Dövlət Proqramı
yaradıcı gənclərə hansı imkanlar
açır?
Gənclik ədəbiyyata, mədəniyyətə, ictimai fikrə, milli dəyərlərə dayanıb inkişaf edirsə, daha çox nailiyyətlər əldə edir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı ənənələr üzərində inkişaf etməklə yanaşı, zərərsiz yeniliklərə də açıqdır. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi dövlətin gənclər və mədəniyyət siyasətini uğurla davam etdirir. Bu siyasət yaradıcı gənclərin inkişafına, onların sosial müdafiəsinin güclənməsinə yönəlib.
Bəllidir ki, dövlət yaradıcı gəncliyə, istedadlı insanlara özünün dayağı kimi baxır. Bəli, gənc yaradıcılar dövlətin siyasətini, vətənpərvərlik tərbiyəsini daha çox tərənnüm edir. İstedadlı gənclər xalqımıza məxsus olan çox qiymətli, tükənməz bir xəzinədir. Onların qayğısına qalınmalı, yaradıcılıqlarını inkişaf etdirmələri üçün həm dövlət, həm də ictimai qurumlar tərəfindən şərait yaradılmalıdır.
Gənc ədəbiyyatşünas Nərgiz Cəlilovanın sözlərinə görə, istedadlı, savadlı gənc öz xalqının tarixini, onun keçdiyi şərəfli və çətin yolu dərindən öyrəndiyi üçün milli məfkurəyə daim bağlı olacaq: "Onda milli mənlik şüuru da yüksək səviyyədə inkişaf edəcək, vətənpərvərlik tərbiyəsi də. Bu gün cəmiyyətimizdə gəncləri milli məfkurəyə, keçmişimizə və Vətənimizə bağlamaq üçün böyük təbliğat işi aparılmalıdır. Son illərin müşahidələri göstərir ki, yaradıcı gənclərin bir çoxunda bu hisslər var, amma onların yaradıcılığının geniş səviyyədə təbliğ edilməməsi cəmiyyəti onların hisslərindən xəbərsiz qoyur. Televiziya proqramlarında, radio verilişlərində gənc istedadların fikirlərinə çox az istinad edilir. Şou-biznesin geniş şəkildə təbliğ edilməsi bir çox mənalarda yaradıcı gənclərə pis təsir edir. Halbuki, diqqət mərkəzində öz bər-bəzəyi və qeyri-etik hərəkətlərilə gündəmdə olmaqda israrlı olan şou əhli deyil, ölkənin istedadlı, savadlı, bilikli, intellektli gəncləri olmalıdır. Bu onların fikirlərini bölüşməsi üçün vacib olan bir məsələdir. Ali məktəblərdə oxuyan, müxtəlif yaradıcılıq təşkilatlarında təmsil olunan, yaxud müstəqil fəaliyyət göstərən yaradıcı gənclərin öz bacarıqlarını göstərməsi və onların qayğı ilə əhatə olunması Azərbaycan Respublikası prezidentlərinin imzaladığı qanunlarda öz əksini tapır. Mərhum prezident Heydər Əliyevin 9 aprel 2002-ci ildə imzaladığı 14 maddədən ibarət "Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikasının Qanununun 5 və 6-cı maddələri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və istedadlı gənclərə dövlət qayğısı ilə bağlıdır. Sənəddə gənclər siyasətinin əsas istiqamətləri öz əksini tapıb".
Ədəbiyyatşünas bildirdi ki, sözügedən sənəddə istedadlı gənclərə dövlət qayğısı əks olunub:
"6.1. Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir.
6.2. Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər.
6.3. Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır.
6.4. İstedadlı gənclərin həvəsləndirilməsi məqsədilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilər".
Ekspert dedi ki, artıq bu sənədin imzalanmasından illər keçib, indiyə qədər gənclərlə bağlı bir sıra məsələlər qüvvəyə minib. Müxtəlif təşkilatlar yaradıcı, istedadlı gənclərlə bağlı müsabiqələr keçirib, gənclərin istedadını qiymətləndirmək məqsədilə mükafatlar təsis olunub. Bu mükafatların gənclərin hazırkı durumuna böyük təsir etdiyini deyən müsahibimizin sözlərinə görə, həm kino, həm teatr, həm ədəbiyyat, həm musiqi, həm mətbuat, həm də elm-təhsil sahəsində fərqlənən gənclərə mükafatlar verilir":Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün keçirilən müsabiqələrin onlara faydası dəyir. Bu gün görürük ki, ölkənin Mədəniyyət və Turizm Nazirliyi, müstəqil kino şirkətləri gənc kino həvəskarları ilə bağlı müxtəlif adda, məzmunda festivallar, müasabiqələr keçirir. Burada qalib gələn gənclərə mükafatlar verilir, onlara yeni yaradıcılıq planlarını həyata keçirməsi üçün münbit şərait yaradılır. Ədəbiyyat sahəsində də bu ənənə davam etdirilir. Ayrı-ayrı təşkilatlar layihələr icra edərək gənc ədibləri mükafatlandırır. Teatr, musiqi sahəsində də mükafat alan çoxlu sayda gənc var. Klassik musiqi yolunu davam etdirənlərin çox yüksək səviyyədə konsertləri təşkil olunur. Bütün bu məqamlar dövlətin gənclər siyasətindən qaynaqlanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 il əvvəl imzaladığı Dövlət Proqramında yaradıcı gənclərlə bağlı bəndlər yer alır. Sənədin 4-cü bəndində bildirilir ki, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı göstərilməlidir. İnternet saytlarında yayımlanan Dövlət Proqramının 28 maddəsində yaradıcı gənclərin iştirakı ilə müxtəlif cür konfransların, festivalların keçirilməsi və təkliflərin hazırlanması nəzərdə tutulur. Müasir Azərbaycanda kifayət qədər istedadlı gənc var. Onlar ədəbiyyatda, musiqidə, təsviri incəsənətdə, heykəltəraşlıqda və digər sahələrdə təmsil olunur. Onların yaratdığı əsərlərdə, dünyəviliklə yanaşı, milli mənlik şüurunun cücərtiləri, vətənpərvərlik tərbiyəsinin formalaşması işartıları özünü göstərir".
Gənc musiqişünas Ceyran Qurbanovanın bildirdiyinə görə də, Azərbaycan dövlətinin gənclər siyasətinin bir hissəsi istedadlı gənclərin yaradıcılığının inkişafına yönəlib: "Bu addımlar gənc yaradıcılar tərəfindən rəğbətlə qarşılanır. Bəstəkarların yaradıcılığında baş verən durğunluq artıq inkişafla, dinamika ilə əvəzlənib. Bəstəkarlıq sahəsində tarixi keçmişimizlə, itirdiyimiz yurdlarla, qəhrəmanlıq səhifələrimizlə bağlı diqqətçəkən musiqi nümunələri yaranır. Amma bəzən müəyyən çətinliklər də olur. Problem ondadır ki, gənc bəstəkarlar öz əsərlərini geniş səviyyədə təqdim edə bilmir. Dövlətin qəbul etdiyi qanunlarda bu gənclərə şərait yaradılmalı olduğu göstərilir. Ancaq bəzi yaradıcı gənclər bu qanunlardan yararlana bilmir. Yerlərdə bu sənədlərdən irəli gələn məsələləri həll etməli olan qurumlar bir çox hallarda cavanlara yardım göstərmir. Bu da yaradıcı gənclərin içində inamsızlıq yaradır. Bir qədər xaraktercə zəif olanlar başqa səmtlərə meyl göstərir. Yaradıcılığını özgə xətt üzrə davam etdirir. Gənc rəssamların yaradıcılığını da eyni formada xarakterizə etmək olar. Sənədin 3.28-ci maddəsində gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan güzəştli istifadəsinə dair təkliflərin hazırlanması məsələsi önə çəkilsə də, Rəssamlar, Bəstəkarlar və Memarlar ittifaqlarından aldığımız məlumata görə, Prezidentin bu tələbi hələ yerinə yetirilməyib. Gənclər hər şeyi öz hesabına edir. Gənc rəssamlardan birinin dediyinə görə, bəzi gənclərin həm özündə, həm də əsərlərində milli mənlik şüurunun inkişafı yüksək səviyyədədir. Rəssamın dediyinə görə, milli kimliyinə bağlı olan yaradıcı adam birmənalı olaraq vətənpərvər olacaq. Gənc rəssamların yaradıcılığında Azərbaycanın tarixi, Qarabağ ağrısı ilə bağlı əsərlərin çox olduğunu bildirən müsahibimiz qeyd etdi ki, əsas problem onların sərgilənməsidir.
Gənc rəssam hesab edir ki, milli mənlik şüurunun yaradıcı gənclərin beynində oturuşması üçün təbliğat işi aparılmalıdır. 3.14-cü maddədə isə gənc yazarların əsərlərinin nəşrinə kömək göstərilməsi əks olunub".
Yazar Gülər Yaqubqızının sözlərinə görə, gənc yazarların əsərlərinin tirajlanması sahəsində elə də böyük çətinlik yoxdur. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin, bəzi nəşriyyatların xəttilə gənclərin kitabları işıq üzü görür: "Ədəbiyyat yönümlü qəzet və dərgilərdə yazarların əsərləri nəşr edilir. Milli mənlik şüurunun formalaşmasında, vətənpərvərlik tərbiyəsinin inkişafında tarixən ədəbiyyat adamları çox böyük rol oynayıb. Onların əsərləri, müsahibələri, fikirləri gənclik üçün bir mayak olub. İndi bu məsələyə yanaşma bir qədər fərqlidir".
Onun sözlərinə görə, yazarların milli mənlik şüuruna və vətənpərvərlik tərbiyəsinə münasibəti fərqlidir":Milli mənlik şüuru hər gənc yazarda olmur ki. Bu gün milli mənlik şüurundan, vətənpərvərlik tərbiyəsindən uzaq olan o qədər gənc yazar var ki. Bu, insanın daxilindən gələn bir hissdir. Şeirlərində, nəsrində bu ruhdan uzaq olanlar az deyil. Eyni zamanda, milli mənlik şüurunu tərənnüm edən, vətənpərvərlik tərbiyəsinin formalaşmasında əmək sərf edənlər də var. Məsələn, gənc şair Yusif Məhəmmədoğlunun, Firudin Tağıyevin, Qılman İmanın və başqalarının şeirlərində bu hissin olduğunu qeyd etmək istəyirəm".
Müsahibimizin dediyinə görə, yaradıcı gənclər arasında saxta milli şüur, vətənpərvərlik daşıyıcıları da var: "Yaradıcı gənclər bu kimi məsələlərdə həmişə nümunə olmalıdır.
Çağdaş gənc yazarlarda milli mənlik şüurunun formalaşması, vətənpərvərlik tərbiyəsinin inkişafı çox zəifdir. Düzdür, aralarında həm şəxsiyyətində, həm də yaradıcılığında bu hisslərə malik olanlar da var. Ancaq müəyyən qismində bu hisslər saxtadır. Çox müşahidə etmişəm, şeirində vətənpərvərlikdən danışır, həyatda isə tamam başqa mövqe tutur. Gənclər öz tarixini, ədəbiyyatını dərindən bilməlidir ki, gerçək bir milli şüura sahib olsun".
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 30 iyun.- S.11.