İkili standartlar - Qarabağ probleminin həllinə əsas maneə

 

 Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə dünyada obyektiv münasibətin təmin olunması münaqişənin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mühüm şərtlərindəndir. Bu baxımdan münaqişə ilə bağlı həqiqətlərin, eləcə də Qarabağın tarixinin, bu bölgənin qədim zamandan Azərbaycan xalqının dövlətçilik salnaməsinin tərkib hissəsi kimi keçdiyi tarixi xronikanın dünyaya çatdırılması böyük önəm kəsb edir. 

 Çünki Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşıya məqsəd qoyan ermənilərin əleyhimizə apardıqları təbliğat məhz tarixin saxtalaşdırılması üzərində qurulub. 

  Qarabağın guya erməni torpağı olması, bu bölgənin sovet hakimiyyəti tərəfindən Azərbaycanın tərkibinə verilməsi və s. iddialar hər nə qədər bizə sərsəm görünsə də, erməni təbliğat maşını tərəfindən dünyada yayılmaqdadır. Qarabağ münaqişəsinin ilk illərində ermənilərin diasporlobbiçilik imkanlarından yararlanaraq apardıqları antiazərbaycan kampaniyası qarşısında, təəssüf ki, bizim təbliğat resurslarımız məhdud və zəif olub.  

 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan dövlətinin iqtisadi və intellektual resurslarının səfərbər edilməsi, ictimai qurumların, diaspor təşkilatlarının bu işə cəlb olunması Qarabağ məsələsində ermənilərin yalan kampaniyasını qismən önləməyə imkan verib. Bu gün beynəlxalq birlik Qarabağ probleminin mahiyyəti, Azərbaycanın bu məsələdə tutduğu ədalətli mövqe barəsində xəbərdardır. 

  Lakin görülən işlər yetərli deyil. Məhz buna görə ölkə rəhbərliyi Qarabağla bağlı tarixi həqiqətlərin daha geniş miqyasda dünyaya çatdırılmasını həm dövlət, həm də qeyri-dövlət qurumlarının ümdə işi kimi daim vurğulayır.

   Prezident İlham Əliyev 2005-ci il dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr olunmuş yığıncaqda bu barədə deyib:

   "Tarixi faktlar sübut edir ki, ermənilərin Dağlıq Qarabağa keçmişdə və indi olan iddiaları tamamilə əsassızdır. Biz bunu bilirik, amma bu kifayət deyildir. Gərək biz bu həqiqətləri dünya birliyinə çatdıraq. Bu sahədə daha ciddi işlər görməliyik. Uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün yeni imkanlar mövcuddur. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə aparaq".  

 Ötən dövrdə prezidentin bəhs etdiyi məsələlərin həyata keçirilməsi üçün addımlar atılıb. O cümlədən 2008-ci ildən fəaliyyət göstərən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı sayəsində Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün nəşrlər, internet saytlar hazırlanıb.   

Əfsuslar olsun ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində irəliləyişə nail ola bilməmişik. Bunun da təkcə bir səbəbi var. Bu da ondan ibarətdir ki, Ermənistan tərəfi, demək olar ki, danışıqları pozmaq istəyir. Danışıqlar masasında əvvəlcə razılaşdırılmış məsələlərə yenidən qayıtmaq, eyni zamanda vaxtı uzatmaq istəyir. Bir sözlə, bizdə belə fikir yaranır ki, Ermənistan işğal olunmuş torpaqları azad etmək istəmir, çalışırlar nə qədər mümkündürsə, o torpaqları işğal altında saxlasınlar. Beləliklə də, bundan istifadə edib Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı onlara xeyir sayıla biləcək şərtləri əldə etsinlər. Bu isə mümkün deyildir. Biz bunu dəfələrlə bəyan etmişik: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq birlik tərəfindən Azərbaycan torpağı kimi tanınır. Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən tanınır, BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır. Azərbaycan dövləti heç vaxt imkan verməz ki, ikinci erməni dövləti yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılsın. Yəni bu, danışıqlar mövzusu deyilheç vaxt olmayacaqdır. Məsələnin həlli üçün Ermənistan öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmalıdır. Yalnız bundan sonra sülh yarana bilər. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmalıdır. Bütün sivil ölkələrdə olduğu kimi, orada da işlər bütün demokratik prinsiplər əsasında təşkil edilməlidir. Bundan kənarda məsələnin heç bir başqa istiqamətdə həlli mümkün deyildir. Azərbaycan buna razılaşmayacaq. Bu mövqeni biz dəfələrlə yüksək çinli dövlət məmurlarının dilindən eşitmişik.  

 Azərbaycanın Qarabağ konfliktində ədalətli mövqeyinin müdafiə olunmasına mane olan əsas amillərdən biri də dünya güclərinin bu məsələyə ikili standartlar kontekstindən yanaşmasıdır. 

 İkili standartdan irəli gələn yanaşmadan əziyyət çəkməyimizi Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Dövlət başçısının sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, onların heç biri icra edilmir: "Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilirbir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən artıqdır ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var". 

  Prezidentin sözlərinə görə, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi "tanımır və tanımayacaq": "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. BMT-nin Nizamnaməsində bu müddəalar var ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisionun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi, deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir. Öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaq".

    Artıq gündəlik leksikonumuza daxil olan "ikili standart" termini özündə nəyi ifadə edir?    İnsanlarinsan qrupları arasında ayrıseçkilik etmək, eyni məsələdə müxtəlif insanlaraya insan qruplarına eyni prinsiplərlə baxmamaq. İnsanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan topluluqlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik etmək. Haqqı, ədaləti birinin xeyrinə və digərinin ziyanına şərh etmək və pozmaq. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-nın İsrail və Fələstinə, Ermənistan və Azərbaycana aid siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımını qadağan edən 907-ci Düzəliş ikili standarta bariz nümunə sayılır.

   Hər bir münaqişənin, hər bir müharibənin sonu olur. Bəs nəyə görə Ermənistanın işğal faktı aradan qalxmır? Bəzi dövlətlər bu münaqişəyə ədalət prinsipi ilə yanaşmırlar və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasının səbəbi nədədir?   

Bu suala cavab tapmaq üçün politoloq Qabil Hüseynli ilə söhbət etdik. O bildirdi ki, Dağlıq Qarabağ probleminin yaranmasının və bu qədər uzanmasının izaha ehtiyacı var: "Əslində, bu suallar hər birimizi düşündürür. Dağlıq Qarabağ problemində Rusiyanın marağı nədən ibarətdir? ABŞ-ın və digər ölkələrin istəyi nədən ibarətdir? Məlum məsələdir ki, bu münaqişə sovet imperiyası dövründə başlamışdı. O zaman ictimai mülkiyyətin xüsusi mülkiyyətlə əvəzlənməsi fikri yaranmışdı. Bu proses yeni mənzərəyə yol açırdı. Yəni ictimai mülkiyyətə əsaslanan sovet sistemi yeni mülkiyyət sisteminə keçən kimi SSRİ-nin daxili sistemi də laxlayırdı. Bazar iqtisadiyyatına, yəni yeni bir iqtisadi sistemə keçid sovet imperiyasının tərkibində olan hər bir respublikaya iqtisadi müstəqillik imkanı verirdi. Mahiyyət etibarı ilə iqtisadi müstəqillikdən siyasi müstəqilliyə bir addım qalırdı. Bu məqamları analiz edən imperiya məlum proseslərin qarşısını almaq üçün ölkənin bəzi ərazisində münaqişələr törətməkdə maraqlı idi. O cümlədən Dağlıq Qarabağ qondarma problemi ortaya atıldı. Sonralar SSRİ dağılsa da, imperiya ambisiyalarından çıxış edən Rusiya digər dövlətlərə qarşı bu təzyiq rıçaqlarından istifadə etməyə başladı.Özünü SSRİ-nin varisi hesab edən Rusiya Cənubi Qafqaz respublikalarına təzyiq vasitəsi kimi bu münaqişənin davam etməsində maraqlıdır. Dağlıq Qarabağ məhəlli münaqişə deyil. Bu münaqişəyə məhəlli bir münaqişə kimi baxsaydıq, onda ermənilərin ipə-sapa yatmaması fikri ilə bəlkə də kifayətlənmək olardı. Mən bu problemə məhəlli deyil, daha çox beynəlxalq problem kimi baxıram. Dağlıq Qarabağ probleminin yaranmasında və bu qədər uzanmasında xarici ölkələrin müxtəlif maraqlarının olması şübhəsizdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti göz qabağındadır. Dəfələrlə həmsədrlərin fəaliyyətinin qənaətbəxş olmadığı barədə fikirlər səslənib. Beynəlxalq təşkilatlar bu münaqişəni həll edə bilmirsə, onda gəlin düşünək. 90-cı illərdən sonra Çeçenistan milli müstəqillik uğrunda mübarizəyə qalxdı. Ancaq müəyyən zaman və məkan    müstəvisində Rusiya onu daxili işi elan edərək gündəmdən çıxartdı. Çoxda uzaq tarix olmayan İraq məsələsi gözümüzün qarşısındadır. Yuqoslaviya kimi bir dövlət dünya xəritəsindən silindi. Deməli, Qarabağ münaqişəsinin həllinə ikili standartlardan yanaşılmasaydı, bu problemin həllinə yaxınlaşmaq mümkün idi. Dünya dövlətlərinin bu məsələdə konkret yekun sözünü deməməsi həmin ölkələrin Qarabağ problemində üst-üstə düşən və toqquşan maraqlarıdır".   

"Münaqişənin gələcək həllini necə görürsünüz" sualına isə politoloqun cavabı belə oldu: "Təbii ki, bu münaqişələrin həlli gec-tez mümkün olacaq. Hər bir problemin sonda həlli mümkündür. Sadəcə olaraq zaman və məkan məsələsi var. Biz problemi həll etmək üçün danışıqları davam etdirməklə bərabər ordumuzu gücləndiririk. Azərbaycanın hərbi potensialı gündən-günə artmaqdadır. Fikrimcə, bu uğurlu siyasətdir.Azərbaycan torpaqlarının tam azad olunacağına əminəm.Cənubi Qafqazda sabitlik üçün görünür zaman lazımdır. Ümumiyyətlə, Cənubi Qafqazdakı proseslərə ikilili münasibət var. Gürcüstana Rusiyanın hərbi təcavüzü zamanı NATO sərt mövqe bildirdi, qətnamə qəbul edildi, təcavüz faktı gündəmə gətirildi. Ancaq Ermənistanın Azərbaycan torpaqlarına hərbi müdaxiləsi ilə bağlı NATO belə qətiyyətli mövqe ortalığa qoymur. İkili standartlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzanmasına gətirib çıxarır".

    Apardığımız bu araşdırmadan məlum olur ki, Ermənistan-Azərbaycan, Dağlı Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanı ədalətli mövqeyinin müdafiə olunmasında qarşımızda duran ən başlıca maneə ikili standartlardan irəli gələn yanaşmadır.

 

 

Məhəmmədəli QƏRİBLİ

 

Bakı xəbər.-2014.-3 mart.-S.7.