Bilik və bacarıqların aşkarlanmasına yönəlik dövlət siyasəti gənclərin mənəvi tərbiyəsində nə kimi rol oynayır?

 

Tərbiyəli və əxlaqlı gənc xalqımıza böyük fayda verə biləcək gənclikdir. Odur ki, bu gəncliyin hərtərəfli qorunmasına, müdafiə olunmasına çalışmaq lazımdır. Əlbəttə, gəncin tərbiyəsi dürüstdürsə, o mənsub olduğu milli düşüncəyə sahib çıxacaq. Yaxşı haldır ki, Azərbaycan gəncliyi milli şüura bağlı şəkildə inkişaf etməkdədir. Sözsüz ki, gənclik hər bir dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirdiyi üçün cəmiyyətin aparıcı qüvvəsi hesab olunur.

Bu səbəbdən də gənc nəslin inkişafı, gənclərin mükəmməl vətəndaş kimi yetişməsi sivil cəmiyyətlərdə qarşıya qoyulan prioritet məsələlərdən biridir. Demokratik və dünyəvi əsaslar üzərində qurulan Azərbaycanda da uğurlu və məqsədyönlü gənclər siyasəti həyata keçirilir. Aparılan dövlət siyasətinə uyğun olaraq gənclərin bilik və bacarıqlarının reallaşdırılması istiqamətində atılan addımlar, bu addımların daha da təkmilləşdirilməsində gərəkən işlərin görülməsi onlara göstərilən diqqətin nəticəsidir. Çünki bu addımlar paralel olaraq gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına öz töhfəsini verir. Son bir neçə ildə gənclərin bilik və bacarıqlarının reallaşdırılmasına yönəlik bir sıra sistemli və genişmiqyaslı layihələrə start verilib. Hələ mərhum prezident Heydər Əliyevin 1993-cü ilin sentyabrında gənclərlə görüşü onlarla işin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevriləcəyini düşünməyə əsas verirdi. Zaman bunun həqiqətən də belə olduğunu sübut etdi. Ötən dövrdən başlayaraq gənclərə diqqət və qayğı dövlətin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilib. Bu gün də layiqincə davam etdirilən dövlətin gənclər siyasəti bunu deməyə əsas verir. Gənclərin öz bilik və bacarıqlarının reallaşdırılması üçün cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə müəyyən edilmiş prioritetlər işlərin mükəmməl səciyyə daşımasının göstəricisidir. Yeni nəslin inkişafının əsas vasitəsi onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Sosioloq Zümrüd Bayramlının sözlərinə görə, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək üçün ardıcıl işlər görülür":Keçən illərdə gerçəkləşdirilən "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı" və s. dövlət proqramları gənclər siyasətinin uğurla həyata keçirilməsinin təsdiqi sayıla bilər. 2002-ci ildə isə Milli Məclis "Dövlət gənclər siyasəti haqqında" Qanunu qəbul edib. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə əsaslı təsir göstərib. Bu gün də gənclərin bilik və bacarıqlarının reallaşdırılmasına qayğı yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin 2005-ci ildə keçirilən gənclərlə bağlı forumda etdiyi çıxış göstərdi ki, hakimiyyətin gənclərlə bağlı siyasəti dövrün tələblərinə uyğun olaraq uğurla həyata keçirilir".

Məlumat üçün bildirək ki, iki il əvvəl keçirilən forumda Prezident "Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox fəal iştirak edir. Bu çox təqdirəlayiq bir haldır. Mən hesab edirəm ki, gənclər irəliyə doğru daha da inamla getməlidir, müvafiq dövlət, hökumət orqanlarında gənclərə böyük yer ayrılmalıdır, onlara inam olmalıdır. Çünki bugünkü gənc sabah ölkəmizi idarə edəcək. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaq. Ona görə gəncləri inamla irəli çəkmək, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar" - deyə bildirib.

Ölkə başçısının çıxışını müsbət qiymətləndirən Z.Bayramlının dediyinə görə, ümumilikdə sözügedən məsələlərlə bağlı davamlı olaraq bir sıra addımlar atılıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib": Gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh dövlət qurumu olan Gənclər və İdman Nazirliyinin 2006-cı ildə yenidən formalaşdırılması gənclər siyasətinin daha dolğun həyata keçirilməsinə yol açıb. 2007-ci ilin "Gənclər ili" elan edilməsi isə gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. Gənclər siyasətinin mühüm tərəflərindən biri də gənclərin elmi biliklərinin artırılmasıdır. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" məhz bu məqsədə xidmət edir. Mənzil almaq üçün ipoteka kreditlərinin verilməsi də gənclərə və xüsusən gənc ailələrə qayğıdan irəli gəlir. Bununla belə, Prezidentin ötən ilin aprelində müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi sözügedən görüş onlara verilən önəmin göstəricisidir. Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı isə gənclərin menecment fəaliyyətinin artırılmasına, gənc peşəkar kadrların hazırlanmasına, gənclərin dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirakının gücləndirilməsinə xidmət edəcək. Builki dövlət büdcəsində adıçəkilən proqram üçün maliyyə vəsaiti nəzərdə tutulub".

Onun dediyinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında və bacarıq imkanlarının reallaşdırılması ilə bağlı görülən tədbirlərin daha da təkmilləşdirilməsi istiqamətində gərəkən işlərin görülməsinə ehtiyac var. O bildirdi ki, bu da, nəticə etibarilə, gənclərin milli şüurunun və vətənpərvərlik hisslərinin inkişafına öz təsirini göstərir.

Məsələyə münasibət bildirən digər sosioloq Ofelya Qurbanovanın sözlərinə görə, dövlət səviyyəsində həyata keçirilən bütün məsələlər, faktorlar gəncliyə stimul verir: "Ancaq bütün bunlarla yanaşı, çalışmaq lazımdır ki, görülən işlərin keyfiyyəti daha genişmiqyaslı olsun. Bu məsələdə təhsilə xüsusi önəm vermək lazımdır. Çünki gənclər öz bacarıqlarını təhsil sahəsində reallaşdırmaq imkanı əldə edəndə bunun səmərəsi daha uzunömürlü və çoxşaxəli olur. O üzdən, təhsil məsələsi çox vacib məsələdir. Gənclərin bilik və bacarıqlarının formalaşmasının və bunun reallaşmasının kökündə birbaşa təhsil dayanır. Gənclərimizə xarici ölkələrdə təhsil almaq şəraitinin yaradılması və onların təhsil xərclərini dövlətin öz üzərinə götürməsi bu yöndə atılan uğurlu addımlardan biridir. Bir çox gənclər bu imkanlardan daha düzgün və səmərəli istifadə etdiyinə görə dövlətə, cəmiyyətə faydası böyük olur. Bütün bunlara baxmayaraq, gənclərin Dövlət Proqramı hesabına xaricdə təhsil alması mexanizmi daha da təkmilləşdirilməlidir. Elə etmək lazımdır ki, xaricdə təhsil almaq imkanından daha çox tələbə yararlansın və ən layiqliləri ora getsin. Digər tərəfdən, məşğulluğun təmin olunması məsələsinə diqqətin birəbeş artırılmasına ehtiyac var. Düzdür, etiraf etmək lazımdır ki, dövlət bu istiqamətdə bir sıra tədbirlər görür. Ancaq o da var ki, bu yöndə hələ də bir sıra görüləsi işlər var. Çünki gəncliyin bu gün ən çox əziyyət çəkdiyi məsələlərdən biri işsizlikdir. Hesab edirəm ki, bununla bağlı bir sıra sistemli işlər görülməlidir. Problem ondadır ki, hər il minlərlə gənc ali məktəbləri bitirsə də, onların bir qismi işsizlikdən əziyyət çəkir".

Ekspert bildirdi ki, son illər dövlət büdcəsindən maliyyələşən qurumlarda təqaüd yaşına çatmış adamların pensiyaya göndərilməsi gənclərin işlə təmin olunmasına təkan verir. Onun sözlərinə görə, işlə təmin olunmaları ictimai həyatda gənclərin aktiv olmasını şərtləndirir. Sosioloq dedi ki, ancaq eyni zamanda bəzən bu kimi məsələlərdə də dolayısı ilə gənclər müəyyən problemlərlə qarşılaşır: "Mən sosioloji araşdırmalar aparmaqla yanaşı, həm də kolleclərdən birində dərs deyirəm. Çoxlu sayda gənclə rastlaşıram. İnanın ki,  respublikada bacarıqlı, qabiliyyətli, Vətənə bağlı gənclər çoxdur. O üzdən, onların potensialını düzgün dəyərləndirmək və buna uyğun olaraq da nəticə çıxarmaq lazımdır. Fikrimcə, buna hazırda çox ehtiyac var. Gənclərin öz potensialını realizə etməsi üçün mövcud olan mexanizmlər daha da mükəmməl olmalıdır. Buna nail olmaq mümkün olsa, o zaman, heç şübhəsiz, daha çox bacarıqlı və qabiliyyətli gənc yaranan imkanlardan faydalana bilər. Bu da, öz növbəsində, gənclərin Vətənə, torpağa bağlılığını daha da möhkəmləndirmiş olar.

Gənclərin öz üzərində işləməsi halları genişdir. Onlar öz biliklərini möhkəmləndirir, bacarıqlarını təkmilləşdirir. Gənclərin gördüyü işlər faydalıdır, onların dövlət siyasətinə fəal dəstəyi özünü göstərir. Düşünürəm ki, hər bir gənc fəal olmalıdır və "mən Vətən üçün, dövlət üçün, xalq üçün nə edə bilərəm" deyə düşünməlidir. Bu, vətənpərvərliyin ən bariz nümunəsi olardı".

 

 

İradə SARIYEVA   

 Bakı xəbər.-2014.- 6-8 iyun.- S.15.