Könüllü hərbi xidmətə gediş təşəbbüslərinin gənclərin vətənpərvərlik və mənəvi kamilləşməsinin inkişafında rolu

 

Samir Adıgözəlli: "Müşahidələr göstərir ki, gənclər arasında ordu sıralarında könüllü surətdə xidmət etməyə maraq xeyli artıb"

"Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, təchizatın yüksək səviyyəyə çatdırılması istiqamətində..."

 Bu gün ölkə gəncliyinin timsalında mükəmməl nəslin yetişdiyini müşahidə edirik. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə milli mənlik şüurunun inkişafı istiqamətində yeni səhifə açıldı. O üzdən, müstəqillikdən sonrakı dönəmlərdə gəncliyin atdığı hər bir addımda, gördüyü işlərdə bir vətənpərvərlik, milli təəssübkeşlik hiss olunur. Ölkə inkişaf etdikcə, sözügedən tendensiya bir az da yüksələn xətt üzrə inkişaf edir.   

Ona görə də gənclərdə vətənpərvərlik hissinin yüksək səviyyədə olması sevindirici haldır və təqdir edilməlidir. Ölkə gəncliyi tarixən böyük qəhrəmanlıq yolu keçərək dövrün ağır sınaqlarına sinə gərib. Azərbaycan gəncliyinin bu istiqamətdə göstərdiyi mətinlik millətin qan yaddaşına hopub. Bunun nəticəsidir ki, gənclik Vətən, xalq qarşısında məsuliyyəti dərk edərək vətənpərvər olduqlarını hər zaman təsdiqləyiblər. 

  Zamanın sınaqlarından uğurla çıxan ölkə gəncliyi müstəqil dövlətimizin ordu quruculuğu prosesinə də öz töhfəsini verib. Torpaqların qorunması uğrunda gənclərimiz fəal iştirak edərək canlarından keçiblər. Əsrlərdir millətin gen yaddaşında yaşayan millilik bu kimi məsələlərə öz təsirini göstərib. Digər tərəfdən, milli mənlik şüurunun inkişafı gənclər arasında vətənpərvərlik hisslərinin daha da inkişaf etməsinə öz təsirini göstərib. Bu kontekstdə orduda həyata keçirilən gəncləşmə siyasəti də Silahlı Qüvvələrdə vətənpərvər gənclərin çox olduğunu bir daha təsdiqləyir. Məlum olduğu kimi, ordu dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının təminatçısı rolunda çıxış edən atributlardan biridir. Bu nəinki bizdə, bütün dünyada belədir. Bundan başqa da, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik məsələlərini həyata keçirmək missiyasını öz üzərinə götürür. Bir sözlə, ordunun çiyinlərinə çox böyük missiya düşür. Ordu xalqın və dövlətin, o cümlədən də beynəlxalq əmin-amanlığın qoruyucusu kimi özünü göstərir. Dünyada gedən proseslər istər-istəməz, gənclərin düşüncəsinə təsir edir. Dövlətin apardığı gənclər siyasəti gənclərimizi dövlətimizə, milli şüurumuza bağlayır. Ölkədə gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biri kimi qarşıda durur. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.   

Müşahidələr göstərir ki, görülən işlərin nəticəsi olaraq son illər orduda fərarilik əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün ölkədə milli mənlik şüurunun inkişafı istiqamətində aparılan işlərin məntiqi nəticəsi olaraq gənclər könüllü şəkildə ordu sıralarına gedir. Gəncliyimizin inkişafı, onların həyatın, dövlət quruculuğunun bütün sahələrində, o cümlədən də hərbi xidmətdə böyük uğurlar qazanması sevindirici haldır. Azərbaycan gənclərinin əsgərliyə, hərbi xidmətə marağı böyükdür, onlar xalqa, dövlətə sədaqətlə qulluq etməyi artıq bir vəzifə borcu kimi dərk edirlər. Bir vaxtlar orduda müəyyən səbəblər üzündən fərarilik və digər bu kimi xoşagəlməz hallar özünü göstərirdisə, bu gün bunlardan əsər-əlamət qalmayıb. Aydın məsələdir ki, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Bütün cəmiyyətlərdə gənclik millətin yaşaması, inkişafı üçün hərəkətverici, cəmiyyətin inkişafını stimullaşdıran qüvvədir. Millətin mövcudluğu üçün sağlam gəncliyinin olması vacib şərtdir. Ona görə ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Görünən odur ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur. Mərhum prezident Heydər Əliyev nitqlərinin birində gənclərin milli ruhda böyüməsinin vacib olduğunu demişdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur".  

 Reallıq ondan ibarətdir ki, gənclərin əsgərliyə könüllü yollanması, Vətəni qorumaqda əzmli olması halları kütləvi xarakter alıb. Gənc əsgərlərin səhhəti hər gün yoxlanır. Problemləri, şikayətləri öyrənilir. Əsgərin üzləşdiyi istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər görülür. Təbii ki, belə olan halda orduda fərarilik halları da azalacaq. Hərbi xidmətdən yayınma hallarının azalmasının fövqündə dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə vətənpərvərlik hisslərinin yüksək olmasıdır. Məsələ ondadır ki, xidmətə çağırılan gənclər müxtəlif ailələrdə böyüyüb və onların psixoloji durumları fərqlidir. 

  Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, Azərbaycan 20 il əvvəlki ölkə deyil. Ölkədə son on ildə çox güclü və sistemli inkişaf gedib. Ölkədə müşahidə olunan inkişaf nəinki ordu, ümumiyyətlə, bütün sahələri əhatə edib. Bəzi xırda-para çatışmazlıqlara rəğmən, ötən dövr ərzində dövlət aparatı, dövlətçilik, dövlət şüuru formalaşıb. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara qarşı mübarizə aparılır. Əvvəllər ordu yenicə qurulurdu və fərarilik hallarına görə o qədər də ağır cəza verilmirdisə, indi bunu edən əsgərlər kifayət qədər sərt şəkildə cəzalandırılır. Bir məqamı da nəzərə almaq lazımdır ki, döyüş əməliyyatları aparılmır. Sözügedən amilin də müəyyən mənada fərarilik hallarının azalmasına təsiri var. Düzdür, indi də bəzi gənclərin ordudan yıyınması hallarına rast gəlinir, ancaq bu çox aşağı səviyyədədir. Orduda fərariliyin azalması sırf milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hissləri ilə bağlıdır. Gənclərin hərbi xidmətdən yayınmayaraq könüllü olaraq hərbi xidmətə getməsinin digər gənclərdə vətənpərvərlik hisslərinin artırılmasına böyük təsiri var. Aydın məsələdir ki, bu kimi faktorlar gənclər arasında müsbət əhval-ruhiyyə yaradır və orduya olan inamı bir qədər də gücləndirir. Burada ümumtəhsil məktəblərinin də rolunu qiymətləndirmək lazımdır. Çünki gənclərimiz orduyaqədərki əsas formalaşma etapını məktəblərdə keçir. Digər mühüm amil isə cəmiyyətdə orduya olan inamın artması ilə bağlıdır. Onu da qeyd edək ki, əvvəllər hansısa formada orduda "dedovşina" halları var idisə, indi bu da azalıb. Orduda bu kimi neqativ halların azalması gənclərin orduda həvəslə qulluq etməyə meyllənməsinə çox müsbət təsir edir. Bu gün Ermənistan ordusunda vəziyyət çox acınacaqlıdır. Ona görə ki, Ermənistanın iqtisadiyyatı acınacaqlı durumdadır. İqtisadiyyatı güclü olmayan ölkə güclü ordu yarada bilməz. Bunu Ermənistandakı müəyyən dairələr də açıq şəkildə etiraf edirlər. Xüsusilə də hərbi xidmətə çağırışla bağlı vəziyyət daha acınacaqlıdır, fərarilik hökm sürür. Valideynlər müxtəlif qanunsuz yollarla övladlarını ordudan yayındırmağa çalışır. Ancaq bütün bunlardan fərqli olaraq Azərbaycan ordusu inkişaf edir. Azərbaycan ordusu günü-gündən inkişaf edir və dayanıqlı, mübariz əsgərlərilə yeni zəfərə hazırlaşır. Bu da ondan irəli gəlir ki, əsgərlərimiz vətənpərvərdir və milli şüura sahibdir. Milli mənlik şüurunun gənclərin düşüncəsinə sirayət etməsi ordunun da timsalında özünü açıq-aşkar göstərir.  

 Ordu sahəsində inkişafı dəyərləndirən Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllinin sözlərinə görə, Azərbaycan ordusu inkişaf parametrlərinə görə Cənubi Qafqazda ən güclü silahlı qüvvədir: "Orduda görülən işlər göz qabağındadır. İnsafən, bunların hamısını xüsusi qeyd etməyə ehtiyac var. Məsələ ondadır ki, ilbəil dövlət büdcəsində orduya ayrılan vəsaitin həcmi artırılır. Bu gün Azərbaycan ordusunda ən müasir texniki vasitələr var. Orduya ayrılan vəsaitin ümumi həcmi Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq sülhyaratma əməliyyatlarında fəal şəkildə iştirak edirlər. Bu da ölkənin regional gücündən xəbər verir. Bir şeyi birdəfəlik beynimizə həkk etməliyik ki, ordusu olmayan dövləti beynəlxalq sferada ciddi qəbul etmirlər. O baxımdan ölkə hakimiyyətinin orduya xüsusi diqqət və önəm verməsi təqdirəlayiq haldır. Bu faktor, regional ölkə olaraq Azərbaycanın əhəmiyyətini bir az da artırır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması, təchizatın yüksək səviyyəyə çatdırılması istiqamətində son illər bir sıra kompleks və sistemli tədbirlər görülüb. Bütün bunlar heç şübhəsiz ki, gənclərin orduya olan marağını bir qədər də artırır. Valideynlər həvəslə övladlarını ordu sıralarına göndərir. Ailələrdə uşaqların vətənpərvərlik ruhunda böyüdülməsinə maraq əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar, istər-istəməz, orduda fərarilik hallarının azalmasına öz müsbət təsirini göstərib. Artıq valideyn fikirləşmir ki, övladı orduda korluq çəkəcək. Çünki nizam-intizam, təchizat yüksək səviyyədədir. Ən nəhayət, böyüməkdə olan Azərbaycan gənci ölkədəki inkişafın fərqindədir. Bunun fərqində olduğu üçün də özünə şərəf bilir ki, orduda xidmət etsin. Gənclərimiz ordunun ölkənin suverenliyinin qorunmasındakı əhəmiyyətini çox gözəl dərk edir. O üzdən, müşahidələr göstərir ki, gənclər arasında ordu sıralarında könüllü surətdə xidmət etməyə maraq xeyli artıb. Çünki, yuxarıda qeyd etdiyim kimi, gənclər ölkədə gedən inkişafın fərqindədir və müşahidə olunan inkişafa biganə yanaşmırlar. Ona görə də bu sahədə gənclərin sərgilədiyi fəallıq təqdirəlayiq haldır və bu dəstəklənməlidir. Ona görə ki, bu, dəstəyə layiq olan bir addımdır. Mən Azərbaycan gəncinin göstərdiyi bu əzmkarlığa hörmətlə yanaşır və bundan qürur duyuram. Arzu edirəm ki, ölkə gəncliyi hər zaman belə fəal olsun".        

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2014.-3 mart.-S.11.