlət Bayrağımızın görünüşü, ondan istifadə və s. haqda rəsmi məlumat idi. Tarixi mənbələrdə qeyd edilir ki, Azərbaycan dövlətinin üçrəngli bayrağı özündə dövlətimizin, mədəniyyətimizin, dünyagörüşümüzün elementlərini daşıyan müqəddəs bir məfhumdur. Bayrağımızın tarixinə nəzər salan tarixçilər bildirir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda Azərbaycan Bayrağını qırmızı materialdan, üstündə , aypara və qırmızı fonda səkkizguşəli ulduzun təsviri verilən bayraq kimi qəbul etmək öz əksini tapırdı. Məlumatlara görə, bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək mümkünsüz idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk Dövlət Bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edilib. "Milli bayraq haqqında" Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışa fikir versək Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsilə tanış ola bilərik. Burada bütün rənglərin daşıdığı məna və ideya açıq şəkildə göstərilib. Burada qərara alınıb ki, Azərbaycan Bayrağının əvvəlki siması dəyişdirilsin. Yəni qırmızı materialdan, üstündə , aypara və qırmızı fonda səkkizguşəli ulduzun təsviri verilən bayraq yenisilə əvəzlənsin. Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin. Bu rənglər təsadüfən seçilməyib. Bayrağın simvollarının mənası da çox aydın olmaqla yanaşı, tamamilə millidir. Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlılığını ifadə edir. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilibbu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Maraqlıdır, eləmi? Gördüyümüz kimi, mavi-göy rəng tam olaraq əsaslandırılıb. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Böyük azərbaycançı, dahi Əli bəy Hüseynzadə Turan yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!". Əli bəy bununla xalqımızı tərəqqiyə çağırırdı. Bayrağımızdakı qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Yaşıl rəng islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib. Bildirək ki, bayrağımızın üzərindəki ay-ulduzun mənası barədə birmənalı fikir mövcud deyil. Tarixçilərin qeydlərinə görə, bu bir qədər qaranlıq məsələdir. Belə ki, Xalq Cumhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Çox istərdik ki, ay-ulduzun da simvolik mənası açılsın.

Bəzi tarixçilər hesab edir ki, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilibbu həmin dində olan başqa xalqlara da keçib.

Mətbuatın yazdığına görə, tarixçi Cəbi Bəhramovun fikrincə, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır" deyə alim bildirib.

Digər tarixçi alim Cəmil Həsənlinin fikrincə isə, ay-ulduz türk simvolları hesab olunur: "Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə həmin xalqın taleyində xoşbəxt hadisə baş verib".

Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli də özünəməxsus şəkildə açıqlayır: "Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir".

Yeri gəlmişkən, müxtəlif guşəli ulduzların təsvirlərinin izlərinin dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədar olduğu bildirilir. Azərbaycan Bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunur və səkkiz guşə səkkiz türk xalqının simvolu kimi xarakterizə edilir.

Azərbaycanın böyük ədibi Cəfər Cabbarlı "Azərbaycan Bayrağına" şeirində yazır:

Kölgəsində ay əyilib bir gözəli qucmada.

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,

Şu görünüş bir ananın şəfqətinə oxşayor.

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Azərbaycan Bayrağı 1990-cı il noyabrın 17-nə qədər dustaq həyatı yaşasa da, həmin tarixdə yenidən azadlığa qovuşdu. Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cumhuriyyəti zamanı mövcud olan üçrəngli bayraq Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. 1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən dalğalanmağa başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan Bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunan dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m, kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycan Respublikasının Gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınan bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 31 iyul.- S.15.