İntellektual oyunların gəncliyin mənəvi inkişafında rolu...
Gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi, güclənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Sözsüz ki, savadlı, bilikli gənclik xalqa və dövlətə daha məsuliyyətlə, daha vicdanla xidmət edər.
Savadlı insan hər şeyi ağlının süzgəcindən keçirib icra edir. Azərbaycan gəncliyi bütün dövrlərdə savadı, fəhmi, istedadı ilə seçilib. Hələ qədim zamanlarda məntiqə söykənən bilik, bilməcə yarışları keçirilib. Ağıllı gənclər öz biliyinə və hissiyyatına arxalanaraq ən çətin suallara cavab tapıb. Ümumiyyətlə, müdriklərimizdən gənclərimiz çox şeylər öyrənib. Azərbaycan nağıl və dastanlarında bilikli uşaq və gənclərin obrazları parlaq boyalarla əksini tapıb. Saysız-hesabsız rəvayətlər var ki, orada bilikli uşaqların istedad və qabiliyyətindən söhbət açılır. Bu uşaqlar, gənclər yaşıdları arasında fəhminə görə seçilib fərqlənir. Bu gənclər öz bilikləri ilə hətta hökmdarları mat-məətəl qoyub. Keçmiş "Oxu" dərsliklərində "Biləndər" adlı çox maraqlı bir rəvayət çap olunub. Rəvayətin məzmunu təxminən belədir: bir nəfər kişi bazara gəlir və elə bir şey almaq istəyir ki, onu həm özü, həm xoruzu, həm də eşşəyi yesin. O almalı olduğu ərzaqla bağlı bir neçə nəfərlə məsləhətləşsə də, heç kəs ona uyğun məsləhət verə bilmir. Bu zaman Biləndər adlı bir uşaq kişiyə yaxınlaşaraq ona "sən qovun al, içini özün ye, tumlarını xoruzuna ver, qabığını isə eşşəyin yesin" deyir. Kişi Biləndərdən razı qalaraq onun biliyinə, ağlına "afərin" deyir.
Belə hadisələr tarixdə çox olub. Əslində bunlar nə zamansa həyatda baş verib, illər keçdikcə nağıllaşıb, rəvayətə çevrilib. Biliyə, sağlam məntiqə söykənən hər bir fikir gəncliyi ucaldan məqamlardır. Sözümüzün canı odur ki, Azərbaycan gənclərində ağıl və fəhm genetikdir.
Elm və texnika inkişaf etdikcə gənclərin bilik və bacarığını təkmilləşdirən meyllər də meydana çıxıb. Bilirik ki, uzun illərdir KİV-lər də gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün bilik yarışları, intellekt oyunları keçirir. Gənclərin intellekt oyunlarına cəlb edilməsi çox uğurlu bir addımdır və hesab edirik ki, bunun uğurlu nəticələri daha çox olacaq. Azərbaycan intellektləri zaman-zaman özünü göstərib və hətta beynəlxalq bilik yarışlarından qalib ayrılıb. Bu ənənə indi də uğurla davam etdirilir. "Nə, harada, nə zaman" komandamız uzun illərdir Azərbaycan intellektuallarına liderlik edir. Rus dilində aparılan bu bilik oyunu artıq sarsılmaz ənənələrə malikdir və ardınca yaranan intellekt oyunlarına layiqli örnəkdir. Azərbaycanın adını hər yerdə uca edən bu intellekt oyunu, təəssüflər olsun ki, az qala böhran vəziyyətinə düşmüşdü. Hətta deyirdilər ki, özəl televiziyalar "Nə, harada, nə zaman" proqramını yaymaqdan imtina edir. Bu da, istər-istəməz, təcrübəli, peşəkar intellektuallarda ruh düşkünlüyü yaradırdı. Sonra gənclərə və Azərbaycanın intellektual zümrəsinə böyük qayğı ilə yanaşan dövlət başçımız intellektualların qayğısına son qoydu. "Nə, harada, nə zaman" proqramı hazırda AzTV-də yayımlanır və özünə çox güclü auditoriya qazanıb. Hətta intellektualların sırasına yeni gənclər də cəlb edilib. Bu da artıq komandanın inkişafda olduğunu və gəncləşməyə meyl etdiyini göstərir.
KİV-lərdə yayımlanan intellekt oyunları bir neçə formada özünü göstərir. Artıq onlayn bilik yarışları da öz işinə başlayıb, bu da iştirakçı gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaradır. Nəzərə almaq lazımdır ki, gənclərin böyük əksəriyyəti vaxtını internetdə keçirir və əsas informasiyanı buradan alır.
Təhsil eksperti Kəmalə Sultanovanın sözlərinə görə, gənclərin intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlərin hamısı onların inkişafına yönəlib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları gənclərin hərtərəfli inkişafına yönəlib. Bu proqramlardan bəhrələnən gənclər xeyli dərəcədə irəli gedir. Bu gün, demək olar ki, televiziyalarda, qəzet və jurnallarda, internet saytlarında intellekt oyunları, yarışları keçirilir. Bu yarışların əhəmiyyəti çoxdur və gənclərin kütləvi şəkildə bu yarışlara cəlb edilməsi müsbət haldır. Bu gün intellekt oyunlarında saysız-hesabsız komandalar yarışır. Maraqlı hal bundan ibarətdir ki, bu yarışlarda əsasən 10-11 sinif şagirdləri iştirak edir. Bu şagirdlər yarışlarda özlərini təsdiq edir. İntellekt yarışlarında qalib gələn komanda üzvləri sonradan ali məktəblərə də uğurla daxil olur. Burada arzuolunan bir məsələ var. Bu da ondan ibarətdir ki, KİV-lərdə keçirilən intellekt yarışlarına ölkəmizin Təhsil Nazirliyi nəzarət etsin. Bu ona görə lazımdır ki, belə vacib məsələyə rəsmi qayğı, münasibət olsun. Düşünürəm ki, nazirlik suallara da müdaxilə edə bilər. Bəzən görürsən ki, suallarda qarışıqlıq olur. Bu da dolaşıqlıq yaradır. Ancaq bütövlükdə bu yarışların əhəmiyyəti danılmazdır".
K.Sultanova bildirdi ki, bu gün intellekt yarışlarına cəlb edilən gənclərin böyük əksəriyyətinin həm savadı, həm səviyyəsi onların daha böyük yarışlara cəlb edilməsinə imkan yaradır. Onun sözlərinə görə, bu oyunların komanda şəklində düzənlənməsi gənclərin kollektivləşməyə, kollektiv oyunlara marağını artırır":Bir vaxtlar Azərbaycanda daha çox rusdilli komandalar mövcud idi. Keçən illərdə ali məktəb tələbələri keçmiş SSRİ komandaları ilə yarışmaq, qələbəyə nail olmaq üçün dil kimi rus dilini seçirdilər. Bu gün isə əsas komandalar Azərbaycan dillidir və bu da onu göstərir ki, ölkəmizdə komandalar çoxdur, onlar kənara çıxmadan da bir-biri ilə yarışaraq respublika birinciliyi əldə edə bilər. Sevindirici haldır ki, indi "Nə, harada, nə zaman" intellektual oyununun yayımı bərpa olunub və onların göstərdiyi hər bir intellekt oyunu gənc komandaların təkmilləşməsinə səbəb olur. Televiziyaların, demək olar ki, əksəriyyətində intellekt yarışları keçirilir və burada əsasən məktəblilər və ali məktəb tələbələri öz biliklərini sınayır. Bir də əsas diqqətçəkən məqamlardan biri komandalarda müxtəlif yaş qrupunda olan gənclərin təmsil olunmasıdır. Azərbaycan komandalarına əsas dəstəyi Gənclər və İdman Nazirliyi verir və bu dəstək onların gələcəyinə müsbət təsir edir. Yaxşı hallardan biri odur ki, gənclərin iştirak etdiyi intellekt yarışlarında sualların çoxu ölkəmizlə, qəhrəmanlıq tariximizlə, tarixi torpaqlarımızla bağlı olur. Bu həm onlarda vətənpərvərlik hisslərinin yüksəldilməsinə həm də milli şüurun formalaşdırılmasına xidmət edir. Azərbaycan Televiziyasında "Mən azərbaycanlıyam" adlı çox maraqlı bir intellekt yarışması gedir. Bu yarışma birbaşa azərbaycançılığın, vətənpərvərliyin, qəhrəmanlığın, tarix və coğrafiyamızın geniş təbliğinə həsr olunub. Bu proqram Azərbaycan dövlətinin, onun ərazisinin, təbii sərvətlərinin, coğrafiyasının, flora və faunasının tanıdılması üçün çox böyük işlər görür. Azərbaycanlı gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında bu kimi proqramların rolu əvəzsizdir".
K.Sultanovanın dediyinə görə, intellektual oyunların onlayn formatda yayılması sayəsində də gənclər çox şey qazanır. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan milli onlayn oyunlar gənclərin intellektual səviyyəsinə böyük təsir edir: "Nazirliyin belə bir ciddi məsələyə önəm verməsi doğrudan yaxşı bir haldır. Onlayn intellekt yarışları gənclər arasında keçirilir və arzu edənlər qeydiyyatdan keçərək oyuna qatılır. Son zamanlar geniş vüsət alan onlayn intellekt yarışlarının qalibləri mütəmadi olaraq nazirlik tərəfindən pul və digər mükafatlara layiq görülür. Hesab edirəm ki, onlayn yarışlardan gənclərin qazancı həm maddi, həm də mənəvi cəhətdən çox yüksəkdir. Gənclər bu oyunlara qatılmaqla həm özümüzü, həm də dünyanı öyrənir. Burada iştirak edənlər hesab edir ki, suallar çətin deyil. Sadəcə, mövzu üzrə qoyulan suallara məntiqi cavab vermək lazımdır. Gənclərin özləri bildirir ki, onlayn yarışlarda iştirak və qalib olmaq həm də ona görə asandır ki, burada bir özləri olur, bir də suallar. Bu da onların verilən vaxt üzrə suallara rahatlıqla cavab verməsini asanlaşdırır. Televiziyalardakı intellekt oyunları belədir ki, iştirakçının oyuna, suallara münasibətini televiziya vasitəsilə hamı görür. KİV-lərdə yayımlanan intellekt yarışlarında qalib gələnlərin respublika səviyyəsində tanıdılması istiqamətində də xeyli işlər görülür. Bir məqamı da deyim ki, Təhsil Nazirliyi də gənclər arasında müxtəlif intellekt yarışları keçirir. Ümumilikdə bu yarışların hamısı gənclərin inkişafına hesablanıb. Gənclər nə qədər bu yarışlara çox qatılsa, bir o qədər gələcəyini təmin etmiş olur.
Azərbaycanın intellektli gəncləri xalqımızın, dövlətimizin sərvətidir. İntellektli gənclər öz bilik və bacarıqları ilə dünyanın istənilən ali məktəbinə daxil ola bilir. Çünki onlar bu yarışlarda çox şey öyrənir. Bu yarışlar əslində böyük bir təlim-tərbiyə, maarif məktəbidir".
Müsahibimiz hesab edir ki, intellekt yarışlarına qatılan gənclər həm öz doğulduqları yerlərə, həm də təhsil aldıqları məktəblərə böyük şöhrət gətirir. Onun sözlərinə görə, bu onlarda vətənpərvərlik tərbiyəsinin formalaşmasına da böyük təkan verir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 4 iyun.-
S.15.