Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları - 2015: gənclərin vətənpərvərlik tərbiyəsinə yeni impuls kimi...

 

 

Gənc idmançılarımızın dünya miqyaslı yarışlarda iştirakı və qələbə qazanması dövlətimizə və xalqımıza başucalığı gətirən bir məsələdir. Bu, gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi təsir edir və gənclər bundan müsbət örnək götürür. Bilirik ki, son illər mütəmadi olaraq Azərbaycan beynəlxalq səviyyəli idman yarışlarına, oyunlarına ev sahibliyi edir.

Bu da ölkəmizə gələn hər bir idmançıda xoş təəssürat yaradır. Azərbaycan dövləti ayrıseçkilik qoymadan bütün xoşməramlı dövlətlərin idmançılarına geniş şarait yaradır.   

Azərbaycan 2015-ci ildə dünyada çox nüfuzlu səslənən Avropa Olimpiya Oyunlarına qucaq açacaq. Əlbəttə, yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq.

Məlumdur ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarına çox müsbət reaksiya verərək bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Xalqımızın həyatında, gəncliyin dünyagörüşünün formalaşmasında böyük olan bu oyunlar gənc nəslə özəl mesajlar verir. 

"AzərTac"ın yazdığına görə, Avropa Olimpiya Komitəsinin 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsi yaddaqalan hadisədir. 

Rəsmi Agentlik Prezident İlham Əliyevin bu məsələ ilə bağlı fikirlərini iki il əvvəl yayıb. O materiala istinad edərək dövlət başçımızın fikirlərini təqdim edirik: "...Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində iştirak etmiş bütün insanlara, Avropa Olimpiya Komitəsinə böyük minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan bu oyunları yüksək səviyyədə keçirəcəkdir. Beləliklə, Bakı şəhəri birinci oyunların keçirilməsində böyük xidmətlərinə görə Avropa Olimpiya Oyunlarının tarixinə daxil ediləcəkdir. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. İlk növbədə, ölkəmizin beynəlxalq nufuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır..."

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu Şəfa Mirzəyeva bizimlə söhbətində bildirdi ki, Azərbaycanda belə bir nüfuzlu yarışın ilk dəfə keçirilməsi dövlətimizin həm beynəlxalq gücünü göstərir, həm də onun adını bir daha dünya tarixinə yazır. Onun sözlərinə görə,

Azərbaycanda iqtisadi yüksəliş, maliyyə resurslarımız və digər məsələlər buna imkan verir. Şəfa xanımın bildirdiyinə görə, bu da olimpiadanın yüksək səviyyədə keçirilməsinə şərait yaradır: "Cənab Prezident də dəfələrlə vurğulayıb ki, Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülür. Bilirsiz ki, vaxtilə başlanmış layihələrin bir çoxu başa çatıb. İki il əvvəl tikilməkdə olan idman obyektləri yaxın zamanda  istifadəyə veriləcək. Bu da o deməkdir ki, ölkəmiz Avropa Olimpiya Oyunlarını keçirmək üçün bütün imkanlara malikdir. Həm idman infrastrukturu, eyni zamanda, inkişaf etmiş şəhərimiz var. Ölkə başçımız çıxışında bildirirdi ki, bu oyunun Bakıda keçirilməsi cəmiyyətdə də böyük sevinc hissi ilə qarşılanıb. Bəli, belədir. Azərbaycan xalqı dövlətlə bərabər var gücü ilə bu oyunların keçirilməsinə hazırlaşır. Avropa Olimpiya Oyunlarının burada keçirilməsi qərarına ictimaiyyət müsbət reaksiya verir. Prezident İlham Əliyev qeyd edib ki, bu qərarın qəbul edilməsində, şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynamışdır: "Azərbaycan bu gün dünyadaAvropada idman dövləti kimi tanınır. Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş Dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

İdmançılarımızın uğurları özünü Yay Olimpiya Oyunlarında da göstərmişdir. Bu il (2012-ci il nəzərdə tutulur-İ.S) Yay Olimpiya Oyunlarında biz tarixi qələbə qazanmışıq, on medal qazanmışıq. Dünya miqyasında 30-cu, Avropa ölkələri arasında isə 15-ci yerə layiq görülmüşük. Yəni bütün bu amillər bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır. Bir daha demək istəyirəm ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik". Onu da bildirim ki, dünyada ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Tədbir İtaliya Milli Olimpiya Komitəsinin (C.O.N.İ.) qərargahında, "Foro italiko" stadionunda keçirilib. Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə (əleyhinə 8 səs, bitərəf 2 səs) ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər".

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunlarının təşkilində müxtəlif idman yarışlarının və tədbirlərinin hazırlanmasında ixtisaslaşmış "PMP Legacy" şirkətinin əməkdaşları iştirak edəcək.

Patrik Hikkibu oyunların ilk dəfə Bakıda keçirilməsini təqdir edərək açıqlamasında bildirir":Biz Avropanın idman tarixində ən böyük hadisələrdən birinin başlanğıcında dayanmışıq! Mən fəxrlə bildirirəm: ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcək. Çoxdan gözlədiyimiz uşağımız, nəhayət, doğuldu! indi biz böyük qayğı ilə ona baxacağıq, böyüdüb, tərbiyə verəcəyik ki, gözəl Bakı şəhərində hər şey ən yüksək səviyyədə keçirilsin. Ən əsası odur ki, bu yalnız başlanğıc olsun - I Avropa Oyunlarının uzunömürlü, dolğunparlaq həyatında! Biz hətta adətən olimpiya oyunlarının paytaxt seçimi üçün keçirilən yarışma təşkil etməmişik. Biz Azərbaycan Milli Olimpiya Komitəsinə Avropa Oyunlarının keçirilməsi haqda sualı müzakirə etmək təklifi ilə müraciət etdik, çünki bilirdik ki, Azərbaycanın idman rəhbərləri və dövlət genişmiqyaslı yarışların təşkilində maraqlıdır.iki böyük təşkilat gözəl birlik qura bildi".

Fikirini davam etdirən Şəfa Mirzəyeva dedi ki, hazırda Nizami rayonunda Olimpiya kəndi salınıb və burada Milli Gimnastika Arenasında isə işlər yekunlaşıb: "Bir idman müəllimi kimi bu böyük hadisəyə hazırlıq məni maraqlandırır. Odur ki, bu məsələyə diqqət yetirirəm. Artıq bu sahədə xeyli işlər görülüb. 2015-ci ildə dünyada ilk dəfə, özü də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarına paytaxtımızda hazırlıq sürətlə davam etdirilir. Artıq bu məqsədlə Bakıda, Nizami rayonunda böyük olimpiya şəhərciyi salınır. Deyim ki, 2015-ci ildə ölkəmizə gələcək idmançıların yarışması üçün ayrıca stadion tikintisi isə sürətlə davam edir. Oyunların keçirilməsi üçün stadion Böyükşor adlı yerdə tikilir. Bu məqsədlə Nizami rayonundakı asma körpünün yanında gölün bir hissəsi qurudulub. Artıq Avropa Olimpiya Oyunlarının keçiriləcəyi stadion hazırlıq halına gətirilir. Yəni burada sürətlə işlər görülür. Bu ərazi sırf idman kəndi olacaq. Bildiyim qədər, kənddə müxtəlif avadanlıqlar, yeməkxanalar, istirahət mərkəzləri olacaq. Bildiyimə görə,  Gənclər və İdman Nazirliyi tikintini aparan şirkətlərlə də danışıqlar aparıb. Bakıda Avropa Yay Olimpiya Oyunları çərçivəsində 20-dək idman növündə yarışların keçirilməsi gözlənir. Bakıda keçiriləcək yarışlarla bağlı yeni təhlükəsizlik sistemi qurulacaq, nəqliyyat sistemi yeniləşdiriləcək. Qeyd edim ki, Heydər Əliyev prospektinin kənarında - "Koroğlu" metro stansiyasının yaxınlığındakı Milli Gimnastika Arenasının (MGA) tikintisi başa çatıb. Burada görülən işlərin böyük əhəmiyyəti var. Təbii, yarış uğurla başa çatdıqdan sonra olimpiya stadionu gənclərimizin ixtiyarına veriləcək. Gənclərimiz burada öz fəaliyyətini davam etdirəcək".

Qeyd edək ki, bu ilin aprel ayında  "Bakı-2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin üçüncü toplantısı keçirilib. Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.

O, çıxışı zamanı bu oyunların yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib":Bizim Avropa Olimpiya Komitəsi ilə qarşılıqlı işbirliyimiz möhkəm təməl üzərində qurulub". Mehriban Əliyevanın sözlərinə görə, ölkəmiz dəfələrlə beynəlxalq yarışlara ev sahibliyi edib, bu oyunların keçirilməsində də Avropa Olimpiya Komitəsinin tövsiyələrinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb: "Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək. Su İdmanı Növləri Sarayının, Milli Gimnastika Arenasının, Bakı Atıcılıq Mərkəzinin, Bakı Olimpiya Stadionunun və digər obyektlərin inşaat işlərinin, eyni zamanda, mövcud idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi hazırlıq işlərinin vaxtında bitəcəyindən xəbər verir. Milli Gimnastika Arenası artıq hazırdır. Biz bu ilin iyununda orada bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsini nəzərdə tuturuq. Bütün idman obyektləri, orada quraşdırılan qurğular sınaqdan keçirildikdən və istismara tam hazır olduğu müəyyənləşdirildikdən sonra istifadəyə veriləcək.

Dövlətimiz bu oyunların hazırlanmasına olduqca diqqət edir. Xalqımız, xüsusilə də paytaxt sakinləri və Azərbaycanın idman ictimaiyyəti bu oyunlara hazırlıq işlərini həvəslə izləyir. İnanıram ki, məhz bu dəstək bizə faydalı olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları bu sahədə yeni standart olsun".

Azərbaycan dövləti yeni uğurlar astanasındadır. Əlbəttə, inanırıq ki, ölkəmizə başucalığı gətirən, yeni dividendlər qazandıran ilk Avropa Olimpiya Oyunlarında gənc idmançılarımız yeni qalibiyyət kürsüsünə qalxacaqbizi yeni zəfərlərlə sevindirəcək.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 13 iyun.- S.15.