Milli adət-ənənələrimiz gənclərin vətənpərvər
tərbiyəsinin mühüm mənbəyi
kimi...
Vaqif Arzumanlı: "Hesab edirəm ki, milli adətlərdən gələn dəyərləri yaşatmaq və bunu gənc nəslə düzgün təlqin etmək lazımdır"
İnsanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənələrin yaradıcısı xalqdır. Hər bir insan hələ uşaq yaşlarından milli adət-ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir.
Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələblərinə uyğun olaraq, onların köhnəlmiş hissələrini atır, mütərəqqi hissələrini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Adət-ənənələr daima insan münasibətlərinin tənzimləyicisi və istiqamətvericisi olub. Çünki sözügedən dəyərlər hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir. İnsanlar, bütün hallarda, öz sevincini, şadlıq və kədərini, nifrət və məhəbbətini, əməyə, təbiətə, ailəyə, Vətənə, övlada, dosta olan insani münasibətini məhz qarşılıqlı ünsiyyət prosesində həyata keçirmişlər.
Tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Bir sıra toplumlardan fərqli olaraq Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. Azərbaycanda sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Yeridilən siyasətin məqsədi ailələrin rifahının hüquq və imkan bərabərliyini təmin etmək, milli adət-ənənələri təşviq etmək, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atmaqdır.
O da məlumdur ki, hər bir millətin özünəməxsus adət-ənənələri olur. Əsrlərdir formalaşan həmin adət-ənənələr gənclərin dünyagörüşünün, tərbiyəsinin, məişət tərzinin formalaşmasına öz təsirini göstərir. O cümlədən, milli adət-ənənələrin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu var. Adət-ənənələrsiz bunların inkişafını təsəvvür etmək qeyri-mümkündür. Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaq normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər, adət-ənənələr gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir.
Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan da fəal iştirak etməkdədir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik ölkələrin təcrübəsindən istifadə edir.
Azərbaycan belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və müasir dünya mədəniyyətinə inteqrasiya olunduğuna görə mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən tərəqqi əldə etmək mümkün deyil. Yəni mühafizə edilməsi zəruri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün, istəsək də, istəməsək də, qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. Bu prosesin müsbət cəhətlərinin cəmiyyətimizin mədəni tərəqqisinə xidmət etdiyini danmamaq şərtilə, neqativ təzahürlərin qarşısını almaq barədə də düşünməliyik. Ona görə də adət-ənələrin qorunması, onların gənc nəslə çatdırılması vacibdir. Milli adətlər gənclərin öz soykökünə bağlanmasını təmin edir. Bu adətlər olmasa, gənclər yad ünsürlərin ideologiyasının təsiri altına düşə bilər ki, bu da arzuolunan deyil. O mənada ki, yaranan boşluğun yad ideologiyalarla doldurulması böyük fəsadlara gətirib çıxara bilər. Bu baxımdan adət-ənənələrin qorunması hər şeydən vacibdir.
Hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin ümdə qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin milli-mənəvi irsi, pak və ali dəyərləri müəyyən edir. Bu ənənə və dəyərlər bir-birilə çulğaşaraq həm də xalqların məfkurə və düşüncə sisteminin, dünyagörüşünün parlaq təcəssümü kimi meydana çıxır. Dünyanın ən qədim xalqlarından sayılan azərbaycanlılar da tarixən formalaşmış zəngin milli-mənəvi və əxlaqi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermişlər. Ülvi və saf ideallara sarsılmaz bağlılığı ilə daim özünəməxsusluqlarını qorumağı bacarıblar. Şərqə məxsus mütərəqqi adət-ənənələrlə Qərbin mötədil dəyərlərinin mənəvi mədəniyyətimizdəki uğurlu harmoniyası həm də milli təfəkkürümüzdə fərqli dünyagörüşləri və mədəniyyətləri bir araya gətirir. Bu baxımdan çalışmaq lazımdır ki, gənclər adət-ənənələrin təsirindən kənarda qalmasın. Milli adət-ənənələrin ruhunda böyüməyən gənc Vətənə bağlı ola bilməz. Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı real həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə meylləri də özünü qabarıq göstərir. O baxımdan gənclərin sağlam milli-mənəvi dəyərlərə söykənərək tərbiyələndirilməsi hər şeydən vacibdir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti var. Xalqın tarixən formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq, bütövlükdə, cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti pedaqogika elminin tanınmış nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə aşılanması xüsusilə aktuallıq kəsb edir. Mərhum prezident Heydər Əliyevin təbirincə desək, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır".
Bütövlükdə, adət-ənənələrin gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında rolu necə dəyərləndirilir?
Sözügedən məsələni dəyərləndirən professor Vaqif Arzumanlının sözlərinə görə, ölkənin hər bir vətəndaşı dövlətin qayğısına qalmalıdır: "Onun tarixini, keçmişini öyrənməlidir. Keçmişi bilmədən, söz yox ki, gələcəyi müəyyənləşdirmək çətindir. Ona görə də birinci növbədə adət-ənənələrin düzgün şəkildə gənclərə çatdırılması, aşılanması prioritet olmalıdır. Adət-ənənələri qorumadan onları gənclərə çatdırmaq, bunun məziyyətlərini gənc nəslə təlqin etmək mümkün deyil. Bu mənada gəncliyin öhdəsinə böyük missiya düşür. Çünki dövlətçilik tarixində müəyyən mərhələlər var ki, onların öyrənilməsi vacibdir. Dövlətçilik tarixinin bəzi məqamlarını daha da gücləndirmək, bəzi məqamlarına daha həssas yanaşmaq lazımdır. Bu baxımdan gəncliyin öhdəsinə böyük vəzifələr düşür. Əvvəla, gənclik birinci növbədə öz tarixi keçmişini bilməlidir. Gənclik bilməlidir ki, onun keçmişi, dövlətçilik ənənələri necə olub. Bunları bilmədən, arzuolunan gənc nəslin formalaşmasına nail olmaq çətin məsələdir. Bu ənənələri qoruyub saxlamaq lazımdır. Bütün bunlar da milli adət-ənənələrin mənimsənilməsindən keçir. Ona görə də bunları qoruyub saxlamaq gəncliyin vəzifəsidir. Çalışmaq lazımdır ki, gənclik bunun öhdəsindən layiqincə gəlsin. Bu baş verərsə, o zaman gənc nəsil vətənpərvərlik ruhunda böyüyəcək. Bir şeyi daim nəzərə almaq lazımdır ki, gənclik ölkənin gələcəyi deməkdir.
Ölkənin gələcəyi də gənclikdən asılıdır. Gəncliyin də elə potensial imkanı var ki, özündən əvvəlki nəslin görə bildiyi işi indi görə bilər. Bu mənada adət-ənənələrin gənclərin vətənpərvərlik hisslərinin formalaşmasında rolu böyükdür. Hesab edirəm ki, milli adətlərdən gələn dəyərləri yaşatmaq və bunu gənc nəslə düzgün təlqin etmək lazımdır. Bütün bunları kompleks şəkildə həyata keçirə bilsək, daha səmərəli nəticə əldə etmiş olarıq".
Vidadi ORDAHALLI
Bakı xəbər.-2014.- 25 iyun.-
S.12.