Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi
əsas prioritetdir
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. İqtisadiyyatda əldə olunmuş yüksək göstəricilər sosial sahənin inkişafına, ölkə boyu aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsinə, xüsusilə əhalinin rifahının daha da yaxşılaşdırılmasına stimul yaradır.
Xüsusilə vurğulanmalıdır ki, dövlət siyasətində aztəminatlı ailələrə qayğı hər zaman prioritet olub. Bu günün özündə də əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Bir sözlə, aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış, əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Ötən ilin statistik göstəricilərində ümumi mənzərənin nədən ibarət olduğunu görmək o qədər çətin deyil. Belə ki, ötən ilin məlumatına əsasən, ölkə üzrə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sözügedən kontekstdə ilin əvvəlindən aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının icrası uğurla davam etdirilib. 2013-cü ilin yarısınadək ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103.95 manat təşkil edib. Konkret desək, ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Bir nəfərə düşən əlavə məbləğ 23.14 manat təşkil edib.
Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtla və elektron) hazırlanıb. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət qayğısını əks etdirən göstəricilərdən söz açarkən qeyd edilməlidir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların digər tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. O cümlədən, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili daha yüksək səviyyədə təmin olunub.
Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən aztəminatlı insanlar, Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkün və işsizlər həmişə diqqət mərkəzində saxlanıb və bu günə kimi aztəminatlı vətəndaşların güzəranını yaxşılaşdırmaq üçün 150-dən çox fərman və sərəncam imzalanıb, 40-dan çox qanun qəbul olunub, 50-yə yaxın qanuna əlavə və dəyişikliklər edilib.
2001-ci ildə Azərbaycan SSRİ dönəmindən qalmış sosial müdafiənin həmrəyliyi prinsipindən imtina etdi və ünvanlılıq prinsipinə keçdi. Sosial yardım ümumi şəkildə hamıya deyil, ünvanlı şəkildə verilməyə başladı. Sosial müdafiə ünvanlılıq prinsipinə keçdi. Konkret olaraq hüququ çatan insanlara müvafiq vəsaitin kompensasiya şəklində ödənilməsi həyata keçirilib. Bundan başqa, qanundan irəli gələn Dövlət Proqramı qəbul olunub. Həmin proqramın icrası nəticəsində xüsusən də Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması, sosial tibbi göstərişi olan Qarabağ əlillərinə minik avtomobillərinin verilməsi, pulsuz olaraq protezlərin verilməsi, bütün reabilitasiya vasitələrinin ardıcıl şəkildə dövlət vəsaiti hesabına təmin olunması, müalicə və bərpasının pulsuz şəkildə həyata keçirilməsi, o cümlədən, respublikadan kənarda həyata keçirilməsinin təmin olunması, əlillər üçün, demək olar ki, ölkənin bütün regionlarında bərpa mərkəzlərinin, protezləşmə mərkəzlərinin tikilməsi həyata keçirilib. Naftalanda əlillər üçün ixtisaslaşmış sanatoriya tikilib.
Ölkədə yaşayan aztəminatlı ailələrlə mütəmadi olaraq görüşlər təşkil olunur. Onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək olunur.
Novruz bayramı ərəfəsində Qaradağ rayonun aztəminatlı ailələrlə görüş təşkil olunub. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov görüş zamanı ailələrə bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ Rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondu tərəfindən, hər bayramda olduğu kimi, bu il də aztəminatlı ailələrə bayram payı göndərilib. Bu, dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürüdür. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verilib.
Bu tip görüşlər ölkənin hər bir rayonunda yaşayan aztəminatlı ailələrlə təşkil olunur.
Milli Məclisin Sosial Siyasət Komitəsinin
üzvü, millət vəkili Musa Quliyevin sözlərinə
görə, sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial
müdafiəsi məsələsində, konkret
olaraq pensiya,
sığorta, əlillərin sosial
müdafiəsi, aztəminatlı insanlara
ünvanlı yardım verilməsi sahəsində kifayət
qədər zəngin və möhkəm hüquqi
baza yaradılıb. Onun sözlərinə
görə, bu yöndə islahatlar, demək olar ki, başa
çatdırılıb. 2006-cı ildə əmək
pensiyaları haqda, dövlət müavinətləri
haqda, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqda
qanunların qəbul edilməsi ilə aztəminatlı
insanların sosial təminatının hüquqi əsaslarının
formalaşdırıldığını bildirən millət
vəkili deyib ki, bütün bunlar nəticəsində
Azərbaycan uzun illər sovet
sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik
prinsipindən imtina edib
və bazar iqtisadiyyatına uyğun olaraq pensiya ödənilməsinin sığorta
sisteminə keçib:
"Görülən bu işlərin
hamısı insanların maraqlarına xidmət edir və təbii ki, belə
olan təqdirdə də həyata
keçirilən sosial siyasət cəmiyyət
tərəfindən dəstəklənir. Qeyd
etdiyim kimi, Azərbaycanda
əhalinin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində uğurlu dövlət
siyasəti həyata keçirilir. Bu baxımdan pensiya sistemində aparılan islahatlar da böyük
əhəmiyyətə malikdir. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində
pensiyaların artırılması
mexanizminin bazar iqtisadiyyatının tələblərinə
uyğun şəkildə
dəyişdirilməsi mövcud
maliyyə imkanlarının
bütün pensiyaçılar
arasında ədalətli,
şəffaf şəkildə
bölgüsünə imkan
verir. Dövlət Sosial Müdafiə
Fondunun açıqladığı
məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində
informasiya-kommunikasiya texnologiyalarının
uğurlu tətbiqi nəticəsində ölkə
Prezidentinin əmək
pensiyalarının istər
baza hissəsinin artırılması, istərsə
də sığorta hissəsinin indeksləşdirilməsi
barədə sərəncamlarının
icrası avtomatlaşdırılmış
qaydada həyata keçirilməkdədir. Ölkə başçısı İlham
Əliyevin "Əmək
pensiyalarının sığorta
hissəsinin indeksləşdirilməsi
haqqında" Sərəncamı
ilə 617 347 nəfərin
əmək pensiyasının
sığorta hissəsinə
indeksləşdirilmə tətbiq
olunub".
M.Quliyevin
sözlərinə görə,
ünvanlı sosial yardımların verilməsinin
ciddi əhəmiyyəti
vardır: "Bu yardım
o insanlara verilir ki, onların aylıq gəliri 75 manatdan aşağı olsun. Qeyd edək ki, ünvanlı sosial yardım da 75 manat həcmindədir.
Bizim hədəfimiz isə ondan ibarətdir ki, ünvanlı sosial yardım minimum əməkhaqqı ilə
bərabər olsun.
Amma bu da İ.Əliyevin sosial müdafiənin gücləndirilməsi ilə
bağlı müvafiq
icra orqanlarının
qarşısına qoyduğu
son hədd deyil. Prezidentin qarşıya
qoyduğu prioritet məsələ ölkəmizdə
yoxsulluğun tam şəkildə
aradan qaldırılması
ilə bağlıdır.
Ölkə başçısı bir müddət öncə bölgələrə
səfəri zamanı
insanlarla keçirdiyi
görüşdə bildirdi
ki, 2001-ci ildən indiyə kimi ölkəmizdə yoxsulluq
həddi 49 faizdən
9 faizə enib. Yəni dünyada ikinci bir ölkə
yoxdur ki, 10 il ərzində
bu qədər yoxsulluq faizinin aşağı düşməsinə
nail olsun. İ.Əliyev onu da əlavə etmişdi ki, bizim son məqsədimiz
ölkəmizdə bir
nəfər də olsun yoxsul adamın
qalmamasıdır. Artıq uzun
müddətdir Azərbaycanda
mütləq yoxsul yoxdur. BMT-nin
müəyyən etdiyi
kriteriyaya görə,
mütləq yoxsul gündəlik gəliri 2 dollardan aşağı olanlar sayılır.
Azərbaycanda bu gün 75
manat sosial yardım verilməsi ölkədə mütləq
yoxsulun olmamasını
deməyə əsas verir. Söhbət yalnız nisbi
yoxsulluqdan gedə bilər ki, onu da artıq
tam aradan qaldırmaq üzrəyik. Bu istiqamətdə
lazımi işlər
görülür və
2003-cü ildən bu yana ölkəmizdə
900 min iş yeri açılıb ki, onun da 700 mindən
çoxu daimidir. Əməkhaqları da artırılır
və hazırda Azərbaycanda orta aylıq əməkhaqqının
məbləği 350 manata
çatıb. Bu çox böyük bir rəqəm və göstəricidir.
Azərbaycan hökuməti üçün
artıq Avropa Birliyinə üzvlük məsələsi hədəf
kimi seçilə bilər. Bu, son illərdə Azərbaycan
Prezidentinin rəhbərliyi
altında uğurlu sosial-iqtisadi, siyasi islahatların əyani bir nəticəsidir.
Nəzərə alsaq ki, Azərbaycanda inflyasiya həddi də bu sosial-iqtisadi artım fonunda o qədər də yuxarı deyil və birrəqəmli həddədir, ölkəmizdə
əməkhaqqının artım
tempi inflyasiya tempini iki dəfə üstələyir. Bu bir daha Azərbaycanın
yüksək templə
inkişafını təsdiqləyir".
Günel CƏLİLOVA
Bakı xəbər.-2014.- 12 iyun.- S.10.