Məktəb və universitetlərdə gənclərin milli-vətənpərvər ruhda tərbiyə konsepsiyası varmı?

 

 

Gəncliyi ayaqda saxlayan, daim səfərbər edən bir hiss var-vətənpərvərlik, milli şüura bağlılıq. Gənclikdə milli ruhun formalaşması mərhələləri müxtəlif dövrlərə təsadüf edir. Bu prosesə məktəbdə start verilir. Məktəbdə təlqin edilən vətənpərvərlik ruhu sonrakı dönəmlərdə daha da təkmilləşir. Bəzən deyirlər ki, müəyyən qisim gənclər vətənpərvərliyin nə olduğunu bilmir. Belə deyil. Hər bir gəncdə bu hiss var, sadəcə, o hissin üzə çıxarılması üçün bəlli mexanizm olmalıdır.

Vətənpərvərliyi olmayan gəncdə Vətəni müdafiə etmək hissiolmaz. Bizim təbliğatımız o şəkildə qurulmalıdır ki, hər bir görülən gənclərin vətənpərvərlik hissinin üzə çıxmasına xidmət etsin.  

Çoxlarına məlum həqiqətdir ki, gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir sivil cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Aydın məsələdir ki, milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün müəyyən zaman lazımdır.

Sosioloq Zümrüd Qurbanlının dediyinə görə, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin qarşısında duran vəzifələrdən biridir":Əslinə baxanda bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan gəncliyi bölgədə vətənpərvər, milli mənlik şüuruna sahib gənclər kimi həmişə sayılıb-seçilib. Nəinki regionda, o cümlədən yerləşdiyi qitədə fərqlənib. Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir zamanda yaşayırıq. Bəziləri üçün maddiyyat hər şeydən üstündür. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətdə nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır.

Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək mənəvi keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir. Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu az olmayıb".

Z.Qurbanlı bildirdi ki, Azərbaycan gəncliyində vətənpərvərlik hissləri həmişə güclü olub. Onun sözlərinə görə, Milli Azadlıq Hərəkatında yüzlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxmasına çalışıb və bunun üçün meydanlara axışıb: "Qonşu respublikalarla müqayisədə Azərbaycanda həmişə gənc nəslin tərbiyəsinə xüsusi önəm verilib. Azərbaycan Xalq Cumhuriyyəti dövründə gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin tərbiyə edilməsi istiqamətində böyük işlər görülüb. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün cəhdlər edilib. Bu dövrdə çoxlu sayda milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan gənclər yetişib. Sovet dönəmində milli şüurun inkişafına çalışanların az olması repressiv rejimin mövcudluğu ilə əlaqədar idi. Buna baxmayaraq, vətənpərvərlik məktəbi olduqca ciddi şəkildə formalaşmışdı. XX əsrin sonlarında Azərbaycan cəmiyyətində ciddi dəyişikliklər nəzərə çarpmağa başladı. Yeni nəsil gənclər özlərilə yeni nəfəs gətirmişdi. Orta ümumtəhsil məktəblərində, texnikumlarda, ali məktəblərdə vətənpərvərlik təbliğ olunurdu. Kimdə vətənpərvərlik hissi zəif nəzərə çarpırdısa, ona qarşı qınaq kampaniyası başlanırdı. Bunun bir səbəbi də proseslərin müstəqilliyin əldə olunması ilə eyni dövrə düşməsi ilə əlaqədardır. Azərbaycan 20 ildir ki, müstəqil dövlət kimi formalaşır, inkişaf edir, qarşıya qoyulan hədəflərə çatır. Bu iyirmi ildə Azərbaycanda milli mənlik şüuruna sahib olan yüzlərlə vətənpərvər gənc yetişib. Dövlətimizin gənclər siyasəti bəllidir. Bu siyasət aidiyyəti qurumlar tərəfindən həyata keçirilməlidir. Problem ondadır ki, dövrümüzdə yaşayan, təhsil alan gənclərin müəyyən qrupu milli şüur daşıyıcısı ola bilmir. Qloballaşma tərəfdarı olan bu gənclər hesab edir ki, milliliyin yerini qloballaşma tutmalıdır. Bu da zərərli tendensiyadır".

Onun dediyinə görə, bir məqamı nəzərə almaq lazımdır ki, gənclərə təhsil aldıqları ali məktəblərdə də milli mənlik şüuru təlqin edilə bilər. O hesab edir ki, gənclərdə vətənpərvərlik tərbiyəsinin yaranmasında universitet müəllimlərinin də rolu böyükdür":Onlar auditoriyalara girib bu mövzuda söhbət açsa, mütləq bunun nəticəsi olacaq. Telekanallar bu sahədə daha geniş imkanlara sahibdir. Çünki onlar televiziya və internetlə daha çox təmasda olur. Onların xidmətlərindən yararlanaraq ideoloji fikirlər səsləndirmək mümkündür. Milli mənlik şüuru daşıyıcıları və vətənpərvər gənclərin həyat yoluna baxsaq görərik ki, bu onlarda yeni yaranan hiss deyil. Onlar bağçadan, məktəbdən ali məktəbə qədərki dövrdə bu tərbiyəni zərrə-zərrə canına yığıb. Bu günöz hərəkətlərilə bir nümunədir. Gənclərdə bu müqəddəs hisslərin tərbiyələnməsində qələm adamlarının da özünəməxsus rolu var. Onlar mütəmadi olaraq gənclərlə aparmalıdır və bu davamlı xarakter daşımalıdır. Yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar və digər incəsənət sahəsində çalışan yaradıcı insanlar ortaali məktəblərdə, istehsalat müəssisələrində gənclərlə görüşlər keçirməlidir. Nəzərə alaq ki, müharibə vəziyyətində yaşayırıq, o üzdən bizə vətənpərvər uşaqlar, yeniyetmələr, gənclər indiki dövrdə hava-su kimi lazımdır. Bəzi təsirə düşənləri nəzərə almasaq, bütövlükdə gənclərimizin milli məfkurəyə bağlılığı çox etibarlıdır. Gənclərdə milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində ziyalılarla, qələm adamları ilə, sənətkarlarla yanaşı, pedaqoqların da çox böyük rolu tələb olunur. Bu baxımdan sözügedən məsələnin ali məktəblərdə konseptual formada tədris olunmasına ehtiyac var. Yəni bəlli bir çərçivədə tədris proqramına salınsın".

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Alim Babayevin sözlərinə görə isə, ali məktəblərdə milli mənlik şüuru ilə bağlı xüsusi mühazirə, seminar, məşğələ keçirmək mümkün deyil. Onun fikrincə, milli mənlik şüuru, vətənpərvərlik hissi ailədən, uşaq bağçasından tutmuş, ortaali məktəblərdə təbliğ olunmalıdır: "Bunu kütləvi informasiya vasitələrinin köməkliyi və digər müasir texnologiyaların imkanlarından istifadə edərək həyata keçirmək lazımdır. Hazırkı dövrdə buna çox böyük ehtiyac var. Xüsusən elə bir vaxtda ki, bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir, beynəlxalq münasibətlər sistemində öz yeri olan bir dövlətdir. Strateji əhəmiyyətli bölgədə yerləşən və qədim adət-ənənələrə malik bir dövlətdir. Dünyanın bir sıra ölkələrinin iqtisadi böhran keçirdiyi indiki dövrdə Azərbaycan coğrafi, təbii ehtiyatları, mədəni zənginlik baxımından dünya ölkələri üçün çox vacib dövlətdir. Azərbaycan həmişə digər dövlətlərlə qarşılıqlı əməkdaşlığa can atan ölkə olub. İndibu belədir. İbtidai siniflərdən başlayaraq ədəbiyyat, tarix sahəsində dərsliklərdən bu təlimə başlamaq lazımdır. Dərsliklərə milli mənlik şüurunu təbliğ edən müəlliflərin əsərlərini salmaq lazımdır. Milli vətənpərvərlik hissləri ilə zəngin olan tariximizin ən tanınmış nümayəndələri təbliğ olunmalıdır. Elə etmək lazımdır ki, Azərbaycanın Şərq dünyasında ilk müasir dövlət yaratdığını bütün gənclər bilsin. Gənclər bilsin ki, bu dövlətin əsasını babaları, əcdadları qoyub. Eyni zamanda, babaları, əcdadları vaxtilə Azərbaycanın ərazi bütövlüyünü qoruyub, müstəqillik uğrunda vuruşub. Əldə olunan müstəqillik ölkəyə nə verib? Bugünkü Azərbaycanın yaranmasına qədər canından keçənləri gənclik bilməlidir. Bu minvalla yuxarıda deyilənlər təbliğ olunaraq xalqın diqqətinə çatdırılmalıdır. Ayrı-ayrı sahələr üzrə Azərbaycan elmində əldə olunan uğurlar xalqa çatdırılmalıdır".

Professor Vaqif Arzumanlının qənaətinə görə də, vətənpərvərlik tərbiyəsinin təməli ailədə və cəmiyyətdə qoyulmalıdır. O hesab edir ki, yerli media zaman-zaman Azərbaycanın dahi şəxsiyyətlərini, həyatı və fəaliyyəti örnək olan mütəfəkkirləri, qəhrəmanları təbliğ etməlidir. Professorun dediyinə görə, bu, gəncliyə daha müsbət təsir edir: "Gənclər bilməlidir ki, bizim Nəsirəddin Tusi kimi alimimiz olub. O alim ki, ilk dəfə kosmik fəzaları öyrənən aparat yaradıb. Bizim Təbriz miniatür məktəbi olub ki, Şərqdə rəssamlığın inkişafında mühüm rol oynayıb. Məşhur sərkərdələr olub ki, hərb elminin yaradılmasında, təbliğində mühüm rol oynayıblar. Azərbaycanda əsası qoyulan bir sıra yeniliklər gənclərə təbliğ olunmalı və bu davamlı xarakter daşımalıdır. Mirzə Fətəli Axundzadə Şərqdə dramaturgiyanın əsasını qoyub. Bütün bunlarla yanaşı, bizdə torpağa bağlılıqla əlaqədar çoxlu əsərlər var. Bu kimi əsərlərin təbliğinə daha çox yer vermək lazımdır, nəinki boş-boş poetik misralara, publisistik yazılara, milli təəssübkeşlik hissindən uzaq əsərlərin təbliğinə. Kino sənəti, teatrımız elə istiqamət götürməlidir ki, yetişməkdə olan gənclik bu ölkənin vətəndaşı olduğunu hiss etsin. Digər tərəfdən, hiss etməlidir ki, onun böyük zəngin keçmişi var. Gənclərimiz milli vətənpərvərlik, təəssübkeşlik sahəsində bizim görkəmli şəxsiyyətlərimizin göstərdiyi fəaliyyəti davam etdirərsə, Azərbaycanın şöhrəti, bütövləşməsi daha uzaqlara gedib çıxa bilər. Məsələn, xarici ölkələrin çoxunda insanlar Azərbaycanın bölünmüş xalq olduğunu bilmir. Bu istiqamətdə təbliğat işi aparmaq lazımdır. Təbliğat aparmaq lazımdır ki, Nizami Gəncəvi kimi böyük klassikimiz olub. Azərbaycanın Ərdəbil, Təbriz şəhərlərində, Urmiya gölü ətrafında qədim sənət məktəbləri olub. Azərbaycanın Şamaxı, Gəncə, Bakı kimi tarixi məkanlarında mədəniyyəti, elmi inkişaf elətdirən adamlar olub. Ona görə də bu ənənələr yaşadılmalı, inkişaf etdirilməli və gələcək nəsillərə dolğun şəkildə ötürülməlidir".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 19 iyun.- S.15.