Güzəştli sosial proqramların gənclərin vətənpərvərlik tərbiyəsində rolu

 

 Gənclərin hərtərəfli təminatı, onların ev-eşik sahibi olması çətinliklərdən üzüağ çıxması üçün əsas şərtlərdən biridir. Bu onların həyata sevgisini, Vətənə məhəbbətini artıran böyük amildir. Azərbaycan dövləti gənclərin ən sadiq dostu kimi özünü göstərir. Ölkəmiz müstəqil dövlət olaraq inkişaf etdikcə, qanunvericilikdə indiyədək mövcud olan bir sıra boşluqlar mərhələ-mərhələ aradan qaldırılır.

   Demək olar ki, bu kontekstdə gənclərin problemləri də müzakirə edilərək çözülür. Bir məsələ də var ki, dövlətin həyata keçirdiyi sosial proqramlar uşaq vaxtı müəyyən səbəblərdən valideyn himayəsindən məhrum olan gənclərə də şamil edilir. Bura onların ali təhsil almasından tutmuş, ta mənzil almaq imkanlarına qədər bir sıra əsas məsələlər aiddir. Bilirik ki, artıq ölkəmizdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin ödənişli ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını dövlətimiz ödəməyə başlayıb. Söhbət "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi haqqında" Qanuna edilən müvafiq dəyişikliklərdən gedir.   

Dəyişiklik layihəsində qeyd edilirdi ki, bu tip uşaqlar, gənclər dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrinə təhsil haqqı ödəməkdən azad olunmalıdır. Məsələyə humanistlik nöqteyi-nəzərindən yanaşdıqda belə bir addımın atılması təqdir olunmalıdır. Bir çox ekspertlər də hesab edirdi ki, valideyn himayəsindən məhrum olan gənclər dövlət və ya özəl universitetlərdə ödənişsiz əsaslarla təhsil almalıdır. Bunu onunla əsaslandırırlar ki, belə uşaqların təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi normal hal olmaqla yanaşı, həm də onların gələcəyinə xidmət edir.  

 MM-in Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev sözügedən məsələ ilə bağlı mətbuata açıqlamasında bir sıra diqqətçəkən məqamlara toxunub. Onun sözlərinə görə, təhsil haqqı problemini həll etməklə yanaşı, digər məsələlərdə də kimsəsiz uşaqlara qayğı olmalıdır: "Belə uşaqların tək təhsili deyil, onların təyinat, məşğulluq, eləcə də mənzillə təmin olunması və ailə məsələləri dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Bundan ötrü dövlətin büdcəsindən vəsait ayrılmalıdır. Qanundakı dəyişiklik də məhz buna xidmət edir. Heydər Əliyev kimsəsiz uşaqlarla görüşəndə tarixi əhəmiyyətli bir söz dedi: "Siz hesab etməyin ki, sizin valideyniniz yoxdur, sizin valideyniniz Azərbaycan dövlətidir, sizin valideyniniz Azərbaycanın prezidentidir". 

  Sosioloq Zümrüd Bayramovanın sözlərinə görə, bu siyasət bu gün də davam edir: "Azərbaycan dövləti, Prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondu daim əməli fəaliyyətləri ilə bu gənclərin yanında olduqlarını, qayğısını çəkdiklərini, onların Azərbaycanın digər gəncləri ilə bərabər hüquq və imkanlarla böyüməsinin təminatçısı olduqlarını sübut edirlər. Belə gənclər uşaqlıq dövrlərində valideyn himayəsindən məhrum olmaqla yanaşı, yaxın qohumlarının da himayəsindən məhrum olduğu üçün, dövlət onları dəstəkləyir. Həmçinin, ictimaiyyət də bu məsələyə humanist münasibət bəsləyir".   

Gənclərlə bağlı dövlət proqramlarının əhəmiyyətindən danışan sosioloq hesab edir ki, bu gənclərin dövlətin hesabına özlərinə gələcək qurması onların vətənpərvərlik tərbiyəsinə xüsusilə təsir edir. Onun sözlərinə görə, bütövlükdə kimsəsiz gənclərə dövlət qayğısı onların mənəvi-psixoloji durumuna müsbət təsir göstərir: "Qayğının müqabilində gənclər cəmiyyətə lazım olduqlarını və eyni zamanda dövlətə hansısa sahədə fayda vermək potensialında olduqlarını düşünür. Xüsusən də təhsil sahəsində göstərilən himayədarlığın əhəmiyyəti daha böyükdür. Valideyn himayəsindən məhrum olan gənclərin ali təhsil alaraq yüksək ixtisaslı kadr kimi yetişməsi onların cəmiyyətdə rolunu artırır. Bütün bunlar da son nəticədə onların dövlətə, Vətənə olan bağlılığına stimul verir. Həmin şəxslərin mənən zənginləşməsinə, milli mənlik şüurunun formalaşmasına kömək edir".  

 Z.Bayramova onu da dedi ki, valideyni olmayan gənclərin qarşısında geniş üfüqlərin açılması onların əsl vətənpərvərlər kimi yetişməsinə dəstək verir: "Gənclər elə bir təbəqədir ki, onların hər zaman dayağa, dəstəyə ehtiyacı olur. Fərqi yoxdur, o, valideyn himayəsində böyüyüb, yoxsa internatda. Əsas odur ki, onların əlindən tutan olsun. Bilirsiz ki, dövlətin uğurlu gənclər siyasəti var və bu siyasətin himayə etdiyi gəncliyimiz var. Gənclərlə bağlı sosial layihələrin, dövlət proqramlarının əhəmiyyəti böyükdür. Bu, dövlətin öz vətəndaşlarına, xüsusilə də həssas vəziyyətdə olan qruplara olan qayğısıdır. Yəni sözügedən qərar kasıb, aztəminatlı gənclərin gələcəyinin təmin edilməsinə xidmət edir. Bununla yanaşı, hər kəs üçün bərabər imkanların yaradılması prinsipinin rəhbər tutulduğunu sübut edir. Bu baxımdan gənclərə qayğı qərarının dövlət tərəfindən verilməsi alqışalayiq bir addımdır. Digər tərəfdən, məlum qərardan sonra cəmiyyətdə mövcud olan bir sıra stereotiplər üçün yer qala bilməz. O da ondan ibarətdir ki, "pulum yoxdur, oxuya bilmərəm" devizi sözügedən qərardan sonra aradan götürülə bilər. O insanlar ki, ümidsiz idi, təhsil almaq üçün stimul yox idi və düşünürdülər ki, onların maddi imkanı olmadığına görə təhsildən bəhrələnə bilməyəcəklər, bax, məlum qərardan sonra buna son qoyulacaq. Çünki bunun özü də bərabər imkanlar üçün şərait yaradan qərardır və çox alqışalayiqdir. Başqa bir tərəfdən, sözügedən qərar kimsəsiz gənclərin gələcəyə olan ümidini artırır. Qayğı siyasəti onların gələcək planlarının həyata keçməsinə psixoloji baxımdan yardım edir. Müqayisə üçün qeyd edək ki, sovet dönəmində insanlar bir sıra məsələlərə görə arxayın idi. Bilirdilər ki, internatı tərk edəndən sonra dövlət onlara qayğı göstərəcək. O gənclərə də qayğı var idi. Onlara göstərilən sosial qayğı onlara stimul verirdi. Bilirik ki, keçid dövrü ilə əlaqədar bir müddət boşluq yarandı və bu sahədə mövcud olan imkanlar məhdudlaşdı. Kimsəsiz gənclərin bir qədər gözdən kənarda qalması halları baş verdi. Ancaq son illər isə gənclərin sosial rifahının yüksəldilməsi ilə bağlı tədbirlər geniş miqyas alıb. İndi dövlətin maliyyə imkanları genişləndikcə bu sahəyə maraq artıb".

   Ekspertin fikrincə, kimsəsiz gənclərin təhsil almalarına göstərilən qayğı onları cəmiyyətə olan aqressiv münasibətdən, biganəlikdən və digər neqativ fikirlərdən uzaqlaşdırır: "Kimin pulu varsa, yalnız o təhsil ala bilər düşüncəsi kimsəsiz gənclərin sosial-psixoloji durumuna daha çox təsir göstərirdi. Bu da aqressiya, narazılıq, natamamlıq hissinin yaranmasına təkan verirdi. Ancaq görülən işlər bu kimi düşüncələrin aradan qaldırılmasına təkan verdi. Həmin gənclərin sosial-psixoloji gərginlik, natamamlıq, qeyri-bərabərlik hissini aradan qaldırdı. Bir məsələ də vardı ki, gənclər qayğı görməyəndə neqativ işlərə meyl göstərirlər. Odur ki, bu qayğı onları pis istiqamətlərdən çəkindirməyə hesablanıb. Dövlətin qayğı siyasəti, qəbul etdiyi gənclər proqramını kimsəsiz gənclər də təqdir edir. Onların həssas qrup kimi qayğı altına alınmasının dövlətimiz üçün böyük faydası olacaq. Bu gənclərin Vətənə olan münasibəti də fərqli olmağa başlayıb. Onların Vətənə olan sevgisi birə-beş artır, Vətən yolunda hər bir addım atmağa hazır olurlar. Bu baxımdan gənclərə qayğı proqramı o qədər məsələlərə toxunur ki, onları ayrı-ayrılıqda dəyərləndirməyə ehtiyac yaranır. Həm insani keyfiyyətlərin dəyişməsinə, həm də bu üsulla bir çox neqativ problemlərin aradan qaldırılmasına kömək edir. Həmçinin, insanın özünün cəmiyyətdə sosial-psixoloji durumunun dəyişməsinə və qarşı tərəfə hörmətə dair hissləri formalaşdırır, təkmilləşdirir. Ona görə də düşünürəm ki, gənclərin qayğı ilə əhatələnməsi kifayət qədər humanist addımdır". 

  Ekspert onu da qeyd etdi ki, gəncliyin inkişafı dövlətin, cəmiyyətin inkişafı deməkdir. Gənclərdə vətənpərvərlik hisslərinin yaranmasına, formalaşmasına güclü təkan verən sosial layihələrin icrasını təqdir edən sosioloq düşünür ki,  gənclərin həyatının düzgün istiqamətə yönəldilməsi üçün dövlət böyük işlər görür və görməkdə də israrlıdır: "Vaxt vardı ki, kimsəsiz gənclərin Vətən sevgisi bir qədər koruş idi, qabarıq görsənmirdi. Təsəvvür edin ki, onlar körpəlikdən valideyn nəfəsi duymayıblar, başqalarının himayəsində böyüyürlər. Bu da onların psixikasını zədələyir. Valideyn nəfəsindən məhrum olan gənc çox şeyə laqeyd olur, vətənpərvərlik məsələsinə də həmçinin. Ancaq dövlətin qayğısı onları bu etinasızlıqdan qoparır. Bu halda, gənclər həqiqi bir vətənpərvər kimi meydana çıxır. Bu qəbildən olan gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi nəticəsində onlar çox məsuliyyətli insanlara çevrilə bilirlər.    Hətta deyərdim ki, belə gənclərin özləri cəbhə xəttində, düşmənlə üz-üzə səngərdə əsgəri xidmət çəkməyə könüllü şəkildə maraq göstərir. Bu da ondan xəbər verir ki, ayrıseçkiliyə məruz qalmayan kimsəsiz gənclər dövlətin himayəsini öz üzərində hiss edir. Gənclərlə bağlı Dövlət Proqramının, eləcə də sosial layihələrin əhəmiyyəti bundan sonra daha çox hiss olunacaq. Gənclər bu layihələrdən daha effektiv nəticələr əldə edəcək".

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 3 mart.-S.13.